Məhkəmə qərarları › İş №2(106)-786/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-786/2023

05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-786/2023 05.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 (on üç min) AZN məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2015-ci ilin fevral ayının ortalarında Abşeron rayonu, Masazır kəndi ərazisində torpaq alğı-satqısı ilə məşğul olan şəxs X2 vasitəsi ilə həmin kəndin ərazisində 0.02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış aldıqdan sonra 2016-cı ilin mart ayında evin tikintisini başa çatdırmışdır. Aralarında inam yarandığı üçün o, özünə məxsus olan fərdi yaşayış evini 30000 (otuz min) AZN məbləğinə satılmasını X3 həvalə etmişdir. X6 həmin fərdi yaşayış evinin satışından əldə edilmiş puldan 17000 (on yeddi min) AZN məbləğini ona vermişdir. O, pulun qalan hissəsinin ödənilməsini tələb etdikdə X6 ona bildirmişdir ki, evi Cavabdeh 30000 (otuz min) AZN məbləğinə satmış, Cavabdeh 17000 (on yeddi min) AZN məbləğində pulu ödəmiş, lakin qalan 13000 (on üç min) AZN məbləğində pulun ödənilməsi üçün Cavabdeh ilə torpaq sahəsinin alğı-satqısını həyata keçirmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, 13000 (on üç min) AZN məbləğində pulun ödənilməsini tələb etsə də, lakin Cavabdeh həmin pul məbləğini ödəməkdən yayınmışdır. O, da Cavabdeh barəsində şikayət ərizəsi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən mübahisənin mülki hüquqi xarakterli olması səbəbindən «cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2018-ci il tarixli qərar qəbul edilmişdir. Ona görə də o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) iddia təmin edilmiş, Cavabdeh 13000 (on üç min) AZN məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kellegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2(106)-1688/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)- 352/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh 13000 (on üç min) manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kellegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(106)-1688/2022 saylı qətnaməsinin tam ləğv edilərək iş üzrə yeni qərar çlxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(102)-588/2023 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 1688/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mübahisə olunan evin alqı-satqı müqaviləsinin onunla deyil, qardaşı Ceyhun Həmzəyevlə bağlanması, evin alqı-satqısına görə İddiaçı tapşırığı ilə Emil Behbudova 30.000 manat pul verilməsi və sonuncunun bu barədə qəbz yazaraq verməsi kimi işin hallarını nəzərə almadan, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair əsassız nəticəyə gəlmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı yuxarıda göstərilənlərlə oxşar izahat vermiş və göstərmişdir ki, apellyasiya şikayəti əsassızdır. Əlavə olaraq göstərmişdir ki, 2 sot torpaqda inşa etdirdiyi evi satmaq üçün əmlak alqı-satqısı ilə məşğul olan əvvəlcədən tanıdığı Emil Behbudova müraciət etmişdir. Emil evi Orxana satmış, həmin evə görə ona 17000 manat pul vermişdir. Lakin Orxan geri qalan 13000 manat pulu ona vermədiyindən Abşeron PŞ-nə müraciət etmişdir. PŞ-də araşdırma zamanı Orxan evə görə ödəməli olduğu 13000 manat pulu vermədiyini etiraf etmişdir. Qeyd etmişdir ki, Orxanı və onun qardaşı Ceyhunu tanımışdır. Evin altındakı 2 sot torpaq sahəsini, həmçinin evi Orxana satmışdır. Bundan başqa qeyd etmişdir ki, Emil Behbudov ona Orxanla Ceyhunun ona hədə-qorxu gələrək evə görə güya “30000 manat pulu almasına dair qəbz yazdırması” ilə bağlı bəhs etmişdir. Qeyd etmişdir ki, Emilin Orxan və Ceyhundan 30000 manat pul almasına inanmır. Göstərmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və formal mülahizələrdən ibarətdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Odur ki, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, Emili əmlak alqı-satqısında işləyən bir şəxs kimi tanımışdır. Emilə Masazırda qardaşı Ceyhun üçün torpaq almaq istədiklərini bildirmişdir. Bundan bir müddət sonra Emil onlara zəng edərək bildirmişdir ki, 2 sot torpaqda 3 otaqlı ev satılır. Onlar Emillə görüşmüş və evi torpaq qarışıq 30000 manata almağa razılaşmışlar. 2 sot torpağın alqı-satqısı zamanı onun üzərində olan ev üçün Emilə əvvəlcə 17000 manat pul vermişdir. Sənədləşmə işlərinə isə 4000 manat xərci çıxmışdır. Evi qardaşı Ceyhun üçün almaq istəmişlər. Bundan sonra evə baxış keçirmişlər. Lakin evdə müəyyən qüsurlar olduğundan ev üçün yerdə qalan 9000 manat pulu vermək istəməmişdir. Belə ki, külək darvazanı aşırmış, evin təmiri yaxşı olmamışdır. Lakin sonradan Məzahim Polisə müraciət etdiyindən qardaşı Ceyhun evin alınması üçün yerdə qalan pulu da Emilə ödəmiş və Emildən ev üçün 30000 manat pulun alması ilə bağlı qəbz almışdır. Həmin qəbzdə Emil yazmışdır ki, “Ceyhuna 3 otaqlı ev satmışam, 30000 manat pulunu da almışam. Evin sənədlərini verməmişəm.” Əlavə olaraq göstərmişdir ki, evi Ceyhun üçün almışlar. Hazırda orada digər qardaşları Vasif yaşayır. Qeyd etmişdir ki, Emilə hədə-qorxu gəlməmişlər. 30000 manat pulun alınması barədə qəbzi məhlələrində Emil pulu Ceyhundan aldıqdan sonra könüllü olaraq yazmışdır. Sonda apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Cavabdeh izahatına oxşar olan izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçının satmasını iddia etdiyi ev dövlət reyestrində qeydə alınmamış olduğundan həmin ev özbaşına tikilidir. Bundan əlavə qeyd edilən evin altında olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlaı torpaq sahəsidir. Həmin torpaq sahəsinin təyinatı dəyişdirilməmişdir. Belə olan halda iddiaçının qeyd edilən torpaq sahəsində hər hansı tikilinin inşa etməsi belə qanunsuz olmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası mərhələsində 3-cü şəxs qismində işə cəlb edilmiş X6 göstərmişdir ki, əmlak alqı-satqısı ilə məşğuldur. Tərəfləri əvvəllər tanımamaışdır. İddiaçını və Orxanla Ceyhunu əmlak alqı-satqızı zamanı tanımışdır. Belə ki, Orxanın qardaşı Ceyhuna əvvəllər 4 sot torpaq satmışdır. Təxminən 2018-ci ildə Məzahim ona demişdir ki, Masazırda 2 sot torpaq üzərində 3 otaqlı ev inşa etdirmişdir, onu 30000 manata satmaq istəyir. Həmin ərəfələrdə Ceyhun ona demişdir ki, Orxan üçün də torpaq almaq istəyirlər. Onlara demişdir ki, hazır ev var. Gəlib evə baxmış və razılaşmışlar. 12000 manat verdilər, 18000 manat borcları qaldı. Sonra Məzahim torpağı Orxana satdı və həmin vaxtda pul ödədilər və onların 13000 manat borcu qaldı. Məzahim ondan pulunun qalanını istədikcə o da Orxangili sıxışdıraraq pulların verilməsini istəmişdir. Belə etdikdə Orxanla Ceyhun başqa şeylər fikirləşməyə başladılar. Belə ki, Orxanla Ceyhun onu 9-cü mikrarayonda yerləşən Lalə fafesinə çay içməyə dəvət etdilər. Otağa daxil olan kmi qapını arxadan bağlamış və mobil telefonunu əlindən alaraq, qolumu buraraq ona demişlər ki, “yaz ki, evə görə ödəməli olduqları 30000 manat pulu almışdır”. Ehtiyyat etdiyindən onlar dediyi kimi də yazmışdır. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə ərizə də yazmışdır. Lakin onun ərizəsini Abşeron RPŞ-nə göndərmişlər. Əslində həmin gün Orxanla Ceyhun ona hər hansı pul məbləği verməmişlər. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişi üzrə X5 3-cü şəxs qismində işə cəlb edilmiş və onun da izahatını almağa çalışmışdır. Cavabdeh bildirməsinə görə qardaşı Ceyhun Həmzəyev “MMA” döyüşçüsü olduğuna görə Almaniya FR-da müalicə alır. Buna görə məhkəmə sosial şəbəkədən (WhatsApp) istifadə etməklə sonuncu məhkəmə iclasında Ceyhun Həmzəyevin izahatını almışdır. C.Həmzəyev qardaşı Cavabdeh izahatına oxşar olan eyni məzmunlu izahat vermişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 05 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci tarixdə verilmiş **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,02 ha torpaq sahəsini 2000 (iki min) manata alıcı Cavabdeh satmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2018-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığı üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 icraatında olan NK/1-6584 saylı material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2018-ci il tarixli qərarından və araşdırama zamanı izahatı alınımış Cavabdeh izahatından görünür ki, Cavabdeh həmin evi 2018-ci ilin aprel ayında makler X2 vasitəçiliyi ilə 30 min manata aldığını, evi notarat kontorunda sənədləşdirərkən həmin evin İddiaçı məxsus olmasının ona məlum olduğunu, Emillə aralarındakı razılaşmaya əsasən evin pulundan ona 17 min manat verdiyini, qalan 13 min manatın isə evin qazını, suyunu, elektrik işığını və kanalizasiyasını təmin etdikdən sonra verməli olduğunu göstərmişdir. İzahatında daha sonra göstərmişdir ki, o, evə köçdükdən bir-neçə gün sorna həyət darvazası aşmış, evin giriş qapısı qırılaraq yerə düşmüş və hamamın döşəməsi çökərək yararsız hala düşmüşdür. Zəng edib bu barədə evi ona satan Emilə bildirmiş və qeyd olunan nasazlıqlar aradan qaldırıldıqdan sonra qalan pulu verəcəyini bildirmişdir. O da ona hər şeyin yaxın vaxtda düzələcəyinə söz versə də heç bir iş görməmişdir. Bundan bir müddət sonra İddiaçı ona zəng edərək evin qalan pulunu istəmişdir. O, evin vəziyyəti barədə ona bildirmiş, evi ondan deyil, Emildən aldığını söyləmişdir. Emilin evdə olan nasazlıqları aradan qaldırmadan qalan pulu ona ödəməyəcəyini demişdir. Bundan sonra Məzahim ondan şikayət edəcəyini söyləmişdir. Onun heç kimin, o cümlədən İddiaçı evini ələ keçirmək niyyəti olmamışdır. Sadəcə olaraq onun satdığı ev razılaşdırılmış vəziyyətdə olmadığına görə o, evin qalan 13 min manatını verməmişdir. Ona görə ki, qeyd etdiyi nasazlıqların aradan qaldırılması üçün həmin evə xeyli miqdarda pul xərcələmişdir. Bildirir ki, nə o, nə də qardaşı Emili pulun hamsını almaq barədə qəbz yazmağa məcbur eməmişlər və ümumiyyətlə onların iştirakı ilə belə bir qəbz yazılmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, bir müddət Abşeron rayonu ərazisində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2015-ci ilin fevral ayının ortalarında Abşeron rayonu, Masazır kəndində yaşayan iddiaçı ilə tanış olmuşdur. İddiaçı Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən özünə məxsus olan 0,02 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evini 30000 manat məbləğinə satılmasında kömək etmək üçün ona müraciət etmişdir. O da iddiaçının təklifini qəbul edərək, cavabdeh ilə həmin evin 30000 manat məbləğinə alqısatqına dair şifahi formada qarşılıqlı razılaşmışlar. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin alqı-satqısına görə 17000 manat məbləğində pul ödəmiş, qalan 13000 manat məbləğində pulu isə avtomobilini, hətta torpaq sahəsini satıb ödəyəcəyini bildirmişdir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh bu günədək 13000 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Cavabdeh ona satılmış fərdi yaşayış evinin iddiaçıya məxsus olduğunu əvvəlcədən bilirdi. İddianı təmin edən birinci instansiya məhkəməsinin qənaətinə görə tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Hesab etmişdir ki, Cavabdeh İddiaçı hesabına 13000 manat dəyərində əmlaka yiyələnməklə əsassız varlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, maddi hüquq normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti işin müəyyən edilmiş hallarına uyğun olmamış, həmçinin məhkəmə Mülki Prosessual Məcəllənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi barədə tələblərinə əməl etməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına görə iddiaçının cavabbehə yaşayış evi kimi satdığı əmlak özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. İşin təhlili zamanı müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında yalnız 0.02 ha kənd təsərrüfatı təyinatlı torpağın alqısatqısına dair müqavilə vardır. İddiaçı iddia edir ki, qeyd edilən 0.02 ha torpaq sahəsində 3 otaqlı ev inşa edərək cavabdehə 30 000 manata satmış, cavabdeh satmış olduğu ev üçün 17 000 manat ödəmiş, 13 000 manatını isə indiyədək ödəməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının satmaq istədiyi ev özbaşına tikilidir. Birincisi ona görə ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İkincisi isə qeyd edilən ev tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. MM-nin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi mübahisə predmeti olan ev özbaşına tikilidir və iddiaçının tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmamışdır. Yəni mübahisəli əmlak barədə olan müqavilə qanunla müəyyən edilmiş qaydada notarial qaydada təsdiqlənə bilməzdi. Həm iddiaçı həm də cavabdeh evin alqısatqısına dair aralarında olan razılaşmanın əhəmiyyətsiz olduğunu bilmişdir. Lakin buna baxmayaraq iddiaçı cavabdehdən 17000 manat pulu, cavabdeh isə kənd təsərrüfatlı torpaqda inşa edilmiş özbaşına tikil olan əmlakı - evi əldə etməyə çalşmışdır. Belə olan halda İddiaçı cavbadehdən əhəmiyyətsiz əqdə görə ona çatası 13000 manat pulu deyil, əmlakı, yəni cavabdehə verilmiş 0.02 ha torpaq sahəsində inşa etdirmiş evi cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb edə bilərdi. Lakin İddiaçı tələbini yaşayış evinin alqı-satqısından irəli gələn öhdəliklərə cavabdeh tərəfindən əməl olunmaması, həmin müqavilə nəticəsində cavabdehin borclu qaldığı 13000 manatı ödəməməsi ilə əsaslandırmış, satdığı özbaşına tikilinin - evin qaytarılması barədə tələb irəli sürməmişdir. Tərəflər arasında olan əqd əhəmiyyətsiz əqd olduğundan iddiaçı gələcəkdə hazırkı mübahisəli evin cavabdehdən geri tələb etmək hüququnu özündə saxlayır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub- olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa Konstitusiya Məhkəməsinin ‘'Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında göstərilir ki,məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Ona görə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları müəyyən etməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi hallara dair düzgün hüquqi dəyərləndirmə aparmamışdır. Belə olan halda həmin qətnamə qanuni və əsaslı sayıla bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh 13000 (on üç min) AZN məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh 13000 (on üç min) AZN məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar