Məhkəmə qərarları › İş №2(106)-801/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-801/2025

17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-801/2025 17.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(073)- 94/2024 saylı qərardadından Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə avtomobilə vurduğu zərərə görə 19329 (on doqquz min üç yüz iyirmi doqquz) manat pulun və ödənilmiş 148 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(073)-94/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh vurulmuş zərərə görə 19329 (on doqquz min üç yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 (bir yüz qırx səkkiz) manat alınıb İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2024cü il tarixli, 2(073)-94/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(073)-94/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(073)- 94/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədən və müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Məhkəmənin qərardadı ilə razılaşmayan Cavabdeh və onun nümayəndəsi və vəkili İbrahimov X4 rayon məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(073)-94/2024 saylı qərardadından 24 mart 2025-ci il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir Cəlilabad Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(073)-94/2024 saylı qərardadı ilə, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 Cəlilabad rayon məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(073)-94/2024 saylı qərardadının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə apellyasiya şikayətinin geri qaytarılmasını, apelyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə müşayiət olunmuş, birinci instansiyası məhkəməsinin işin hallarına formal yanaşması cavabdehin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında sərgilənən mövqeyinə görə, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir. Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X3rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Məhkəmə hesab etmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(073)-94/2024 saylı qətnaməsi rəsmi qaydada poçt vasitəsi ilə tərəflərə göndərilmiş və 11 yanvar 2025-ci il tarixdə rəsmi qaydada poçt göndərişi barədə xəbərnaməyə imza etməklə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 təqdim edilmiş, Cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən 27 gün sonra, yəni 10 mart 2025-ci il tarixdə verilmiş və lakin prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Bundan başqa Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyildir. Kollegiya əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, ilk dəfə Cavabdeh tərəfindən vəkil Nümayəndə1 etibarnamə xx.xx.2023-cü il tarixdə verilmiş və etibarnamənin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Məhkəmə tərəfindən qətnamə 19 dekabr 2024-cü il tarixdə qəbul edilmiş, vəkil Nümayəndə1 xx.xx.2024-cü il tarixdə göndərilmiş və vəkil tərəfindən qətnamə xx.xx.2025-ci il tarixdə qəbzə imza etməklə təhvil alınmışdır. Birinci instansiya məhkəməsi də hesab etmişdir ki, vəkili Nümayəndə1 tərəfindən qətnamə xx.xx.2025-ci il tarixdə alındığından apelyasiya şikayəti verilməsi üçün prosessual müddət həmin vaxtdan hesablanmalı, ona görə də müddət xx.xx.2025-ci il tarixdə başa çatmalıdır. Apellyasiya şikayəti 10 mart 2025-ci il tarixdə verildiyindən şikayət verilməsi üçün müddət başa çatmışdır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, vəkil Nümayəndə1 qətnamə qəbul edildiyi dövrdə və qətnaməni aldığı cavabdehin nümayəndəsi olmamışdır. MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 68.2. Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. 68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Qeyd olunan qanunvericilik normalarının da tələbindən görünür ki, vəkilin məhkəmə prosessində nümayəndə qismində iştirak etməsi, həmçinin məhkəmə aktlarından şikayət verməsi səlahiyyəti etibarnamə əsasında müəyyən edilir. Hər nə qədər ki, hazırkı işdə vəkil Nümayəndə1 qətnamə qəbul edildiyi dövrdə və qətnaməni aldığı dövrdə cavabdehin nümayəndəsi olmamışdır, o zaman onun məhkəmə aktından şikayət vermək səlahiyyəti də olamamışdır. Belə olan halda apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı, vəkilə münasibətdə deyil qətnamənin cavabdehə təqdim olunduğu vaxta münasibətdə hesablanmalıdır. İş materiallarına da qətnamənin Cavabdeh təqdim edilməsi barədə sübut əlavə edilməmişdir. Əksinə apelyasiya şikayətində qətnamənin alınması tarixi kimi xx.xx.2025ci il göstərilmiş, cavabdeh xx.xx.2025-ci il tarixdə vəkil Nümayəndə1la yeni müqavilə bağlamış, vəkilə yeni etibarnamə vermiş, bundan sonra apelyasiya şikayəti cavabdehin nümayəndəsivəkili kimi Nümayəndə1 tərəfindən xx.xx.2025-ci il tarixdə, yəni müddət ötürülməməklə vaxtında verilmişdir. Kollegiya məhkəmənin apelyasiya şikayətinin MPM-in tələblərinə uyğun verilməməsinə dair gəldiyi nəticəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətinə nəzər yetirdikdə də görünür ki, şikayətin dəlilləri aydın şəkildə göstərilmiş, şikayətdə hansı maddi hüquq normalarının pozulması və bununla bağlı dəlillər aydın şəkildə ifadə edilmişdir. Kollegiya hesab edir ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsin məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Kollegiya hesab edir ki, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilərək Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(073)- 94/2024 saylı qərardadı ləğv edilməli, Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(073)-94/2024 saylı qətnaməsindən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və Mülki Prosessual Məcəllənin 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(073)-94/2024 saylı qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(073)-94/2024 saylı qətnaməsindən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar