Məhkəmə qərarları › İş №2(106)-723/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-723/2025

21.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-723/2025 21.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Bəşirzadə Turac Fəyyaz qızının katibliyi ilə İddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tаrixli, 2(020)-78/2025 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7897 (yeddi min səkkiz yüz doxsan yeddi) manat 06 (altı) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 39 (otuz doqquz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 64 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X7” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 144x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin-OBA Beyləqan 10 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8341 (səkkiz min üç yüz qırx bir) manat 28 (iyirmi səkkiz) qəpik təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara razılığını bildirmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7897 (yeddi min səkkiz yüz doxsan yeddi) manat 06 (altı) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 7897 (yeddi min səkkiz yüz doxsan yeddi) manat 06 (altı) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tаrixli, 2(020)-78/2025 saylı qətnaməsi ilə (hakim X.Cabbarlı) İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh satıcı vəzifəsinə işə qəbul edilmiş, daha sonra xx.xx.2023-cü il tarixindən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə tərəflər arasındakı əmək münasibətlərinə xitam verilmişdir. Hazırda iddiaçı iddia etmişdir ki, cavabdeh İddiaçındə əmək funksiyalarını yerinə yetirərkən MMC-yə 8341,28 manat məbləğində ziyan vurmuş, güzəştlər edildikdən sonra isə 7897,06 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: İşin halları Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinin dispozisiya şərtləri əsasında yoxlanılarkən məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan əsasların mövcudluğu müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdeh həmin çatışmazlıqlara dair izahat vermədiyindən, ümumiyyətlə həmin aktların cavabdehin iştirakı ilə tərtib olunması, yaxud çatışmazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən mötəbər sübut kimi qəbul oluna bilməz. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi işdə olan sübutlarla öz təsdiqini tapmadığından iddia əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə tələbinə dair iddiası rədd edildiyindən, iş üzrə ödənilmiş məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10(ç), 194, 199 (a), 200, 202-ci maddələri ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tam maddi məsul şəxs kimi "xxxx" MMC-də çalışdığı müddət ərzində “X7 haqqında müqavilə”ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. Belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırki vəziyyətdə Cavabdeh barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamnamədən də görünür ki, Cavabdeh şəxsən iştirakı ilə xx.xx.2023-cü il tarixində mağaza sayılmışdır. Bunu hətta iltizamnaməyə şəxsən imza atmaqla da təsdiq etmişdir. İltizamnamənin xüsusi qeyd hissəsində Cavabdeh öz yazısı və imzası ilə bildirmişdir ki, sayımda iştirak etmişdir. “Qarşılaşdırma zamanı sayılan miqdarları şəxsən yoxladım. Komissiya üzvlərindən narazı deyiləm.” Bununla da sübut olunur ki, Cavabdeh mağazada əksik gələn malların miqdarını bilmiş və əksik gələn mallarla bağlı sayım qrupuna heç bir etirazını bildirməmişdir. Odur ki, vurduğu ziyanı etiraf etmişdir. Həmçinin Cavabdeh məhkəmə iclasında verdiyi ziddiyyətli izahatında bildirmişdir ki, “mağazada əksikgəlmənin məbləği ***-**** manat məbləğində ola bilərdi” deməklə vurduğu ziyanı qismən etiraf etmişdir.Ona görə də Beyləqan Rayon Məhkəməsinin 2(020)-78/2025 saylı 08 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbi tam təmin edilməli, Cavabdeh tərəfindən ödənilməmiş 7897 (yeddi min səkkiz yüz doxsan yeddi) manat 06 (altı) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 39 (otuz doqquz) manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 50 (əlli) manatın dövlət rüsumu kimi cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Belə ki, hazırkı halda faktiki olaraq cavabdehin iddiaçıya ziyan vurması faktı mövcuddur. Cavabdehdən iltizamnamə alınmış, tərtibində iştirakı təmin edilmişdir. Birinci instansiya məhkəməsi bunu inkar etsə də, mağazanın cavabdehə təhvil verilməsini təsdiq edən sənədlər elektron kabinet vasitəsi ilə yüklənilmişdir. Yoxlama keçirilən zaman cavabdehin izahatı alınmış, onun heç bir etirazı olmamışdır. Cavabdeh mallarla tanış olmuş, əksik malların olduğunu bilmişdir. Hal-hazırda qaimə fakturaları ekspertizaya təqdim etmişdirlər. Faktiki əldə olan maliyyə-mühasibat uçot sənədləri onlar idi. Ekspertizaya təqdim edilmiş 9 cilddə həmin dövrlərdəki mağaza dövriyyəsi, təhvil-təslim aktları mövcud olmuşdur. Lakin buna baxmayaraq Ekspertiza Mərkəzi rəy verməkdən imtina etmişdir. X3 həmin qaimələrə əsasən natamam olsa da rəy verə bilərdi və həmin rəyə əsasən cavabdehdən pul tutulmalı idi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, əgər həmin dövrdə onun törətdiyi əməllərə görə yanlışlıq olsa idi, bu sübutlarla əsaslandırılmalı idi. Hazırda iddiaçı təşkilatın buna dair hər hansı sübutu yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə, tam həcmdə maddi məsuliyyət daşıyır. 203-cü maddəsinə əsasən vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X7 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 206-cı maddəsinə əsasən Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyənolunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Beyləqan Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tаrixli, 2(020)-78/2025 saylı qətnaməsinin qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tаrixli, 2(020)-78/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tаrixli, 2(020)-78/2025 saylı qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh satıcı vəzifəsinə işə qəbul edilmiş, daha sonra xx.xx.2023-cü il tarixindən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2023cü il tarixdə tərəflər arasındakı əmək münasibətlərinə xitam verilmişdir. 19 oktyabr 2023-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirməsini aparılmış və üzləşdirmə zamanı 7897,06 manat dəyərində malların əksik gəldiyi müəyyən edilmişdir. Həmin akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı MMC tərəfindən tərtib edilmiş 19 oktyabr 2023-cü il tarixli İmtina aktından görünür ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “OBA-Beyləqan 10(1348)” mağazasında həmin mağaza üzrə maddi məsul şəxs X1 iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb olmadan ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 8341,28 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən İddiaçı mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktında cavabdehin imzası olmadığından, cavabdehin həmin çatışmazlıqlara dair izahatı alınmadığından iddiaçı tərəfindən İddiaçı mağazasına dəymiş ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, apellyasiya icraatında iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma məqsədilə hesablama aparılması üçün xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 05 iyun tarixli ekspert vəsatəti məhkəməyə daxil olmuşdur. Vəsatətdə Cavabdeh hesabında yaranmış çatışmazlıqları müəyyən etmək üçün yoxlamanın əhatə etdiyi dövr üzrə İddiaçı MMC-də aparılmış əməliyyatlara dair ilkin mühasibat sənədlərinin (kassa mədaxil orderləri, cari uçot kitabı, inventarizasiya aktı, inkassiya barədə akt, anbar qeydiyyat jurnalı, üzləşdirmə aktları, mədaxil və məxariclə bağlı anbar qaimələri, ilkin qalıqla bağlı üzləşdirmə aktının) Mərkəzə təqdim edilməsi xahiş edilmişdir. Ekspert vəsatəti icra edilməsi üçün 13 iyun 2025-ci il tarixli məktubla İddiaçı MMC-ə göndərilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbi iddiaçı təşkilata izah edilmişdir. İddiaçı MMC tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinə ünvanlanmış 17 iyun 2025-ci il tarixli məktubda ekspert vəsatətində qeyd edilən sənədlərin göndərildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş məlumatda göstərilmişdir ki, iş üzrə təhqiqat aparılması rəy verilməsi üçün sübutlar yetərli olmadığı müəyyən edilmiş, təhqiqat aparılması üçün zəruri hesab edilən mühasibat sənədləri İddiaçı MMC tərəfindən təqdim edilməmişdir. Qeyd edilmişdir ki, “təyin olunmuş məhkəmə-mühasibat ekspertizası tədqiqatı (hesablamalar) ilkin sənədlər əsasında aparılan təhqiqatdır. Lakin hazırki iş materiallarında olan sənədlər əsasında təhqiqat aparılması mümkün olmadı” Ona görə də, iş materialları geri qaytarılmışdır. Göründüyü kimi müvafiq rəyin alınması üçün məhkəmə tərəfindən ekspertiza təyin olunsa da, iddiaçı tərəfindən zəruri sənədlər Məhkəmə Mərkəzi Ekspertizasına təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə tərkibi bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. İddiaçı tərəfindən İddiaçı mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda apellyator apellyasiya şikayətində bildirmişdir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamnamədən də görünür ki, Cavabdeh şəxsən iştirakı ilə xx.xx.2023-cü il tarixində mağaza sayılmışdır. Bunu hətta iltizamnaməyə şəxsən imza atmaqla da təsdiq etmişdir. İltizamnamənin xüsusi qeyd hissəsində Cavabdeh öz yazısı və imzası ilə bildirmişdir ki, sayımda iştirak etmişdir. Qarşılaşdırma zamanı sayılan miqdarları şəxsən yoxladım. Komissiya üzvlərindən narazı deyiləm. Bununla da sübut olunur ki, Cavabdeh mağazada əksik gələn malların miqdarını bilmiş və əksik gələn mallarla bağlı sayım qrupuna heç bir etirazını bildirməmişdir. Odur ki, vurduğu ziyanı etiraf etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamnamədə Cavabdeh mağazada əksik gələn malların miqdarını bilməsi və əksik gələn mallarla bağlı sayım qrupuna heç bir etirazını bildirməmiş olması kimi faktlara rast gəlinmir. Əksinə həmin iltizamnamədə mallarda səhvliyin aşkar olunmaması qeyd edilmişdir. Bundan başqa məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, cavabdehin İddiaçı MMC qarşısında maddi məsuliyyət daşıması X7 haqqında müqavilə ilə öz təsdiqini tapsa da, İddiaçı MMC tərəfindən aparılan inventarizasiya nəticələrinə dair Aktda qeyd edilmiş əmlakların cavabdehin maddi məsuliyyət daşıdığı əmlaklar olması barədə iş materiallarına hər hansı sübutlar əlavə edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən maddi ziyanın Cavabdeh tərəfindən vurulması sübuta yetirlə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Beyləqan Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tаrixli, 2(020)-78/2025 saylı qətnaməsi İddiaçı MMCnin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tаrixli, 2(020)-78/2025 saylı qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar