Məhkəmə qərarları › İş №2(106)-850/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-850/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-850/2024 23.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AD, AB qarşı “İstintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Açar sözlər: İstintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi, maddi ziyan hissəsi, sübut yoxdur. X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AD, AB qarşı “İstintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Astara Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(018)-124/2024 saylı qətnaməsindən (hakim Mübariz Məmmədov) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehADqarşı “İstintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia qaldıraraq, cavabdehdən Dövlət büdcəsinin vəsaiti hesabına ona vurulmuş maddi ziyana görə 6687 (altı min altı yüz səksən yeddi) manat məbləğində və mənəvi ziyana görə isə 100000 (bir yüz min) manat məbləğində pulun alınıb, ona verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı 25 dekabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyini əlavə cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotoklərlə Mübarizə İdarəsinin mülki geyimli əməkdaşları 19 mart 2015-ci il tarixdə onu Bakı şəhərində yerləşən “Günəş” şadlıq sarayının yanında onu saxlayıb, üzərində və avtomobilində axtarış aparmışlar heç bir narkotik vasitə aşkar etməmələrinə baxmayaraq ona fiziki zor göstərməklə onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotoklərlə Mübarizə İdarəsinə aparmışlar. Ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə baxmayaraq həmin maddə ilə saxta ittiham elan edərək, barəsində olan cinayət işini baxılması üçün Bakı Ağır Məhkəməsinə göndərmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəlinin 19 mart 2015-ci il tarixdən hesablanmaqla 07 (yeddi il) il müddətə azadlıqdan məhrumetmə çəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliyi subuta yetmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmündən verilmiş kassasiya protestinə əsasən qeyd edilən cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 1(102)-352/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)- 202/2017 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də o, əsassız və qanunsuz olaraq 2 il, 8 ay 17 gün həbsdə saxlanılmışdır. Saxta ittiham ona çox pis təsir etmiş, mənəvi sarsıntı keçirmiş və daxili iztirab çəkmiş dəfələrlə intihara cəhd etmişdir. Həmçinin cəmiyyət, qohumlar, yaşadığı qəsəbə sakinləri arasında adı narkotik vasitə satan kimi hallanmış şərəf və ləyaqəti alçalmışdır. O, bu hadisələr nəticəsində psixoloji travma almışdır. Btün qeyd edilənlərə o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndələri iştirak etmədiklərindən, oların mövqeyi məhkəməyə bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(018)-124/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Astara Rayon Şöbəsinə qarşı “İstintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına, İddiaçı istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi ziyana görə 4000 (dörd min) manat və mənəvi ziyana görə 32000 (otuz iki min) manat məbləğində pulun ödənilməsi, iddia tələbinin 70687 (yetmiş min altı yüz səksən yeddi) manat hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinc instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Maddi sübutla bağlı işə heç bir sənəd və ya digər sübut növü əlavə edilmədən, məhkəmə maddi ziyanla bağlı 4000 manatın dövlət büdcəsindən ödənilməsini qət etmişdir. Ərazi aidiyyəti qaydaları pozulmaqla ərizə icraata qəbul edilmişdir, belə ki, iddia ərizəsində Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması ilə əlaqədar işə Yasamal Rayon Məhkəməsində deyil, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində - Nəsimi Rayon Məhkəməsində baxılmalı idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, əsassız olaraq 1 il, 7 ay, 17 gün olmaqla təxminən 32 ay həbsdə və cəzaçəkmə müəsissələrində cəza çəkmişdir. Bu müddət ərzində özü və ailəsi ağır psixoloji sarsıntı keçirmiş, mənəvi istirab çəkmişdir. Həbsdə saxlandığı dövrdə müxtəlif xəstəliyə yaxalanmışdır. Qeyd etmişdir ki, bu dövrdə həmçinin maddi ziyana da məruz qalmışdır. Belə ki, 2015-ci ildə 9 ay 2 gün həbsdə qalmış və bu müddətdə ona 1274 manat, 2016-da (12 ay) 1750 manat, 2017-də (10 ay 6 gün) 1677 manat ona ziyan dəymişdir. Göstərdikləri bu ziyana həbsdə saxlandığı zaman çəkmiş olduğu xərclər və ailəsinin onun yanına gəlib-getməklə bağlı taksi xərcləridir. Həmçinin həbsdə olmamışdan əvvəl İrana gedib-gəlməklə alver etmiş və günə 500-600 manat qazanc əldə etmişdir. Bundan başqa ibtidai istintaq və məhkəmə proseslərində vəkillərə 3500 manat xərc çəkmişdir. Lakin qeyd etdiyi maddi ziyanla bağlı hər hansı sübutları yoxdur. Cavabdehlərin nümayəndələri apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası; Maddə 68, İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1 -ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı; Bənd 2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Bənd 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi 4000 manat maddi ziyanın iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia rədd edilməli və qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yerindən olan arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1982-ci il tarixdə anadan olmaqla, Astara rayonu Ərcivan qəsəbəsində qeydiyyatda olmaqla, orada yaşayır. Himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Mülki işə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli 1(101)-77/2017 saylı hökmündən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəlinin 20 mart 2015-ci il tarixdən hesablanmaqla 07 (yeddi il) il müddətə azadlıqdan məhrumetmə çəzasına məhkum edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmündən məlum olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliyi subuta yetmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 1(102)-352/2018 saylı qərarından məlum olur ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində iddiaçının izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı polis əməkdaşları tərəfindən 19 mart 2015-ci il tarixdə qanunsuz olaraq saxlanılmış, ona əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəlinin 20 mart 2015-ci il tarixdən hesablanmaqla 07 (yeddi il) il müddətə azadlıqdan məhrumetmə çəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliyi subuta yetmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Kassasiya intistansiyası qaydasında baxılarkən Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd edilən hökmü dəyişdirilmədən saxlanılmışdır. Bununla da İddiaçı qanunsuz olaraq 2 (iki) il, 7 (yeddi) ay 17 (on yeddi) gün həbsdə saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmiş və hesab etmişdir ki, İddiaçı qanunsuz həbsdə oldu müddət ərzində gəlirlərdən məhrum edilmiş və müəyyən mənəvi sarsıntı keçirmiş və daxili iztirab çəkmişdir. Onun barəsində yaşadığı qəsəbədə, onu tanıyanlar arasında “narkotik vasitələri satan” mənfi fikrin formalaşmış, buna görə də, onu əhatə edən şəxslərlə münasibətləri pisləşmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi ziyan hissəsində 4000 (dörd min) manat, mənəvi ziyan hissəsində isə 32000 (otuz iki min) manat həcmində təmin edilməsi ədalətlidir. Hazırda qətnaməni cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı maddi ziyana dair hissədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə isə əsassız olaraq həmin hissədə iddianı təmin etmişdir. Eyni zamanda mənəvi və maddi zərərin əvəzinin cavabdehdən tutulması qanuni deyil. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş zərəri bilavasitə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutmaqla, habelə ona dəymiş maddi ziyan məbləğini qismən təmin etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işin mübahisə olunmayan hallarına görə, əsasən müəyyən olunmuşdur ki, İddiaçı polis əməkdaşları tərəfindən 19 mart 2015-ci il tarixdə qanunsuz olaraq saxlanılmış, ona əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəlinin 20 mart 2015-ci il tarixdən hesablanmaqla 07 (yeddi il) il müddətə azadlıqdan məhrumetmə çəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2017-ci il tarixli, 1(105)-202/2017 saylı hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliyi subuta yetmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Kassasiya intistansiyası qaydasında baxılarkən Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd edilən hökmü dəyişdirilmədən saxlanılmışdır. Bununla da İddiaçı qanunsuz olaraq 2 (iki) il, 7 (yeddi) ay 17 (on yeddi) gün həbsdə saxlanılmışdır. Mülki Məcəllənin 1101.1-ci maddəsinin mənasına görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 6-cı maddəsində göstərilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin, "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır. Hazırkı işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət- "Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərərin məbləğini cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmasını düzgün hesab edir. Digər tərəfdən, ibtidai istintaq orqanının vəzifəli şəxslərinin təqsiri nəticəsində iddiaçının həqiqətən maddi və mənəvi zərərə məruz qalması işin mübahisə olunmayan hallarıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya dəymiş maddi zərərin məbləğini 4.000 manat miqdarında müəyyən edərək iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlməyib. Belə ki, ümumiyyətlə iddiaçının, özünün də qeyd etdiyi kimi fərdi-alverlə məşğul olması, iddiaçı fəaliyyəti zamanı hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin mənasına görə, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları tərəflər özləri sübut etməlidirlər. Ümumiyyətlə birinci instansiya məhkəməsi iddianın maddi ziyanla bağlı hissəsini təmin edərkən heç bir sübuta əsaslanmamış və heç bir əsaslandırma mövqeyi sərgiləməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddi ziyanla bağlı iddia tələbi üzrə birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Lakin, apellyasiya instansiyası məhkəməsi, mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, 32000 manat kompensasiya məbləği iddiaçının 32 (2 il, 7 ay, 17 gün) ay müddət ərzində keçirdiyi mənəvi sarsıntı və iztirablara adekvat, habelə bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Qeyd olunmalıdır ki, mənəvi zərər- bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ümumiətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə ayrı-ayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransa və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Həmin normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Mənəvi təzminatın miqdarına təsir edən ünsürlərdən biri də zərərçəkənin maddi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qane edici olmaz. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkən şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay - azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 500 manat, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı isə təqribən 300 manat müəyyən edilir. İşdən görünür ki, iddiaçı, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək 32 (2 il, 7 ay, 17 gün; 32x1000= 32000 manat) müddət ərzində heç bir təqsiri olmadığı halda, istintaq və məhkəmə orqanları tərəfindən araşdırmaya, uzunsürən məhkəmə çəkişmələrinə cəlb edilib və bu müddət ərzində onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə onun azadlıq hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən də apellyasiya məhkəməsi iddianın mənəvi ziyanla bağlı birinci instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İşin hallarından da göründüyü kimi, iddia tələbinin maddi ziyan hissəsində iddiaçı tərəfindən sübutlar təqdim edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi 4000 manat maddi ziyanın iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia rədd edilməli və qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin digər dəlillərini əsaslı hesab etmir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(018)-124/2024 saylı qətnaməsi- Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına, İddiaçı istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi ziyana görə 4000 (dörd min) manat məbləğində pulun ödənilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına, İddiaçı istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi ziyana görə 4000 (dörd min) manat məbləğində pulun ödənilməsinə dair iddiası təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən hissədə cavabdeh tərəfin şikayətinin təmin olunmayan hissəsində iddianın qiyməti qanunla müəyyən edilmiş həddən çox olduğundan, hazırkı qətnamədən cavabdeh Maliyyə Nazirliyi tərəfindən kassasiya şikayəti verilə bilər. Hazırkı qətnamə ilə 4000 manat hissədə qətnamə ləğv edildiyindən, həmin məbləğ 5000 manatı keçmədiyindən, iddiaçının hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh AAF X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(018)-124/2024 saylı qətnaməsi- Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına, İddiaçı istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi ziyana görə 4000 (dörd min) manat məbləğində pulun ödənilməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına, İddiaçı istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində vurulmuş maddi ziyana görə 4000 (dörd min) manat məbləğində pulun ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar