Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-762/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(017)-86/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində əsas borcun, 51 manat məbləğində dövlət rüsumunun, cəmi 3051 manat məbləğində ümumi pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Özünün pay torpağı, şəxsi təsərrüfatı var və bundan əlavə dövlətdən pensiya alır. Bunun hesabına da gəliri olur və ailəsini dolandırır. Çoxdan tanıdığı cavabdeh bir gün onunla telefon əlaqəsi yaradaraq görüş təyin etmişdir. Görüş zamanı xeyli söhbətdən sonra o pula təcili ehtiyacı olduğunu söyləmiş və iddiaçıdan 5000 manat pul istəmişdir. Pulu istəməsinin səbəbini soruşduqda, cavabdeh oğluna toy etmək istədiyini, alacağı pulu xeyir iş görmək üçün istədiyini, toy qurtaran kimi toyda yığılan puldan borcu dərhal verəcəyini bildirmişdir. İddiaçı cavabdehlə olan köhnə münasibətinə uyğun olaraq əlindən tutmaq istəmiş və bu səbəblə xx.xx.2022-ci il tarixində ona öz evində 3000 manat məbləğində pul vermişdir. Aralarında mübahisəli hal yaranmaması üçün və sübut üçün hər ehtimala qarşı verdiyi pulun müqabilində onun şəxsi imzası ilə cavabdehdən qəbz almışdır. İddiaçı sonra onunla müntəzəm əlaqə saxlamaqla xeyir işinin olub-olmadığını, oğluna toy edib-etmədiyini soruşmuşdur. O isə hələ etmədiyini bildirmiş, əlavə etmişdir ki, dövlət ona İ Qarabağ müharibəsindəki iştirakı ilə bağlı 6600 manat pul verəcək, o, sığorta pulunu hələ almayıb, indi alacaq, pulu daha çox olacaq, iddiaçıya əlavə hörmət də edəcək, çünki o, cavabdehin əlindən tutmuşdur. İddiaçı ona pulu ora-bura xərcləyəcəyini və sonra da çətinliyinin olacağını bildirsə də, cavabdeh ona əminliklə söz vermişdir ki, narahat olmasın. Hətta iddiaçı bu danışıqdan sonra cavabdehin evinədək gedib pulunu geri istəmiş, cavabdeh isə müxtəlif bəhanələrlə ondan aldığı pulu verməmişdir və indi də verməkdən boyun qaçırır. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-86/2023 saylı, 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) İddiaçı Cavabdeh qarşı 3000 manat borc pul və ödənilmiş 51 manat dövlət rüsumu tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 2(017)-86/2023 saylı, 16 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində borc pulun və 51 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, Ağcabədi rayonunun Avşar kəndində yaşayır və cavabdehi xeyli müddətdir ki, tanıyır. Cavabdeh 2021-ci ilin aprel ayında ondan 2000 manat, may ayında 250 manat, iyul ayında 500 manat, sentyabr ayında isə 500 manat borc pul almışdır. Cavabdeh təxminən 2021-ci ilin sentyabr ayında borclu olduğu pulu tam ödəyə bilmədiyi üçün iddiaçıya kart vermişdir. Həmin kart vasitəsilə iddiaçı 350 manat pul əldə etmişdir. 2021-ci ilin noyabr ayında kart bağlandığına görə iddiaçı kartı cavabdehə qaytarmışdır. Cavabdeh xx.xx.2022-ci ildə yazılı qəbz verərək, ona 3000 manat borcu olduğunu tam etiraf etmişdir. Bundan başqa, cavabdeh iddiaçıya bildirmişdir ki, sığorta pulu alaraq ona borclu olduğu pulu tam ödəyəcəkdir. Belə ki, sığorta sənədlərinin hazırlanması və yol pulu üçün 500 manat pul lazımdır. İddiaçı cavabdehin yalan vədinə inanaraq ona xx.xx.2022-ci il tarixdə əlavə olaraq 500 manat borc pul vermişdir. Ümumilikdə, o, cavabdehə 3750 manat borc pul vermişdir. Cavabdeh borclu olduğu pulu tam ödəyə bilmədiyindən əvəzinə yenidən kart vermişdir. Həmin əlavə kartda ümumiyyətlə pul olmamışdır. Cavabdeh keçən müddət ərzində müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Ağcabədi Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(107)-86/2023 saylı qətnaməsi ilə iddiası təmin olunmamışdır. İddiaçı məhkəmənin qətnaməsindən narazıdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli qəbz mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən həmin qəbzin mötəbər sübut kimi qəbul edilməməsi barədə heç bir əsaslandırma aparılmamışdır. Cavabdeh məhkəmə iclasında özü də qeyd etmişdir ki, 3000 manat borclu olması barədə qəbz yazaraq iddiaçıya təqdim etmişdir. Belə olduğu halda, sual yaranır ki, cavabdeh borclu olmadığı halda nə üçün öz xətti ilə yazılı qəbz tərtib etmişdir? İşin hallarından görünür ki, cavabdeh xx.xx.2022-ci ildə öz xətti ilə yazılı qəbz verərək iddiaçıya 3000 manat borclu olduğunu tam etiraf etmişdir. Lakin buna baxmayaraq məhkəmə işə qərəzli hüquqi mövqe ilə yanaşaraq qətnamə qəbul etmişdir. İddia tələbinin əsası kimi istinad edilən hallar tam sübut edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin izahatını mötəbər sübut kimi qiymətləndirərək yanlış nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onun cavabdehlə tanışlığı olmuş, cavabdeh oğluna toy edən zaman ondan borc pul istəmişdir. O, 2021-ci il ərzində bir neçə dəfə olmaqla, cəmi 3000 manat məbləğində cavabdehə borc pul vermiş, həmin məbləğin çox hissəsi isə onun övladının toyu ilə bağlı olmuşdur. Lakin sonradan cavabdeh borcunu ödəmədiyinə görə ümumi borcu olan 3000 manata görə xx.xx.2022-ci il tarixində ondan yazılı qəbz almışdır. Cavabdeh həmin qəbzdə borcu 2022-ci ilin iyun və iyul ayında qaytaracağını bildirmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixində o, növbəti dəfə qəbz yazmaqla cavabdehə əlavə 500 manat borc pul vermişdir. Cavabdeh isə ona borcun ödənilməsi məqsədilə kart vermişdir. İddiaçı ümumi 3500 manat borc məbləğinin qarşılığında həmin kartdan yalnız 350 manat məbləğində pul çıxara bilmiş, sonradan həmin kart bağlandığından başqa hər hansı məbləğ çıxara bilməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan 125 nömrəli telefonoqramdan görünür ki, o, məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsa da, səhhətində olan problemlərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarının 2-ci vərəqində olan əlyazma qəbzdə kiril əlifbası ilə qeyd edilmişdir ki, “Mən Cavabdeh İddiaçı 3000 (min manat) dəyərində pul almışam. Borc xeyir iş üçün almışam. Həmin pulu mən Cavabdeh iyun və iyul ayı qaytaracam. Yazdığım sözləri imzamla təsdiq edirəm”. Daha sonra “Cavabdeh S.o., xx.xx.2022 il, 051.7743930” sözləri yazılmış və imza icra edilmişdir. İş materiallarının 3-cü vərəqində olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 51 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarının 16-cı vərəqində olan əlyazma qəbzdə kiril əlifbası ilə qeyd edilmişdir ki, “Mən Cavabdeh tanışım İddiaçı pul pul borcluyam cəm halda verə bilmirəm ona görə **********380354 nömrəli kartı ona verirəm ki, porc pulu kart vasitəsi ilə alsın kartda hər hansı bir əməliyat edilsə mən özüm məsuliyət daşıyıram”. Daha sonra “İmza Cavabdeho, **********, xx.xx.2022” sözləri yazılmış və imzalar icra edilmişdir. İş materiallarının 27-ci vərəqində olan cavabdeh tərəfindən yazılmış əlyazma ərizədən görünür ki, xx.xx.2022-ci il tarixində yazılmış qəbz onun (cavabdeh) tərəfindən yazılmışdır. Lakin həmin tarixdə ona iddiaçı tərəfindən heç bir məbləğdə pul verilməmişdir. Bundan bir neçə gün sonra yəni, xx.xx.2022-ci il tarixdə iddiaçı ona 500 manat pul vermişdir. 500 manatdan əlavə iddiaçıdan pul almamışdır. Ona görə də 3000 manat pul tələbinə dair iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. MM-in 529.3-cü maddəsindən də göründüyü kimi, borclu tərəfindən kreditora verilən borc qəbzləri onlar arasında öhdəlik münasibətlərinin mövcud olduğunu təsdiq edən yazılı sənəd kimi çıxış edir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi xx.xx.2022-ci il tarixli qəbz tərəflər arasında öhdəlik münasibətini təsdiq etməklə yanaşı, həm də müqavilə hesab edilir. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. MM-in 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki Məcəllənin 407.2-ci maddəsinin məzmunu baxımından tərəflərin yazaraq imzaladıqları qəbzlər müqavilə kimi imzalandığı andan bağlanmış hesab edilmişdir. Həmçinin, MM-in 529.3-cü maddəsinə görə, borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bu isə o deməkdir ki, borc sənədi olan qəbz, əgər hələ də kreditorda (iddiaçıda) qalırsa, deməli, öhdəliyə xitam verilməmiş və borc məbləği ödənilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli qəbzi özü yazdığını etiraf etmiş, lakin iddiaçı tərəfindən həmin vaxt ona hər hansı pul verilmədiyini bildirmişdir. İddiaçı da həmin pul məbləğlərini 1 dəfə 2000 manat, 2 dəfə isə 500 manat olmaqla, cəmi 3000 manat məbləğində pulu müxtəlif vaxtlarda cavabdehə verdiyini, lakin cavabdeh tərəfindən hər hansı ödəniş edilməməsi səbəbindən sonradan qəbz yazıldığını bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, qəbzin imzalandığı vaxt cavabdehə hər hansı pulun verilməməsi xx.xx.2022-ci il tarixli qəbzin etibarlılığını istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixli qəbzə imza etməklə 3000 manat məbləğində pulu cavabdehdən aldığını etiraf etmiş, həmin borcu iyun və iyul ayında qaytaracağını bildirmişdir. xx.xx.2022-ci il tarixli qəbz mövcud olan borcun etirafı xarakteri daşıdığından, borcun həmin qəbzin yazılması ilə eyni vaxtda verilməməsi qəbzi mötəbər sübut kimi qiymətləndirməyə mane ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, qəbzdə olan imza məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. Cavabdeh də öz imzası ilə iradəsini bəyan etmiş və qəbzin məzmununun həqiqiliyini təsdiq etmişdir. Beləliklə, iş materialları ilə iddiaçının cavabdehə 3000 manat məbləğində pulu borc olaraq verməsi faktı öz təsdiqini tapdığından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və iddia tələbinin rədd edilməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi çıxış edən halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaçıdan yalnız xx.xx.2022-ci il tarixində 500 manat borc aldığını, həmin borcdan əlavə borcu olmadığını bildirmişdir. İddiaçı da xx.xx.2022-ci il tarixli qəbzlə etiraf edilən 3000 manat borc məbləğindən başqa, xx.xx.2022-ci il tarixində 500 manat borc verdiyini, cəmi 3500 manat borc qarşılığında cavabdehin ona verdiyi kartdan 350 manat çıxara bildiyini, iddiaçının hazırda ona 3000 manatdan çox borcu olduğunu qeyd etmişdir. Lakin hazırkı iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixli qəbzə əsasən ödənilməli olan 3000 manat borc məbləğinin cavabdehdən tutulmasını tələb etdiyindən MPM-in 218.3-cü maddəsinə uyğun olaraq, məhkəmə iddiaçının tələbi üzrə qətnamə çıxarmalı və tələbdən kənara çıxmamalıdır. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, iddiaçı 3000 manat borcun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli qəbzi təqdim etsə də, cavabdeh həmin məbləğdə iddiaçıdan borc almadığını bildirmiş, bununla yanaşı, həmin qəbzi özü yazdığını etiraf etmişdir. Lakin cavabdeh həmin qəbzin hansı səbəbdən yazılmasını heç bir vasitə ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası iddiaçıya 3000 manat məbləğində borcunun olmaması halında cavabdehin həmin qəbzi yazmasını inandırıcı hesab etmir və cavabdehin qeyd edilən dəlilinin əsassız olduğu nəticəsinə gəlir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən normalara əsasən, məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin ondan borc aldığını və bu borcun qaytarılmadığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı bu vəzifəsini məhkəmədə daxili inam forlamalaşdıracaq sübutları təqdim etmək yolu ilə icra edir. Odur ki, məhkəmə kollegiyası iddiaçıdan 3000 manat borc almasına dair cavabdeh tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli qəbzi məhkəmədə daxili inamın formalaşdırılması üçün əsas hesab edir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 51 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-86/2023 saylı, 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-86/2023 saylı, 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 3000 manat pul və ödənilmiş 51 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-762/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-762/2023
14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver