Məhkəmə qərarları › İş №2(106)-719/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-719/2023

25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-719/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Biləsuvar Rayon Məhkəməsinin 16 fevral 2023-ci il tarixli 2(022)-321/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 15 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5000 manat, vurulmuş mənəvi zərərin əvəzi qismində 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsi 12 may 2022-ci il tarixdə rəsmi qaydada tərəflərə göndərilmiş, ancaq cavabdehə göndərilmiş məhkəmə qətnaməsi (ünvan sahibinin həmin evdə yaşamaması səbəbi ilə) geri qaytarılmışdır. Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 29 iyun 2022-ci il tarixdə icra edilməsi üçün Biləsuvar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil 26 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsini rəsmi qaydada almadığını və bu səbəbdən də, həmin qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsi 26 oktyabr 2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil rəsmi qaydada təqdim edilmişdir. Biləsuvar Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022- ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti 23 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.3-cü maddəsinin tələblərinə cavab vermədiyinə görə Biləsuvar Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(022)- 321/2022 saylı qərardadına əsasən geri qaytarılmışdır. Adıçəkilən həmin qərardad cavabdehin nümayəndəsi və vəkili Vəkil 28 noyabr 2022-ci il tarixdə həm rəsmi qaydada poçt orqanı vəsitəsi ilə göndərilmiş, həm də onun “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Biləsuvar Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022- ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti 01 dekabr 2022-ci il tarixdə poçt vasitəsilə ilə Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin apellyasiya şikayəti MPM-in 361.3-cü maddəsinin tələblərinə cavab vermədiyi üçün Biləsuvar Biləsuvar Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(022)-321/2022 saylı qərardadı ilə geri qaytarılmış və həmin qəraradad həmin tarixdə Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi 05 yanvar 2023-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə imzalanmadığı üçün həmin ərizə və apellyasiya şikayəti MPM-in 13.4, 149.1 və 152.1.2-ci maddələrinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(022)-321/2022 saylı qərardadı ilə geri qaytarılmış və qəraradad həmin tarixdə Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi 18 yanvar 2023-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə yenidən Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin ərizəsində cavabdehin nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, cavabdeh məhkəmə qətnaməsindən vaxtında apellyasiya şikayəti versə də, dövlət rüsumunu az ödədiyinə görə həmin apellyasiya şikayəti geri qaytarılmış və hazırda dövlət rüsumu ilə əlaqədar çatışmazlıq aradan qaldırılmışdır. Ancaq texniki səbəbdən apellyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Vəkil Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayət verilməsi müddətinin üzrlü səbəblərdən buraxılmış hesab edilməklə, həmin müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(022)-321/2022 saylı qərardadı ilə həmin məhkəmənin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi haqqında cavabdehin nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilərək qeyd edilən qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(022)-321/2022 saylı qərardadı rəsmi qaydada işdə iştirak edən şəxslərə göndərilmiş və İddiaçı həmin qərardaddan şikayət vermişdir. İddiaçı şikayətində göstərilmişdir ki, cavabdehin Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsindən uzun müddətdir ki, məlumatı var və hətta həmin qətnamə ilə bağlı ona zəng edərək, etirazını bildirmişdir. Cavabdehin qətnaməni aldıqdan 6 ay sonra ondan şikayət verməsi məhkəmə qərarını icra etməmək niyyəti daşıyır. İddiaçı buna görə də, Biləsuvar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(022)-321/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(022)-321/2022 saylı qərardadı ilə İddiaçı Dusun qızı tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 16 fevral 2023cü il tarixli 2(022)-321/2022 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(022)-321/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, İddiaçı Dusun qızı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(022)-321/2022 saylı qərardadında göstərilmişdir ki, İddiaçı Dusun qızı tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsindən Cavabdeh daha əvvəldən məlumatlı olmasını təsdiq edən sübutlar şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı iş” üzrə 1985-ci il 28 may tarixli, “Bellet Fransaya qarşı iş” üzrə 1995-ci il 4 dekabr tarixli və digər qərarları ilə formalaşdırdığı hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin prosessual normanın tələbindən görünür ki, tərəfin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı şikayəti təmin olunmamalı, Biləsuvar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(022)- 321/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməli və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Kollegiya diqqətə çatdırır ki, İddiaçı məhkəməyə Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsinin Cavabdeh tərəfindən alınması və ondan daha əvvəldən məlumatlı olması barədə hər hansı sübut təqdim etməmiş və iş materiallarında qeyd edilən halların təsdiqinə dair heç bir dəlil aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu, məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması və müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla, şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 135, 135, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(022)-321/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-321/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar