Məhkəmə qərarları › İş №2(106)-796/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-796/2023

02.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-796/2023 02.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1225/2022 saylı, 16 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 2400 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1225/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2400 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, bütövlükdə 2430 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti 14 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1225/2022 nömrəli qərardadına əsasən Cavabdeh Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1225/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1225/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən şikayət verilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bildirişləri ona göndərilməmiş və onun məhkəmə iclaslarından xəbəri olmamış, məhkəmə onun hüquqlarını pozaraq işin faktiki hallarını araşdırmadan iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Həmin qətnamədən İcra və Probasiya Şöbəsində məlumat aldıqdan dərhal sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də, məhkəmə heç bir araşdırma aparmadan apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinin ona göndərilməsi və onun həmin qətnaməni alması barədə heç bir dəlili yoxdur. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qanunsuz və əsassız olduğundan qərardad ləğv edilməli və mülki işə apellyasiya qaydasında baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Kürdəmir Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(041)-1225/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1225/2022 saylı, 16 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)1225/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, belə hesab edir ki, Cavabdeh şikayətinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)1225/2022 saylı qərardadının ləğv olunaraq mülki işin yenidən məhkəmə baxışına çıxarılmasına heç bir qanuni əsas yoxdur. Mülki işin materiallarından görünür ki, Cavabdeh keçirilən məhkəmə iclasları barədə ona bildiriş göndərilməməsini və göndərilmiş məhkəmə bildirişlərini alınması barədə rəsmi sənədin olmamasını göstərsə də, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası ilə bağlı ona rəsmi qaydada xəbərnaməli bildirş göndərilmiş və Cavabdeh həmin bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmiş, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. (Poçt göndərişinin verilməsi haqqında xəbərnamə iş materiallarına əlavə edilmişdir i.v.43). Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1225/2022 nömrəli qətnaməsi məhkəmənin xx.xx.2022-ci il tarixli reyestri ilə (xəbərnaməli) şikayətçi Cavabdeh ünvanına rəsmi qaydada göndərilmiş və iş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh rəsmi qaydada təqdim edilmişdir. (Poçt göndərişinin verilməsi haqqında xəbərnamə iş materiallarına əlavə edilmişdir i.v.55). Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə 14 fevral 2023-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsin daxil olmuşdur. Bununla da Azərbaycan Respulikası MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət Cavabdeh tərəfindən üzrsüz səbəbdən buraxılmış və cavabdeh prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Qarayev X2 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1225/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə verildiyindən və cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qanunvericiliyin normalarından göründüyü kimi borcu tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməsi müddəti buraxılmış və həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair şikayətinə heç bir rəsmi sübut növü və həmin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatətini əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5. Bu Məcəllənin 135.2-ci,135.3-cü,135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbyacan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qəraında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiiyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1225/2022 saylı, 16 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, Cavabdeh tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)1225/2022 saylı, 16 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1225/2022 saylı, 16 fevral 2023-cü il tarixli qərardadı Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar