Məhkəmə qərarları › İş №2(106)-831/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-831/2024

20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-831/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1426/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə Bakı şəhərində “Atlas” klinikasında 2020-ci ildə tanış olmuşdur. O zaman cavabdeh həmin klinikada marketinq vəzifəsində çalışırdı. Hazırda onun sonuncu çalışdığı yer Bakı şəhərində “İncir and Global Health” klinikasıdır. Onların münasibətləri o qədər səmimi şəkil almışdır ki, cavabdeh ondan bir neçə dəfə borc pul da istəmişdir. İddiaçı da bir neçə dəfə onun xahişini nəzərə alıb ona borc pul vermişdir. İddiaçının etibarını qazanmaq üçün cavabdeh aldığı borc pulu söz verdiyi müddətdən də tez geri qaytarırdı. Bu hal bir neçə dəfə təkrar olunmuşdur. Borca görə söylədiyi problemlər də guya ailəsi ilə bağlı olmuşdur. Sonuncu dəfə cavabdeh ailəsindəki problemlərlə əlaqədar iddiaçıdan 6500 manat borc pul istəmiş, iddiaçı da onun xahişini nəzərə alıb 30 may 2023-cü il tarixində 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisində cavabdehə kredit müqaviləsi ilə 6500 manat borc pul vermişdir. Müqavilədə nəzərdə tutulduğu müddətdə cavabdeh pulu qaytarmamışdır. Sonrakı tarixlərdə borcu qaytarması ilə əlaqədar etdiyi müraciətlərə cavab olaraq cavabdeh guya aldığı borcun 2500 manatını iki şahidin iştirakı ilə ona qaytardığını demişdir. İddiaçının telefon zənglərinə cavab vermədiyi üçün o, cavabdehin iş yerinə də getmişdir. Aldığı borcu tamamilə inkar edən cavabdeh iddiaçını və həyat yoldaşını şantaj etməklə qalmayıb, hətta onları məhkəməyə və ya polisə müraciət edəcəkləri təqdirdə ölümlə də hədələmişdir. İddiaçı hazırda xəstəliyi ilə bağlı müalicə aldığı üçün maddi imkanı həddindən artıq məhduddur. Ona görə o, hazırda ağır maddi vəziyyətə düşmüşdür. Astara Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(018)-1426/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin olunmuş, Cavabdeh verilmiş borca görə 6500 manat və ödənilmiş dövlət rüsumuna görə 86 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(018)-1426/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesləri haqqında vaxtında lazımi qaydada xəbərdarlıqları almadığı üçün qətnaməni rəsmi qaydada yalnız 29 fevral 2024-cü il tarixdə ala bilmişdir. Qətnamənin onun iştirakı olmadan çıxarılması müdafiə hüququnu kobud surətdə pozmuşdur. Məhkəmə işin hallarını birtərəfli araşdırmış, sübutların təqdim edilməsinə və çıxış etməsinə imkan verməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Astara Rayon Məhkəməsi mühakimənin çəkişmə və tərəflərin bərabərliyini təmin etmədən işə baxıb qanunsuzluq etmişdir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Astara Rayon Məhkəməsi iddiaçı tərəfindən əlavə edilmiş sübutları sadalamış, qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən əl-ələ və bank vasitəsilə ödənilən pul vəsaitləri nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinə sübutlarını ona görə təqdim edə bilməmişdir ki, məlumatı olmadığı üçün məhkəmə proseslərində iştirak edə bilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, o, 30 may 2023-cü il tarixli kredit müqaviləsi əsasında İddiaçı nəinki 6500 manat məbləğində, ümumiyyətlə hər hansı məbləğdə borc almamışdır. Həmin müqavilə ona imzalatdırılanda müqavilənin digər tərəfinin İddiaçı olmasını bilməmişdir. O, İddiaçı əri Bəhruz Tağıyevdən 5000 manat borc götürmüşdür, lakin həmin borcu qaytarmış, cəmi 100 manatı qalmışdır. Bununla bağlı qəbzləri də var və onları apellyasiya şikayətinə əlavə etmişdir. Eyni zamanda, həmin borc üzrə 2500 manatı da nağd şəkildə Bəhruz Tağıyevə ödəmişdir. Bəhruz Tağıyev ona başqa təkliflər də etmiş, o da Bəhruz Tağıyevə yox demişdir. Hətta gecə saat 1-in yarısında onun evinə də gəlmişdir. O, Bəhruz Tağıyevə yox dedikdən sonra ona qarşı hazırkı iddia qaldırılmışdır. Həmçinin, qeyd etdi ki, onun birinci instansiya məhkəməsində aparılan məhkəmə icraatı barəsində məlumatı olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunundan və mahiyyətindən görünür ki, cavabdehin apellyasiya şikayəti iddia tələbinin rədd edilməsinə yönəlmişdir. Buradan isə aydın olur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə surəti olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 30 may 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 6500 manat məbləğində pul borc vermiş, borc alan krediti 05 iyun 2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda işin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh ümumiyyətlə İddiaçı hər hansı məbləğdə borc almadığını, borcu onun əri Bəhruz Tağıyevdən aldığını, sonuncudan aldığı borca görə ödənişlər etdiyini, kredit müqaviləsinin digər tərəfinin Cavabdeh olmasından xəbərsiz olduğunu bildirir. Məhkəmə kollegiyası ilk öncə cavabdehin müqavilənin digər tərəfi kimi iddiaçının çıxış etməsindən xəbərsiz olmasına dair dəlili ilə bağlı bildirir ki, bu dəlil əsaslı hesab edilə bilməz. Belə ki, 30 may 2023-cü il tarixli kredit müqaviləsindən də göründüyü kimi, həmin müqavilənin bağlanıldığı vaxt müqaviləni cavabdehin özü də imzalamış, bu zaman müqavilə ilə tanış olmuş, müqavilə üzrə borc verən kimi İddiaçı çıxış etməsi barədə məlumatlı olmuşdur. Ona görə də cavabdehin qeyd edilən dəlili əsaslı hesab edilə bilməz. Həmçinin, cavabdeh iddiaçıdan hər hansı məbləğdə borc almadığını bildirsə də, 30 may 2023-cü il tarixli kredit müqaviləsini imzalamaqla cavabdeh iddiaçıdan 6500 manat məbləğində pul borc aldığını təsdiq etmiş, həmin borcu 05 iyun 2023-cü ilədək qaytarmağı öhdəsinə götürmüş, müqavilə isə notarial qaydada təsdiq olunmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçıdan hər hansı məbləğdə borc almadığı təqdirdə sözügedən müqaviləni imzalamamaq hüququna malik olmuş, cavabdehə müqavilə tərəfi kimi hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş, cavabdeh isə müqaviləni imzalamaqla bunları təsdiq etmişdir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, 30 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıdan 6500 manat məbləğində borc alması faktı öz təsdiqini tapır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Kredit müqaviləsinin cavabdeh tərəfindən də imzalanması məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. Cavabdeh öz imzası ilə iradəsini bəyan etmiş, kredit müqaviləsinin məzmununun həqiqiliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında bağlanmış 30 may 2023-cü il tarixli kredit müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmir və iddiaçının həmin kredit müqaviləsinə əsaslanaraq hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur. Kredit müqaviləsindən də göründüyü kimi, tərəflər arasında həmin müqavilə üzrə hüquq münasibətləri 30 may 2023-cü ildə yaranmışdır. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 739-cu və 740-cı maddələrinin tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətnindən görünür ki, qanunverici borc müqaviləsinin predmetinin məbləğinin üç min manatdan çox olduğu halda, müqavilənin yazılı formada bağlanmasına dair qayda müəyyən etmiş, hazırda da tərəflər predmetinin məbləği 6500 manat olan kredit müqaviləsini yazılı qaydada bağlamış, müqavilə notarial qaydada təsdiq olunmuşdur. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası bildirir ki, 30 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə tərəflər arasında öhdəliyin əmələ gəldiyini təsdiq edir. Apellyasiya məhkəməsinin iclasında cavabdeh iddiaçıdan deyil, iddiaçının əri Bəhruz Tağıyevdən 5000 manat məbləğində borc aldığını və həmin borc üzrə ödənişlər etdiyini bildirmiş, etdiyi ödənişlərlə bağlı bir sıra qəbzlərin surətlərini apellyasiya şikayətinə əlavə etmişdir. Həmin qəbzlərdən T***** B***** İ***** oğlu adlı şəxsin 416973******7462 nömrəli kartına 300 manat, 500 manat və 600 manat məbləğində pul mədaxil olunduğu görünür. Lakin sözügedən qəbzlər üzrə ödənişlərin məhz 30 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı olmasını təsdiq edən hər hansı sübut təqdim olunmamış, həmin pul məbləğlərinin karta mədaxil edilməsinin təyinatının nədən ibarət olması faktı təsdiq olunmamışdır. Bundan başqa, sözügedən məbləğlərin kredit müqaviləsi üzrə borc verən olan İddiaçı ödənilməsi də müəyyən olunmur. Cavabdehin təqdim etdiyi digər qəbz üzrə (265 manat) də ödənişin məhz iddiaçıya kredit müqaviləsi üzrə borca görə ödənilməsi halı müəyyən edilmir. Bundan başqa, cavabdeh apellyasiya məhkəməsinin iclasında 2500 manat məbləğində ödənişi iddiaçının əri Bəhruz Tağıyevə əlbəəl ödədiyini bildirsə də, bununla bağlı da hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, tərəflər kreditin ödəniş qaydasını 30 may 2023-cü il tarixli kredit müqaviləsinin 6-cı bəndində nəzərdə tutmuşlar. Həmin bənddə qeyd olunur ki, borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Lakin hazırda cavabdeh müqavilə şərtinə uyğun olaraq, ödənişin edilməsini təsdiq edən borc sənədi üzrə iddiaçı tərəfindən edilmiş qeydlərə dair hər hansı sübut da təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlardan da göründüyü kimi, cavabdehin 30 may 2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyini iddiaçı qarşısında icra etməsi faktı iş materialları ilə müəyyən olunmur. Buna görə də məhkəmə kollegiyası bildirir ki, iddiaçının hazırkı tələbi əsaslı olmuş, birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarət olmuşdur ki, o, məhkəmə iclasları barəsində lazımi qaydada məlumatlandırılmamışdır. Halbuki, iş materiallarının 29-cu vərəqində olan poçt zərfindən görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan 1i ünvanına məhkəmə bildirişi göndərilmiş olsa da, zərf cavabdehin köçməsinə dair qeyd edilməklə məhkəməyə geri qaytarılmışdır. Bundan əlavə, iş materiallarının 28-ci vərəqində olan poçt zərfindən isə görünür ki, cavabdehin apellyasiya şikayətində də qeyd etdiyi ünvan olan ünvan 2in zərf də cavabdehin köçməsinə dair qeyd edilməklə məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlandırılması ilə bağlı üzərinə düşən öhdəlikləri icra etsə də, məktublar cavabdeh tərəfindən qəbul edilməmişdir. Belə olan halda cavabdehin məhkəmə iclasları barəsində lazımi qaydada məlumatlandırılmamasına dair dəlili əsaslı hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, hər nə qədər cavabdehin məhkəmə iclasında iştirak etməsi üçün bildirişlərin cavabdehin ünvanına göndərilməsinə baxmayaraq, bildirişlər onun tərəfindən qəbul edilməmiş olsa da, bu hal özlüyündə məhkəmənin düzgün olmayan qətnamə qəbul etməsi ilə də nəticələnməmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 03 oktyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi tam təmin edildiyindən, birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumuna görə 86 manat məbləğində pulun da cavabdehdən alınıb iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(018)-1426/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar