Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-749/2023 15.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, iddiaçı Rusiya Federasiyasının X2 İdarəsinin Sebeja gömrüyünün Cavabdeh qarşı gömrük ödənişləri üzrə borcun və penyanın alınması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)329/2016 saylı, 17 yanvar 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1-Qərb Gömrük İdarəsinin Sebeja gömrüyü məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən gömrük ödənişləri üzrə borca görə 855896,04 rublun və penyaya görə 65747,08 rublun alınaraq X1-Qərb Gömrük İdarəsinin Sebeja kömrüyünün xeyrinə ödənilməsi tələbini irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh (pasport №C00462580, yaşayış yeri üzrə ünvanı: Azərbaycan Respublikası, ünvan 1214 nömrəli sərnişin gömrük bəyənnaməsi üzrə Gömrük ittifaqının Sebeja gömrüyünün MAPP Buraçki gömrük postunun fəaliyyət göstərdiyi gömrük ərazisinə müvəqqəti olaraq CHRYS-LER 300M markalı, 2003-cu il buraxılışlı, VİN 1 C3AEB6R43H550481, UVC554 qeydiyyat nömrəli nəqliyyat vasitəsi gətirmişdir. Şəxsi istifadə üçün müvəqqəti daşınmış malların Gömrük ittifaqının gömrük ərazisində olması halında müəyyənləşmiş müddətdə çıxarılmaması ilə bağlı Gömrük ittifaqının gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin mallara nisbətdə gömrük rüsumları və vergiləri tutulur. Belə olan halda Cavabdeh tərəfindən CHRYS-LER 300M markalı, 2003-cu il buraxılışlı nəqliyyat vasitəsini ölkə ərazisindən çıxarılmamasına görə gömrük rüsumu və vergilər tutulmuşdur. İddiaçı qeyd olunan rüsum və vergilərin ödənilməsi üçün Azərbaycan Respublikasında iddia qaldırmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)329/2016 saylı, 17 yanvar 2017-ci il tarixli qətnaməsi (F.Soltanov) ilə, iddianın təmin edilməsi, Cavabdeh gömrük ödənişləri üzrə borca görə 855896,04 (səkkiz yüz əlli beş min səkkiz yüz doxsan altı tam yüzdə dörd) rubl və penyaya görə 65747,08 (altımış beş min yeddi yüz qırx yeddi tam yüzdə səkkiz) rubl, cəmi 921643,12 (doqquz yüz iyirmi bir min altı yüz qırx üç tam yüzdə on iki) rubl alınıb X1-Qərb Gömrük İdarəsinin Sebeja gömrüyünün xeyrinə ödənilməsi, Cavabdeh tutulacaq 921643,12 (doqquz yüz iyirmi bir min altı yüz qırx üç tam yüzdə on iki) rubl məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, 30 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh (pasport №C00462580, yaşayış yeri üzrə ünvanı: Azərbaycan Respublikası, ünvan 1214 nömrəli sərnişin gömrük bəyənnaməsi üzrə Gömrük ittifaqının Sebeja gömrüyünün MAPP Buraçki gömrük postunun fəaliyyət göstərdiyi gömrük ərazisinə müvəqqəti olaraq CHRYS-LER 300M markalı, 2003-cu il buraxılışlı, VİN 1 C3AEB6R43H550481, UVC554 qeydiyyat nömrəli nəqliyyat vasitəsi gətirmişdir. Cavabdeh tərəfindən doldurulmuş və Sebeja gömrüyünün MAPP Buraçki postuna təqdim olunmuş, iki surətdən ibarət olan Sərnişin gömrük bəyənnəməsinin xidməti qeydlər qrafasında sözügedən avtomobilin Gömrük ittifaqının gömrük ərazisinə müvəqqəti daşınması müddəti xx.xx.2015-cı il tarixədək göstərilmiş və bu qeyd səlahiyyətli şəxsin nömrəli möhürü ilə təsdiq olunmuşdur. Həmin bəyənnamənin bir surəti Cavabdeh verilmişdir. Sözügedən nəqliyyat vasitəsinin Gömrük İttifaqının gömrük ərazisindən çıxarılması barədə məlumat olmadığından xx.xx.2016cı il tarixdə Sebeja gömrüyünün MAPP Buraçki postu tərəfindən gömrük orqanlarına nəqliyyat vasitəsinin çıxarılma faktının mümkünlüyünün təsdiqi və ya digər gömrük prosedurlarının aparılması ilə bağlı sorğular göndərilmişdir. Sebeja gömrüyünün həmin sorğularına sözügedən nəqliyyat vasitəsinin müvafiq əraziyə müvəqqəti daşınmasının müəyyən olunmuş müddətdə çıxarılması haqqında məlumatın olmaması barədə cavablar verilmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh müvafiq əraziyə müvəqqəti daşınmış, CHRYS-LER 300M markalı, 2003-cu il buraxılışlı, VİN 1C3AEB6R43H550481, UVC554 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin çıxarılma faktını təsdiq etməsi haqqında məktub göndərilmiş və poçt xəbərnaməsinə görə həmin məktubu o, xx.xx.2016-cı il tarixdə almışdır. Lakin buna baxmayaraq Cavabdeh Sebeja gömrüyünə cavab daxil olmamışdır. Beləliklə aparılmış yoxlama zamanı CHRYS-LER 300M markalı, 2003-cu il buraxılışlı, VİN 1 C3AEB6R43H550481, UVC 554 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin müəyyən olunmuş müddətdə Gömrük ittifaqının gömrük ərazisindən çıxarılmaması faktı müəyyən edilmişdir (şəxsi istifadə üçün müvəqqəti daşınmış nəqliyyat vasitəsinə münasibətdə gömrük nəzarətinin nəticələrinə dair xx.xx.2016-cı il tarixli qərar). Şəxsi istifadə üçün müvəqqəti daşınmış malların Gömrük ittifaqının gömrük ərazisində olması halında müəyyənləşmiş müddətdə çıxarılmaması ilə bağlı Gömrük ittifaqının gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin mallara nisbətdə gömrük rüsumları və vergiləri tutulur. Belə olan halda Cavabdeh tərəfindən CHRYS-LER 300M markalı, 2003-cu il buraxılışlı nəqliyyat vasitəsini ölkə ərazisindən çıxarılmamasına görə gömrük rüsumu və vergilər tutulmuşdur. İddiaçı qeyd olunan rüsum və vergilərin ödənilməsi üçün Azərbaycan Respublikasında iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbi barədə yekun nəticəyə gələrkən Gömrük İttifaqının və “Rusiya Federasiyasında gömrük tənzimlənməsi haqqında” fedaral qanununun müddəalarını əsas tutub iddia tələbinin təmin edilməsi barədə qənaətə gəlməklə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və iqtisadi mübahisələr üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. İstinad edilən prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı Azərbaycan Respublikasının məhkəmələrinə yalnız Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olan xarici şəxs hesab edilən: əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların müraciət etmək hüquqları vardır. Hazırki iş üzrə iddiaçı isə Azərbaycan Respublikası ilə prosessual qanunvericilikdə şərtləşdirilmiş hər hansı bağlılığı olmayan digər dövlətin struktur qurumu olan hüquqi şəxsdir. Eyni zamanda qeyd edilməlidir ki, baxış predmeti olan hazırki iddia özü-özlüyündə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsində əks olunmuş xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətləri ilə bağlı tələblərə də cavab vermir. Xüsusilə qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən iddianın, habelə bu iddiaya olan etirazın hüquqi əsaslarının Azərbaycan Respublikası ərazisində hər hansı hüquqi qüvvəyə malik olmayan və ölkəmizdə tətbiqini istisna edən xarici dövlətin qanunvericiliyinin təşkil etməsini də nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, birinci instansiyası məhkəməsi prosessual hüquq normasının tətbiqində səhvə yol verərək, Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətlərinə aid olmayan məsələyə baxaraq mahiyyəti üzrə qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. İş məhkəmədə baxılmalı deyildirsə ifadəsi mülki prosessual qanunvericiliyin normaları əsasında icraatı aparan məhkəmələri nəzərdə tutmaqla yanaşı, həmçinin onu ehtiva edir ki, iş bu prosessual normalar əsasında deyil, başqa prosessual normalar əsasında icraatı aparan məhkəmələrin səlahiyyətinə aiddirsə, bu halda da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia ilə Rusiya Federasiyasının müvafiq məhkəmələrinə müraciət etməli, qəbul edilmiş qərar isə Azərbaycan Respublikası ərazisində prosessual qanunvericiliyin tələblərinə əsasən tanınmasından sonra icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2 və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)329/2016 saylı, 17 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Rusiya Federasiyasının X2 İdarəsinin Sebeja gömrüyünün Cavabdeh qarşı gömrük ödənişləri üzrə borcun və penyanın alınması tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-749/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-749/2023
15.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver