Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-738/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka yetirilən zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(072)-066/2025 saylı qətnaməsindən (hakim T.Nüsrətov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “əmlaka yetirilən zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, 1280 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşı olan cavabdeh onun keçmiş qaynıdır. xx.xx.2024-cü ildə Cəbrayıl rayon İcra və probasiya şöbəsində uşaqla ünsiyyətlə bağlı icra prosesində iştirak edirdi. Həmin zaman cavabdeh də orada idi və maşınını onun avtomobilinin arxasında saxlamışdı. Demə cavabdeh avtomobilini qəsdən onun maşınının arxasında saxlayıbmış. İçəridə icra prosesində olan zaman cavabdeh onun avtomobilinin ön, yan və arxa hissələrini təpiklə, açarla əzərək, qabaq buferi sındıraraq tam yararsız vəziyyətə salmışdır. Həmin zaman onunla icra şöbəsində olan atası X3 bunu öz gözləri ilə görmüş, lakin ora gedənə qədər cavabdeh öz maşınına oturub hadisə yerindən qaçmışdır. İcra prosesidən çıxandan sonra baş vermiş hadisə ilə bağlı 102 xidmətinə zəng vurub, şikayətini bildirmişdir. xx.xx.2024-cü ildə Cəbrayıl RPŞ-dən aldığı məkbda guya hadisənin araşdırıldığı və cavabdehin baş vermiş hadisəni törətməsinin təsdiqini tapmadığının müəyyən edildiyi bildirilmiş, ziyanın ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğu ona izah edilmişdir. Cəbrayıl RPŞ-nin araşdırması ilə razı deyildir, çünki cavabdeh həmin şöbənin əməkdaşıdır və bu səbəbdən inanmır ki, orada düzgün araşdırma aparılsın. Cavabdehin qanunsuz əsəli nəticəsində avtomobilinə 1280 manat ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh onun qaynıdır, yəni Zaurun bacısı X2 onun arvadıdır. Müəyyən ailədaxili mübahisələrə görə X1 qarşı “nikaha xitam verilməsi, uşağın himayədə qalması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə, eləcə də “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin rəsmi nikahlarına xitam verilməmişdir və mülki iş məhkəmənin icraatındadır. Belə ki, o, 05 sentyabr 2024-cü il tarixdə “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” müvəqqəti təminat tədbirinin icrası ilə bağlı idarə etdiyi “NİSSAN TEANA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəbrayıl rayon İcra və probasiya şöbəsinə getmişdir. Həmin vaxt Cavabdeh da həmin şöbəyə idarə etdiyi avtomobillə gəlmişdir. İdarə etdiyi “NİSSAN TEANA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində yol ayrıcında saxlamışdır. Cavabdeh da özünün idarə etdiyi avtomobili onun avtomobilinin arxa tərəfində saxlamışdır. Müəyyən səbəblərə görə uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesi tam başa çatmayaraq təxirə salınmışdır. O, uşaqla ünsiyyət hüququ ilə bağlı icra prossesində iştirak edən zaman Cavabdeh onun idarə etdiyi avtomobilin qabaq, arxa, yan hissələrini təpiklə və açarla əzərək, eləcə də qabaq buferi sındırmaqla, avtomobili yararsız vəziyətə salmışdır. Həmin vaxt bu hadisənin şahidi atası X3 olmuşdur. O, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Lakin Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh baş vermiş hadisəni törətməsi öz təsdiqini tapmamış və ona dəymiş zərərin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Hesab edir ki, Cavabdeh polis əməkdaşı olduğu üçün Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən tam və obyektiv araşdırma aparılmamışdır. Beləliklə, Cavabdeh qanunsuz əməli nəticəsində ona 1280 (min iki yüz səksən) manat məbləğində maddi zərər dəymişdir. Bu səbəbdən Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı onun bacısı Günel xanımın əridir. Onlar boşanma ərəfəsindədirlər və işləri məhkəmənin icraatındadır. 05 sentyabr 2024-cü il tarixdə “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” müvəqqəti təminat tədbirinin icrası ilə bağlı bacısı Günel xanımı və onun övladını, eləcə də anasını idarə etdiyi “MERCEDES- BENZ E200” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəbrayıl rayon İcra və probasiya şöbəsinə gətirib düşürmüş, orada gözləmədən avtomobilinin xırda təmirə ehtiyacı olduğu üçün ustanın yanına aparmışdır. Onu da qeyd edir ki, onlar Cəbrayıl rayon İcra və probasiya şöbəsinə gələn zaman İddiaçı və onun valideyni ora gəlməmdi. Bir neçə dəqiqə keçdikdən sonra bacısı Günel xanım onun mobil telefonuna zəng vurub, Cəbrayıl rayon İcra və probasiya şöbəsinə gəlməsini və onu evə aparmasını xahiş etmişdir. O da idarə etdiyi avtomobillə yenidən Cəbrayıl rayon İcra və probasiya şöbəsinə gəlmişdir. İdarə etdiyi “MERCEDES-BENZ E200” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində, yəni “generator” olan tərəfdə saxlamışdır. Qafar isə idarə etdiyi avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində yol ayrıcında saxlamışdır. İdarə etdiyi avtomobili Qafarın avtomobilinin nə arxa, nədə yan tərəfində saxlamışdır, yəni hər iki avtomobil ayrıayrı istiqamətlərdə saxlanılmışdır. Müəyyən səbəblərə görə uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesi tam başa çatmadığı üçün bacısı Günel xanımı və onun övladını, eləcə də anasını idarə etdiyi avtomobillə yaşadığı evə aparmışdır. Bu müddət ərzində, yəni uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesi zamanı Qafarın avtomobilini nə açarla, nədə hər hansı əşya ilə və ya təpiklə vurmuş, ümumiyyətlə onun avtomobilinə tərəf getməmişdir. Sonradan bacısı Günel xanımdan öyrənmişdir ki, onlar Bakı şəhərində ər-arvad kimi yaşadığı müddət ərzində Qafar avtomobili bir neçə dəfə harasa sürtüb əzmişdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Cəbrayıl Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(072)-66/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 81-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni iddianın sübuta yetməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək ləğv olunması, iddiasının təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda əsalandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, maşınını cavabdehin əzməsini atası öz gözləri ilə görsədə, məhkəmə bu hala düzgün hüquqi qiymət vermədiyi üçün qətnamə qəbul edəkən səhv nəticəyə gəlmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçı onun oğlu, Cavabdeh isə gəlni Günel xanımın qardaşıdır. Müəyyən ailədaxili mübahisələrə görə İddiaçı X1 qarşı “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə, eləcə də “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. 5 sentyabr 2024-cü il tarixdə oğlu Qafarla birlikdə “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” müvəqqəti təminat tədbirinin icrası ilə bağlı Cəbrayıl rayon İcra və probasiya şöbəsinə getmişdir. Oğlu Qafar və gəlni Günel xanım İcra və probasiya şöbəsinin inzibati binasında olan zaman uzaqdan Zaurun Qafarın idarə etdiyi “NİSSAN TEANA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili təpiklə və açarla əzdiyini görmüşdür, lakin ona heç bir söz deməmiş, irad bildirməmiş, bu müddət ərzində məhkəmənin inzibati binasının yerləşdiyi həyətdə uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesinin başa çatmasını gözləmişdir. Onu da qeyd edir ki, Qafar idarə etdiyi avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində yol ayrıcında, Zaur isə idarə etdiyi avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində, yəni “generator” olan tərəfdə saxlamışdır, yəni hər iki avtomobil ayrıayrı istiqamətlərdə saxlanılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun əri, Cavabdeh isə qardaşıdır. Müəyyən ailədaxili mübahisələrə görə İddiaçı ona qarşı “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə, eləcə də “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin onların rəsmi nikahına xitam verilməmiş və mülki iş məhkəmənin icraatındadır. 5 sentyabr 2024-cü il tarixdə “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin icrası ilə bağlı qardaşı Zaur onu, övladını və anasını idarə etdiyi “MERCEDES-BENZ E200” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəbrayıl rayon İcra və probasiya şöbəsinə gətirib düşürmüş, orada gözləmədən özünün işi ilə bağlı getmişdir. Müəyyən səbəblərə görə uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesi tam başa çatmadığı üçün bir neçə dəqiqə keçdikdən sonra o, Zaurun mobil telefonuna zəng vurub, İcra və probasiya şöbəsinə gəlməsini və onları yaşadığı evə aparmasını xahiş etmişdir. Zaur da idarə etdiyi avtomobillə yenidən Cəbrayıl rayon İcra və probasiya şöbəsinə gəlib, onları yaşadığı evə aparmışdır. Ümumiyyətlə o, əri Qafar ilə birlikdə İcra və probasiya şöbəsinin inzibati binasında olduğu üçün qardaşı Zaurun Qafarın idarə etdiyi idarə etdiyi “NİSSAN TEANA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili əzdiyini görməmişdir. Onu da qeyd edir ki, onlar Bakı şəhərində ər-arvad kimi yaşadığı müddət ərzində, təxminən 2017-2018-ci illərdə Qafar avtomobili yaşadıqları evin həyətinə keçirən zaman hər iki tərəfdən, eləcə də daha sonra bir neçə dəfə şəhərin müxtəlif yerlərində avtomobili vurub əzmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis Şöbəsinin 3-13-70/2-6807/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng-Xitməti Mərkəzinə verdiyi məlumat əsasında araşdırma aparılmış, araşdırma zamanı vətəndaş Cavabdeh baş vermiş hadisəni törətməsi öz təsdiqini tapmamış və vətəndaş İddiaçı dəymiş zərərin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan “NURGUN MOTORS” Servis tərəfindən verilmiş 05 noyabr 2024cü il tarixli “Qüsur aktı”ndan görünür ki, “NİSSAN TEANA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin təmir-bərpa xərci 1280 (min iki yüz səksən) manat müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin mübahisəsiz müəyyən olunan faktiki hallarına görə iddiaçı və cavabdeh yeznəqayındırlar, iddiaçı cavabdehin bacısının əridir. İddiaçının ailə münasibətləri pozulduğundan məhkəmədə cavabdehin bacısına qarşı nikahın pozulması, uşağın yanında qalmasının müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair iddia qaldırmış, həmçinin nikahın pozulmasına dair işə baxılanadək uşaqla ünsiyyət hüququnun təmin olunması məqsədilə müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçının uşaqla ünsiyyət hüququnun təmin olunması barədə müvəqqəti təminat tədbirinin görülməsinə dair müvafiq qərardad qəbul edilmişdir. 5 sentyabr 2024-cü il tarixdə həmin qərardadın icrası ilə əlaqədar iddiaçı öz avtomobilində atası ilə, cavabdeh isə öz avtomobilində bacısı, uşaq və anası ilə birlikdə Cəbrayıl rayon İcra və probasiya şöbəsinin inzibati binasına gəlmişlər. İşin mübahisəli halları aşağıdakılardan ibarətdir: İddiaçı bildirir ki, cavabdeh avtomobilini onun avtomobilinin arxasında saxlamışdı. İcra və probasiya şöbəsinin inzibati binasında icra prosesində olduğu zaman cavabdeh onun avtomobilinin ön, yan və arxa hissələrini təpiklə, açarla əzərək, qabaq buferi sındıraraq tam yararsız vəziyyətə salmışdır. Həmin zaman onunla icra şöbəsində olan atası X3 bunu öz gözləri ilə görmüş, lakin ora gedənə qədər cavabdeh öz maşınına oturub hadisə yerindən qaçmışdır; Cavabdeh isə bildirir ki, bacısını və anasını uşaqla birlikdə gətirib Cəbrayıl rayon İcra və probasiya şöbəsinə düşürmüş, orada gözləmədən avtomobilinin xırda təmirə ehtiyacı olduğu üçün ustanın yanına aparmışdır. Onlar Cəbrayıl rayon İcra və probasiya şöbəsinə gələn zaman İddiaçı və onun valideyni ora gəlməmdi. Bir neçə dəqiqə keçdikdən sonra bacısı Günel onun mobil telefonuna zəng vurub, İcra və probasiya şöbəsinə gəlməsini və onu evə aparmasını xahiş etmişdir. O da, idarə etdiyi avtomobillə yenidən İcra və probasiya şöbəsinə gəlmişdir. İdarə etdiyi “MERCEDES-BENZ E200” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində, yəni “generator” olan tərəfdə saxlamışdır. Qafar isə idarə etdiyi avtomobili məhkəmənin inzibati binasının yerləşdiyi həyətyanı sahənin çöl tərəfində yol ayrıcında saxlamışdır. İdarə etdiyi avtomobili Qafarın avtomobilini nə arxa, nədə yan tərəfində saxlamışdır, yəni hər iki avtomobil ayrı-ayrı istiqamətlərdə saxlanılmışdır. Bu müddət ərzində, yəni uşaqla ünsiyyət hüququ ilə bağlı icra prosesi zamanı Qafarın avtomobilini nə açarla, nədə hər hansı əşya ilə və ya təpiklə vurmuş, ümumiyyətlə onun avtomobilinə tərəf getməmişdir. İcra prosesi tam başa çatmadığı üçün bacısı Güneli və onun övladını, eləcə də anasını idarə etdiyi avtomobillə yaşadığı evə aparmışdır. İşin mübahisəli halları ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək hadisə ilə bağlı verdiyi məlumat əsasında Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılmış, aparılan araşdırmanın nəticəsi olaraq hadisənin Cavabdeh tərəfindən törədilməsinin təsdiqini tapmaması barədə iddiaçıya məlumat verilmişdir. Bundan başqa hadisənin olub-olmaması, olduğu halda onu törədən şəxsin müəyyən olunması istiqamətində hər hansı bir araşdırmanın aparılması da Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan materialdan müəyyən olunmur. İddiaçı tərəfindən araşdırma aparan polis orqanın hərəkətlərindən (prosessual qərar qəbul edilməmişdir) prokurora, yaxud məhkəməyə şikayət verilməmişdir. İddiaçı tərəfindən hadisənin baş vermiş hadisənin məhz cavabdeh tərəfindən törədilməsinə və təqsirinin müəyyən edilməsinə dair mötəbər sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Kollegiya bütün yuxarıda sadalananları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddianın sübuta yetməməsi əsası ilə rədd edən birinci instansiya məhkəməsi tam haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(072)-066/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2(106)-738/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-738/2025
30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver