Məhkəmə qərarları › İş №2(106)-723/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-723/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-723/2023 16.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə (“Azəriqaz” İB-yə) qarşı aktın etibarsız hesab edilməsi, qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ‘‘Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş 31 avqust 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimənin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ünvan 1 ünvanda yerləşən digər yaşayış evində **********000120 abonent kodlu olan qaz sayğacı quraşdırılıb. xx.xx.2022-ci il tarixdə X8 Sahəsinin işçiləri çıxardaraq yenisi ilə əvəz etmişlər. İddiaçı göstərmişdir ki, qaz sayğacı çıxarılarkən qaz sayğacında hansısa müdaxilənin və ya başqa qüsurun olması müəyyən edilməmiş və bu kimi halların olması aktda öz əksini tapmamış, qaz sayğacı qüsursuz olmuşdur. Aradan bir neçə ay keçəndən sonra istifadə etdiyi təbii qaza görə ona artıq pul hesablandığını görüb bununla bağlı X9 müraciət etmişdir. X3 istifadə etdiyi sayğaca müdaxilə edildiyinə görə barəsində xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edildiyini və həmin akta əsasən ona 1036,80 manat məbləğində cərimə hesablandığını bildirmişlər. İddiaçı tələbini belə əsaslandırmışdır ki, sayğaca hər-hansı müdaxilə olunmamış, sayğac cavabdehin işçiləri tərəfindən açılarkən müdaxilənin olduğu aşkar edilməmişdir. Sayğac küçədə quraşdırılmaqla normal işləmiş, qoruyucu qutusu olmamış, həmçinin nəzarətçi ayda 2-3 dəfə sayğaca baxış keçirmiş və heç bir müdaxilə halı aşkar etməmişdir. Barəsində tərtib edilən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt və həmin akta əsasən hesablanmış 1036,80 manat məbləğində cərimə qanunsuzdur. Birinci instansiya məhkəməsində cavabdeh, “Azəriqaz” İB-nin nümayəndəsi iddianı qəbul etməmiş, onun rədd olunmasını xahiş etmiş, izahatında göstərmişdir ki, “Azəriqaz” İBnin Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən iddiaçının yaşadığı mənzilin qaz xətti üzərinə quraşdırılmış Elster tipli, G-4 markalı qaz sayğacına baxış keçirilmiş və qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz xəttindən açılmış həmin qaz sayğacına laboratoriyada baxış keçirilən zaman “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Qaz itkisi müdaxilə” rəyi verilmişdir. Verilmiş rəy əsasında xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii X4nın pozulması haqqında akt tərtib edilmişdir. Yaşayış mənzilinin qaz işlədicilərinin parametrlərinə uyğun olaraq 8640 kub metr təbii qazın dəyəri 1036,80 manat məbləğ iddiaçının **********00120 nömrəli abonent hesabına işlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 02 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimənin onun hesabından silinməsi, cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, istehlakçı sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Məhkəmə iddianın təmin olunmasına əsas olmadığı halda iddianı təmin etmişdir. İddiaçı və cavabdehin təmsilçisi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, cavabdehin nümayəndəsi X5 məhkəməyə məktub göndərərək, apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və şikayətlərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçının yaşadığı evə gedən təbii qaz borusu üzərində quraşdırılmış qaz sayğacı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən 13 iyul 2022-ci il tarixli aktla çıxarılmışdır. Təbii X4nın pozulması haqqında 31 avqust 2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta görə, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Qaz itkisi, müdaxilə aşkar edilmişdir. Akt üzrə 31 avqust 2022-ci il tarixli qərarla 90 gün müddət üzrə dəymiş ziyana görə İddiaçı 1036,80 manat borc hesablanmışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı istifadə etdiyi qaz sayğacı dəyişdirilərkən həmin vaxt qaz sayğacına hər hansı bir müdaxilənin olması müəyyən edilmədiyi halda, sonradan Qaz İstismar sahəsinin işçiləri tərəfindən onun həmin qaz sayğacına müdaxilə etməsi düzgün qeyd edilməmişdir. Bu da istehlakçının qanuni mənafeyinin müdafiəsinə ziddir. Kollegiya qeyd edir ki, təqdim edilmiş sübutlar, sayğacın abonentin iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. Kollegiya hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən istehlakçı məsuliyyət daşımamalıdır. Bundan başqa, müəyyən edilir ki, 90 günlük müddət üzrə borc hesablanmışdır. Bu hissədə də hesablanmış borc qanuni hesab edilə bilməz. Belə ki, “X4”nın 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydalarda başqa hesablama üsulu yoxdur. Hazırkı halda sayğacın nasazlığı barədə aktın və borcun hesablanması üzrə qərarın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Cavabdeh bu halları sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf öz etirazını əsaslandıra bilməmişdir. Kollegiya iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı təmin edərkən doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(041)-325/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar