Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-76/2025 10.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi və evin hərracda satılaraq dəyərinin paylara uyğun bölünməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Мəhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0.0681 ha torpaq sahəsinin və həmin torpaq sahəsində olan ümumi sahəsi 158 kv. metrdən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılaraq satış pulunun paylara mütənasib surətdə bölünməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında 0.0681 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158 kv.metr olan fərdi yaşayış evi hər birinin 1/4 payı olmaqla onlaın və cavabdehlərin paylı mülkiyyətindədir. Lakin payları naturada müəyyən edilməmiş və paylara uyğun müvafiq plan və ölçü sənədi tərtib edilməmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etsələr də cavabdehlərlə naturada bölgü ilə bağlı razılıq əldə edilməmişdir. Torpağın və evin mülkiyyətlərində olan hissəsi naturada ayrılmadığından həmin yerdən faktiki olaraq istifadə edə bilmirlər. Daşınmaz əmlakda payların naturada ayrılması barədə müraciətləri əsasında Masallı rayon məhkəməsində araşdırma aparılmış, müvafiq ekspertiza təyin edilmiş, ekspertiza yolu ilə də qeyd olunan daşınmaz əmlakın naturada bölgüsünün mümkün olmaması müəyyən edilmişdir. Daşınmaz əmlakda hər birinin ¼ payı olsa da daşınmaz əmlak faktiki olaraq cavabdehlərin istifadəsindədir. Həmin daşınmaz əmlakın dəyərinin paylarına düşən hissəsinin onlara verilməsi ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. Cavabdehlər evdən istifadələrinə imkan verməməklə mübahisə yaratdığından, həmin daşınmaz əmlakın paylarına uyğun bölgüsünün mümkünsüzlüyü səbəbindən qeyd olunan əmlak satılmaqla dəyərinin paylarına uyğun şəkildə aralarında bölünməsi məhkəmə qaydasında həyata keçirilməlidir. Cavabdehlər paylı mülkiyyətlərində olan daşınmaz əmlakın dəyərinin paylarına düşən hissəsini onlara vermədiyindən, nə də həmin daşınmaz əmlakı satıb dəyərini aralarında bölməyə razı olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 220.3 və 220.6-cı maddəsinə istinad edilmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, tərəflər arasında mübahisə ilə bağlı razılıq əldə edilməmişdir. Mübahisəli fərdi yaşayış evində o və anası Cavabdeh1 yaşayırlar. Mübahisə predmeti olan daşınmaz əmlakı 78500 manata almaq istəyir. Əmlakın hərraca çıxarılmasını istəmir. Ona vaxt lazımdır. Anasının və özünün əvəzinə qarşı tərəfə 25000 manat verə bilərlər. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçılar onun ögey övladlarıdır. Onların hər birinin evləri var və orada yaşayırlar. Masallı Rayon Мəhkəməsinin (hakim C.Quliyev) 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 (1/4 hissə), İddiaçı2 (1/4 hissə), cavabdehlər Cavabdeh1 (1/4 hissə) və Cavabdeh2 (1/4 hissə) paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0681 ha torpaq sahəsi və ümumi sahəsi 158 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması və satış pulunun iddiaçılar və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. A p e l l y a s i y a ş i ka y ə t l ə r i n i n d ə l i l l ə r i Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə əmlaka dair ona vəsiyyətnamə verilməsini, payının daha çox olmasını, əmlakın atası ilə anasının birgə nikah dövründə əldə edildiyini aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir, belə ki, vəsiyyətnamə nəzərə alınmadan paylar müəyyən olunmuşdur; onun və anasının payı daha çox olmalıdır. Hazırda vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması barədə məhkəməyə müraciət etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışı mərhələsində Cavabdeh2 məhkəməyə elektron qaydada vəsatət təqdim edərək hazırda Masallı Rayon Məhkəməsinin icraatında onun X7 Xidmət Mərkəzinə və digər cavabdehlərə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarış və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddia olduğunu bildirmiş və hazırki mülki işin icraatının vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarış və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair 2(050)- 4416/2023 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat iddiaçı Cavabdeh2 cavabdeh X7 Xidmət Mərkəzinə və digərlərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair 2(050)-4416/2023 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Hazırki işin dayandırılmasına səbəb olmuş işin baxılması yekunlaşdığından Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə miras əmlakı bölüşdürərkən ona vəsiyyətnamə verilməsini, payının daha çox olmasını, atası ilə anasının birgə nikah dövründə əmlakın əldə olunmasını aydınlaşdırmamışdır. Atası vəsiyyətnamə ilə sözügedən əmlakı ona vəsiyyət etmişdir. Həmçinin məhkəmənin qərarı ilə çıxarış atasının adına qaytarılmışdır. Belə ki, Masallı Rayon Məhkəməsinin qətnaməsi onun mərhum atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həm də xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməsi təmin edilmişdir. İddiaçılar, eləcə də Cavabdeh1 məhkəmə prosesində iştirak etməmişlər. Kollegiya işə, işdə iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, Cavabdeh2 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qətnaməni Cavabdeh2 mübahisələndirərək, qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, ünvan 1 ünvanında 0.0681 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158 kv.metr olan fərdi yaşayış evi hər birinin 1/4 payı olmaqla tərəflərin paylı mülkiyyəti kimi qeydə alınmışdır. İddiaçıların və cavabdehlərin adına, onların hər birinin ¼ payda mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. İddiaçılar paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında paylara mütənasib bölüşdürülməsini tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. İlk növbədə qeyd edilməlidir ki, Qanunun tələbinə görə, paylı mülkiyyətə olan əmlakdakı payın ayrılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun tələblər yerinə yetirildiyi halda mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında olan mövqeyə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsnin 220-ci maddəsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Qanunun tələbinə görə, paylı mülkiyyətdə olan əşya, ilk növbədə mülkiyyətçilər arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Onların arasında qarşılıqlı razılaşma olmadıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-220.5-ci maddələrinin tələblərinə əməl edilməklə paylı mülkiyyətdə olan əmlakın bölünməsi mümkündür. Müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 111/2022 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X5 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «payların naturada müəyyən edilməsi» barədə iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə tərəflərin paylarına uyğun əmlakın naturada bölünməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-220.5-ci maddələrinin tələbləri qaydasında mümkün olmadığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hazırki iddianı əsaslı hesab etmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı Cavabdeh2 məhkəməyə elektron qaydada vəsatət təqdim edərək bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin icraatında onun X7 Xidmət Mərkəzinə və digər cavabdehlərə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarış və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddia vardır. Həmin iddianın qaldırılmasına səbəb odur ki, vərəsəlik işi açılan zaman notariat orqanı vəsiyyətnamə olmasını nəzərə almamış və qanun üzrə vərəsəlik işi açmışdır. Nəticədə onun hüquqlarını məhdudlaşdırılmış və miras əmlakda paylar düzgün müəyyən olunmamışdır. Buna görə də o, həmin vərəsəlik şəhadətnaməsini hazırda başqa məhkəmənin icraatında mübahisələndirmişdi və iş məhkəmənin icraatındadır. Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan torpaq və evin açıq hərracda satılaraq bölünməsi tələbinə dair işə hazırkı vəziyyətdə baxılması mümkün deyildir. Əgər Masallı Rayon Məhkəməsinin icraatında olan həmin iş üzrə iddia təmin olunarsa, vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunarsa və paylar yenidən müəyyən olunarsa bu zaman Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan hazırki iddia tələbi əhəmiyyətini itirəcəkdir. Cavabdeh vəsatətində Masallı Rayon Məhkəməsinin hazırki qətnamədən verilmiş apellyasiya şikayəti üzrə mülki işin icraatının, bu işin baxılmasına təsiri olan- Masallı Rayon Məhkəməsində baxılan onun X7 Xidmət Mərkəzinə və digər cavabdehlərə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarış və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair 2(050)-4416/2023 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi və evin hərracda satılaraq dəyərinin paylara mütənasib bölgüsü tələbinə dair mülki iş üzrə icraat iddiaçı Cavabdeh2 cavabdeh X7 Xidmət Mərkəzinə və digərlərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair 2(050)-4416/2023 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(050)-442/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək mərhum X2 miras qalmış əmlaka dair Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********363 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə iddiaçının və cavabdehin apellyasiya şikayətləri əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(050)-442/2024 saylı qətnaməsi qismən - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi və adıçəkilən Çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə dayandırmaya əsas olmuş hal aradan qalxdığından hazırki iş üzrə icraat təzələnmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçı hazırki iddia ilə çıxış edərkən onun əsaslandığı hal aradan qalxmışdır. Belə ki, iddiaçının istinad etdiyi ünvan 1 ünvanında 0.0681 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158 kv.metr olan fərdi yaşayış evinə dair hər birinin 1/4 payı olmaqla tərəflərin paylı mülkiyyətinin hüquqi qeydiyyatı və mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2021-ci il tarixli çıxarış qüvvədə olan məhkəmə aktları ilə etibarsız hesab edilmişdir. Ona görə hazırki halda iddiaçının əsaslandığı maddi və hüquqi əsas mövcud deyil. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız hesab edilməklə ləğv edilməlidir. MPM-in 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Мəhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(050)-36/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi və evin hərracda satılaraq dəyərinin paylara mütənasib bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-76/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-76/2025
10.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver