Məhkəmə qərarları › İş №2(106)-824/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-824/2025

17.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-824/2025 17.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə hüququ ilə ona məxsus olan obyektdən nəqliyyat vasitəsinin çıxarılması iddia tələbinə, Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Şirvan Şəhər Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(032)-71/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli 8448 saylı müqaviləyə görə icarəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şirvan şəhəri H.Əliyev prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 74.0 kv.m torpaq sahəsi icarəçi İddiaçı müvəqqəti istifadəyə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şirvan şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0074 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2024-xx.xx.2026 tarixə 2 il müddətinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. 05 avqust 2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, hüquq sahibi dövlət icarəçi İddiaçı Rəhman qızına Şirvan şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0074 ha torpaq sahəsini icarəyə vermişdir. Azərbaycan Respublikası Əli Bayramlı şəhər (Şirvan) İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 65 saylı sərəncamından görünür ki, “Qarabağ əlilləri cəmiyyəti” nəzdində 2 qrup Qarabağ əlili Cavabdeh Rahman oğlunun Vidadi küçəsi ilə A.Əhmədov küçəsinin kəsişməsində 11 saylı məktəbin cənub Baş Şirvan Kollektorunun şimal hissəsində 9,0 kv.m torpaq sahəsi ayrılmaqla ticarət köşkü tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Əli Bayramlı şəhər Bələdiyyəsi sədrinin 16 dekabr 2004-cü il tarixli 279 saylı Sərəncamından görünür ki, şəhər sakini İİ qrup Qarabağ əlili Cavabdeh Bələdiyyə büdcəsinin daxilinin sahibkarlıq fəaliyyəti üçün ticarət obyektinin tikintisinə icazə verilməsi, ticarət obyektinin tikintisi üçün şəhərin Vidadi küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən ərazidən 140 kv.m torpaq sahəsi icarəyə verilməsi və müvafiq icarə müqaviləsi bağlanmışdır. 17 aprel 2006-cı il tarixli 776 saylı torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, icarəverən Azərbaycan Respublikasının Əli Bayramlı şəhər Bələdiyyəsi onun sədrBabayev Əfsalağa Miraslan oğlu icarəçi Cavabdeh Əli Bayramlı şəhər H.Əliyev prospektində yerləşən ümumi sahəsi 140 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verilmişdir. İcarə müqviləsi 17 aprel 2006-cı il tarixdən 17 aprel 2020-ci il tarixə qədər müddətə bağlanmışdır. 20 aprel 2020-cı il tarixli 08 saylı torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, icarəverən Azərbaycan Respublikasının Əli Bayramlı şəhər Bələdiyyəsi onun sədri X5 icarəçi Cavabdeh Şirvan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 279 saylı qərarı əsasında Şirvan şəhəri Vidadi küçəsində yerləşən ümumi sahəsi 140 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verilmişdir. İcarə müqaviləsi 20 aprel 2020-ci il tarixdən 22 aprel 2030-cu il tarixə qədər müddətə bağlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin 26 yanvar 2026-cı il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 30 iyul 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli (52 nömrəli reyestr kitabının 30 nömrəli vərəqi) çıxarışa əsasən İddiaçı xx.xx.2024-xx.xx.2026 tarixə 2 il müddətinə icarəyə verilmiş Şirvan şəhəri H.Əliyev prospektində yerləşən 0.0074 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X3 X4 (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri (kontur və koordinatları) müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. Şirvan Bələdiyyəsi və Cavabdeh arasında bağlanmış 20 aprel 2020-ci il tarixli 08 saylı icarə müqaviləsi ilə Cavabdeh 22 aprel 2030-cu il tarixə qədər icarəyə verilmiş Şirvan şəhəri Vidadi küçəsində yerləşən ümumi sahəsi 140 kv.m olan torpaq sahəsinin ilkin torpaqayırma sxemi və döngə nöqtələrinin koordinatları olmadığından mövcud baza məlumatlarında və TEKUİS-də qeyd olunan koordinatlara uyğun olaraq sərhədlərinin (kontur və koordinatları) muəyyən edilməsi mümkün olmamışdır. Lakin Cavabdeh Rahman oğlunun iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahasinin kontur və koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. İddiaçı icarəyə verilmiş torpaq sahəsi (74 kv.m) ilə Cavabdeh iddia etdiyi torpaq sahəsi (156.kv m) üst-üstə düşür. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDİRİLMASİ: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək istifadəsində olan Şirvan şəhəri H.Əliyev prospektində yerləşən 0.0074 ha torpaq sahəsi üzərində inşa edilmiş avtoyuma məntəqəsindən Cavabdeh məxsus ** BE *** dövlət qeydiyyat nömrəli “ZAZ” markalı nəqliyyat vasitəsi cavabdehin vəsaiti hesabına çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri H.Əliyev prospektində yerləşən 0.0074 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi əsasında yüklü edilmiş torpaq sahəsində avtoyuma məntəqəsi inşa edilmişdir. Qeyd edilən avtoyuma məntəqəsi uzun illərdir ki, fəaliyyət göstərir. Cavabdeh onun doğma qardaşıdır. Lakin münasibətləri normal deyildir. Qeyd edilən avtoyuma məntəqəsində Cavabdeh məxsus ** BE *** dövlət qeydiyyat nömrəli “ZAZ” markalı nəqliyyat vasitəsini qəsdən saxlamaqla hüquqları məhdudlaşdırılır. Avtoyuma məntəqəsində qanunsuz saxlanılan cavabdehə məxsus nəqliyyat vasitəsinin çıxarılması barədə müraciəti müsbət nəticə verməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdə 52 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində 30 iyul 2024-cü il tarixdə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilərək ona dəymiş 2000 manat miqdarında maddi ziyanın ödənilməsini tələb etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əli Bayramlı şəhər (Şirvan) İcra Hakimiyyəti Başçısının 65 saylı sərəncamı ilə xx.xx.1995-ci il tarixdə ona “Qarabağ əlilləri cəmiyyəti” nəzdində 2 qrup Qarabağ əlili Cavabdeh Rahman oğlunun Vidadi küçəsi ilə A.Əhmədov küçəsinin kəsişməsində 11 saylı məktəbin cənub Baş Şirvan Kollektorunun şimal hissəsində 9,0 kv.m torpaq sahəsi ayrılmaqla ticarət köşkü tikintisinə icazə verilmişdir. İndiki halda İddiaçı Rəhman qızının və qardaşı Nümayəndə bu məqsədlə hüququ yüklü edilmiş şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşlarına yalan məlumat verməklə, saxtakarlıq edərək onları aldatmışdır. Halbuki, həmin sözügedən qərar xx.xx.1995-ci il tarixdə verilmiş, indiki 140 kv.m. tikintialtı sahəni atası Rəhman ilə birgə inşa etdirmişlər. Bələdiyyələr yarandığı vaxtdan həmin torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixdə 776 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Bələdiyyə ilə faktiki torpaq icarə müqailəsi mövcud olduğundan, üstəlik də həmin sahəyə dair xx.xx.1995-ci il tarixindən müavfiq Sərəncam ola-ola, üstəlik də Əli Bayramlı (Şirvan) şəhər Bələdiyyəsi sədrinin 279 saylı xx.xx.2004-cü il tarixli 140,0 kv m torpaq sahəsinə dair Sərəncamı mövcud olduğundan həmin sənədləri saxta məlumat və sənədəri saxtalaşdırmaqla Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşlarını aldadaraq, indiki halda cavabdeh və digərləri öz məqsədlərinə çatmışlar. İddiaçı Rəhman qızının xeyrinə yüklü edilən 0.0074 ha torpaq sahəsi onun xəbəri olmadan qanunsuz və əsassız olaraq xx.xx.2024-cü il tarixində 2 müddətinə xx.xx.2024-cü il xx.xx.2026-cı il tarixinə icarə hüququ əsasında çıxarış aldıqdan sonra onun obyektində sanitar və digər tikinti zolaqlarında qəsdən bilə-bilə İddiaçı Rəhman qızı tərəfindən söküntü aparılmaqla ona 2000 manatdan çox maddi ziyan vurulmuşdur. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Şirvan Şəhər Məhkəməsinin 03 fevral 2025-ci il tarixli (hakim Aydan Məmmədli) qətnaməsi ilə İddiaçı məxsus Şirvan şəhəri H.Əliyev prospektində yerləşən 0.0074 ha torpaq sahəsi üzərində inşa edilmiş avtoyuma məntəqəsindən Cavabdeh məxsus ** BE *** dövlət qeydiyyat nömrəli “ZAZ” markalı nəqliyyat vasitəsinin Cavabdeh vəsaiti hesabına çıxarılması, Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı icarə müqaviləsi üzrə icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb etmək hüququ olduğundan Şirvan şəhəri H.Əliyev prospektində yerləşən 0.0074 ha torpaq sahəsi üzərində inşa edilmiş avtoyuma məntəqəsindən cavabdehə məxsus ** BE *** dövlət qeydiyyat nömrəli “ZAZ” markalı nəqliyyat vasitəsi çıxarılmalıdır. İşdən görünür ki, Cavabdeh mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nəticəsində tərtib edilmiş çıxarış verilməsinə əsas olmuş icarə müqaviləsini mübahisələndirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı icarə hüququnun əmələ gəlməsi etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (dövlət qeydiyyatı və həmin qeydiyyat əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Cavabdeh ona maddi ziyanın dəyməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, bununla da istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə də, maddi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun alınması hissədə iddia təmin olunmamalıdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR : Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əli Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli 65 saylı Sərəncamı ilə ona 2-ci qrup Qarabağ müharibəsi əlili kimi şəhərin A.Əhmədov küçəsində 11 saylı orta məktəbin cənub, Baş Şirvan Kollektorunun şimal hissəsində 9 kv.m. torpaq sahəsi ayrılmaqla ticarət köşkünün tikintisinə icazə verilmişdir. Daha sonra isə onunla Şirvan Bələdiyyəsi arasında 140 kv.m. torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixdə 17 aprel 2020-ci il tarixə qədər və xx.xx.2020-ci il tarixdə 22 aprel 2030-cu il tarixə qədər icarə müqavilələri bağlanmış və sonuncu icarə müqaviləsi qüvvədədir. Lakin birinci instansiya məhkəməsi bu hala hüquqi qiymət verməmişdir. Şirvan Bələdiyyəsi arasında hazırda da qüvvədə olan 20 aprel 2020ci il tarixli icarə müqaviləsinin mövcud olmasını, icarə müqaviləsi qüvvədə olduğu halda eyni torpaq sahəsinə xx.xx.2024-cü il tarixdə icarə müqaviləsinin necə bağlanmasını, ümumiyyətlə qeyd edilən torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasını aydınlaşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. TƏRƏFLƏRİNİZAHATLARİ: Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, ilkin olaraq Mehman Qarabağ müharibəsi əlili olduğu üçün ona sahibkarlıq fəaliyyəti məqsədilə 9 kv.m torpaq sahəsi Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə ayrılmışdır. 2020-ci ildən sonrakı dövrdə isə yenidən həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bələdiyyə tərəfindən bağlanmış və bələdiyyəyə icarə haqqı ödənilir. Vətəndaş bələdiyyəyə müraciət etdikdə ona torpaq sahəsinin bələdiyyəyə aid olduğu bildirilmişdir. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2024-cü ilin iyun ayında müvafiq sənədləşmə aparıldıqdan sonra torpaq sahəsi zəbt edilmişdir. İş materiallarında olan müqavilələr ziddiyyətlidir. Belə ki, 17 aprel 2006-cı il tarixli müqavilədə bələdiyyənin müvafiq qərarı mövcud deyildir. Bununla belə, iş materiallarına əsasən tərəfin torpaq sahəsi üzərində icarə hüququ mövcuddur və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, 2024cü ilin iyun ayında sənədləşmə aparıldıqdan sonra 74 kv.m sahə İddiaçı təhvil verilmişdir. Həmin ərazi avtomobil yuma məntəqəsi kimi istifadə olunur, bağlı vəziyyətdədir və açarı özlərindədir. Bununla belə, cavabdehə məxsus avtomobil həmin ərazidə saxlanılmaqda davam edir və bu günədək götürülməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-in 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsindən görünür ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. MM-in 158.1, 158.2 və 158.4-cü maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MM-in 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. MM-in 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Qanunun 15-ci maddəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. İcarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir. İcarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 6-cı maddəsinə əsasən bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərindən biridir. TM-in 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezidentin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan X3 uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında X3 uçotu işləri aparılmış və həmin məlumatlar X3 uçotu informasiya sisteminə və “AZCAD”a inteqrasiya edilmişdir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdır. Məhkəmə tərkibi hesab edir ki, İddiaçı icarə hüququnun əmələ gəlməsinə əsas olmuş çıxarış etibarsız hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı həmin hüquqların yaranmasının yeganə sübutudur və bu hüquqlar dövlət tərəfindən qorunur. Dövlət qeydiyyatına alınmış hüququn məhdudlaşdırılması, dəyişdirilməsi və ya ona xitam verilməsi yalnız qanunla nəzərdə tutulmuş hallarda və müvafiq qaydada mümkündür. Həmin hüququn etibarsız hesab edilməsi yalnız məhkəmə qaydasında və müvafiq hüquqi əsaslar olduqda mümkündür. İşin apellyasiya baxışı zamanı əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin 26 yanvar 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəyə verilmiş torpaq sahəsi (74 kv.m) ilə Cavabdeh iddia etdiyi torpaq sahəsi (156 kv. m) üst-üstə düşür. Beləliklə məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi idarəsinin 26 yanvar 2026-cı il tarixli mütəxəssis rəyinin verilməsi ilə əlaqədar tədqiqatın dəyəri qismində ödənilmiş 95 manat məbləğində pul vəsaiti Cavabdeh özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(032)-71/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar