Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-795/2023 18.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: pul tələbi X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Cəbrayıl Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(072)-092/2023 saylı qətnaməsindən (hakim T.Nüsrətov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) AZN məbləğində pulun, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) AZN məbləğində xidmət haqqının və ümumilikdə 7000 (yeddi min) AZN məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Cavabdeh onun bacısının oğludur. 2022-ci ilin avqust ayında Cavabdeh müəyyən məbləğ pul vəsaitinə ehtiyacı olduğunu bildirərək, ona 6500 (altı min beş yüz) AZN məbləğində borc pul verməsini xahiş etmişdir. Beləliklə, o, Cavabdeh inandığı üçün ona 09 avqust 2022-ci il tarixdə notarial qaydada bağlanmış borc (kredit) müqaviləsinə əsasən 6500 (altı min beş yüz) AZN məbləğində borc pul vermişdir. Borc (kredit) müqaviləsinə əsasən Cavabdeh həmin borc pul məbləğini 20 sentyabr 2022-ci il tarixədək ona geri qaytarılması barədə öhdəlik götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh həmin borc pul məbləğini bu günədək ona geri qaytarmamışdır. O, borc pul məbləğinin geri qaytarılması barədə dəfələrlə Cavabdeh müraciət etmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ümumiyyətlə, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi (vəkil) Beyləqan Rayon Vəkil Bürosunun vəkili X4 iddia tələbini müdafiə edərək, İddiaçı izahatı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev küçəsi, 3-cü mədən küçəsi, yeni tikilidə yaşayır. İddiaçı onun dayısıdır. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, onlar birgə iş görmək üçün şərikli şəkildə 35000 (otuz beş min) AZN məbləğinə “SHACMAN” markalı yük avtomobili almışlar. O, həmin avtomobilin motorunun təmir xərcinin əvəzi olaraq 09 avqust 2022-ci il tarixli borc (kredit) müqaviləsini imzalamışdır. Halbuki, o, İddiaçı 6500 (altı min beş yüz) AZN məbləğində borc pul almamışdır. Eləcə də, o, İddiaçı olan pul borcunu “SHACMAN” markalı yük avtomobili vasitəsilə qum-çınqıl daşımaqla ödəmişdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı irəli sürdüyü “pul” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(072)-092/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 6500 (altı min beş yüz) AZN məbləğində pul, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) AZN məbləğində xidmət haqqı və ümumilikdə 7000 (yeddi min) AZN məbləğində pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh tərəfindən 09 avqust 2022-cicil tarixli bağlanan borc müqaviləsinin icra müddəti faktiki olaraq 1 aydan biraz artıq müddət nəzərdə tutmuşdur. AR MM-nin 742.2 -ci maddəsinə əsasən – Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. AR Mülki Məcələsinin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. İddiaçı 09 avqust 2022-ci il tarixli borc müqaviləsi üzrə borcun cavabdehdən tələb edilməsi üçün ona pretenziya məktubu göndərməliydi və ən azı 3 ay müddət verməlidi. Əgər həmin müddət ərzində borcun qaytarılması tələbi cavabdeh tərəfindən icra edilməsəydi, iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranırdı. İddiaçı sözügedən borcun qaytarılmasına dair cavabdehə rəsmi olaraq heç bir məktub, pretenziya göndərməmişdir, həmin sənədlər iş materiallarına əlavə edilməmişdir. AR MMnin 742.2-ci maddəsi imperativ normadır və borc verən tərəfindən mütləq tətbiq edilməliydi. Məhkəmə iddaçının borc müqaviləsi üzrə yaranan borcun tələb edilməsini ehtiva edən məktubun cavabdehə göndərilməməsi faktını nəzərə almamışdır və düzgün qətnamə qəbul etməmişdir. Belə ki, məhkəmə mülki qanunvericiliyin imperativ normanın iddiaçı tərəfindən riayət edilməməsinə istinad edərək iddianı mümkün saymamalıydı və iddia ərizəsini AR Mülki- Prosessual Məcəlləsinə əsasən qeri qaytarmalıydı. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddiaçı onun dayısıdır. O,həqiqətən də iddiaçı 6500 manat pulla bağlı notarial borc müqaviləsi bağlamışdır. Lakin həmin pul vəsaitini almamışdır. Buna görə də hesab etmişdir ki, qətnamə ləğv edilərək iddia rədd edilməlidir. İddiaçı nümayəndəsi (vəkil) X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 09 avqust 2022-ci il tarixli borc (kredit) müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 6500 (altı min beş yüz) AZN məbləğində pulu borc verməyi və Cavabdeh isə 6500 (altı min beş yüz) AZN məbləğində pulu 20 sentyabr 2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəlik götürmüşdür. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 09 avqust 2022-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən Cavabdeh borc verilməsi üçün bank vasitəsilə notariusun hesabına 6500 (altı min beş yüz) AZN məbləğində pul ödənilmişdir. İş materiallarında olan 4297 saylı, 01 dekabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı vəkil X4 tərəfindən hüquqi xidmətin göstərilməsi üçün 500 (beş yüz) AZN məbləğində xidmət haqqı ödəmişdir. Apellyasiya şikayətindən görünür ki, onun dəlilləri iddiaçı cavabdehə pretenziya məktubu göndərməməsi, ona ən azı 3 ay müddət verməli olması və iddianın geri qaytarılması kimi formal mülahizələrdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən göründüyü kimi, iddia tələbi 6500 manatdır. İddia tələbi 5000 manatdan çox olduğundan qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(072)-092/2023 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-795/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-795/2023
18.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver