Məhkəmə qərarları › İş №2(106)-813/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-813/2025

08.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-813/2025 08.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın hərracda satılması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-228/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-228/2025 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddianın rədd olunması qət edilmişdir. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehə qarşı ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri P.Həsənov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən bir mərtəbəli iki otaqlı yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin (əmlakın) hərracdan satılması və satışdan əldə edilən pulun paylara mütənasib bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayonu P.Həsənov küçəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında mərhum X2na məxsus olmuş, bu evə dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad rayon Ərazi İdarəsi tərəfindən 16 fevral 2008-ci il tarixli MH ******* seriya nömrəli çıxarış verilmişdir. X2 adıçəkilən fərdi yaşayış evini və 4 sot həyətyanı torpaq sahəsini İmişli rayonunun birinci dövlət notariat kontorunda 2008-ci il iyunun 27-də 2V1-20 nömrəli reyestrdə rəsmiləşdirməklə iddiaçıya vəsiyyət etmiş, anası 01 noyabr 2013-cü ildə vəfat etmiş, adıçəkilən ev anasından miras qalmış, vərəsələr arasında razılıq olmadığından İmişli Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli 2(036)-3894/2015 nömrəli qətnaməsi ilə qeyd edilən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin 3/4 hissəsi üzərində iddiaçının, 1/4 hissəsi üzərində X5 payı müəyyən edilmiş və həmin hissələrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla 03 mart 2016-cı il tarixli RX C826279 seriya nömrəli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən İmişli şəhəri P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən birmətəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə mənim İddiaçı və Cavabdeh adına mülkiyyət hüququ əsasında **********29-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2003-cü ildə Bakı şəhərində yerləşən iddiaçıya məxsus olan mənzili sataraq X5 borclarını ödəmiş və sonrakı müddətdə daşınmaz əmlak qiymətlərində çox böyük artım olduğundan indiyədək mənzil ala bilməmişdir. Ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri P.Həsənov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin naturada bölünməsi və birgə istifadəsi mümkün deyil. Ona görə də, qeyd edilən ünvanda yerləşən vahid daşınmaz əmlak obyektində mülkiyyət hüququndakı payına (1/4 hissə) mütənasib məbləğdə kompensasiya ödənilməklə Cavabdeh ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında məhkəmədə iddia qaldırmağına baxmayaraq, tələbi təmin edilməmişdir. Bu səbəbdən də, paylı mülkiyyətdə olan daşınmaz əmlakın (İmişli şəhəri P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evi) paylara uyğun naturada bölünməsi mümkün olmadığından, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən pulun paylara mütənasib surətdə bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan: xx.xx.2008-ci il tarixli 2V1-20 reyestr nömrəli Vəsiyyətnamədən görünür ki, X1 şəhəri P.Həsənov küçəsi, ev 51 saylı ünvanda yerləşən evi və həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçıya vəsiyyət etmişdir. RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli şəhəri P.Həsənov küçəsi ev 51 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ümumi pay üzrə iddiaçının və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-265/2024 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası İmişli Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(036)- 47/2023 saylı qətnaməsi ilə təmin olunmuş, Cavabdeh İmişli şəhəri P.Həsənov küçəsi 51də yerləşən 0,04 ha torpaq sahəsi və birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlak obyektindəki ümumi paylı mülkiyyət hüququna 8750 manat kompensasiya verilməklə xitam verilməsi və onun həmin vahid daşınmaz əmlak obyektinin yerləşdiyi ərazinin hüdudlarından kənara çıxarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin göstərilən qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(036)-47/2023 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun cavabdehə qarşı ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin (əmlakın) hərracdan satılması və satışdan əldə edilən pulun paylara mütənasib surətdə bölünməsi barədə iddia ərizəyə İmişli Rayon Məhkəməsində baxılaraq xx.xx.2025-ci il tarixində 2(036)-228/2025 saylı qətnamə qəbul edilmiş və həmin qətnamə ilə onun iddia tələbi qanunsuz və əsassız olaraq təmin edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən İmişli şəhəri R.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən bir mətəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə onun İddiaçı və Cavabdeh adına mülkiyyət hüququ əsasında **********29-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2003-cü ildə Bakı şəhərində yerləşən ona məxsus olan mənzili sataraq X5 borcları ödənmiş və sonrakı müddətdə daşınmaz əmlak qiymətlərində çox böyük artım olduğundan indiyədək mənzil ala bilməmişdir. Ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri P.Həsənov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin naturada bölünməsi və birgə istifadəsi mümkün deyil. Ona görə də, qeyd edilən ünvanda yerləşən vahid daşınmaz əmlak obyektində mülkiyyət hüququndakı payına (1/4 hissə) mütənasib məbləğdə kompensasiya ödənilməklə Cavabdeh ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında məhkəmədə iddia qaldırmasına baxmayaraq iddia tələbi təmin edilməmişdir. Məhkəmənin qənaəti belə olmuşdur ki, bu iş üzrə kompensasiya məbləği ödənilən şəxs yəni cavabdeh bu məbləğlə razı olmadığına görə və onun payı da cüzi olmadığına (yəni ¼ olduğuna görə) məcburi şəkildə kompensassiya verməklə onun payının alınması ədalətli olmazdı və bu əsasla Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2024 il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edir. Bundan sonra o, İddiaçı paylı mülkiyyətdə olan daşınmaz əmlakın paylara uyğun naturada bölünməsi və kompensassiya ödənilməklə payların alınması mümkün olmadığından, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən pulun paylara mütənasib surətdə bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya baxışında nümayəndə Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh iclasda iştirak etməmişdir. Məhkəmə tərkibi məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 220-ci madddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. MM-in 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. İddiaçının apellyasiya şikayətinin təhlili və iş üzrə bütün sübutlar məcmu halda araşdırıldıqda, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni, əsaslandırılmış və ədalət prinsipinə uyğun hesab edilir. İddiaçının apellyasiya arqumentləri isə işin mahiyyəti baxımından qeyri-məqbul və qətnamənin ləğv olunması üçün yetərli hüquqi və faktiki əsaslar yaratmır. Belə ki, iddiaçı əmlakın birbaşa açıq hərracda satılmasını və satış məbləğinin paylara mütənasib bölünməsini tələb edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri 02/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadında göstərilmişdir ki, “paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması məsələlərini nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan, əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında verilən izahlardan aydın şəkildə görünür ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: a. ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; b. kompensasiya (payın dəyəri) ödənilməsi; c. əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan sui-istifadəyə yol verilməməlidir. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir». Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda adı çəkilən 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadında ifadə olunduğu kimi Mülki Məcəllənin 221ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil edir. Əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Məhkəmə tərkibi həmçinin diqqətə çatdırır ki, iddiaçı apellyasiya şikayətində xx.xx.2025-ci il tarixli 2(036)-47/2023 saylı və xx.xx.2024-cü il tarixli 2(106)-265/2024 saylı qətnamələrə istinad edərək bildirir ki, naturada bölgü mümkün olmadığı üçün hazırda əmlakın açıq hərracda satılmasını xahiş etmişlər. Lakin məhkəmə tərkibi adıçəkilən qətnamələrdə mübahisəli əmlakın naturada bölgüsünün mümkünsüzlüyü barədə yekun qərar mövcud deyil, habelə həmin istinad hazırkı iş üzrə hüquqi nəticə doğura biləcək preyudisial qüvvəyə malik deyildir. Belə ki, mülki prosessual qanunverciliyə əsasən preyudisiallıq yalnız həmin qərarda təsbit olunmuş faktlar eyni tərəflər arasında, eyni hüquqi münasibətdən irəli gələn və bu faktların hazırkı işdə hüquqi əhəmiyyət daşıdığı hallarda tətbiq edilə bilər. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri 02/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadında göstərilənlər baxımından hazırkı halda əmlakın açıq hərracda satılması barədə məsələyə hüquqi qiymət verilən bilməz. Beləliklə, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. iddiaçı tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmışdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-228/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar