Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-787/2025 17.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(071)-322/2025 saylı qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçi İddiaçı (maraqlı şəxs: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək, övladı - xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixdə Hacıqabul rayonu, Atbulaq kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(071)-322/2025 saylı qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair iddia icraatı qaydasında verilmiş ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun ərizəçi İddiaçı qaytarılması qərara alınmışdır. Ərizəçi İddiaçı Hacıqabul Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(071)- 322/2025 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin verilməsi üçün texniki imkanların məhdudluğunu prosessual pozuntu olaraq tanımış, beləcə, gəlinən yekun nəticəyə münasibətdə məhkəmə müdafiəsi hüququ əsassız məhdudlaşdırılmışdır. Hesab edir ki, həmin qərardad prosessual hüquq normalarının pozulması ilə müşayiət edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qərardadda göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Bildirir ki, hazırkı iş üzrə ərizə məhkəməyə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə təqdim edilmiş və həmin sistemin texniki parametrləri ərizənin “xüsusi icraat” növündə seçilməsinə imkan verməmişdir. Məhkəmə hazırkı qərardadı qəbul etməklə məhkəmə müdafiəsi hüququnun realizəsi üçün yaradılmış mexanizmlərdəki çatışmazlıqları heç bir əsas olmadığı halda ziyanına şərh etmiş, nəticədə onu AR Konstitusiyası ilə tanınan hüquqi müdafiə təminatlarından məhrum etmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə xüsusi icraat işlərinə dair ərizələrin verilməsi üçün yalnız “iddia icraatı” seçiminin olması istinad olunan normanın mahiyyətindən irəli gəlir. Hesab edir ki, hazırkı iş üzrə ərizənin geri qaytarılmasına əsas olan hallar yalnız formal mahiyyət daşıdığından məhkəmənin mövqeyi prosessual hüquqların icrasına süni maneə təşkil edir. Hacıqabul Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(071)-322/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(071)-322/2025 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsini xüsusi icraat qaydasında verməli olduğu halda iddia icraatı qaydasında vermişdir. Hazırda məhkəməyə daxil olmuş ərizə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə verilməklə mülki iş üzrə icraatın növü - “iddia icraatı” seçilmişdir. Bununla da ərizənin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə əməl edilməmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni hazırkı əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X4rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X2rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X6rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). İş materiallarından müəyyən edilir ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsini cəlb etməklə ölüm faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Yəni ərizəçi işdə iştirak edən şəxsləri “ərizəçi” və “maraqlı şəxs” olaraq ərizəsində qeyd etmiş, MPM-in xüsusi icraat bölməsində nəzərdə tutulan müvafiq prosessual normalara istinad etmişdir. Birinci instansiya məhkəməsi ərizə və ona əlavə edilmiş sənədləri geri qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi hazırkı ərizəni iddia icraatı qaydasında vermiş, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş ərizədə iş üzrə icraatın növü “iddia icraatı” seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ərizənin hazırkı əsasla geri qaytarılması məhkəməyə müraciət edən şəxsin konstitusion hüquqlarını məhdudlaşdırır və prosessual qənaət prinsipi ilə ziddiyət təşkil edir. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı ərizəni hədsiz ciddi əsaslar olmadığı üçün geri qaytarmaq əvəzinə məhkəməyə müraciət edən şəxsin məhkəməyə əlçatanlılıq imkanın realizə edilməsi, habelə prosessual qənaət prinsipini nəzərə alaraq işin icraata götürülməsi barədə məsələyə baxa bilərdi. Belə olan halda məhkəməyə müraciət edən şəxsə məhkəmə müdafiəsi hüququnun realizəsi baxımından geniş imkanlar yaranmış olar, habelə şəxsdə məhkəmə hakimiyyətinə olan inam və etimadın daha da möhkəmlənməsinə yol açmış olardı. Qeyd edilməlidir ki, həqiqətən də, şikayətə əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş müvafiq çıxarışdan (səhifə 17) görünür ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”nin texniki parametrləri ərizənin məhz elə “xüsusi icraat” növü olaraq seçilməsinə imkan vermir. Qeyd edilməlidir ki, bu kimi hallar məhkəmə praktikasında çox rast gəlinən hallardan biridir və elektron sistemin texniki imkanlarının məhdudluğu məhkəməyə müraciət edən şəxsin konstitusion hüquqlarının pozulması ilə nəticələnməməlidir. Birinci instansiya məhkəməsinin hazırkı qərardadında ərizənin geri qaytarılmasi üçün qeyd edilən hallar formal xarakterə malikdir və ərizəçinin məhkəmə müdafiəsindən istifadə hüququnu məhdudlaşdırmışdır. Məhkəmə tərkibi qeyd edilənlərə əsasən şikayəti qismən əsaslı hesab edir. Məhkəmə tərkibi şikayətin “məhkəmə icraatının mümkün hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə şikayət təmin edilməməlidir. Belə ki, apellyasiya məhkəməsinin belə bir səlahiyyəti yoxdur. Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(071)-322/2025 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Hacıqabul Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(071)-322/2025 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. İddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-787/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-787/2025
17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver