Məhkəmə qərarları › İş №2(106)-709/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-709/2024

24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-709/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərə görə pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-808/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu zərərə görə 2334,25 manat və vəkilə ödədiyi 100 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonunun Bəydili kəndində yaşayır. X5 məxsus 1,46 hektar əkin torpaq sahəsi var. Hər il həmin torpaq sahəsində iddiaçı kənd təsərrüfatı məhsulları əkir. Torpaq sahəsinə dair atasının adına Çıxarış da var. Həmin torpaq sahəsində 2023-cü ildə arpa məhsulu əkmiş, məhsulu əkərkən bütün aqrotexniki qaydalara əməl etmişdir. Həmin ilin aprel ayında sahəsinə baxmağa gedərkən cavabdehin heyvanlarını onun sahəsinə saldığını görmüşdür. Belə ki, cavabdehə məxsus heyvanlar iddiaçının sahəsində otlayırdı. Buna görə aralarında mübahisə olmuş və iddiaçı cavabdehi vurmuşdur. Bununla bağlı, cavabdeh polis şöbəsinə müraciət etmiş və iddiaçı cərimə olunmuşdur. Bundan sonra iddiaçı müstəqil ekspertə müraciət etmiş, ekspert onun sahəsinə baxmış və iddiaçıya 2334,25 manat zərər dəydiyi məlum olmuşdur. Dəfələrlə cavabdehdən dəyən zərəri tələb etsə də, o, bundan imtina etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci, 1096.1-ci, 1096.2ci və 1110-cu maddələrinə istinad etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(022)-808/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(022)-808/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci və 71.1-ci maddələri ilə nəzərdə tutulmuş hüququ pozulmuşdur. Məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinə istinad etsə də, iddianı əsassız rədd etmişdir. Cavabdeh tərəfindən ona qarşı mülki hüquq pozuntusunun törədilməsi sübut edilsə də, məhkəmə iddianı əsassız rədd etmişdir. İddiaçı tərəfindən cavabdehin ona ziyan vurması ilə bağlı ziyan barədə rəy, polisin qərarı və videogörüntü təqdim edilsə də, məhkəmə bunları sübut kimi qəbul etməmişdir. Məhkəmənin qərarı ilə iddiaçının hüquqları pozulmaqla ona zərər vurulmuş və cavabdehə güzəştlər edilməklə qanunsuz imtiyazlar verilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən ziyanla bağlı xüsusat araşdırılmadan iddiası əsassız təmin edilməmişdir. Belə ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmədən, iddiaçı tərəfindən müstəqil ekspert dəvət edilməklə ziyan müəyyən olunsa da, heç bir araşdırma aparılmadan sadəcə iddia rədd edilmişdir. Məhkəməyə ziyanla bağlı ekspert rəyi, polisin qərarı, videogörüntü ilə bağlı sübutlar təqdim etsə də, məhkəmə tələbin sübut olunmadığını göstərmiş və tələbini sübut edə bilmədiyini qeyd etmişdir. İddiaçının daha hansı sübutlar təqdim etməli olduğu halda bunu etməməsi göstərilməmişdir. Məhkəmə tərəfindən iddiası dəqiq araşdırılmadan, ziyanın nədən ibarət olması, cavabdeh tərəfindən ona vurulmuş ziyanın məbləği, cavabdehin bununla əlaqəsi, ziyanın reallığı araşdırılmadan, iş üzrə videodisklərə baxılmadan, hazırkı ziyanla bağlı polis şöbəsindəki qərar araşdırılmadan əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin özünə məxsus heyvanları iddiaçının sahəsinə salması, özünün etirafı, sübut kimi təqdim edilən videodisklərlə, Biləsuvar RPŞ-də aparılmış təhqiqat materialları ilə sübuta yetsə də, məhkəmə bunlara əsassız qiymət vermişdir. 15 mart 2023-cü il tarixdə cavabdeh heyvanlarını iddiaçının əkin sahəsinə saldığından sahədə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı iddiaçı cavabdehi sahəsinə heyvanları tərəfindən ziyan vurulduğundan döymüşdür. Bu məsələ araşdırılarkən iddiaçı İXM-nin müvafiq maddəsi ilə cərimə edilmişdir. Həmin araşdırma aparılarkən də iddiaçı tərəfindən cavabdehin döyülməsi məhz cavabdehin heyvanları tərəfindən sahəsinə ziyan vurulması olmuşdur. Lakin məhkəmə bu sübutuna da əsassız qiymət vermişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, iddia tələbini müdafiə edir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iddianı təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilmiş olsa da, məhkəmə onları düzgün qiymətləndirmədən qətnamə qəbul etmişdir. Həmin sənədlərdən də görünür ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsində heyvanlarını otarmışdır. Ona görə də heyvanların otarılması nəticəsində iddiaçıya vurulan ziyanın əvəzi cavabdehdən tutulmalıdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 eyni məzmunda çıxış edərək apellyasiya şikayətinə etiraz etdiklərini bildirdilər və qeyd etdilər ki, cavabdeh iddiaçının sahəsində deyil, yol ilə sahələr arasındakı mühafizə zonasında heyvan otararkən dava-dalaş baş vermişdir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdəki ərazi isə iddiaçının sahəsi deyil. Həmçinin, biçin zamanı iddiaçının əkin apardığı torpaq sahəsində biçin işlərinin aparıldığı, normal məhsul götürüldüyünü müşahidə etmiş, iddiaçıya məxsus torpaq sahəsinin fotoşəkillərini də çəkmişlər. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və düzgün olmuşdur. Onlar apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İddiaçının nümayəndəsi Vəkil cavabdeh tərəfin təqdim etdiyi fotoşəkillərdəki sahənin iddiaçıya məxsus olmasını təsdiq etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu, Bəydili kəndində yerləşən 1,46 hektar torpaq sahəsi 18 fevral 2019-cu ildə xüsusi mülkiyyət hüququ əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 18 fevral 2019-cu ildə A 362320 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. İddiaçı öz tələbini təsdiq etmək məqsədilə bir sıra fotoşəkillər, inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar və “X3” MMC-nin 03 aprel 2023cü il tarixli, 45 nömrəli qiymətləndirmə rəyini təqdim etmişdir. İşdəki Biləsuvar RPŞ-nin 03 aprel 2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Biləsuvar rayonu, Bəydili kəndində yaşayan İddiaçı əməlində İXM-in 157-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati icraat açılması məsələsinə baxılması üçün material üzrə qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşdəki 14 aprel 2023-cü il tarixli, MN ******* seriya nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə İddiaçı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdəki 14 aprel 2023-cü il tarixli, MN ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə İddiaçı 300 manat məbləğində cərimə edilmişdir. Beləliklə, həmin sənədlərlə müəyyən olunur ki, İddiaçı Cavabdeh döyməsinə görə İXM-in 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilərək, 300 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında davanın baş verməsi və iddiaçının cərimə olunması hazırkı iddianın əsasını təşkil edən halların sübut edilməsi demək deyil. Belə ki, həmin araşdırma zamanı Cavabdeh yenə də təsərrüfatında olan qoyunları iddiaçının sahəsində deyil, ümumi istifadədə olan yolun mühafizə zolağındakı torpaq sahəsində otardığını bildirmişdir. İddiaçı isə cavabdeh tərəfindən heyvanların ümumi istifadədə olan yolun mühafizə zolağındakı torpaq sahəsində deyil, məhz özünə məxsus əkin sahəsində otarılmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının cavabdehin heyvanları onun sahəsində otarmasını düşünərək cavabdehi döyməsi isə mütləq şəkildə iddiaçının doğru mövqedə olması nəticəsinə gəlməyə imkan vermir. İşdəki “X3” MMC-nin 45 nömrəli, 03 aprel 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən 1,46 hektar torpaq sahəsində 1 mövsüm ərzində əkilmiş taxıl bitkisindən bütün aqrotexniki qulluq xərcləri çıxılmaqla təxminən 54,75 sentner məhsul və ya 2334,25 manat məbləğ əldə edilməsi müəyyən edilir. Qeyd olunur ki, 1 kq arpa və ya buğdanın orta bazar qiyməti 0,55 manat müəyyən edilməklə, 1,46 ha torpaq sahəsindən 1 il məhsul yığımı ərzində 39 sentner arpa və ya buğda əldə edilməsi ehtimal olunaraq məhsulun həcmi və gəlirin məbləği təxminən 54,75 sentner məhsul və ya 2334,25 manat müəyyən edilmişdir ki, bu qiymətlərin Biləsuvar rayonunda və Respublika ərazisində yerləşən bazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən, eləcə də, qiymətə təsir edən digər amillərdən asılı olaraq dəyişilməsi istisna edilmir. Məhkəmə kollegiyası sözügedən qiymətləndirmə rəyini hazırkı iş üzrə iddia tələbinin əsasını təşkil edən halları sübut edən mötəbər sübut olaraq qəbul etmir və bununla bağlı bildirir ki, həmin qiymətləndirmə rəyi ilə cavabdehin iddiaçıya məxsus əkin sahəsinə zərər vurması faktının müəyyən edilməməsi ilə yanaşı, ümumiyyətlə, əkin sahəsinə zərər vurulub-vurulmaması halı da müəyyən edilmir. Sözügedən rəydə sadəcə 1 mövsüm ərzində iddiaçı tərəfindən əkilmiş sahədə nə qədər məhsulun və ya gəlirin əldə edilə biləcəyi ehtimallara əsasən göstərilmiş, həmin sahəyə zərərin vurulub-vurulmaması, əgər zərər vurulmuşdursa, bu zərərin məbləğinin nə qədər təşkil etməsi barədə hər hansı qeyd aparılmamışdır. Ona görə də “X3” MMC-nin 45 nömrəli, 03 aprel 2023-cü il tarixli qiymətləndirmə rəyi hazırkı iş üzrə mötəbər sübut olaraq qəbul edilə bilməz. Bundan başqa, iddiaçı tərəfindən bir sıra fotoşəkillər təqdim olunmuşdur ki, həmin fotoşəkillərdən də iddiaçının əkin sahəsinə zərər vurulub-vurulmamasını, əgər zərər vurulmuşdursa, bu zərərin məhz cavabdehin heyvanlarını otarması nəticəsində vurulmasını və ya zərərin həcmini, fotoşəkillərdə göstərilən ərazinin iddiaçıya məxsus əkin sahəsi olub-olmamasını müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas təşkil edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüuqunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Göründüyü kimi, hazırkı mübahisənin predmetini delikt (mülki hüquq pozuntusu), yəni cavabdeh tərəfindən heyvanların otarılması nəticəsində iddiaçının əkin sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi təşkil edir. Hazırkı iş üzrə iddiaçı cavabdehin delikt öhdəliyinin yarandığını bildirərək, onun dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki hüquqi məsuliyyət daşıdığını qeyd etmişdir. “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - Törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - Ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyinə və yuxarıda göstərilənlərə istinad edərək bildirir ki, cavabdehin mülki hüquqi məsuliyyətinin yaranması üçün qeyd edilən əsasların müəyyən edilməməsi ilə yanaşı, hazırkı iş materialları ilə cavabdehin öz heyvanlarını məhz iddiaçının əkin sahəsində otarması və iddiaçının əkin sahəsinə zərər dəyməsi faktı da öz təsdiqini tapmır. Belə olan halda isə iddiaçıya dəydiyi iddia edilən zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona zərərin vurulmasını və zərərin məhz cavabdeh (onun heyvanları) tərəfindən vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. İş materiallarından da görünür ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin təmin olunması üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmiş, ona dəydiyini iddia etdiyi zərərin məhz cavabdeh tərəfindən vurulması faktını sübut edə bilməmişdir. Beləliklə, iş materialları ilə cavabdehin iddiaçıya zərər vurması faktı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə iddiaçı tərəfindən ödənilmiş hüquqi yardıma görə ödənilmiş 100 manat pul məbləğinə dair hissədə də tələbi təmin etməməklə prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(022)-808/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(022)-808/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(022)-808/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar