Məhkəmə qərarları › İş №2(106)-731/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-731/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-731/2025 20.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh X2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Sabiqət oğlunun iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 260000 manat məbləğində maddi ziyanın, 50000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 600 manat dövlət rüsumunun əvəzinin cavabdehlər “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, 2019-cu ilin may ayında X10 ilə nikaha daxil olmaq üçün Ağcabədi rayon X1 şöbəsinə gedərək müvafiq analizlər verib testlərdən keçmişlər. Qanın ümumi analizini də vermişlər. Təxminən 10 gündən sonra tibbi müayinədən keçdiklərini təsdiq edən özü və arvadının barəsində tərtib edilmiş arayışı həmin xəstəxananın işçisi olan Cavabdeh2 almış, sonra həmin sənədləri Ağcabədi rayon qeydiyyat şöbəsinə təqdim etmiş və nikahlarını rəsmiləşdirilmişlər. Qeyd edilən arayışlarda onların nikaha daxil olmalarını istisna edən heç bir xəstəliyin olmadığı, o cümlədən talassemiya və digər qan xəstəliklərinin mövcud olmadığı qeyd olunmuşdur. Bundan bir il sonra, yəni 29 iyun 2020-ci il tarixdə Elay adlı bir qız övladları anadan olmuşdur. Uşaq doğulandan sonra uşaqda halsızlıq, solğunluq, tez-tez xəstələnmələr olmuşdur. Uşağı müxtəlif həkimlərdə müayinə və müalicə etdirsələr də heç bir nəticə olmamış və bütün qazancını övladının xəstəliyinə sərf etmişdir. Daha sonra, Bakı şəhərində bir neçə xəstəxanada olmuş, lakin bu müayinə və müalicələr də heç bir fayda verməmişdir. Nəhayət 09 ay sonra, yəni 28 aprel 2021-ci il tarixdə laboratoriya analizlərinin nəticəsinə əsasən övladının beta-talassemiya xəstəliyi ilə doğulduğu aşkar olunmuşdur. Bundan sonra, onlardan nikaha daxil olmazdan əvvəl verdikləri laboratoriya nəticələri tələb olunmuş, həmin sənədlərin nüsxələrini rayon mərkəzi xəstəxanasından alaraq sənədlərə baxarkən orada “təkrar qan” və “neqativ” sözlərinin yazıldığı aşkar edilmişdir. Bu barədə ona heç kim məlumat verməmiş və sənədləri ona təqdim edən həkim də onların heç bir xəstəliklərinin və ya başqa problemlərinin olmadığını demişdir. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində onun beta- talassemiya xəstəliyi ilə övladı dünyaya gəlmişdir. Müraciəti əsasında Ağcabədi rayon prokurorluğunda araşdırma aparılmış, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının ASM şöbəsinin ailə həkimi- terapevt vəzifəsində işləyən Cavabdeh2 vəzifəli şəxs qismində işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlıq etməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi müəyyən edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün 10 yanvar 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Hər 15 gündən bir övladına qan köçürülməsi üçün Bakı şəhərində olan Respublika Talassemiya Mərkəzinə aparır. Bunun nəticəsində ona və ailə üzvlərinə maddi və mənəvi ziyan dəymişdir. Hazırda övladının müalicəsi, yəni qan köçürülməsi xərcləri Dövlət hesabına ödənilir. Dövlət tərəfindən övladına və arvadına pensiya da təyin edilmişdir. Lakin övladı Elay Zülfüqarovanın beta-talassemiya xəstəliyindən sağalması üçün əməliyyat olunması zəruridir və maddi imkanı olmadığından əməliyyatı həyata keçirə bilmir. Hazırki günə qədər Elay Zülfüqarovanın müalicəsinə 60000 manat pul xərclənmişdir. İlik köçürülməsi isə Azərbaycanda mümkün deyil və yalnız başqa Respublikalarda uyğun donor olduqda ilik köçürülə bilər. Həmçinin bu əməliyyat üçün 200000 manat pul tələb olunur. İllərdir övladının xəstəliyi nəticəsində ona və ailəsinə maddi zərərlə yanaşı mənəvi zərər də dəymişdir. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə 2019-cu ilin may ayında nikaha daxil olmaq üçün “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Laboratoriya şöbəsinə gedərək müvafiq analizlər verib testlərdən keçmişlər. Xəstəxana tərəfindən onlara arayışlar verilmiş və həmin arayışlar əsasında İddiaçı ilə nikaha daxil olmuşlar. Onların birgə nikahdan 29 iyun 2020-ci il tarixdə Elay adlı bir nəfər qız övladları anadan olmuş və yoxlama zamanı övladının beta-talassemiya xəstəliyi ilə doğulduğu aşkar olunmuşdur. Övladının xəstəliyi ilə əlaqədar onlara maddi və mənəvi zərər dəymişdir və ailə başçısı kimi məhkəmədə əri İddiaçı iddia qaldırmışdır. İddiaçı onlara dəymiş ziyanla bağlı iddia qaldırdığı üçün o, məhkəmədə iddia qaldırmayacaqdır. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməmiş, iddianın təmin edilməməsini xahiş etmiş, izahatında göstərmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ASM şöbəsinin ailə həkimi-terapevt vəzifəsində işləyir. İddiaçı və X10 2019-cu ilin may ayında nikah bağlamaq üçün qanunvericiliyə əsasən qabaqcadan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Laboratoriya şöbəsinə gedərək müvafiq analizlər vermişlər və arayışlar əldə etmişlər. Lakin həmin arayışları Cavabdeh2 iddiaçıya təqdim etməmiş və iddiaçının həmin arayışı haradan əldə etməsindən Cavabdeh2 məlumatı olmamışdır. Bundan başqa, digər Cavabdeh3 isə ümumiyyətlə həmin arayışın verilməsi ilə əlaqəsi olmamış, həmin arayışın verilməsində, tərtib edilməsində iştirakı olmamışdır. Həmçinin Cavabdeh3 xəstəxananın laboratoriya şöbəsində işlədiyindən verilən analizlərin nəticəsindən onun məlumatı olmur. Birinci instansiya məhkəməsində cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim R.Nuriyev) 04 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən maddi zərərə görə 2000,52 manat, mənəvi zərərə görə 15000 manat və ödənilmiş dövlət rüsumunda 141 manat, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat 52 (əlli iki) qəpik tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1 və 1112-ci maddələrinə istinad etmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə, iddia tələbini qismən təmin edib, qalan hissədə iddia tələbini rədd etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə, iddiaçıya vurulmuş maddi ziyanı təsdiq edən bütün qəbzləri tədqiq etməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi müəyyən qəbzləri qəbul etməyib tədqiq etməkdən imtina etmişdir. Şikayətdə qeyd edilir ki, cavabdehlər tərəfindən törədilmiş cinayət nəticəsində iddiaçının qızını belə bir xəstəliyə düçar etməklə, iddiaçını ömürlük maddi və mənəvi zərər çəkməyə məhkum etmiş cavabdehdən cəmi maddi ziyana görə 2000,52 manat pulun tutulması adekvat deyil, qanuna ziddir, qətnamənin ədalətsizliyinin göstəricisidir. Məhkəmə nəinki vurulmuş maddi ziyanla bağlı bütün qəbzləri tədqiq etməmiş, ümumiyyətlə nəzərə almamışdır ki, iddiaçı qızının xəstəliyə düçar olmasını bir neçə il sonra bilmiş, daha əvvəllər çəkdiyi xərcləri təsdiq edən müvafiq qəbzləri saxlayıb məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materialları ilə uşağın xəstə olması, xəstəliyin xroniki olması, mütəmadi müayinə və müalicə olunması və bu müalicənin Bakı şəhərində aparılması, iddiaçının bununla bağlı ömürlük maddi ziyana məhkum olması müəyyən olunur. Məhkəmə qeyd olunanları nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, qızını daimi müalicə üçün Bakı şəhərinə aparması nəticəsində iddiaçı, işindən və qazancından məhrum olmuş, beləliklə də əlavə maddi ziyana düşmüş və bu ziyan da davamlı xarakterdədir. Məhkəmə vurulmuş mənəvi zərərin qismən təmin etməkdə də, haqlı olmamış, iş üzrə həqiqi hallara düzgün qiymət verməmişdir. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin cinayət törətməsi kimi hala düzgün qiymət verməmişdir. Həmçinin, cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin əmlak vəziyyətinin kifayət qədər yüksək olması kimi vacib halı nəzərə almamiş, cavabdehlərin cinayəti nəticəsində ömürlük mənəvi sarsıntı və mənəvi iztiraba məhkum olunmuş bütövlükdə bir gənc ailəyə vurulan mənəvi zərəri az miqdarda kompensasiya etmiş, qeyri-obyektiv mövqe nümayiş etdirmişdir. Məhkəmə hazırkı halda bütöv bir ailənin ömürlük mənəvi iztirablara yaşamağa məhkum olunmasının aradan qaldırılmasına 15.000 manatın ağlabatan olması qənaətinə gəlmiş, qeyri-obyektiv və ədalətsiz mövqe nümayiş etdirmişdir. Məhkəmə iddia tələbinin maddi ziyan bağlı hissəsini qismən təmin edib, qalan hissədə iddianı təmin etmədikdə bütün sübutları araşdırmamışdır. Belə ki, iddiaçı maddi ziyanla bağlı təqdim etdiyi sübutları- qəbzləri qəbul etməmiş, onları tədqiq etməmiş və düzgün qiymətləndirmə aparmamışdır. Məhkəmə həmçinin iddianın maddi ziyanla məbləğini müəyyən edərkən cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin əmlak vəziyyətinin kifayət qədər yüksək olması kimi vacib halı nəzərə almamış, sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə həmçinin o, məsələni düzgün qiymətləndirməmişdir ki, hazırkı tələblə bağlı iddianı İddiaçı qaldırsa da, onun arvadı da həm maddi, həm də mənəvi zərərə məruz qalmış, həmçinin azyaşlı Elay Zülfüqarova ömürlük sağalmaz xəstəliyə düçar olmaqla daimi iztirab və sarsıntıya məhkum edilmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsi qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmiş, izahatında bildirmişdir ki, onlardan götürülən analiz nümunələr Bakı şəhərində yoxlanılmışdır. Məsul şəxs isə Cavabdeh2dır. Əslində Cavabdeh2 həmin arayışı onlara verməməli idi, onlara izah etməli və təkrar analiz götürməli idi. Çəkilən xərclər çoxdur. Sübutları birinci instansiya məhkəməsinə təqdim etmişdi, lakin sübutların bir qismini təmin etmədilər. Övladının müalicəsi ilə əlaqədar dəfələrlə Bakı şəhərinə getmiş, həmin xərclərlə bağlı qəbzləri məhkəmə kollegiyasına təqdim etmişdir. Təkcə yanacağa 600 manat xərc çəkmişdir. Zərəri xəstəxanadan tələb edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsi qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmiş, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi təqdim etdikləri sübutları dəqiq təhqiq etməmişdir. Hər iki şəxs talassemiya xəstəliyinin daşıyıcısı olmuşdur. Bunu xəstəxana analiz götürərkən dəqiq yoxlamamış və arayışı iddiaçıya təqdim etmişdir. Doğulmuş uşaq ömürlük talassemiya xəstəsidir. Ağcabədi Rayon Məhkəməsi maddi ziyana görə 2000 (iki min) manat mənəvi ziyana görə isə 15000 (on beş min) manat təmin etmişdir, çəkilən xərclər isə çoxdur. Müdafiə etdiyi şəxs uşağın müalicəsini Bakı şəhərində davam etdirir. Onlar iddianın tam təmin olunmasını tələb edirlər. Maddi və mənəvi zərərin cavadeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasından tutulmasını istəyir. Cavabdeh X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, onun vəzifəsi qan nümunələrini götürmək və həmin qan nümunələrini qablaşdırdıqdan sonra xüsusi qutuya qoyaraq Bakı şəhərinə göndərməkdir. Qan nümunələrinin cavabları gəldikdən sonra onlar həmin cavabları görmürlər. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Sabiqət oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi xərclərlə bağlı heç-bir xəstəxanadan sənəd yoxdur. İddiaçının tələb etdiyi 200000 (iki yüz min) manat donor üçün nəzədə tutulmuşdur. Qeyd olunan arayışlarla bağlı düzgün cavablar xəstəxanaya gəlmişdir və iddiaçıya təkrar analiz verməsi də tövsiyyə olunmuşdur. Cavabdeh2 həmin arayışları iddiaçıya təqdim etməyib, arayış Cavabdeh3 tərəfindən verilib, Cavabdeh3 isə sistemdə olan sənədi və nümunələri görməyib. Cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin təmsilçisi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin təmsilçisi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən, məhkəmə Kollegiyası gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəf qətnaməni mübahisələndirməmişdir. İddiaçı qətnamənin iddianın təmin edilməmiş hissəsini mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin faktiki hallarından görünür ki, 2019-cu ilin may ayında İddiaçı A.Zülfüqarova ilə nikaha daxil olmaq üçün Ağcabədi rayon X1sında müvafiq analizlər verib testlərdən keçmişlər. Analizin nəticəsi barədə arayışları əldə etdikdən sonra Ağcabədi rayon qeydiyyat şöbəsinə təqdim etmiş və nikahlarını rəsmiləşdirilmişlər. Bundan bir il sonra, yəni 29 iyun 2020-ci il tarixdə onların nikahından qız övladı- Elay doğulmuşdur. Uşaq doğulandan sonra uşaqda xəstəlik aşkar edilmişdir. Uşağı müxtəlif həkimlərdə müayinə və müalicələrə aparmış, 09 ay sonra, yəni 28 aprel 2021-ci il tarixdə laboratoriya analizlərinin nəticəsinə əsasən övladının beta-talassemiya xəstəliyi ilə doğulduğu aşkar olunmuşdur. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilmiş 07 may 2019-cu il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı qanının ümumi analizinin nəticələrində “Hemoqlobin A” parametrinin “Nəticə” qrafasında “təkrar qan” (N: 96,5 – 98 %) sözləri qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilmiş 07 may 2019- cu il tarixli ******* nömrəli arayışdan görünür ki, Zülfüqarova (Əsədova) Aliyə Əsəd qızının qanının ümumi analizinin nəticələrində “Hemoqlobin A” parametrinin “Nəticə” qrafasında “təkrar qan” (N: 96,5 – 98 %) sözləri qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Talassemiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 08 iyul 2021-ci il tarixli, L0630935 nömrəli arayışdan görünür ki, X11 həmin mərkəzdə müayinə olunmuş və ona D56.1 Beta-talassemiya (böyük forma) diaqnozu təyin edilmişdir. “X7 Mərkəzi”ndən verilmiş 12 yanvar 2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı və X6 məxsus nümunələrdən əldə edilən DNT materialından HBB sekans analizinin işlənilməsinə görə onlarda “Heterozigot” mutasiyası aşkar edilmiş və ailəyə genetik konsultasiya məsləhət görülmüşdür. Müəyyən edilir ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı prokurorluq orqanlarında araşdırma aparılmış, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün 10 yanvar 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı müvafiq ekspertizalar keçirilmişdir. İş üzrə komisyon məhkəmə-tibbi ekspertizanın 26 aprel 2023-cü il tarixli, 155-1/KEŞ nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində aparılmış müayinələr nəticəsində İddiaçı betatalassemiya xəstəliyinin daşıyıcısı olmasına şübhə mövcud olduğundan sonuncu “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən təkrar müayinəyə göndərilməli və həmin xəstəliyin daşıyıcısı olduğu vaxtında aşkar olunmalı idi. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. İş üzrə əlavə komisyon məhkəmə-tibbi ekspertizanın 29 sentyabr 2023-cü il tarixli, 640/KEŞ və 640-1/KEŞ nömrəli rəylərindən görünür ki, İddiaçı və Zülfüqarova (Əsədova) Aliyə Əsəd qızı “Heterozigot” mutasiyasının (yəni beta-talassemiya xəstəliyinin) daşıyıcısıdırlar. Həmin xəstəlik genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Xəstəliyin tam sağalması tibbi praktikada mövcud deyil. Talassemiya daşıyıcısı ilə birgə münasibətdən istər təbii, istərsə də süni mayalanma yolu ilə sağlam uşaqlarının doğulması və ya həmin xəstəliyin daşıyıcısı olması mümkündür. X5 düçar olduğu beta-talassemiya (böyük forma) xəstəliyinin tam sağalması tibbi praktikada mövcud deyil. Qeyd olunan xəstəliklə əlaqədar Elay Zülfüqarova ixtisaslı tibb müəssisəsində qeydiyyatda olmalı, kliniki vəziyyətinə uyğun olaraq müayinə və lazım gəldikdə adekvat müalicələr təyin edilməlidir. X5 düçar olduğu qan xəstəliyi onun əqli inkişafına təsir etmir. Lakin fiziki inkişafında sümük sıxlığı və strukturlarının pozuntuları qeyd oluna bilər. Beta-talassemiya (böyük forma) xəstəliyi anemiya, daxili orqanlarda dəyişikliklər, endokrin pozuntular, kliniki əlamətlərlə özünü büruzə verir. Xəstəlik xroniki gedişlidir, müalicə metodlarından qanköçürmə, fol turşusu əlavəsi və sümük iliyinin transplantasiyası aparılır. Müalicələrin müsbət nəticə faizi və proqnozu haqqında əvvəlcədən fikir söyləmək mümkün deyil. İddiaçı və X10 betatalassemiya xəstəliyinin daşıyıcıları olmuşlar. Bununla əlaqədar hər biri 07 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində hemoqlobin elektrofarezi müayinəsindən keçmişlər. Müayinənin nəticəsi olaraq hər ikisində “təkrar qan” olduğu qeyd edilmişdir. Belə olan halda “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən İddiaçı və Aliyə Zülfüqarova təkrar müayinəyə göndərilməli və qeyd olunan xəstəliyin daşıyıcılarının olduğu vaxtında aşkar olunmalı idi. Qeyd olunan çatışmazlıq “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məsul həkimi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Sahə həkimi-terapevtin nümunəvi vəzifə təlimatı”nın 24.1-ci bəndinin pozulması kimi qiymətləndirilir. X5 beta-talassemiya (böyük forma) xəstəliyi ilə doğulması ilə onun valideynlərində laborator analizlərin təkrar aparılmaması arasında səbəbli əlaqə mövcuddur. İddiaçı tələbində cavabdeh tibb müəssisəsinin verdiyi arayışı təqdim etməklə nikaha daxil olduqdan sonra xəstə uşaq doğulması nəticəsində vurulmuş zərəri cavabdehlərdən onun xeyrinə ödənilməsini xahiş etmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Kollegiya qeyd edir ki, cavabdeh tibb müəssisəsindən verilmiş arayış nəticəsində (tibb müəssisinin əməkdaşının hərəkətləri (hərəkətsizliyi) nəticəsində) iddiaçının xəstə uşağının doğulması ilə bağlı iddiaçıya zərər dəyməsi müəyyən edilir. Müvafiq cinayət işi başlanılmış, istinaq aparılmış, müddətin keçməsi səbəbindən cinayət işi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının uşağının müayinə və müalicə xərclərinə ümumilikdə 2000,52 manat pul xərcləndiyini nəzərə alaraq həmin məbləğin və vurulmuş mənəvi zərərə görə 15000 manat kompensasiyanın cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən tutulmasını təmin etmişdir. Cavabdeh həmin hissəni apellyasiya qaydasında mübahisələndirmədiyindən Kollegiya həmin hissədə araşdırmaya qiymət verməyi lüzum görmür. Mübahisəli hal- iddianın təmin edilməyən hissəsi barədədir. İddiaçı tərəf tələbini cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı müdafiə etmişdir. Belə ki, iddiaçı vurulmuş zərərin cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasından tutulmasını düzgün hesab etmiş və iddianın tam təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ASM şöbəsinin ailə həkimi-terapevt vəzifəsində işləyən Cavabdeh2 vəzifəli şəxs qismində işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək fiziki şəxslərin hüquqlarına, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Sahə həkim-terapevtin nümunəvi vəzifə təlimatı”nın 6-28-ci bəndlərini pozaraq öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2015-ci il tarixli 122 saylı qərarı ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 3.1, 3.2 və 3.4-cü bəndlərinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin hər birini tibbi müayinədən keçirməli, tibbi müayinədən sonra isə nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlar verməli və buna müvafiq olaraq onlara tibbi-genetik, tibbi-psixoloji, ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verməli, yalnız bundan sonra onlara Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə və ya digər qeydiyyat orqanlarına təqdim edilməsi üçün onların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verməli olduğu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçirilməsi ilə əlaqədar 2019-cu ilin may ayında onun fəaliyyət göstərdiyi səhiyyə müəssisəsinə müraciət edən İddiaçı və X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən aparılmış laborator analizlərə uyğun olaraq verilmiş 07 may 2019-cu il tarixli arayışlarda “Hemoqlobin A” parametrinin “Nəticə” qrafasında “təkrar qan” (N: 96,5 – 98 %) sözləri qeyd olunmaqla onların beta-talassemiya xəstəliyinin daşıyıcısı olmalarına aşkar şübhələrin mövcud olmasına, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı”nın 1.1-ci bəndində nikaha daxil olmaq istəyən şəxslərin hemoqlobinopatiya xəstəlikləri üzrə tibbi müayinədən keçirilməklə böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya kimi xəstəliklərin mövcudluğunun yoxlanılmasına dair imperativ tələbin mövcudluğuna baxmayaraq həmin şəxsləri qeyd olunan xəstəliklər üzrə təkrarən laborator müayinəyə göndərmədən və onların beta-talassemiya xəstəliyinin daşıyıcısı olduqlarını vaxtında aşkar etmədən İddiaçı və Aliyə Zülfüqarovanın barəsində qanunvericilikdə nəzərdə tutulan qaydada tibbi müayinələrinin tam aparılması haqqında 22 may 2019-cu il tarixli 399 saylı arayışları tərtib etməklə İddiaçı və Aliyə Zülfüqarovaya təqdim etmişdir. Həmin əməli ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmiş, lakin, cinayət məsuliyyətə cəlb etmə müddəti keçdiyindən 10 yanvar 2024-cü il tarixli qərarla Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda tibb müəssisəsi - “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs subyekt kimi çıxış etməklə, Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyan tibb müəssisəsindən tutulmalıdır. İddiaçı iddia ərizəsində ona 260000 manat məbləğində kompensasiya tələb etsə məhkəmə iddianı 2000,52 manat hissədə təmin etmişdir. İddiaçı uşağının müalicəsinə 60000 manat pul xərcləndiyini bildirsə də bu barədə əlavə sübut təqdim etməmişdir. İddiaçı tələbində göstərmişdir ki, ilik köçürülməsi Azərbaycanda mümkün deyil və yalnız başqa ölkələrdə uyğun donor olduqda ilik köçürülə bilər. Həmçinin bu əməliyyat üçün 200000 manat pul tələb olunur. Göründüyü kimi bu hissədə də iddianı təmin etməməklə məhkəmə doğru qənaətə gəlmişdir. Bu tələb gələcəkdə donor olduğu halda əməliyyat üçün nəzərdə tutulan məbləğdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə əsasən razılaşır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda müalicə xərləri ilə bağlı iddiaçı başqa sübut təqdim etməmişdir. Bununla yanaşı, apellyasiya şikayətində müalicə ilə bağlı uşağını xəstəxanalara və digər müayinələrə apararkən nəqliyyata və müayinəyə başqa xərclər də çəkdiyini, bu barədə qəbzlərini birinci instansiya məhkəməsində təqdim edə bilmədiyini qeyd etməklə həmin qəbzləri də təqdim etmişdir. Təqdim edilmiş həmin qəbzlərə görə iddiaçı əlavə olaraq yanacağa və digər müayinəyə görə 600 manat xərc çəkmişdir. Kollegiya hesab edir ki, iddiaçı yanacağa çəkdiyi xərc barədə təqdim etdiyi qəbzlər qəbul edilməli və bu hissədə iddia təmin edilməlidir. Ona görə, Kollegiya hesab edir ki, iddiaçının yanacağa görə çəkdiyi 600 manat xərc də cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən tutulmalıdır. Mənəvi ziyan tələbinə dair hissədə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi lə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi kompensasiyanın məbləğini ağlabatan hədd müəyyən etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi ziyanın tutulması hissəsində dəyişdirilməli, cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən maddi zərərə görə 2600,52 manat (mənəvi ziyana görə kompensasiya və dövlət rüsumuna görə ödənilmiş vəsait də nəzərə alınmaqla cəmi 17741,52 manat) tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(017)-103/2025 saylı qətnaməsi qismən– maddi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən maddi zərərə görə 2600,52 manat (mənəvi ziyana görə kompensasiya və dövlət rüsumuna görə ödənilmiş vəsait də nəzərə alınmaqla cəmi 17741,52 manat) tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar