Məhkəmə qərarları › İş №2(106)-731/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-731/2023

25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-731/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-311/2022 saylı, 13 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Ağcabədi rayonunun Avşar kəndində yaşayır, iş üzrə cavabdehlər Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini Cavabdeh1 və ünvan 1 ünvanda yaşayan Cavabdeh2 20 may 2021-ci il tarixdə onun yanına gələrək nəğd şəkildə qaytarmaq şərtilə ondan 4000 (dörd min) manat məbləğində borc pul almışlar və qəbz yazıb imzalayaraq ona vermişlər. Ondan alınan borc pul cavabdehlər tərəfindən bu günə kimi qaytarılmamış, dəfələrlə cavabdehlərə pulu qaytarmaları barədə müraciət etmiş, lakin müraciətlərin heç bir nəticəsi olmamışdır. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 4000 (dörd min) manat məbləğində borc pulun və ödənilmiş 60 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-311/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və məhkəmənin qətnaməsi poçt vasitəsilə 08 aprel 2022-ci il tarixdə reyestrlə tərəflərə göndərilmişdir. Cavabdeh2 buraxılmış prosessual müddətin bərpasına dair 06 fevral 2023-cü il tarixdə poçt vasitəsilə ərizə göndərmiş və 09 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh2 ərizəsini onunla əsaslandırmışdır ki, qətnamənin çıxarılmasından onun xəbəri olmamış və bu barədə onu digər cavabdeh və bu işdə iştirak edən şahid məlumatlandırmışdır. Məlumat aldıqdan sonra dərhal 05 yanvar 2023-cü il tarixdə rəsmi qaydada məhkəməyə ərizə ilə müraciət etdikdən sonra 24 yanvar 2023-cü il tarixdə almışdır. Birinci instansiya məhkəməsində Cavabdeh2 izahatında göstərmişdir ki, 16 fevral 2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak etmiş və 14 mart 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının bildirişini imza edərək götürmüşdür. Lakin xəstə olduğu üçün məhkəmə iclaslarına gələ bilməmiş və bu barədə məlumat verməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qətnaməsi onun ünvanına gəlməmiş və bu barədə heç bir məlumatı olmamışdır. 05 yanvar 2023-cü il tarixdə həmin qətnamənin ünvanına göndərilməsi barədə Ağcabədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Müraciətindən sonra 24 yanvar 2023-cü il tarixdə qətnamə ünvanına göndərilmişdir. Bundan sonra 06 fevral 2023-cü il tarixdə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı izahat verərək göstərmişdir ki, məhkəmə qərtnaməsindən hər iki cavabdehin xəbəri var. O, dəfələrlə cavabdehlərdən pulunu tələb etsə də Cavabdeh1 borcundan iki dəfəyə cəmi 290 manat ödəniş etmiş, digər Cavabdeh2 əmək haqqından isə 162 manat tutulmuşdur. Cavabdehlər tərəfindən bundan başqa heç bir ödəniş olunmamışdır. Sonuncu dəfə təxminən bir ay əvvəl Cavabdeh2 ilə rayonda üçbulaq deyilən ərazidə görüşmüş və ona borclu olduğu pulu qaytarmasını demişdir. Lakin Hüseyn borclu olduğu pulu ödəməkdən imtina etmişdir. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəni verməkdə cavabdehin məqsədi işi uzatmaqdır. Ona görə ərizənin əsassız olmasını nəzərə alıb rədd edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-311/2022 saylı, 13 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim S.Ləzimov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh2 verdiyi buraxılmış müddətin bərpasından imtina edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-311/2022 saylı, 13 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh2 şikayət vermişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarını rəsmi qaydada almamışdır. Onun ailə üzvləri də bu qətnamədən xəbərsizdir. Ağcabədi poçtunun 3 saylı şöbəsinin ona sifarişli göndərmiş olduğu ********* ştrik kodlu məktubu almamışdır. Bu xətşünaslıq ekspertizası keçirilərsə sübuta yetiriləcəkdir. Göstərilənlərə əsasən Ağcabədi Rayon Məhkəməsinin 2(017)-311/2022 saylı, 13 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-311/2022 saylı, 01 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 311/2022 saylı, 13 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)311/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, belə hesab edir ki, Cavabdeh2 şikayətinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadının ləğv olunaraq mülki işin yenidən məhkəmə baxışına çıxarılmasına heç bir qanuni əsas yoxdur. Belə ki, iş materiallarından görünür ki, Ağcabədi poçtamtının 3 saylı şöbəsinin müdiri Mamed Yusibov tərəfindən imzalanıb təsdiqlənərək verilmiş F-8 jurnalından çıxarışdan görünür ki, Ağcabədi Rayon Məhkəməsi tərəfindən Cavabdeh2 ünvanına göndərilmiş sifarişli ********* ştrik kodlu məktub 11 aprel 2022-ci il tarixdə cavabdehin ünvanına çatdırılmış və imza etdirilərək ona verilmişdir. Cavabdeh2 isə 10 aydan sonra, yəni 06 fevral 2023-cü il tarixdə heç bir əsaslı səbəb göstərmədən, qətnamənin surətinin ona verilməməsinə, yalnız rəsmi müraciət etdikdən sonra 24 yanvar 2023-cü il tarixdə ona verilməsinə əsaslanaraq prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh2 müddətin üzürlü səbəbdən buraxılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)- 311/2022 saylı qətnaməsinin surəti 07 aprel 2022-ci il tarixdə tərəflərə, o cümlədən Cavabdeh2 göndərilmişdir. Həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti məhkəməyə daxil olmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair Cavabdeh2 ərizə ilə 05 yanvar 2023-cü il tarixdə yəni, qətnamənin tərəflərə göndərilməsindən 10 aya yaxın bir müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Bununla da Azərbaycan Respulikası MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət Cavabdeh2 tərəfindən üzrsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin normalarından göründüyü kimi borcu tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməsi müddəti buraxılmış və həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair şikayətinə heç bir rəsmi sübut növü və həmin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatətini əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5. Bu Məcəllənin 135.2-ci,135.3-cü,135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-311/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan prosessual müddətin üzürlü hesab edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə əsassız olduğundan Ağcabədi Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadı ilə əsaslı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X1 şikayəti ilə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Azərbyacan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qəraında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiiyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)311/2022 saylı, 13 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, Cavabdeh2 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Ağcabədi Rayon Məhkəməsinin 2(017)311/2022 saylı, 13 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)311/2022 saylı, 13 fevral 2023-cü il tarixli qərardadı Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar