Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-784/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X5 ibarət tərkibdə, məhkəmə katibi X7, ilkin iddia üzrə İddiaçı1, ilkin iddia üzrə cavabdehlərin və ilkin iddia üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair ilkin iddiası və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “əmlak, maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 baş tutmamış nikah nəticəsində vurulmuş maddi ziyana görə 6484.16 manat, mənəvi ziyana görə 10000 manatın, eləcə də iddia verilərkən ödəmiş olduqları 139.46 manat dövlət rüsumunun əvəzinin alınaraq onlara verilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öz növbəsində iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 5121 manat dəyərində nişan və toy vaxtı verilən əşyalarının eynisinin və ya dəyərinin, müalicə üçün xərclədikləri 137 manat məbləğində pulun və vurulmuş mənəvi ziyana görə 11000 manatın, eləcə də iddia verilərkən ödənilmiş 139.40 manat dövlət rüsumun əvəzinin onlara verilməsini xahiş etmişlər. Sonra ilk iddia üzrə iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən maddi ziyana görə 6484.16 manat, mənəvi ziyana görə 10000 manat kompensasiyanın ödənilməsi, eləcə də 1 ədəd Rusiya istehsalı olan, 583 əyarlı, 3.67 qram çəkidə, 8 sirkon qaşlı, 360 manat dəyərində kişi nişan üzüyünün, naturada alınması mümkün olmadığı halda onların dəyərinin və iddia verilərkən ödəmiş olduqları 139.46 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçılar qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 nişan və toy vaxtı verilən 5962.50 manat dəyərində əşyaların eynisinin və ya dəyərinin, müalicə üçün xərclədikləri 137 manatın, mənəvi ziyana görə 11000 manat kompensasiyanın, eləcə də iddia verilərkən ödənilmiş dövlət rüsumuna görə 169.80 manatın alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İlkin iddia üzrə iddiaçılar tələblərini aşağıdakı kimi əsaslandırmışlar: 2019-cu ilin yanvar ayında qızları X6 Cavabdeh1 ilə el adəti ilə nişanlanmış, sonra nişan mərasimi və qız toyu etmişlər. 2019-cu ilin avqust ayında qız toyu olmuş, sentyabr ayında da oğlan toyu olacaqdı. Lakin qız toyu olduqdan sonra oğlan toyuna az qalmış cavabdehlər zəng edərək nişanı qaytardıqlarını və qızlarını almadıqlarını bildirmişlər. Cavabdehlər bu hərəkətləri ilə onlara maddi və mənəvi ziyan vurmuşlar. Belə ki, onlar nişan mərasimi, qız toyu və xınayaxdı etmişlər və hamısında da el adətinə görə pul xərcləmişlər. Nişan mərasimində 10 kq mal əti, 1 baş quzu və digər ərzaqlar almışlar. Nişan mərasiminə cəmi 300 manat məbləğində xərc çəkmişlər. Qız toyunu xx.xx.2019-cu ildə yaşadıqları kənddə yerləşən evlərinin həyətində etmişlər. Qız toyunda Saatlı rayonundan dəvət edilmiş musiqiçilərə 550 manat, video çəkənə 100 manat, ofisiant və poverə 400 manat pul vermişlər, 1400 manata həmkəndlisi Şıxəliyev Elçindən bir baş dana alıb kəsmiş, 1000 manat dəyərində bir baş özlərinə məxsus dana kəsmiş, özünə məxsus 900 manat dəyərində 6 baş quzu kəsmiş, 400 manat mağara görə vermişlər. Bundan başqa, marketdən 1084.16 manat dəyərində müxtəlif cür ərzaq məhsulları almışlar. Ümumilikdə qız toyuna 5834.16 manat pul xərcləmişlər. Bundan başqa, xınayaxdı mərasimində 300 manat dəyərində 10 kq mal əti, 1 baş quzu və digər ərzaq məhsulları almış, 50 manat sintezator musiqi alətində ifa edən şəxsə vermişlər. Xınayaxdı mərasiminə cəmi 350 manat məbləğində xərc çəkmişlər. Ümumilikdə qızları Fərqanənin xeyir işinə 6484.16 manat xərc çəkmişlər. Cavabdehlər nişanı qaytardıqlarını bildirdikdən sonra onlar mənəvi əzab və iztirab çəkmişlər. Belə ki, İddiaçı2 şəkər xəstəliyinə tutulmuş və uzun müddət müalicədə olmuşdur. Qızları bu xəbəri eşidəndən sonra dəfələrlə intihar etmək istəmişdir. Həmçinin xx.xx.2019-cu ildə keçirilən qız toyu mərasimində adət-ənənəyə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, qızları Fərqanəyə toy hədiyyəsi olaraq qızıl-zinət əşyaları bağışlamış, onlar da öz növbələrində Cavabdeh1 toy hədiyyəsi olaraq nişan üzüyü bağışlamışlar və həmin üzüyü də toy günü onun barmağına taxmışlar. Bu fakt qız toyunun video diskində də əks olunmuşdur. Lakin Fərqanə və Elçinin ailə qurmaq öhdəlikləri baş tutmadığından onlar verdikləri qızıl-zinət əşyalarını tələb etmişlər və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-232/2022 saylı qətnaməsi ilə iddia tələbləri qızılzinət əşyaları hissəsində təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin və işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1la Fərqanə İsmayılova arasında ailə qurmaq barədə şifahi razılaşma olmuş və onlar bu razılaşmalarını gerçəkləşdirmək məqsədi ilə şifahi nişan mərasimi keçirmişlər. Mövcud adət-ənənəyə uyğun olaraq gələcəkdə ailə quracağı nişanlı qız olan Fərqanəyə Cavabdeh1 qızıl-zinət əşyalarını bağışlamış, Fərqanə də öz növbəsində Cavabdeh1 1 ədəd Rusiya istehsalı olan 8 slikon qaşlı nişan üzüyünü bağışlamışdır. Qızıl-zinət əşyaları Fərqanə İsmayılovaya və Cavabdeh1 başqa məqsədlə deyil, yalnız bir-biri ilə ailə qurmaq öhdəliyini yaratmaq üçün bağışlansa da, Cavabdeh1 bu öhdəliyini icra etməməsi nəticəsində Fəqanə İsmayılova ailə quracağı ümidi ilə bağladığı bağışlama müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçılar tələblərini aşağıdakı kimi əsaslandırılmışlar: Cavabdeh1 yaşadıqları Moranlı kənd sakini X6 ilə 2019-cu ilin yanvar ayında el adəti ilə nişanlanmış və adət-ənənəyə uyğun olaraq onlar tərəfindən cavabdehgilə nişan aparılaraq onların həyətində 2 baş xırda buynuzlu (hər biri 250 manat olmaqla, cəmi 500 manat dəyərində) heyvan kəsilmiş, Rusiya istehsalı, 583 əyarlı, 6 qram çəkidə, brilyant qaşlı 1 ədəd nişan üzüyü–qiyməti 600 manat dəyərində, Rusiya istehsalı, 583 əyarlı, 18 qram çəkidə 1 dəst qarnitur (1 ədəd kolye, 1 ədəd üzük, 1 ədəd qolbaq və 1 cüt sırğa) -1600 manat, Rusiya istehsalı, 583 əyarlı, 3 qram çəkidə 1 ədəd üzük– qiyməti 250 manat, cəmi 2450 manat dəyərində qızıl-zinət və geyim əşyaları X3 verilmiş, 1500 manat başlıq pulu isə digər cavabdehlər İddiaçı1 və İddiaçı2 verilmişdir. Bundan sonra təxminən 2020-ci ilin sentyabr ayında X1 Abbasovla nişanlı olduğu vaxt özünün istədiyi oğlana qoşularaq qaçmışdır. Bu səbəbdən onların nişan mərasimləri pozulmuşdur. Onlar hazırkı cavabdehlərə söz göndərərək vermiş olduqları sadaladıqları heyvan, qızıl-zinət əşyaları və 1500 manat pulun qaytarılmasını istəmişlər. Cavabdehlər isə gəlib özlərinin aparmaları barədə söz göndərmişlər. Bu söhbətdən təxminən 7-10 gün Fərqanənin qardaşları X10, X11 və X2 döymüş, ona xəsarət yetirmiş, cibindən pulunu çıxarmışlar. Buna görə də onlar aşağıdakıların qaytarılmasını tələb edirlər: nişan vaxtı verilən 10 kq qənd- 20 manat, 10 kq düyü 35 manat, 4 kq Supersun yağ-40 manat, 1 kq Çempion çay-20 manat, 20 kq kartof-16 manat, hər bir kiloqramı 13 manat olmaqla 5 kq şokolad-cəmi 65 manat, hər bir kiloqramı 6.80 manat olmaqla 5 kq karamel konfet-cəmi 34 manat, hər biri 7 manat olmaqla kəsilmiş 6 ədəd həyət toyuğu-cəmi 42 manat, hər bir kiloqramı 10 manatdan olmaqla 10 kq mal əti-cəmi 100 manat, 1 paçkada 12 ədəd olmaqla Sirab suyu-8.40 manat, hər birində 12 ədəd olmaqla 2 paçka şirin su (Fanta və Coca-Cola)-cəmi 27.60 manat, meyvə tərəvəz-hər bir kiloqramı 2.40 manat olmaqla 3 kq banan-cəmi 7.20 manat, hər bir kiloqramı 1.90 manat olmaqla 9 kq qırmızı və ağ alma-cəmi 17.10 manat, hər bir kiloqramı 1.80 manat olmaqla 4 kq armud-cəmi 7.20 manat, hər bir kiloqramı 2.40 manat olmaqla 4 kq mandarin- cəmi 9.60 manat, hər bir kiloqramı 2 manat olmaqla 5 kq apelsin- cəmi 10 manat, hər bir kiloqramı 4 manat olmaqla 3 kq kivi-cəmi 12 manat, hər bir kiloqramı 1.5 manat olmaqla 5 kq şaftalı- cəmi 7.50 manat, hər bir kiloqramı 0.90 manat olmaqla 5 kq xiyar-cəmi 4.50 manat, hər bir kiloqramı 0.80 manat olmaqla 10 kq pomidor-cəmi 8 manat, hər bir kiloqramı 0.80 manat olmaqla 3 kq bibər-cəmi 2.40 manat, ümumilikdə 85.50 manat, cəmi isə 493.50 manat, toy vaxtı aparılan əşyalar isə 12 ədəd olmaqla 1 paçka Sirab suyu-8.40 manat, hər birində 12 ədəd olmaqla 2 paçka şirin su (Fanta və Coca-Cola)-cəmi 27.60 manat, bir kiloqramı 10 manat olmaqla 22 kq 1 baş xırda buynuzlu qoyun (qoç)-220 manat (İsmayıl qurbanında verilib), bir kiloqramı 10 manat olmaqla 50 kq 2 baş xırda buynuzlu qoyun (qoç)-500 manat, cavabdehlər İddiaçı1 və X4 başlıq pulu kimi verilmiş 1500 manat, 1 ədəd şuba qadın üçün- 580 manat, 1 cüt qadın üçün uzunboğaz dəri ayaqqabı-100 manat, 1 cüt qadın üçün gəlinlik ayaqqabısı- 47 manat, 1 cüt yay üçün ayaqqabı- 50 manat, qadın üçün don-50 manat, 1 dəst qadın üçün kostyum-100 manat, hər birinin qiyməti 25 manat olmaqla 2 dəst yun kofta-cəmi 50 manat, 1 ədəd xalat-30 manat, 1 ədəd cins xalat- 35 manat, 1 dəst kosmetika səbəti-80 manat, 1 ədəd çanta- 40 manat, 1 ədəd gəlinlik paltarı 350 manat, cəmi 3768 manat, xınayaxdı günü verilən əşyalar isə geyim və kosmetika-700 manat, 1 ədəd xına üçün alınan don-60 manat, xüsusi alətlərdən ibarət xına dəsti-100 manat, cəmi 860 manat. Bütün bunlardan başqa, oğlunun nişanlısı başqa şəxsə qoşulub qaçdığı üçün Cavabdeh3 mənəvi əzab və fiziki iztirab çəkimiş, buna görə də ürək və digər xəstəliyə tutulmuş, 137 manat müalicəsi üçün xərcləmişdir. Mənəvi ziyanı 11000 manat dəyərində qiymətləndirirlər. Qarşılıqlı iddia üzrə iddiaçılar ilk iddianı qəbul etməmişlər. İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddianı qəbul etməmişlər. Sabirabad Rayon Məhkəməsinin (hakim S.Allahverdiyev) 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ofisiant və poverə görə 400 manat, 1 baş danaya görə 1400 manat, 1 baş danaya görə 1000 manat, 6 baş xırdabuynuzlu heyvana görə 900 manat, mağara görə 400 manat, mağazadan alınmış ərzaqlara görə 1084.16 manat, mənəvi zərərə görə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat olmaqla, cəmi 6234.16 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına istinad etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(056)-1242/2022 saylı qətnaməsinin 01 noyabr 2022-ci il tarixli, 2(056)-1242/2022 saylı qətnamə kimi oxunması və qətnamənin 5-ci vərəqəsində qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə izahatının ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi qismində “Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş X9 ifadəsi”ndən əvvələ daxil edilməsi qərara alınmışdır. Qətnamədən ilkin iddia üzrə iddiaçılar və ilkin iddia üzrə cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiyaşikayətlərinindəlilləri İlkin iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İlkin iddia üzrə iddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ilkin iddia tələbinin nişan və xınayaxdı mərasimlərində çəkilən xərcləri və qız toyu ilə əlaqədar musiqiçilərə 550 manat, videoçəkənə 100 manat pulun verilməsi hissəsində məhkəmə iddianı mötəbər sübutun olmaması səbəbindən təmin etməmişdir. Lakin nişan üzüyü və xınayaxdı mərasimlərində adət-ənənələrə əsasən xərcləri qız evi çəkir və həmin xərclərin çəkilməsi ilə bağlı sübutun tələb edilməsi əsassızdır. Həmçinin bu hallar toyun videogörüntüsü ilə də sübut edilir. Birinci instansiya məhkəməsində də, cavabdehlər kişi nişan üzüyünün onlarda olmasını etiraf etmişlər. Baş verən hadisələr nəticəsində onlar mənəvi iztirab keçirmişlər və onlara mənəvi zərər dəymişdir. İlkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İlkin iddia üzrə cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçılar maddi və mənəvi ziyan olaraq qızları Fərqanə İsmayılovanın toyu üçün xərclədikləri pulu geri tələb edə bilməzlər. Ona görə ki, həmin şəxslər bu toydan gəlir əldə etmişlər və oğlan evindən başlıq almış və başqa toy xərci əldə etmişlər. Bundan başqa, birinci instansiya məhkəməsi ilkin iddiaçıların iddia tələblərinin həcminin artırılması barədə ərizələrində 360 manat dəyərində nişan üzüyünün dəyərinə dair müvafiq dövlət rüsumunun köçürülməsini təsdiq edən qəbz olmadığı təqdirdə həmin ərizəni icraata qəbul etmiş, müvafiq araşdırma aparmış və sonda olaraq subyektiv hüququ olmadığını qeyd etməklə təmin etməmişdir. Bundan başqa, ilkin iddiaçılar mənəvi ziyan olaraq qızının nişan mərasiminin pozulması nəticəsində ilkin İddiaçı2 şəkərli diabet xəstəliyinə düçar olmasını qeyd etmişlər. Halbuki İddiaçı2 əvvəldən- 2016-cı ildən Şəkərtli Diabet xəstəsidir və bu Sabirabad Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin müvafiq arayışından aydın görünür. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə İddiaçı1 vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qismən ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər və ilkin iddia üzrə Cavabdeh3 vəkili Nümayəndə vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişlər. İlkin iddia üzrə İddiaçı2 apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən ilkin iddia üzrə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən Fərman və Gilas İsmayılovların birgə verdikləri apellyasiya şikayəti təmin edilməməli, Elçin, Səfəralı və Zöhrə Abbasovların apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın qismən təmin edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həm ilkin iddia üzrə iddiaçılar, həm qarşılıqlı iddia üzrə iddiaçılar baş tutmamış nikah nəticəsində vurulmuş ziyanla bağlı qarşılıqlı olaraq maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişlər. İlkin idia üzrə iddiaçılar nikah baş tutmadığına görə toya çəkilən xərci və bununla bağlı vurulmuş digər ziyanının ödənilməsini tələb etmişlər. Birinci instansiya məhkəməsi bu hissədə iddianı qismən təmin etmişdir. Məhkəmə tələbin maddi-hüquqi əsası olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, bu hissədə məhkəmə iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçılara cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün vurulmuş ziyan ortada olmalı, ziyan cavabdehlərin qanunazidd hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmalı, cavabdehlərin qanunazidd hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Kollegiya qeyd edir ki, cavabdehlərin öhdəlik daşımasını, iddiaçılara ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın cavabdehlər tərəfindən vurulduğunu, onların qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olmasını sübuta yetirmək iddiaçının üzərindədir. İddiaçı tərəf cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onlara ziyan vurulduğunu iddia etmiş, birinci instansiya məhkəməsi də belə qənaətə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh tərəf etirazında istinad edilən əmlakın, toya sərf olunan məhsulların bir hissəsinin onlar tərəfindən qız evinə verildiyini bildirmişdir. Kollegiya hesab edir ki, bu hissədə məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-1097-ci maddələrinin dispozitiv şərtlərinin təmin edilməsi üçün zərərçəkənə ziyan vurulması ilə yanaşı, zərərvuranın hüquqazidd təqsirli hərəkəti müəyyən edilməlidir. Hazırkı halda iddianın təmin edilməsi üçün cavabdehlər tərəfindən delikt (hüquqazidd təqsirli hərəkət, hüquq pozuntusu) törədilməsi müəyyən edilməlidir. Belə şərtin müəyyən edilməməsi iddianı rədd etmək üçün əsasdır. Kollegiyanın qənaətinə görə, tərəflər arasında qohumluq münasibətlərinin (Cavabdeh1 və İsmayılova Fərqanə arasında nikahın) baş tutmamasında cavabdehlər hər-hansı mülki və ya digər öhdəlik daşımamalıdır. Belə ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır (Ailə Məcəlləsi maddə 2.3); ailə münasibətlərin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulmalıdır (Ailə Məcəlləsi, maddə 3.0.2). Qanunun mənasına görə, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlana bilməz. Ona görə də nikah və ya qohumluq münasibətlərinin baş tutmamasına görə, kiminsə mülki və ya digər məsuliyyət daşımasının əsası yoxdur. Kollegiya qeyd edir ki, iddiaçılar onlara ziyan vurulduğunu iddia etsələr də, bu ziyanın cavabdehlər tərəfindən vurulduğu, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulduğu müəyyən edilmir. İddiaçı tələbinin qanuni əsası olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092-ci maddəsini də göstərə bilər. Yəni iddiaçı tərəf, əsassız varlanma ilə bağlı cavabdehdən pul tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllnin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtləri o zaman ödənilmiş olur ki, bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmur. Bu zaman zərərçəkənlə əldə edən arasında hər-hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Yaxud bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, o, ödənişlərdə yanılmış olur, əldə edən (varlanan) bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, varlanan şəxsə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma: zərəçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. İddiaçıların tələbinə görə onlar toy mərasimi ilə bağlı pul vəsaiti xərcləmişlər. Kollegiya hesab edir ki, hazırkı halda əsassız varlanmanın əlamətləri də müəyyən edilmir. Cavabdehlərin varlanan şəxs olduğu müəyyən edilmir. Bu baxımdan da, iddianı təmin etmək üçün əsas yoxdur. İlkin iddia üzrə iddiaçıların tələbinin digər hissəsi əmlak tələbinə dairdir. İddiaçılar cavabdehlərin qanunsuz sahibliyində olan əmlakı- kişi nişan üzüyünü tələb etmişlər. Əmlakın qanunsuz sahiblikdən tələb edilməsi zamanı tələb edilən əşyanın mövcudluğunu, onun iddiaçılara məxsusluğunu, tələb edilən əşyanın fərdi əlamətlərini, hazırda cavabdehlərin qanunsuz sahibliyində qaldığını sübut etmə yükü iddiaçının üzərindədir. Əmlak tələbi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlərin ödənilməsi lazımdır: əmlak üzərində iddiaçların mülkiyyət hüququnun olması, iddiaçıların əmlak üzərindəki faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyanın digər eynicinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə seçilməsi (konkretləşdirilməsi), tələb edilən əşyaların faktiki olaraq cavabdehin qanunsuz sahibliyində olması. Bu şərtlərdən hər hansı birinin ödənilməməsi iddianı rədd etmək üçün kifayət edir. İddiaçı tərəf bu hissədə tələbini əsaslandırmaq üçün toy şəkillərini təqdim etmişdir. Kollegiya hesab edir ki, yalnız iddiaçı tərəfin izahatı və təqdim edilmiş fotoşəkillər iddianı təmin etmək üçün yetərli deyil. Belə ki, hazırkı iş üzrə tələb edilən əşyanın üzərində iddiaçıların mülkiyyət hüququnun olması, onların faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyanın fərdi əlamətləri və dəyəri, tələb edilən əşyanın faktiki olaraq cavabdehlərin qanunsuz sahibliyində olduğu sübuta yetirilməmişdir. İddiaçılar apellyasiya şikayətində tələb edilən qızıl üzük barədə faktın cavabdehlər tərəfindən etiraf edildiyini bildirmişlər. Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdehlərin birinci instansiya məhkəməsində qızıl üzüyün onlarda olmasını etiraf etməsi müəyyən edilməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi qızıl üzük tələbi ilə bağlı qeyd etmişdir ki, Fərqanə İsmayılova özünə məxsus üzüyü Cavabdeh1 hədiyyə etdiyindən iddiaçıların üzüyü tələb etmək barədə subyektiv hüquqları olmamışdır. Bu baxımdan da Kollegiya hesab edir ki, bu hissədə məhkəmə doğru qənaətə gəlmişdir. İddia tələbinin digər hissəsi mənəvi ziyanla bağlıdır. Kollegiya qeyd edir ki, mənəvi ziyan və mənəvi ziyanın təmin edilməsi maddi ziyanın mövcudluğu və maddi ziyanın təmin edilməsi ilə, eləcə də cavabdehlərin öhdəlik daşıması ilə əlaqədardır. Göstərilən səbəblərdən maddi ziyan tələbinin təmin edilməməsi mənəvi ziyana dair iddianın da təmin edilməməsinə əsas verir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinin tələbinə görə qətnamənin ləğvi üçün əsasdır. Ona görə də ilkin iddia üzrə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, iddianın təmin edilməsinə dair hissədə qətnamə ləğv edilməlidir. Kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçıların tələbini təmin etmək üçün əsas yoxdur. Apellyasiya baxışının predmetini həm də qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsi təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçılar nişan və toy vaxtı verilən əşyaların qaytarılmasını və ya onların dəyərin ödənilməsini, vurulmuş ziyana görə kompensasiya ödənilməsini tələb etmişlər. Birinci instansiya məhkəməsi qarşlılıqlı iddia tələbini rədd edərkən qeyd etmişdir ki, Cavabdeh1la Fərqanə İsmayılova arasında nikah sövdələşməsinin baş tutmaması Cavabdeh1 birtərəfli qaydada öz şəxsi düşüncə və iradəsi əsasında baş vermiş, Cavabdeh1 valideynləri qız evinə elçi gedərək ilk iddiaçılardan razılıq almağa nail olmaqla onlarda övladlarının nikah sövdələşməsinin baş tutması ilə bağlı əminlik yaratmış, bu xüsusda ilk iddiaçılar nikah sövdələşməsinin baş tutması üçün adətlərə uyğun zəruri olaraq çəkilməli olan xərclərin çəkilməsinə sövq edilmişlər. Məhkəmənin möqeyinə görə, ilk iddiaçıların ümid etdiklərindən məhrum olmaları nəticəsində onlara münasibətdə qarşılıqlı iddiaçılar tərəfindən hüquq qaydasının pozuntusu baş vermiş, hüquqa zidd əməl törədilərkən qarşılıqlı iddiaçılar tərəfindən nikah sövdələşməsinin baş tutmasının qarşısının alınması (nişanın qaytarılması) onların iradəsində olan nöqsan nəticəsində baş vermiş, törədilmiş əməl ilk iddiaçılara qeyd olunanlara əsasən zərər vurulması ilə nəticələnmiş, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması, yəni zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olması nişanın qarşılıqlı iddiaçılar tərəfindən pozulmasında özünü biruzə verməkdədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddiaya münasibətdə göstərilən şərtlərdən hər hansı biri mövcud deyildir. Çünki qarşılıqlı iddiaçıların tələb etdiyi mülki hüquq pozuntusu ilə bağlı zərər onların təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində yaranmışdır. Öz təqsirli hərəkətləri ilə özü üçün maliyyə və digər çətinliklər yaratmış şəxsin digər şəxslərdən həmin xərclərin əvəzinin ödənilməsini tələb etməsi qanunsuz və əsassız hesab edilməlidir. Müəyyən edilir ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X3 və İddiaçı2 qarşı əmlak tələbinə, o cümlədən 2 baş xırdabuynuzlu heyvanın və başlıq pulu olaraq ödənilmiş 1500 manat pulun əvəzinin tələb edilməsinə dair işə baxılmış və Sabirabad Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin iş üzrə iddianın bir hissəsi hazırkı iddia ilə eyni olmasına baxmayaraq, iddia üzrə tərəflər fərqli olmuşlar. Qarşılıqlı iddiaçılar nişan, toy mərasimində qidalanma ilə əlaqəli xərclərdən əlavə geyim və xına mərasimində istifadə edilmiş avadanlıqları da tələb etmişlər, lakin həmin əşyalar Fərqanə İsmayılovaya gətirildiyindən qarşılıqlı iddiaçıların həmin əmlaklar üzrə ilk iddiaçılara qarşı tələblə çıxış etmələri üçün subyektiv hüquqları olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırılması ilə tam deyil, qismən razılaşır. Kollegiya hesab edir ki, birinci insatansiya məhkəməsi mahiyyətcə doğru qənaətə gəlsə də qarşılıqlı iddia yuxarıda göstərilənlərə əsasən (ilkin iddianın təmin edilməməsi əsası ilə) təmin edilməməlidir. Odur ki, həmin hissədə də apellyasiya şikayəti təmin edilməməlidir. Beləliklə, Kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi- ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiasının qismən təmin edilməsinə dair hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Hər iki iddia təmin edilmədiyindən iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İlkin iddia üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(056)-1242/2022 sаylı qətnaməsi (09 dekabr 2022-ci il tarixli qərardadla ona əlavə edilən dəyişikliklərlə), ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiasının qismən təmin edilməsinə dair hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-784/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-784/2023
23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver