Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-720/2023 04.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi, qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Açar sözlər: aktın etibarsız hesab edilməsi, qanunsuz hesablanmış borcun silinməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə açıq məhkəmə iclasında, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi, qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(041)-271/2023 saylı qətnaməsindən (hakim M.Bayramov) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra “Azəriqaz” İB) tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun barəsində qanunsuz tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, öz ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Kürdəmir rayonunun Şilyan kəndindəki evində isə oğlu Pərviz öz ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin qaz abunə kodu onun adınadır. Evdə istifadə olunan təbii qazın dəyərini oğlu Pərviz ödəmək istəyərkən qaz sayğacına müdaxilə edildiyinə görə onun barəsində akt tərtib edildiyini və həmin akta əsasən ona 216 manat cərimə hesablandığını bildirmişlər. Bundan sonra o, barəsində tərtib edilən xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktı və Dəymiş ziyanın bərpasına dair tələbnaməni almışdır. Həmin sənədlərə baxanda ona 216 manat cərimə yazıldığını görmüşdür. İstifadə etdikləri qaz sayğacı küçədə quraşdırılmaqla, qoruyucu şkafı olmayıb. Ümumiyyətlə onlar qaz sayğacına müdaxilə etməmişlər. Aktın tərtib edilməsindən onun heç bir məlumatı olmayıb və akt imza edilməsi üçün ona təqdim edilməyib. Hesab edir ki, həmin akt etibarsız hesab edilməli və akt əsasında hesablanmış 216 manat borc onun adına qeydə alınmış abonent kodundan silinməlidir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyininin əməkdaşları tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın 2160 kub metr hesablanması qanunsuz olmaqla onun maddi vəziyyətini ağırlaşdırır. Ona görə də iddia tələbinin təmin edilməklə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun barəsində qanunsuz tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsində cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı məxsus olan mənzilin qaz xətti üzərinə quraşdırılmış qaz sayğacına Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən baxış keçirilmişdir. Bununla bağlı iddiaçının özünün iştirakı ilə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmiş və qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Açılmış qaz sayğacına laboratoriyada baxış zamanı qaz sayğacına müdaxilə edilməsi müəyyən edilmişdir. Qaz sayğacında müdaxilə halı müəyyən edildiyi üçün Kürdəmir XS-nin işçiləri tərəfindən təbii X3nın pozulması barədə akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli, ******* saylı təbii X3nın pozulması haqqında akta əsasən 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Bu hesabat abonentin mənzilində olan qaz cihazlarının işlədicilərinin parametrlərinə əsasən aparılmış və iddiaçının Kürdəmir XS-dəki **********00590 nömrəli abonent hesabına işlənmişdir. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3” haqqında Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini şəxsdən tələb etməlidir. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Kürdəmir Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(041)-271/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 216 manat məbləğində borc onun hesabından silinməsi, cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin ilk növbədə diqqət məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsdən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həmdə ona görə əsassızdır ki, sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçı həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən, qaydaların 4.8-ci bəndində göstərilənlər iki cür izah olunur: Birincisi sayğacın texniki cəhətdən nasaz olması, ikincisi sayğaca kənar təsir nəticəsində nasaz vəziyyətə gətirilməsi. Bu iki hal bir birindən tamamilə fərqli anlayışlardır və qaz paylayıcısı yalnız birinci halda sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdeh ola bilər, ikinci halda isə bu cavabdehlik isə ağlabatan deyildir və ya istehlakçının lehinə şərh oluna bilməz. Belə ki, birinci halda sayğacın zavod qurğusun plombunda və onun flyans birləşməsinə vurulan plombunda, sayğacda hər hansı vizual müşahidə edilən kənar təsir nəticəsində müdaxilə halı yoxdursa, ancaq bununla belə sayğac işləmirsə, normadan artıq xəta ilə işləyirsə, başqa sözlə sayğaca hər hansı fiziki təsir nəticəsində müdaxilə halı olmadan onda nasazlıq mövcuddursa belə bir vəziyyətdə onun işlək vəziyyətdə olmasına görə istehlakçını məsul tutmaq olmaz. İkinci halda isə sayğacını nasaz vəziyyətə gətirilməsi məhz ona fiziki təsir nəticəsində baş vermişsə (hazırkı işdə olduğu kimi) bu zaman qaz paylayıcısı sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilməz. Çünki həmin sayğaclar quraşdırılarkən yoxlanılmış və hər hansı texniki nasazlığı olmadığı üçün quraşdırılmış və aktla istehlakçıya təhvil verilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir va abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmədə iştirak etməmiş, cavabdeh məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış və bunun üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş ******* nömrəli aktdan görünür ki, İddiaçı istifadə etdiyi Elster tipli, G-4 markalı qaz sayğacı dəyişdirilib, əvəzində Zenner G-4 markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş “Təbii X3nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı yaşayış evində “Azəriqaz” X2 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2021-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, dişli çarxların üzərində çızıq izləri mövcuddur”. göstərilmişdir. Qeyd edilən akt “Azəriqaz” X2 RQİİ-nin Kürdəmir XS- nin əməkdaşları tərəfindən imzalanmışdır. İstehlakçının adı aktda qeyd olunsa da, imza etməkdən imtina etməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin X9 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 2160 kub.metr üzrə hesablanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“X3”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (“X3”nın 4.8 və 4.9 -cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(041)-271/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır, sayğacın hesablayıcı mexanizminin gövdəsindən qopmasının aşkar olunması iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi iddiaçının təqsirli hərəkətləri nəticəsində Sayğacın çıxış plastmas borusunun deşildiyinin aşkar olunması barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Sayğacın çıxış plastmas borusunun deşildiyinin aşkar olunması istehlakçının təqsirli hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qərara alınmışdır. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Kürdəmir Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(041)- 271/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(041)-271/2023 nömrəli qətnaməsi cavabdeh “Azəriqaz” İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-720/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-720/2023
04.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver