Məhkəmə qərarları › İş №2(106)-874/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-874/2025

29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-874/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(020)-19/2025 saylı (hakim R.Nurullayev) qətnaməsindən İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyan olaraq 52 000 manat, əldə çıxmış fayda 1200 manat, mənəvi ziyan olaraq 2000 manat, iddiaya görə məhkəməyə ödənilmiş 255 manat, ümumilikdə 55255 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(020)-19/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 21841 (iyirmi bir min səkkiz yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumuna görə 155 (yüz əlli beş) manat alnıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumuna görə 100 yüz) manat İddiaçı aid edilməsi, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 200 (iki) manat məbləğin 100 (yüz) manatı İddiaçı, 100 (yüz) manatı isə Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 874/2025 saylı qərardadı ilə iddiaçı tərəfin apellyasiya şikayəti mümkün hesab edilərək, mülki iş icraata qəbul edilmiş və iş baxılması üçün xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Qeyd olunan mülki iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan zaman apellyasiya şikayətinin 23 fevral 2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəmə sisteminə yerləşdirilməsi, işdə olan vəkilə verillmiş etibarnamənin müddətinin isə 31 mart 2024-cü il tarixdə bitməsi, apellyasiya şikayətinin səlahiyyəti olmayan şəxs tərəfindən yəni, Vəkil1 tərəfindən imzalanması, həmçinin birinci instansiya məhkəməsi tərəfindən də apellyasiya şikayətinin mümkünlüyü yoxlanılmadan qanunvericiliyə ziddi olaraq apellyasiya şikayətinin baxılması üçün Məhkəməyə göndərildiyi müəyyən edilmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 bildirmişdir ki, iddiaçı tərəfindən ona 5 ay müddətinə bir dəfə etibarnamə verilmişdir. İddiaçı tərəfindən ona sonradan hər hansı başqa etibarnamə verilməmişdir. Qeyd etmişdir ki, apellyasiya şikayətini 23 fevral 2025-ci il tarixdə etibarnamə üzrə səlahiyyəti olmadan özü imzalamışdır. İddiaçı kollegiyanın iclasında bildirmişdir ki, Vəkil1 bir dəfə olmaqla 5 ay müddətinə etibarnamə vermiş, həmin etibarnamənin müddəti isə 31 mart 2024-cü il tarixdə bitmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və digər nöqsanların aranadan qaldırılması məqsədilə mülki iş apellyasiya baxışından çıxarılaraq Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-874/2025 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Beyləqan Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(020)-19/2025 saylı qətnaməsindən vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılan mülki iş apellyasiya baxışından çıxarılmalı, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması və digər nöqsanların aradan qaldırılması məqsədilə mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 384.0.6, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 874/2025 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Beyləqan Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(020)-19/2025 saylı qətnaməsindən iddiaçının vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılan mülki iş apellyasiya baxışından çıxarılsın, iddiaçının vəkili Vəkil1 tərəfindən Beyləqan Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2(020)-19/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar