Məhkəmə qərarları › İş №2(106)-728/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-728/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-728/2023 07.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, sıradan çıxmış tərəf olaraq Cavabdeh hüquqi varisləri X2, Bilalova (Əliyeva) Aytəkin Yadigar qızı, X6 və X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, Şirvan bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməklə “gündəlik gediş-gəliş yolu üzərində quraşdırılmış kanalizasiya quyusunun, həmçinin evinə tərəf quraşdırılmış müşahidə kamerasının sökülməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(032)-12/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “gündəlik gediş-gəliş yolu üzərində quraşdırılmış kanalizasiya quyusunun, həmçinin evinə tərəf quraşdırılmış müşahidə kamerasının sökülməsi” tələbinə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 2-də yaşayan cavabdeh tərəfindən gündəlik gediş-gəliş yolunun üzərində quraşdırılmış kanalizasiya quyusunun və onun evinə tərəf quraşdırılmış müşahidə kamerasının öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur. Cavabdeh qonşusudur. Qonşusu Cavabdeh onun qapısının ağzında, gediş-gəliş yolunun üstündə qeyri-qanuni (şambo) tipli kanalizasiya quyusu qazdırıb, həyətində tikdirdiyi hər üç evin yəni (özünün, oğlunun, qızının) bütün çirkab sularını ora axıdır. O və anası bir qonşu kimi Cavabdeh dəfələrlə bu antisanitar quyunu oradan ləğv edib kanalizasiya quyusunu öz həyətinə salmasını söyləmişlər. Cavab olaraq Cavabdeh onlara “özüm bilərəm, harada istəyərəm ordan da edərəm” deyərək aralarında mübahisə yaratmışdır. O da, bu məsələ ilə bağlı aidiyyəti qurumlara ərizələr ünvanlamışdır, həmin qurumlar əraziyə baxış keçirmiş və cavabdeh tərəfindən qaydaların çox kobud şəkildə pozulmasını müəyyən etsələr də, müvafiq tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etməsini ona tövsiyyə etmişlər. Cavabdeh qanunsuz çəkdiyi çirkab quyusu yeni salınmış M.Füzuli adına Mədəniyyət və İstirahət parkının 8-10 metrliyində yerləşir, bu da parkın gözəlliyinə xələl gətirməklə yanaşı, sanitar-gigiyena baxımından da yol verilməzdir. Cavabdehin qaunsuz əməlləri bununla bitmir. Belə ki, üstündən az müddət keçməmiş Cavabdeh yaşadığı ünvanda hasarının üstündən üzü onun evinə, gediş-gəliş yoluna baxan müşahidə kamerası quraşdırmışdır. Bu isə öz növbəsində şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır. Bununla əlaqədar Şirvan şəhər polis şöbəsinə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək , iddianın əsassız olduğunu bildirib rədd olunmasını xahiş etmişdir. Etraz belə əsaslandırılmışdır ki, iddiaçının tələb kimi irəli sürdüyü əsaslar hüquqi məsələ deyil, sırf məişət kommunal məsələ olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2005-ci il tarixli 74 №-li qərarı ilə tənzimlənməlidir. İddiaçı iddiasında həmin qərara istinad etmiş, lakin həmin qərarın mahiyyətinin nədən ibarət olduğunu anlamadan, həmin qərara istinad etməklə, cavabdeh tərəfindən guya həmin qərarın tələblərinni kobud surətdə pozduğunu qeyd etmişdir. Belə ki, iddia ərizəsində iddiaçı mülkiyyəti kimi göstərdiyi, lakin əslində mülkiyyət hüququ olmayan əmlakının gedişgəliş yolu kimi göstərdiyi yolun, əslində onun gediş-gəliş yoluna heç bir aidiyyəti yoxdur. Tərəfindən salınan kanalizasiya quyusu tam standartlara cavab verən və üzəri betonla tutulmuş, hər-həftə xüsusi kanalizasiya maşını ilə çəkilməklə qaydalara riayət olunan quyu kimi neytral ərazi olan gediş-gəliş üçün müəyyən edilməyən yolun onun mülkiyyətində olan hasara bitişik yerində salınmışdır. Həmin ərazidə kanalizasiya xətti çəkilmədiyindən, o, həmin ərazidə yaşayan digər sakinlər kimi kanalizasiya quyusu qazdırmaqla kanalizasiya suyunun ora axıdılması üçün tikdirmişdir. Hər həftə vaxtında kanalizasiya maşını ilə kanalizasiya suyunu çəkdirməklə, sanitar-gigiyenik qaydalara riayət edir. O ki, qaldı kanalizasiya quyusunun parkın 8-10 metrliyində yerləşməsinə, bu tamamilə yalandır və belə olan halda ilk olaraq şəhər İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq edilməklə, hər hansı bir tədbir görülərdi. Lakin bu barədə hər hansı bir hallar olmadan ona ehtiyac olmamışdır. İddiaçı ərizəsində yaşadığı ünvanı mülkiyyəti kimi göstərməklə, mülkiyyətin toxunulmazlıq hüququnun pozulmasını bildirməsi, özlüyündə iddiaçını tələbi üzrə subyekt kimi çıxış etməkdən azad edir. Çünki, iddiaçının yaşadığı ev mülkiyyətində deyil və belə olan halda mülkiyyətdə olmayan bir əmlak üzərində hər hansı bir hüquqlarının pozulmasından söhbət gedə bilməz. Onun isə yaşadığı əmlak üzərində mülkiyyət hüququ olduğundan, əksinə iddiaçı tərəfindən irəli sürülən əsassız tələblərlə onun mülkiyyətçi kimi hüquqları pozulur. Kanalizasiya suyunun axıdılması üçün ərazidə kanalizasiya xətti olmadığından, sanitar-gigiyenik qaydalara riayət edərək kanalizasiya quyusunu standartlara uyğun tikmişdir. Kanalizasiya quyusu ilə bağlı tələb bir bəhanədir. Çünki, iddia tələbinin ikinci hissəsini quraşdırdığı kameranın onun yaşayış ünvanının hasarının üstündə yerləşməsidir ki, bu da onu narahat edir. Yaşadığı sahənin mülkiyyətçisi olduğundan və yaşadığı ərazinin təhlükəsizliyi baxımından kameranı yerləşdirmişdir. Həmin kamera iddiaçının yaşadığı ərazini müşahidə etmək üçün deyil, hasarının yerləşdiyi ərazini nəzarət altında saxlamaqdır ki, bu da onun hüququdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(032)-12/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən gündəlik gediş-gəliş yolunun üzərində quraşdırılmış kanalizasiya quyusunun onun öz hesabına sökülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı təqdim edilmiş yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh 29 mart 2023-cü ildə öldüyündən sıradan çıxmış tərəf olaraq hüquqi varisləri X2, Bilalova (Əliyeva) Aytəkin Yadigar qızı, X6 və X7 ilə əvəz edilmişdir. Məhkəmədə cavabdehin hüquqi varisləri apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunlarda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərdən aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Şirvan şəhəri, Energetik küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57.76 kv.m yaşayış, 68,48 kv.m köməkçi sahədən ibarət 24 nömrəli baş evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 122 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 3-un texniki pasportuna əsasən İddiaçı adına olan yaşayış evinin sənəd üzrə ümumi sahəsi 46 kv.m təşkil edir. Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" MMC Şirvan Sukanal İdarəsinin 27 aprel 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Energetik (bağ evləri) küçəsində mərkəzi kanalizasiya xətti mövcud olmadığı üçün abonentlərə kanalizasiya xidməti göstərilmir. Lakin qeyd olunan ünvana baxış keçirilmiş və qonşulardan birinə məxsus sonradan inşa edilmiş şanbo tipli kanalizasiya aşkar edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus həyətyanı sahədə formalaşan maye tullantıların, ümumi istifadədə olan yolun kənarında qazılmış quyuya (şambo) axıdıldığı müəyyən olunmuşdur. Bununla da Cavabdeh tərəfindən Nazirlər Kabinetinin 28 aprel 2005-ci il tarixli 74 nömrəli qərarının tələbləri pozulmuşdur. Şirvan Bələdiyyəsinin 17 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, baxış zamanı müəyyən edilmişdir ki, gündəlik gediş-gəliş yolunun üzərində, darvazaya yaxın məsafədə üstü tam örtülməmiş, açıq tipli sanitar qovşağının çirkab suları üçün kanalizasiya quyusu quraşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, çirkab quyusu Energetik küçəsi 24 ünvanında yaşayan Cavabdeh məxsusdur. Bundan başqa çirkab quyusu tikinti və norma eləcədə birgə yaşayış qaydalarına uyğun deyildir. Çirkab quyusu hər bir vətəndaşın öz mülkiyyətinə məxsus torpaq sahəsində quraşdırılmalıdır. Çirkab quyusu yeni salınmış F.Füzuli adına Mədəniyyət və İstirahət parkının 8-10 metrliyində yerləşir ki, bu da parkın gözəlliyinə xələl gətirməklə yanaşı, sanitar gigiyena baxımından da yol verilməzdir. Bu səbəbdən çirkab quyusu vətəndaş Cavabdeh tərəfindən ləğv edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 iyun 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, sözügedən ərazidə vətəndaş Cavabdeh tərəfindən arx deyil, çirkab suların axıdılması məqsədi ilə 6 kv.m ölçüdə kanalizasiya quyusunun inşa olunması faktı müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunan məhkəmə tikinti-texniki ekspertizasının 26 dekabr 2022-ci il tarixli 10/5617 saylı rəyinə əsasən İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən yaşayış evinin giriş-çıxış yolu ümumi istifadədə olan yoldan keçir. Şirvan Bələdiyyəsinin 17 may 2022-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanında yerləşən Cavabdeh məxsus kanalizasiya quyusu gündəlik gediş-gəliş yolunun üzərində quraşdırılmışdır. Bundan başqa çirkab quyusu tikinti və norma eləcədə birgə yaşayış qaydalarına uyğun deyildir. Çirkab quyusu hər bir vətəndaşın öz mülkiyyətinə məxsus torpaq sahəsində quraşdırılmalıdır. Qeyd olunan kanalizasiya quyusu ünvana rahat gediş-gəlişin qarşısını alıb-almamasının müəyyənləşdirilməsi tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İşin müəyyən olunan hallarına əsasən mübahisə tərəflərinin yaşadığı ərazidə kanalizasiya xətti çəkilməmişdir. Belə olan halda hər bir torpaq mülkiyyətçisi istifadə etdiyi çirkab suların axıdılması üçün kanalizasiya quyusunu öz mülkiyyətində olan torpaq sahəsində quraşdırmalı olduğu halda, mərhum Cavabdeh tərəfindən kanalizasiya quyusu küçədə, gündəlik gediş-gəliş yolunun üzərində quraşdırılmışdır, çirkab quyusu tikinti və norma eləcədə birgə yaşayış qaydalarına uyğun deyildir. Cavabdehin özünün də bildirdiyi kimi həftədə bir dəfə xüsusi texnika ilə çirkab suların daşıyır, qeyd edilən hal isə yaxın qonşu olaraq iddiaçının narahatçılığına səbəb olmaya bilməz, xüsusən həmin proses baş verdiyi zaman ətrafa üfunətin yayılmasının əlavə sübuta ehtiyacı yoxdur. Bu fonda cavabdehin qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinmək kimi bir vəzifəsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh hüquqi varisləri X2, Bilalova (Əliyeva) Aytəkin Yadigar qızı, X6 və X3 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(032)-12/2023 saylı qətnaməsi Cavabdeh hüquqi varisləri X2, Bilalova (Əliyeva) Aytəkin Yadigar qızı, X6 və X3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar