Məhkəmə qərarları › İş №2(106)-907/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-907/2025

27.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-907/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC) «əmlakın girovdan çıxarılması» tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(038)-92/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin e-2(038)-92/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Məmmədov) İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «ona məxsus əmlakın girovluqdan azad edilməsi, 09 dekabr 2009-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən ******* nömrəli çıxarışın ona qaytarılması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, iddianı təmin etməklə, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC apellyasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, Texnikabank” ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli KT-15 saylı Kredit müqaviləsinə əsasən sonuncuya 80.000 (səksən min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadə olan 0,08186 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 3 mərtəbəli binada, 67,2 kv.m. ümumi 55 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 46 nömrəli mənzil və X2 məxsus Sumqayıt şəhəri, 48-ci məhəllədə istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 7B nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 73,33 kv.m. ümumi, 45,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 43 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bank qarşısındakı öhdəliklər vaxtında yerinə yetirilmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-248/2014 saylı qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə ümumilikdə 56.975,3 (əlli altı min doqquz yüz yetmiş beş manat 30 qəpik) manat, 450 (dörd yüz əlli) manat ekspertiza xərci və 20 (iyirmi) manat dövlət rüsumu borcun tutulması, tutmanın yuxarıda qeyd olunan ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Cavabdehlər apellyasiya və kassasiya şikayəti versələr də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-248/2014 saylı qətnaməsi üzrə ümumilikdə 40.239 (qırx min iki yüz otuz doqquz) manat ödəniş edilmişdir, hal-hazırda "xxxx" MMC-nin banka 16.736,3 (on altı min yeddi yüz otuz altı manat 30 qəpik) manat, 450 (dörd yüz əlli) manat ekspertiza xərci və 20 (iyirmi) manat dövlət rüsumu borc öhdəliyi mövcuddur. İddiaçı məxsus olan ev bank qarşısında ipoteka ilə yüklü edildiyi üçün, qətnamə üzrə müəyyən edilmiş borc məbləği ödənildikdən sonra ev ipoteka yüklülüyündən azad oluna bilər. Həmçinin mübahisəli mənzil borcun təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü olunduğuna görə mənzilin ipotekadan azad olunması yalnız bankın səlahiyyətlərinə aiddir. Bundan əlavə İddiaçı cavabdehlər "xxxx" MMC və LPO "xxxx" ASC-yə qarşı eyni tələblə iddiası olmuşdur, 2038)-588/2017 iş üzrə məhkəmə baxış iclası xx.xx.2017-ci il tarixə təyin edilmişdir. Lakin ondan sonra banka heç bir sənəd daxil olmamışdır. Həmin iddia da rədd edilmiş olduğu halda iddiaçı hazırda eyni tələblə müraciət etmək hüququn itirmişdir və icraata xitam edilməlidir. Həmçinin məlumat üçün bildiririk ki, iddiaçılar X6, X5, X1 "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, İddiaçı, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə və Bakı şəh 38 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli müqavilənin aldatma yolu ilə və saxtakarlıqla bağlandığı üçün etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin Ali Məhkəmənin 2(102)- 455/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddialarının rədd edilməsi barədə qətnamə qüvvədə qalmışdır. Mülki Prosessual Məcəllənin 261-ci maddəsinə əsasən Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Göründüyü kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsi bir neçə məhkəmə araşdırması zamanı araşdırılaraq etibarlılığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya baxışında ləğv prosesində olan "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apelllyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada digər proses iştirakçılarının məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. LPO "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi xahiş edilməklə, qətnamə tam mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(038)-92/2025 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 2(038)-588/2017 saylı 31 oktyabr 2017ci il tarixli qərardadından görünür ki, iddiaçı X3 cavabdehlər "xxxx" MMC-yə və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı mənzilin girovdan çıxarılması və mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin qaytarılması tələbi barədə iddiasından imtina etməsinin qəbul edilmiş, bu imtinanın məhkəmə tərəfindən qəbul olunması ilə əlaqədar 2(038)-588/2017 nömrəli iş üzrə icraata xitam verilməsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərinin İddiaçı qaytarılması qərara alınmışdır. Hal-hazırda İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əvvəlki işdə olduğu kimi eyni tələb və eyni əsas üzrə – yəni əmlakın girovdan çıxarılması ilə bağlı məhkəməyə müraciət etmiş, Yardımlı Rayon Məhkəməsi isə bu tələb üzrə yenidən işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının eyni tələb üzrə təkrarən məhkəməyə müraciət etməsi yalnız yeni əsasların yaranması halında mümkündür. Yeni əsas dedikdə, tərəflər arasında mövcud kredit müqaviləsindən irəli gələn yeni öhdəlik və ya əvvəlki iddianın predmeti və əsası ilə eyniyyət təşkil etməyən hallar başa düşülə bilər. Hazırkı iddia ərizəsində isə irəli sürülən tələblər mahiyyət etibarilə əvvəlki işlərdə baxılmış tələb və əsaslarla tam üst-üstə düşür. Belə ki, tərəflər dəyişməz olaraq eynidir – İddiaçı, cavabdeh isə "xxxx" MMC-dir. Predmet də əvvəlki işlərdə olduğu kimi mənzilin girovdan azad olunması və çıxarışın iddiaçıya qaytarılmasıdır. Əsaslar isə – kredit müqaviləsi üzrə öhdəliklərin tam icra edilməsinə baxmayaraq girovun azad edilməməsi – əvvəlki iddialarda irəli sürülmüş əsaslarla eyniyyət təşkil edir. Bundan başqa, Yardımlı Rayon Məhkəməsinin 2(038)-588/2017 saylı, 31 oktyabr 2017-ci il tarixli qərardadından da açıq-aşkar görünür ki, həmin iş üzrə iddianın əsası “mənzilin girovdan çıxarılması və mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin qaytarılması” olmuş, lakin iddiaçının ərizəsi əsasında iş üzrə icraata xitam verilmişdir. Halbuki məhkəmə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, qeyd edilən faktlara və hüquq normalarına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin e-2(038)-92/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmlakın girovdan çıxarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 391-ci və 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası” QƏRARA ALDİ: İddiaçı tərəfindən apellyasiya şikayəti qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin e-2(038)-92/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmlakın girovdan çıxarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar