Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-88/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər - X11, X8, X16, X9, X12) torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər - X11, X8, X16, X9, X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Ləngan kəndində yerləşən birgə mülkiyyətdə olan 0.5674 ha pay torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi və həmin payın naturada ayrılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətdə olan 0.5674 hektar torpaq sahəsindən ona düşən payın yerinin müəyyənləşdirilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 nömrəli qərarı ilə atası X7 və onun ailə üzvlərinə Masallı rayonu, Ləngan kəndində 1.07 ha paybəli torpaq sahəsi verilmiş və bununla bağlı JN-0059 Kod 80520038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-677/2018 saylı və Şirvan Apellyasiya Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(106)-2808/2018 saylı qətnamələri əsasında X13 və X2 miras qalmış Masallı rayonu, Ləngan kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-0059 saylı Dövlət aktında qeyd edilmiş 1.07 ha torpaq sahəsinin 2/3 hissəsinin, yəni 0.714 ha sahəsinə onun miras əmlakı kimi qəbul edilməsi faktı müəyyən edimişdir. Həmin torpaq sahəsi iki hissədən ibarətdir. Torpaq sahəsinin bir hissəsinə, yəni 0.5674 ha hissəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və A № 813127 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Xüsusi mülkiyyətdə olan 0.5674 ha torpaq sahəsindən ona düşən payın naturada ayrılaraq təhvil verilməsini istəyir. Cavabdeh həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Torpaq sahəsi paylı mülkiyyətdə olduğu üçün payını naturada ayırıb istifadə edə bilmir. Halbuki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 215.2, 220.2 və 220.3-cü maddələrinə istinad edilmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, torpaq sahəsinin 2/3 hissəsinin ona verilməsini istəyir, qalan 1/3 hissəsinin isə iddiaçıda qalmasına etiraz etmir. Torpaq sahəsini 2005-ci ildən cavabdeh əkir. Həmin vaxtdan indiyə kimi dəfələrlə cavabdehdən ona məxsus olan torpaq sahəsini şifahi olaraq tələb etmiş, başqa torpaq sahəsindən istifadə etdiyinə, həmçinin qohumluq münasibətlərinə görə hazırkı vaxtadək məhkəməyə müraciət etməmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə2 bildirdi ki, mübahisəli torpaq sahəsinin 2/3 hissəsi atasına, qalan 1/3 hissəsinin isə iddiaçıya məxsusdur. Torpaq sahəsini 2005-2006-cı ildən cavabdeh əkir. Həmin vaxtdan indiyə kimi dəfələrlə cavabdehdən torpaq sahəsini şifahi olaraq tələb etmişlər, başqa torpaq sahəsindən istifadə etdiklərinə, həmçinin qohumluq münasibətlərinə görə hazırkı vaxtadək məhkəməyə müraciət etməmişdilər. Cavabdeh torpaq sahəsini zəbt edərək, çəpərə almışdır. Sonda Nümayəndə2 iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsində 1995-ci ildən ev tikərək yaşayırlar və buna iddiaçı etiraz etməmişdir. X5 atasının anasıdır. Torpaq sahəsi ilə bağlı 2018-ci ildə olmuş məhkəmə proseslərində atası iştirak etməmişdir. Sonda Nümayəndə1 iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, cavabdehin sahibliyindədir. Mülki Məcəlləyə görə torpaq sahəsi kimin sahibliyindədirsə ona aiddir. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Sonda Vəkil2 iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, X5 anasıdır. Anası rəhmətə getmişdir. Mübahisəli torpaq sahəsi uzun müddətdir ki, onun sahibliyindədir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı vərəsəlik hüququndan istifadə etmir. Cavabdeh uzun müddətdir ki, mübahisəli torpaq sahəsində ev tikərək yaşayır. Sonda Vəkil1 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdilər və bunun səbəbi barədə məlumat verməmişdilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Ceyhun Quliyev), iddianın təmin edilməsi, 15 sentyabr 2023-cü il tarixli, 10/6248 nömrəli ekspert rəyinə əlavə edilmiş torpaq sahəsinin bölgü sxeminə uyğun olaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********26 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Ləngan kəndində yerləşən 0.5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 2/3 hissə payının naturada ayrılaraq ona verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (bir yüz) manat və mütəxəssis rəyinə görə ödənilmiş 95 (doxsan beş) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********26 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Ləngan kəndində yerləşən 0.5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1 1/3 hissədə və İddiaçı 2/3 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 181 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh anası X3r. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilir ki, **********6 reyestr nömrəli çıxarışla X1 və İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi və köməkçi tikililər olduğundan (həmin tikililərə münasibət bildirildikdən sonra) pay torpağının naturada bölünməsi mümkündür. Qanunverciliklə müəyyən edilmiş formada payın naturada ayrılması mümkündür. Torpaq sahəsinin planı və yerquruluşu planından çıxarış məhkəməyə təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli, 10/6248 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********6 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Ləngan kəndində yerləşən 0.5674 ha torpaq sahəsinin faktiki vəziyyətdə üç tərəfdən küçəyə çıxışının olmasını və həmin torpaq sahəsinin üzərində yerləşən tikililərin planlı yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsinin X1 və İddiaçı 1/3 və 2/3 hissədə payına uyğun olaraq təcrid olunmuş şəkildə bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Belə ki, torpaq sahəsinin qərb küncündən şərq istiqamətdə sərhəd xətti boyunca 60 metr məsafədən sonra və cənub tərəfindəki küncdən şərq istiqamətdə sərhəd xətti boyunca 20.96 metr və 35.81 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 68.73 metr uzunluğunda sərhəd hasarı çəkilməklə həmin torpaq sahəsinin 1/3 və 2/3 hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Rəyə torpaq sahəsinin bölgü sxemi əlavə edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələri). Əsas insan hüquqlarından olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər üçün məcburidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarı). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1, 220.2 və 220.3-cü maddələri). Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəlil təhlil edərək qeyd edir ki, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst surətdə sahiblik edə, ondan istifadə edə və barəsində sərəncam verə bilər. Bu hüquq bəzən digər şəxslərlə bərabər şəkildə realizə edilməli olur ki, bu zaman həmin əmlak ümumi birgə və ya paylı mülkiyyətdə olur. Paylı mülkiyyətdə olan əmlak üzərində hüquqlar realizə edilərkən hər bir şəxs digər şəxsin hüququnun realizə edilməsinə hörmətlə yanaşmalı, hər hansı bir məhdudiyyət yaratmadan digər şəxsin hüququnun realizəsini təmin edilməsinə şərait yaratmalıdır. Mübahisə predmeti təşkil edən torpaq sahəsi ümumi paylı mülkiyyətdə olan əmlak olmaqla cavabdeh iddiaçının həmin əmlakdan sərbəst surətdə istifadə etməsinə maneə yaratmasına görə iddiaçı həmin əmlak üzərində hüquqlarının təmin edilməsindən ötrü əmlakın naturada ayrılmasını xahiş etmişdir. Əmlak üzərində hüquqların qanuni əsas olmadan məhdudlaşdırılması yolverilməz olduğundan və bu hüququn realizəsinin təmin edilməsindən ötrü keçirilmiş ekspertiza ilə əmlakın naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin mübahisəli torpaq sahəsində tikililər inşa etməsi iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Cavabdehin digər payçı X4 münasibətdə vərəsə kimi gözlənən mülkiyyət hüququ var. O, mübahisəli torpaq sahəsinə münasibətdə hansı hüquqa sahibdirsə, iddiaçı da həmin hüquqa sahibdir, özüdə iddiaçının daha çox (2/3) payı var. 15 sentyabr 2023-cü il tarixli, 10/6248 nömrəli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, tikililərin mövcud olması və onların cavabdeh üçün ayrılmış torpaq sahəsində yerləşməsi nəzərə alınmışdır. Cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etdiyi halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edilə bilməməsi qəbul edilən deyil. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının paylı mülkiyyətdə olan payının ayrılmasına münasibətdə qeyd edir ki, müvafiq ekspert rəyi ilə ümumi paylı mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya məxsus 2/3 hissənin ekspert rəyinə əlavə edilmiş torpaq sahəsinin bölgü sxeminə uyğun olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-398/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-88/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-88/2025
13.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver