Məhkəmə qərarları › İş №2(106)-838/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-838/2023

24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-838/2023 24.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(041)-595/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(041)-595/2022 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbi qismən təmin edilərək Cavabdeh1 22000 (iyirmi iki min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və Cavabdeh1 əlavə olaraq 156 (yüz əlli altı) manat məbləğdə dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(041)-595/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 58200 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 arvadı, Cavabdeh2 bacısı, Cavabdeh3 isə bacısı oğludur. O, Cavabdeh1 ilə uzun müddət aliə həyatı yaşamış və onların birgə nikahlarından 2 uşaqları olub. Hazırda məhkəmənin qətnaməsinə əsasən Cavabdeh1 ayrılmışdır. O, 2016-cı ildə Kürdəmir rayonu ərazisində törətdiyi cinayət əməlinə görə barəsində cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmiş, yekunda məhkəmənin hökmünə əsasən ona azadlıqdan məhrum etmə növündə cəza verilmişdir. Həmin vaxta kimi onun çox yaxşı maddi imkanı olmaqla şəxsi təsərrüfatında çoxlu sayda xırdabuynuzlu heyvanları, qızıl-zinət əşyaları və “Prado” markalı avtomaşını var idi. Onun barəsində həbs seçilib istintaq aparılarkən cavabdehlər əlbir olub guya onu həbsdən qurtarmaq üçün malını-mülkünü satmaqla məşğul olmuşlar. Cavabdehlər 42000 manata “Prado” markalı avtomaşınını, 9200 manat dəyərində qoyunlarını və 7000 manat dəyərində qızıllarını satıb ona heç bir köməklik etməmişlər. Bundan əlavə, cavabdehlər onu həbsdən çıxarmaq adı ilə kənd sakinlərindən də müxtəlif məbləğlərda pul yığıblar. Həmin yığılan pulla az da olsa, ona köməklikləri dəyib. O, həbsdə olarkən cavabdehlərin onun malını-mülkünü satması məlum olmuş, həbsdən çıxanda isə həqiqətən də malmülkünün satıldığını görmüşdür. Bundan sonra cavabdehlərdən haqq hesab etməyə başlamış və cavabdehlərin satdıqları mülkünün pulunu ona xərcləməyib özləri üçün xərclədiklərini görmüş, cavabdehlərdən pulunu tələb etməyə başlamışdır. Cavabdehlər müxtəlif bəhanələr gətirməklə həmin pulu ona verməkdən boyun qaçırdıqlarına görə polisə şikayət etmişdir. Orada araşdırma aparılmış və tələbi mülki xarakterli olduğuna görə ona məhkəməyə müraciət etməsini izah etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozaraq onun dəfələrlə məhkəmə iclasında iştirak etməyi, məhkəmədə iki dəfə təkrar təkrar izahat verməyi və hakimin çaşdırıcı, ziddiyyətli və təzyiq xarakterli suallarına cavab verməsinə baxmayaraq, ondan ərizə alaraq verdiyi izahatı tamamilə dəyişdirmiş və öz istədiyi formada yazdırmışdır. İş materiallarına əlavə olunmuş X2 2021-ci il tarixli müraciəti əsasında Kürdəmir rayon polis şöbəsində araşdırılmış HK-1-1501 saylı materiala əlavə edilmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatlarından görünür ki, Qorxmaz 2016-cı ildə Kürdəmir rayonu ərazisində cinayət hadisəsi törətdiyinə görə Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı tutulandan sonra arvadı Cavabdeh1 baş etibarnamə verərək “Prado” markalı minik avtomobilini, qoyunlarını, Kürdəmir rayonunun Qocalı kəndindəki evini satıb onu həbsdən qurtarmasını tapşırmışdır. Onun tapşırığına əsasən arvadı Elnarə Qorxmaza məxsus olan “Prado” markalı avtomobili, qoyunları və Qocalı kənddəki evi, hətta özünə məxsus qızıllarını da satıb cəmi 20000 manat pul toplayaraq Qorxmazın türmədən çıxarılması üçün Qorxmaza göndərmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə prosesində Kürdəmir rayon Polis şöbəsində verdiyi ifadələrlə eyni məzmunlu izahat verərək onun İddiaçı məxsus “Prado” markaiı minik avtomobilini, qoyunlarını, Kürdəmir rayonunun Qocalı kəndindəki evini və özünə məxsus qızıl-zinət əşyalarını sataraq onların pulunu Qorxmazın həbsdən çıxarılması üçün Qorxmaza göndərdiyini etiraf edərək təsdiq etmişlər, çünki İddiaçı cinayət hadisəsi törədən zaman Bəyi kənd sakinləri olan X6 250 (iki yüz əlli) manat, X1 150 (bir yüz əlli) manat, X7 450 (dörd yüz əlli) manat, X10 1046 (bir min qırx altı) manat, Kürdəmir rayon polis şöbəsinə məxsus xidməti avtomobilinə 15 (on beş) manat olmaqla, ümumilikdə 1911 (bir min doqquz yüz on bir) manat məbləğində maddi ziyan vurmuşdur. O cümlədən, həmin kənd sakinləri olan X8, X12 və X10 bədən xəsarətləri yetirmiş və sağlamlıqlarına ciddi zərər vurmuşlar. Vurulmuş maddi və mənəvi ziyanların hamısı ödənilmiş və həmin şəxslər məhkəmədə İddiaçı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli 1(014)- 125/2016 saylı hökmündə öz əksini tapmışdır. Buradan belə aydın olur ki, Kürdəmir Rayon Məhkəməsi iş üzrə digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 etirafedici ifadələrini sübutlar siyahısından çıxarmış və düzgün nəticəyə gəlməmişdir, çünki həm onun, həm də digər cavabdehlərin məqsədi İddiaçı tapşırığını yerinə yetirmək olmuşdur. İddiaçı ona, Cavabdeh2 və Cavabdeh3 əmlaklarının satılmasını və satıldıqdan sonra pulunu ona göndərilməsini tapşırmışdır. Əmlakların satılmaqda məqsədi İddiaçı həbsdən azad edilməsi olmuşdur. Bu məqsədlə də İddiaçı məxsus “Toyota Land-Cruiser-Prado” minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili 17000 (on yeddi min) manata (etibarnaməsi olduğuna görə sata bilmişdir), 50 baş qoyunu 2000 (iki min) manata, o cümlədən özünə məxsus qızıl-zinət əşyalarını isə 3000 (üç min) manata sataraq pulunu Qorxmaza göndərilməsi üçün digər cavabdehlərə, yəni Cavabdeh2 və Cavabdeh3 vermişdir, həmçinin məhkəmə prosesində Cavabdeh2 və Cavabdeh3 toplanan vəsaitin arvadı Cavabdeh1 Qorxmaza məxsus olan “Prado” markalı avtomobili, qoyunları və Qocalı kəndindəki evi, hətta özünə məxsus qızıllarını da satıb cəmi 20000 manat pul toplayaraq Qorxmazın həbsdən çıxarılması üçün Qorxmaza göndərdiyini etiraf etmşlər. 2021-ci ildə İddiaçı Kürdəmir rayon polis şöbəsinə şikayət ərizəsi ünvanladıqda ondan yox, digər cavabdehlədən şikayət etmişdir. Əgər ondan şikayət etsə idi, onda onu da Polis şöbəsinə dəvət edib izahatını alardılar, ancaq bu mübahisə ilə bağlı heç vaxt polis şöbəsinə dəvət olunmamış və izahat verməmişdir. Bunu iş materiallarına əlavə olunmuş Kürdəmir rayon polis şöbəsində araşdırılmış HK-1-1501 saylı materialada da görmək mümkündür. Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 595/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edilir ki, “Cavabdeh1 22000 (iyirmi iki min) manat məbləğində pulun alınaraq iddiaçı X3 verilsin”. Hazırkı iş üzrə hansı borc məbiəğindən söhbət gedir? Ümumiyyətlə onun İddiaçı nə borcum ola bilər ki? Hətta öz qızıl-zinət əşyalarını da satıb Qorxmaza göndərmişdir. İddiaçı yaxşı bilir ki, satılan bütün əmlaklarının pulunu bacısı və bacısı oğluna vermişdir. Göndərilən pullar da təyinatı üzrə çatıbdır. Lakin göründüyü kimi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-595/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanunsuz çıxarılmışdır. Məhkəmə sübutlara düzgün qiymət verməmiş və işin faktiki hallarını nəzərə almamışdır. Cavabdeh1 məhkəmədə izahat verərək bildirmişdir ki, keçmiş əri İddiaçı cinayət törətdiyi üçün 4 müddətinə azadlıqdan məhrum edilmişdir. Nikah pozulmamışdan əvvəl cavabdehlər, yəni iddiaçının bacısı Cavabdeh2, bacısı oğlu Cavabdeh3 və tanımadığı Elburus adlı şəxs onu apardılar həbsxanaya iddiaçı orada ona etibarnamə vermişdir. İddiaçının bacısı iş üzrə Cavabdeh2 Ağcabədi rayonunda yaşadığı üçün maşını Ağacabədi rayonuna apararaq ona orda bilmədiyi idarənin qarşısında və bilmədiyi sənədə imza etdirərək maşını satdılar. Cavabdehlərin dediyinə görə 17000 manata satıblar. Onlar maşını satsalar da, pulu bacısı Cavabdeh2 və onun oğlu Cavabdeh3 götürmüşdür. Elburus cavabdehlərə sənədləşmə işlərində kömək edən şəxs idi. Elburusu iddiaçı özü də tanıyırdı. İddiaçının bacısı Vəsilə ilə oğlu onlara gələrək bildirmişdir ki, təcili pul lazımdır ki, Qorxmazı həbsdən qutarsınlar. O da qonşuda iri və xırda buynuzlu mal qaranın satışı ilə məşqul olan şəxs var idi. Ona zəng vurmuşdur ki, həyətdə 45 baş oyun var. Qorxmazı həbsdən qutarmaq üçün pul lazım olduğunu bildirmişdir. O da Sabirabad rayon sakini Qadir adlı şəxs zəng vuraraq satlıq qoyun-quzu olduğunu bildirmişdir. Həmin şəxs də onlara gələrək Vəsilənin iştirakı ilə 45 baş qoyun-quzunu 2000 manata sataraq pulu Vəsiləyə verdi. Qızıllara gəldikdə isə Vəsilə ilə birlikdə Sabirabad rayonuna gedərək orada qızılları lambarda qoyaraq pul götürmüşdür. Sonra pulu ödəyə bilmədiyi üçün həmin qızıllar lombardda qalmışdır. İddiaçı məhkəmədə izahat verərək bildirmişdir ki, Cavabdeh1 keçmiş arvadı, Cavabdeh2 bacısı, Cavabdeh3 isə bacısının oğludur. 2016-cı ildə Kürdəmir rayonu ərazisində törətdiyi cinayət əməlinə görə barəsində cinayət işi başlanmış və məhkəmənin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin vaxta kimi onun çox yaxşı maddi imkanı olmaqla şəxsi təsərrüfatında çoxlu sayda xırdabuynuzlu heyvanlarım, qızıl-zinət əşyalarım və “Prado” markalı avtomaşını var idi. O, Gəncə şəhərində istintaq təcridxanasında olarkən arvadı Elnarə, bacısı Vəsilə və bacısının oğlu Ceyhun oraya gəlmişlər. Ceyhun bildirmişdir ki, “Elnarəyə etibarnamə ver, adına olan əmlakları sataq səni həbsdən qurtaraq”. O, əmlaklarının satılmasına dair Elnarəyə etibarnamə vermiş və bildirmişdir ki, adına olan əmlakları satıb pulunu versin Ceyhuna ki, onu köməklik etsin. Amma əmlaklarının satılmasını cavabdehlərdən hansına həvalə etməyi yadında deyildir. O, həbsdən çıxanda görmüşdür ki, cavabdehlər tərəfindən onun əmlakları satılmışdır. Cavabdehlərdən pulunu tələb etsə də, onlar müxtəlif bəhanələrlə pulunu verməkdən boyun qaçırmışlar. Bacısı oğlu Ceyhun ona bildirmişdir ki, həbsdən çıxandan sonra ona köməklik edəcəkdir. Həbsdən çıxandan sonra bacısı oğlu Ceyhun ona 10000 manat dəyərində “Mercedes Benz” markalı avtomobil almışdır. Ona məxsus olan “Prado” markalı avtomaşını Ceyhun satmış, pulunu da özü mənimsəmişdir. Ona görə də, həbsdən çıxanda ona yeni maşın almışdır. Maşının neçəyə satılmasından məlumatı olmamışdır. Amma Elnarə ona bildirmişdir ki, maşın 17000 manata Ceyhun tərəfindən satılmışdır. Çünki, onun həbsdən azad olmağı barədə guya ona kömək edən Ceyhun idi. Cavabdeh2 izahatında bildirmişdir ki, sözügedən “Prado” markalı avtomobili iddiaçının arvadı iş üzrə cavabdeh olan Elnarə satmışdır. Maşını satmaq üçün müştərini oğlu Ceyhun tapmışdır. Onun iştirakı ilə 15800 manata Ağcabədi rayonunda alqı-satqı müqaviləsi əsasında oğlu Ceyhunun iştirakı ilə satmış, pulunu da Elnarə götürüb getmişdir. Qızıllar Elnarənin özündə olub qızılların və qoyunların satılmasından xəbəri olmamışdır. Qorxmaz həbsdən çıxdıqdan sonra Ceyhun ona pay olaraq 10600 manat dəyərində “Mersedes Benz” markalı maşın almışdır. Maşın xarab olduğu üçün Ceyhun həmin maşını təmir etmək üçün 2000 manat pul xərcləmişdir. Maşını satanda maşına çəkdiyi 2000 manat pulu götürməmişdir. Cavabdeh3 izahatında göstərmişdir ki, Cavabdeh2 onun anasıdır. O, yalnız “Prado” markalı avtomaşının satılmasında iştirak etmiş, qızılların və heyvanların satılmasından məlumatı olmamışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(041)-595/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli Seriya AA 292898 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildən məcburi köçkün kimi Kürdəmir rayonunda məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı ı X13 HK-1-1501 nömrəli material üzrə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarınıen surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması və toplanmış materialda CM-in 178-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat“ avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli etibarnamə ilə özünə məxsus “Toyota Land-Cruiser-Prado” minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqlarınyerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək digər hərəkətlər etməyi Cavabdeh1 etibar etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı MTCM-nin xx.xx.2019-cu il tarixli 62 nömrəli arayışının surətindən görünür ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 221.3, 315.2 və 66.3-cü maddələri ilə 4 il müddətinə azadıqdan məhrum edilmiş İddiaçı xx.xx.2019-cu il tarixdə 9 saylı MTCM-dən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 2(041)-1119/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsindən alınıb iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2022-ci il tarixli 016-116468-12n nömrəli məktuba əlavə edilmiş “Toyota Land-Cruiser-Prado” markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə DİN Baş X22 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasında mövcud olan məlumatların kompyuter çıxarışından görünür ki, İddiaçı “Toyota Land-Cruiser-Prado” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında xx.xx.2016-cı il tarixdə əldə etmiş və xx.xx.2016-cı il tarixdə etibarnamə ilə Cavabdeh1 vermişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Polis şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş İddiaçı 2021-ci il tarixli müraciəti əsasında araşdırılmış HK-1- 1501 saylı materiala əlavə edilmiş Cavabdeh2 ilə Cavabdeh3 məhkəmə iclasında verdikləri izahata uyğun izahat vermişlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq bildirir ki, hazırkı iş üzrə birinci insitansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti əsasında təmin olunan hissədə mübahisələndirilmişdir. Beləcə, apellyasiya şikayətinin dəlilləri qətnamənin əsaslılığının qeyd edilən hissədə - ona münasibətdə tam yoxlanılmasına yönəlmişdir. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi yekun qənaətə gələrkən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və bunlara lazımi hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən hesab etmişdir ki, Cavabdeh1 iddia tələbini qəbul etmədiyini göstərsə də, o, məhkəmədə izahat verərkən törəttdiyi cinayət hadisəsinə görə həbs edilən və məhkəmənin hökmü ilə əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş əri İddiaçı ona verdiyi etibarnamə əsasında ona məxsus “Prado” markalı minik avtomobilini 17000 manata, 50 baş qoyunları 2000 manata, qızıllarını 3000 manata satıb pulları Qorxmazın bacısı Vəsiləyə, evi 5000 manata satıb 3000 manatını Cəzaçəkmə müəssisəsində olan Qorxmaza, qalan 2000 manatı isə Qorxmazın Ağcabədi rayonunda yaşayan bacısı oğlu Ceyhuna göndərdiyini, evdən götürdüyü 9000 manatı isə Qorxmazın qohumu İbrahimə, bundan əlavə Qorxmazın dostlarında olan borcuna görə 25000 manat pulu toplayıb Vəsilə ilə Elbrusa verdiyini, əldə etdiyi pulun müəyyən hissəsini isə 2 uşaqları ilə birlikdə öz yaşayışlarını təmin etmək üçün özündə saxladığını etiraf etmişdir. Cavabdeh1 qeyd edilən əmlakları satmasını etiraf etməsinə baxmayaraq, iddiaçı tələbində cavabdehlərdən “Prado” markalı avtomobilə görə 42000 manat, 46 baş qoyunlara görə 9200 manat, qızıllara görə 7000 manat olmaqla, ümumilikdə 58200 manat məbləğdə pul vəsaiti tələb edir və həmin əmlakların qiyməti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin Cavabdeh1 satdığı əmlakların pullarını İddiaçı bacısı Cavabdeh2 və bacısı oğlu Cavabdeh3 verməklə onların vasitəsilə Qorxmaza göndərdiyini göstərsə də, Cavabdeh2 və bacısı oğlu Cavabdeh3 Cavabdeh1 onlara pul vermədiklərini bildirmişlər. İddiaçı cavabdehlərdən “Prado” markalı avtomobilə görə 42000 manat, 46 baş qoyunlara görə 9200 manat, qızıllara görə 7000 manat olmaqla, ümumilikdə 58200 manat pul tələb etsə də, Cavabdeh1 “Prado” markalı avtomobili 17000 manata, 50 baş qoyunları 2000 manata, qızılları isə 3000 manata satdığını etiraf etmiş və satdığı əmlakların pulundan müəyyən hissəsini uşaqları ilə birlikdə özünün maddi tələbatlarını təmin etmək üçün özündə saxladığını bildirmiş, qalan pulu isə Qorxmazın həbsdən azad edilməsi üçün qohumları vasitəsi ilə Qorxmaza göndərdiyini bildirmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 İddiaçı ona köməklik edilməsi üçün tapşırığına əsasən satdığı “Prado” markalı avtomobilə görə 17000 manat, 50 baş qoyunlara görə 2000 manat, qızıllara görə isə 3000 manat olmaqla, ümumilikdə 22000 manat pul toplaması qənaətinə gəlir. Cavabdeh1 həmin məbləğdə pulun müəyyən hissəsini özü və uşaqlarının maddi təminatı üçün özündə saxladığını, qalan hissəsini isə Qorxmaza çatdırılması üçün Qorxmazın bacısı Cavabdeh2 və bacısı oğlu Cavabdeh3 verməsini göstərsə də, özlərinin maddi təminatlarını ödəmək məqsədi ilə saxladığı pulun konkret məbləğini göstərə bilməmiş, qalan pulu isə Qorxmaza çatdırılması üçün Cavabdeh2 və Cavabdeh3 verməsini təsdiq edən har hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 pul tələb etməsini məqsədəmüvafiq hesab etməmişdir. Kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış mövcud sübutlara baxdıqdan sonra onlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, buna görə də, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi MM-in 157.2-ci maddəsinə (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.) istinad edərkən həmin maddə üzerə bütün dispozisiya şərtlərini yoxlamamışdır. Belə ki, adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Ancaq işin faktiki hallarından hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən İddiaçı tərəfindən ona məxsus əmlakların hazırda cavabdehin qanunsuz sahibliyində olması əsaslandırılmamış və sübuta yetirilməmiş, əksinə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 02 mart 2012-ci il tarixdə nikaha daxil olmuş, mübahisəli “Toyota Land-Cruiser-Prado” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə - 16 yanvar 2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və Cavabdeh1 20 avqust 2016-cı il tarixdə ona verilmiş etibarnamə əsasında 06 sentyabr 2016-cı il tarixdə digər şəxsə satmışdır. Eyni zamanda qeyd edilməlidir ki, onlar arasındakı nikah Kürdəmir Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Yəni adıçəkilən avtomobil İddiaçı və Cavabdeh1 birgə nikahı dövründə əldə edilmiş və satılmışdır. Cavabdeh1 avtomobilin satılmasından əldə edilmiş gəlirin iddiaçının bacısı oğlu Ceyhuna verdiyini bildirmiş və qalan pulun isə ailəsinin saxlanılması üçün xərcləndiyini bildirmişdir. Bununla yanaşı, iddiaçı özü də izahatlarında avtomobilin satılmasını və ona köməklik göstərilməsini bacısı oğlu Ceyhuna tapşırdığını bildirmişdir. Hazırkı qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyi üçün kollegiya qətnaməni yalnız onun apellyasiya şikayəti əsasında mühakimə edərək yoxlaya bilər. Digər cavabdehlərə münasibətdə yoxlanılma dispozitivlik prinsipinə zidd olar. Habelə Cavabdeh1 onlara məxsus heyvanları birgə nikah dövründə satması və ondan əldə edilmiş gəlirin də iddiaçıya ödənilməsinin tələb edilməsi əsaslı sayıla bilməz. İddiaçı həmin heyvanların hətta onun razılığı ilə satılmasını bildirsə də, bunun nəticəsində əldə edilmiş gəliri tələb etmişdir. Bundan əlavə, Cavabdeh1 apellyasiya şikayətində tərəfindən satılmış qızıl-zinət əşyalarına dair qeyd etmişdir ki, İddiaçı bacısı Cavabdeh2 ilə birlikdə Sabirabad rayonuna gedərək onları lambarda qoyaraq pul götürmüş, lakin həmin borcunu ödəyə bilmədiyi üçün qızıl-zinət əşyaları lombardda qalmışdır. Cavabdeh1 həmçinin adıçəkilən əşyaların yalnız özünə məxsus olduğunu, iddiaçıya aid olmadığını da qeyd etmişdir. İddiaçı mübahisəli qızıl-zinət əşyalarının ona məxsus olduğunu iş materiallarına əsasən heç vaxt iddia etməmiş və buna dair hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan da, Cavabdeh1 tərəfindən sözügedən əşyaların satılmasından əldə edilmiş pulun digər şəxslər, eləcə də əri tərəfindən tələb edilməsi yolverilməzdir. Bundan başqa, kollegiya diqqətə çatdırır ki, Cavabdeh1 yazdığı və məhkəməyə təqdim edilmiş 13 oktyabr 2022-ci il tarixli qeyd onun tərəfindən iddianın etirafı kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Belə ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bundan əlavə, “G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanınır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi hazırkı qətnaməni hər hansı tətbiq edilməli olan maddi hüquq normalarına düzgün istinad edilmədən yalnız iddiaçının və digər cavabdehlərin izahatları əsasında yaranan mülahizə və ehtimallara əsaslanmaqla qəbul etmişdir. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(041)- 595/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(041)-595/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar