Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-827/2024 16.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Açar sözlər: şifahi nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(071)-110/2024 saylı qətnaməsindən (hakim Orxan Bayramov) cavabdehin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37000 manat məbləğində pulun və 201 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehə 2021-ci ilin aprel ayından 48000 manat dəyərində bitki dərmanları satmışdır. Cavabdeh 1 il ərzində ona 11000 manat pul qaytarmış, 37000 manat borclu qalmışdır. Cavabdehlə dəfələrlə danışmağına baxmayaraq o, pulu qaytarmaqdan imtina etmişdir. Onun bu hərəkətlərinə görə Salyan RPŞ-yə şikayət etmiş, müvafiq araşdırma aparılmış və araşdırma zamanı cavabdeh 43000 manat dəyərində dərman bitkiləri aldığını etiraf etmişdir. İddiaçı onun tərəfindən ödənilən 201 manat məhkəmə rüsumunu cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ondan 48000 manat dəyərində bitki dərmanları almış, 11000 manat pulu qaytarmışdır. Cavabdehin ona 37000 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə İddiaçı izahatının məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, 2021-2022-ci illər ərzində iddiaçıdan 48000 manatlıq bitki dərman almışdır. Bundan sonra o, iddiaçıya 11000 manat pulu nağd şəkildə vermiş, 4680 manat pulu iddiaçının kart hesabına göndərmiş, 8320 manat dəyərində olan bitki dərmanlarını isə onların keyfiyyətsiz olması səbəbindən iddiaçının özünə qaytarmışdır. Bundan başqa onun atası tərəfindən iddiaçıya nağd şəkildə 10000 manat pul verilmişdir. Hazırda onun iddiaçıya 13000 manat borcu qalmışdır. Məhkəmə iclasında cavabdehin vəkili X3 izahatında bildirmişdir ki, Səfərin satdığı dərmanlar keyfiyyətsiz olmuş və Udulu kənd sakinləri Hacıqabul RPŞ-yə bununla bağlı şikayət etmişlər. Hesab edirlər ki, iddia əsassızdır. O iddianın qismən 13000 manat olan hissəsini qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(071)-110/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 37000 manat (otuz yeddi min) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 201 (iki yüz bir) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin qismən, 13000 manat olan hissəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə 2021-ci ilin aprel ayında 48000 manat dəyərində bitki dərmanları satmışdır. Cavabdeh 1 il ərzində ona 11000 manat pul qaytarmış, 37000 manat borclu qalmışdır. Bununla bağlı Salyan RPŞ-yə şikayət etmiş, müvafiq araşdırma aparılmış və araşdırma zamanı cavabdeh 43000 manat dəyərində dərman bitkiləri aldığını etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2021-2022-ci illər ərzində iddiaçıdan 48000 manatlıq bitkı dərman almışdır. Bundan sonra iddiaçıya 11.000 manat pulu nağd şəkildə vermişdir. 4680 manat pulu iddiaçının kart hesabına göndərmişdir, 8320 manat dəyərində olan bitki dərmanlarını isə onların keyfiyyətsiz olması səbəbindən iddiaçının özünə qaytarmışdır. Bundan başqa onun atası tarəfindən iddiaçıya nağd şəkildə 10000 manat pul verilmişdir. Hazırda iddiaçıya 13.000 manat borcu qalmışdır, bu səbəbdən də, iddianın qismən 13000 manat olan hissəsini qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, idiaçının satdığı dərmanlar keyfiyyətsız olmuş və Udulu kənd sakinləri Hacıqabul RPŞ-yə bununla bağlı şikayət etmişlər. Məhkəmə iclası zamanı "eManat" ödəniş sistemi tərəfindən çap olunmuş bir neçə qəbz təqdim etmişdır. Həmin qəbzlər məhkəmə iclasında tədqiq edilmiş və həmin qəbzlərdə iddiaçının kart hesabına göndərilən pul məbləğləri öz əksini tapmışdır. Həmin qəbzlərdə göstərilən məbləğlərin 11000 manatdan əlavə, məhz 4680 manat pulun iddiaçının kart hesabına göndərilmişdir. Lakin buna baxmayaraq, məhkəmə əsassız olaraq iddiaçının heç bir sübuta söykənməyən ifadəsinə istinad edərək qəbzlərdə qeyd edilən məbləğlərin iddiaçıya ödənilən 11000 manat məbləğin tərkib hissəsi olması, qəbzlərdə göstərilən məbləğlərin iddiaçıya ödənilmiş 11000 manatdan əlavə ödənişin olmasını təsdiq edən sübutların olmaması əsasına istinad etməklə iddia tələbini təmin etmişdir. Bundan başqa, məhkəmə 10.000 manat pulun atası tərəfindən ödənilməsini, habelə onun tərəfindən 8320 manat dəyərində keyfiyyətsiz bitki dərmanlarını iddiaçıya geri qaytarmışdır. Məhkəməyə təqdim olunmuş "eManat" ödəniş sistemi tərəfindən çap olunmuş qəbzlərlə iddiaçının kart hesabına ödənilmiş 4680 manat pulun iddiaçıya ödənilmiş 11000 manatdan əlavə ödəniş olmasını təsdiq edən sübutları təqdim edir. Birincisi, iddiaçı iddiaərizəsində 2021-ci ilin aprel ayından ona 48000 manat dəyərində dərman satdığını, 1 il ərzində ona 11.000 manat pul verdiyini bildirmişdir. İkincisi, iddiaçı məhkəmə iclasında və Hacıqabul Rayon PŞ-də vermiş olduğu izahatında onun kart hesabına 2023-cü ilin yanvar ayınadək 11.000 manat ödəniş etdiyini bildirmişdir. Lakin "eManat" ödəniş sistemi tərəfindən çap olunmuş qəbzlərdən müəyyən olunur ki, iddiaçının kart hesabına ödənilmiş 4680 manat pul 2023cü ilin yanvar ayından sonrakı tarixə aiddir. Demək, o, iddiaçıya 11.000 manat ödənişdən başqa, həmdə sonrakı tarixlərdə, yanvar ayından sonrakı tarixdə 4680 manat ödəniş etmişdir. Lakin buna baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçının kart hesabına 4680 manat pul göndərilmişdir. Bundan başqa cavabdehin atası tərəfindən də iddiaçıya 10000 manat nağd pul verilmişdir. Həmçinin iddiaçının cavabdehə vermiş olduğu dərmanların bir hissəsi yararsız olduğundan 8320 manat məbləğində dərmanlar natura şəklində iddiaçıya qaytarılmışdır. Bildirmişdir ki, dərmanların geri qaytarılması ilə bağlı və cavabdehin atası tərəfindən iddiaçıya 10000 manat ödəniş edilməsi ilə bağlı hər hansı sübutları yoxdur. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, cavabdeh tərəfindən ona yararsız adı ilə hər hansı dərmanlar qaytarılmamışdır. Həmçinin ümumiyyətlə cavabdeh ona əlbəəl olaraq hər hansı pul məbləği verməmişdir. Cavabdehin ona vermiş olduğu 11000 manat pul yalnız onun kart hesabına ödənilmişdir. Cavabdehin 11000 manatdan əlavə ona 4680 manat ödəniş etməsi yalandır. Ona əlavə olaraq 4680 manat ödənilməyib. Cavabdehin ona ödəniş etdiyi məbləğ cəmi 11000 manat olub. Bundan başqa cavabdehin atası tərəfindən də ona hər hansı pul vəsaiti ödənilməyib. 3 ildən artıqdır ki, cavabdehə bitki dərmanları vermiş, lakin cavabdeh indiyədək həmin dərmanların dəyərini ona tam qaytarmamışdır. Hazırda cavabdehin ona ödənilməmiş qalan 37000 manat pul borcu vardır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın qismən, 13000 manat hissəsinin təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını, məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Cavabdeh tərəfindən Salyan RPŞ-nin İB-nə yazdığı yazılı izahatında o, iddiaçıdan 43000 manatlıq bitki dərmanları aldığını, sonradan aldığı dərmanların pulunu ödədiyini, iddiaçıya 13000 manat borcu qaldığını bildirmişdir. Lakin cavabdeh birinci instansiya məhkəməsində göstərmişdir ki, iddiaçıdan 48000 manat dəyərində ziyanvericilərə qarşı dərmanlar almışdır. Qeyd etmişdir ki, 48000 manat dəyərində dərmanlar alsa da iddiaçıya 4680 manat pul vermiş, həmçinin 8320 manat dəyərində yararsız dərmanı naturada onun özünə qaytarmışdır. Bundan başqa atası tərəfindən də iddiaçıya 10000 manat pul verildiyini qeyd etmişdir. Lakin iddiaçı qeyd edilənlərlə bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində də iddiaçıdan 48000 manat dəyərində dərmanlar almasını qeyd etmişdir. İddiaçı isə cavabdehin ona cəmi 11000 manat pul qaytardığını və 37000 manat borclu qaldığını bildirmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı şifahi alqı-satqı müqaviləsi əsasında satdığı bitki dərmanlarının pulunu tələb edir. Birinci instansiya məhkəməsi cavabdehin iddianı etiraf etməsinə, eyni zamanda tərəflərin borcun bir hissəsinin cavabdeh tərəfindən ödənilməsinə dair izahatlarına əsaslanaraq iddianı qismən təmin etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini qismən 24000 manat hissəsində mübahisələndirir. Şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdeh borcu ödəmiş, iddiaçıya 13000 manat borcu qalmışdır. Buna dair sübutlarını məhkəməyə təqdim etsə də, məhkəmə əsassız olaraq ondan 37000 manat pul tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, cavabdeh 37000 manat borcunun olmasını etiraf etdiyindən, borcun bir hissəsini ödədiyini sübut etmək vəzifəsi onun üzərinə düşür. Lakin cavabdeh borcu ödəməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(071)-110/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-827/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-827/2024
16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver