Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-880/2023 20.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, tərəflərin iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh dam örtüyünə çəkilən xərcə görə 1500 manat və dövlət rüsumu kimi ödədiyi 40 manat pulun alınıb ona verilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Beyləqan rayonunda yaşadığı evin üst çardağını “çerepisa” adlanan dəmir örtüklə örtmək məqsədilə dəmir örtük almaq üçün Cavabdeh müraciət etmişdir. Belə ki, İlqar Beyləqan şəhərində dəmir örtüklər satmaqla məşğuldur. O, cavabdehdən zəmanətlə dəmir örtük alaraq evinin dam örtüyünü vurdurmuşdur. “Çerepisa” dəmir şiferlər hazırda solmuş və rəngi getməklə xarab olmuşdur. Cavabdeh oğuna bunu bildirmiş və cavabdeh dilindən kağız yazaraq sənəd vermişdir ki, 1500 manat pulunu ona qaytaracaqdır. O, bir neçə dəfə cavabdehdən borcunu ödəməsini tələb etsə də cavabdeh ona yalan vədlər verərək onu aldatmışdır. Ona görə də Cavabdeh 1500 manat və dövlət rüsumu kimi ödədiyi 40 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh borca görə 1500 (min beş yüz) manat pulun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 1096.1, 1096.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Beyləqan şəhərində yaşamaqla Beyləqan və ətraf rayonlarda ev damının təmiri ustası işləyir. İddiaçı onun yanına gəlmiş, dam örtüklərinin qiyməti və keyfiyyəti barədə ona məlumat verəndən sonra o biri dam örtükləri ilə həmin dam örtükləri arasında qiymət fərqi olduğuna görə iddiaçının digər çeşidlərdən ucuz olduğuna görə seçdiyi malı öz yanında telefonla Bərdə rayonunda yerləşən topdansatış bazarına sifariş verib almışdır. O, həmin dam örtüklərini onun evinin üstünə vuraraq öz əl haqqını almışdır. Onun həmin malın keyfiyyəti ilə bağlı heç bir öhdəliyi olmamış, iddiaçıya heç bir qarantiya və zəmanət verməmiş, ümumiyyətlə iddiaçı ilə cavabdeh arasında malın hər hansı alqı-satqısı barədə müqavilə və danışıq olmamış, onun evinin dam örtüyünü vurmağı ilə əlaqədar işinin keyfiyyətində heç bir qüsur olmamışdır. Əgər işində hər hansı qüsur olsa belə həmin qüsuru aradan qaldıra bilər. İddiaçı dam örtüyünün təbii təsirlərdən rənginin bozarması ilə bağlı narazılığını malsatana bildirmək üçün Bərdə şəhərinə gedib-gəlməyin ona çətin olması ucbatından, onun barəsində polisə şikayət vermiş, polisdə isə onu məcbur edib iddiaçının istinad etdiyi qəbzi yazdırmışlar, baxmayaraq ki, bu mübahisənin polisə heç bir aidiyyəti olmamışdır. Beyləqan Rayon Məhkəməsi isə qətnaməsində həmin pulun niyə onun tərəfindən ödənilməli olmasını əsaslandırmamışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında iddiaçının istinad etdiyi qəbzin polisdə ona təzyiq edilərək yazdırıldığını, aralarında malın qarantiyası ilə bağlı hər-hansı razılaşmanın olmadığını, dam örtüyünün "xxxx" şirkətinə aid olduğunu, həmin şirkətin malının satılmasında vasitəçilik etdiyini və yalnız usta kimi işlədiyini, onun işində hər-hansı nöqsan olmadığını, malın keyfiyyətinin isə ona aid olmadığını, Şirkətin pulu qaytaracağı barədə vəd verdiyini iddiaçıya bildirdiyini qeyd etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı dam örtüyünün rənginin getdiyini, bununla əlaqədar "xxxx" şirkətinə zəng etdiyini, Şirkətdən Cavabdeh Şirkətin satıcısı olduğunu, ona görə dam örtüyünün pulunu sonuncudan tələb etdiyini bildirmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı, yaşadığı evin dam örtüyünün rənginin getdiyinə görə, ödədiyi pulu dam örtüyünü vurmuş cavabdehdən tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ümumi halda Mülki Məcəllənin 385ci maddəsinə istinad etsə də, tərəflər arasında konkret hansı müqavilə şərtlərinin olduğunu əsaslandırmamış, bununla yanaşı, Mülki Məcəllənin 1096.1, 1096.2-ci maddələrinə əsaslanmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki hüquq pozuntusu (delikt) baş verməsi və ya cavabdeh tərəfindən delikt törədilməsi müəyyən edilmir. Bu baxımdan məhkəmənin Mülki Məcəllənin 1096.1, 1096.2-ci maddələrinə əsaslanması düzgün olmamışdır. Məhkəmə ümumi şəkildə tərəflər arasında müqavilə münasibətlərinə əsaslanmışdır. İşin hallarından görünür ki, iddiaçı tələbində cavabdehin keyfiyyətsiz dam örtüyü satdığına əsaslanmışdır. Tərəflər arasında alqı-satqı münasibətləri olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllnin 581.2-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Mülki Məcəllənin 587-ci maddəsinə əsasən: 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Kollegiya qeyd edir ki, satılan dam örtüyünün qarantiyası ilə bağlı tərəflər arasında hərhansı konkret razılaşmanın olduğu müəyyən edilmir. İşin hallarından görünür ki, Cavabdeh iddiaçıya məxsus evin dam örtüyünü 2018-ci ildə vurmuşdur. Həmin vaxt onun işinə görə hər-hansı irad olmamışdır. Kifayət qədər uzun müddət vaxt keçəndən sonra, yəni dam örtüyü vurulandan təxminən 4-5 il sonra iddiaçı dam örtüyünün keyfiyyətsiz olduğunu bildirmişdir. Əvvəla, cavabdeh iddiaçıya məxsus dam örtüyününün vurulması işini lazımi kefiyyətdə görmüş və 4-5 il ərzində onun işinə irad olmamışdır. Başqa sözlə, cavabdeh iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya vermiş, ağlabatan müddətdə işin keyfiyyətinə irad olmamışdır. 4-5 ildən sonra iddiaçı iradını bildirsə də bu zaman dam örtüyünün hansı keyfiyyətdə olması (keyfiyyətsiz olması), nöqsanın aradan qaldırılıbqaldırılmaması lazımi qaydada müvafiq mütəxəssis tərəfindən müəyyən edilməmişdir. Satılan malın keyfiyyətsiz olduğunun lazımi qaydada müəyyən edildiyi halda alıcının alış qiymətinin mütənasib azaldılması, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ ola bilərdi. Hazırkı halda isə dam örtüyünün konkret hansı keyfiyyətdə olduğu müəyyən edilmədən alıcı olan iddiaçı qiymətin azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, yaxud əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini deyil, bütövlükdə dam örtüyünün tam dəyərini tələb etmişdir. Tərəflər arasında satılan dam örtüyü üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilmədiyi halda, iddiaçı dam örtüyünün qüsurları ilə bağlı tələbləri müəyyən edilmiş müddətdə irəli sürməmişdir, halbuki, Qanunun tələbinə görə, o, satılan əşyanın ona verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilərdi. Digər tərəfdən, izahatlardan müəyyən edilir ki, cavabdeh "xxxx" şirkətinə məxsus dam örtüyünün satılmasını iddiaçıya təklif etmiş, iddiaçı həmin şirkətdən cavabdeh vasitəsilə malı almışdır. İddiaçı "xxxx" şirkətinin malını almışdır. İddiaçı isə pulunu Şirkətdən deyil, cavabdehdən tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən həm də cavabdehin yazılı etirafını nəzərə almışdır. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzdə Cavabdeh 2018-ci ildə İddiaçı ümumi dəyəri 1500 manat olan dəmir şifer satdığını, şiferə 10 illik zəmanət verilməsinə baxmayaraq iki ildən sonra yararsız vəziyyətə düşdüyünü, buna görə İddiaçı dəymiş ziyana görə 1500 manat pulu 1 ay müddətinə yəni xx.xx.2022-ci il tarixə kimi qaytaracağını bildirmiş və qəbzi imzası ilə təsdiq etmişdir. Qəbz Beyləqan Rayon Polis Şöbəsinə ünvanlanmışdır. Kollegiya bu hissədə də məhkəmənin mövqeyini əsassız sayır. Birinci instansiya məhkəməsi cavabdehin polisə yazdığı qəbzə istinad etmişdir. Məhkəmə mahiyyətcə cavabdehin borcu etiraf etdiyinə əsaslanmışdır. Apellyasiya şikayətində və məhkəmədə verdiyi izahatında cavabdeh polis vasitəsilə ona təzyiq edildiyini bildirmişdir. Kollegiya cavabdehin yazılı qəbzi (etirafı) ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya hesab edir ki, iş üzrə yalnız iddiaçının şifahi izahatı və cavabdehin polisdəki verdiyi yazılı qəbz, tərəflərin arasında mala dair qarantiya və ya yararlılq müqaviləsinin olmasını, cavabdehin hazırkı halda məsuliyyət daşımasını təsdiq etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qanunun tələbinə görə iddianın etirafı məhkəmə iclasının protokoluna yazılmalı, həmin protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalamalıdır, yaxud cavabdehin iddianı etiraf etməsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə göstərilməlidir. Birinci instansiya məhkəməsində, cavabdehin iddianı qanunla müəyyən edilmiş qaydada etiraf etməsi müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Kollegiya qeyd edir ki, cavabdehin polisdə verdiyi yazılı qəbz faktın etirafı kimi qəbul edilməməlidir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(020)-1750/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 1540 manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-880/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-880/2023
20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver