Məhkəmə qərarları › İş №2(106)-911/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-911/2025

05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-911/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı verilmiş borc pulun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-235/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 11000 (on bir min) manat borcun və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır. Yaxın dostluq münasibətləri olmuşdur. 2024-cü ilin mart ayının əvvələrində ona müraciət edib və bildirmişdir pula ehtiyacı var ona 11000 manat məbləğində borc verilməsini xahiş etmişdir. Onun ehtiyacını nəzərə alıb 06 mart 2024-cü il tarixdə qeyd edilən məbləğdə borc pul vermişdir. Borcdan 11000 manatı isə bugünə kimi qaytarmamışdır. O, borcun könüllü qaytarılması barədə Cavabdeh təklif etmişdir. Lakin o, bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşam. Cavabdeh X4 11000 (on bir min) manat borcun və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-235/20253 saylı qətnaməsi (hakim: İ.Məmmədov) ilə iddia təmin edilmiş, Cavabdeh 11000 (on bir min) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 150 (yüz əlli) manat məbləğdə pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli Cavabdeh Astara rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə maddi ehtiyacı olduğu üçün İddiaçı onun xidməti otağında sələm ilə 14197 (on dörd min yüz doxsan yeddi) manat pul borc götürmüşdür. İş materialına əlavə edilmiş X5 Lənkəran Regional poçt filialının rəisi Ağayev Səfərovaya ünvanladığı xx.xx.2024-cü il tarixli əlyazma kağızından görünür ki, MXŞ-nin rəisi İddiaçı kassadan ümumi məbləği 32600 manat pul almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, X7 İddiaçı kassadan ümumi məbləği 32600 manat pul almış və geri qaytarmışdır. Həmçinin Cavabdeh İddiaçı 11000 (on bir min) manat borc pul almış, həmin borc məbləğini geri qaytarmamış və o barədə sübutları məhkəməyə təqdim etməmişdir. Oan görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələri, “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndi, Mülki Prosessual Məcəllənin 4.1, 14, 77.1, və 220.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməyə görə İddiaçı ona nə qədər borc pul verilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki mülki işə əlavə edilmiş Cavabdeh Lənkəran poçt fillialının rəisi Ağayar Səfərova ünvanladığı xx.xx.2024-cü il tarixli əlyazma kağızından görünür ki, MXŞ-nin rəisi İddiaçı kassadan ümumi məbləği 32.600 manat pul almışdır. Həmin tarixdə yəni 06 mart 2024-cü il tarixdə Gülafət X2 İlknur Əli qızına 11.000 manat məbləğində pul verilməsi iddia etsədə və bunlar sübutla təsdiq olmur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı halda məhkəmə 11.000 manat pulun verilməsinə dair sübutları cavabdeh tərəfindən tələb etdiyi halda, iddiaçıdan borc verilməsinə dair sübut təqdim edilməsini tələb etməmişdir. İddiaçı 11.000 manat pulun ona verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yəni eyni tarixdə bir dəfə 32.600 manat, ikinci dəfə 11.000 manat pul ona verilmiş, 32.600 manatının qaytarılması sübut olduğu halda, 11.000 manatın ona borc verilməsi sübut olunmur. İddiaçı 32.600 manat pulu ona verəndə sənəd tərtib etmiş, 11.000 manatına dair sənəd tərtib etməmişdir. Həmin dəlillər ona 11.000 manat pul borca verilmədiyini təsdiq edir. Həmin məbləğdə olan pulların mənbəyi ilə bağlı araşdırma aparılmadığı qətnamədən məlum olur. Həmin pullar poçta aid olan pullardır. Poçtdan xx.xx.2024-cü il tarixdə bir dəfə 32.600 manat məbləğində, ikinci dəfə isə 11.000 manat pul çıxarılmasına dair araşdırma aparılması tələb olunur. Qətnamədən görünür ki, Lənkəran Regional poçt fillialının pulu olmuş və həmin məbləğdə pulun borc verilməsini İddiaçı səlahiyyəti olub-olmamasıda araşdırma mövzusu olduğundan məhkəmə bunlarla bağlı araşdırma aparmaması səbəblərinə aydınlıq gətirməmişdir. Poçta olan bütün borcu atası Əli Əliyev İddiaçı aprel 2024-cü il tarixdə kassada ödəmiş və həmin vaxtda İddiaçı borcunun tamamilə ödənildiyi atasına bildirmişdir. Həmin borc pulu iddiaçıya veriləndə rəis Ağayar Səfərovda orada olmuş və rəis Ağayar Səfərov şəxsən atasına Cavabdeh əmək müqaviləsinə xitam veriləcəyi bildirmişdir. Ona borca pul İddiaçı kassadan vermişdir və o da həmin pulları ödəmişdir. Poçta sorğu ilə müraciət edilsə qeyd edilənlərin həqiqət olduğu təsdiq olunur. Mülki Məcəllənin 739.2-ci maddəsinin tələblərinə görə 3000 manatdan çox borc məbləği üzrə müqavilə yazılı formada bağlanılmalıdır. Həmin maddənin tələbinə Əhmədova əməl etməmişdir. Əgər İddiaçımənə 11.000 manat pul borca veribsə və bunun təsdiqi AR Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələblərinə əməl edilməsi ola bilərdi. Poçt fillialı hüquqi şəxs olduğundan borc müqaviləsi yazılı formada bağlanmalı olduğundan bağlanmamış və həmin əsassa görədə iddiaçının tələbi qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı tərəfindən mənə 11.000 manat pul borc verilməsi təsdiq edən sübutlar, şahid ifadələri istisna təşkil edir. Astara Rayon Məhkəməsinin 2(018)235/2025 saylı, 18.03 2025 tarixli qətnaməsinin tam ləğv edilməsini və yeni qətnamə çıxarılmasını, 76 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, tərəfindən məhkəməyə təqdim edilmiş 06 mart 2024-cü il tarixli qəbzlə təsdiq olunmuşdur ki, ondan borc pul almış və hal-hazıradək kimi qaytarmamışdır. Məhkəmə iclasında özü də etiraf etmişdir ki, ona 11.000 manat borcu var. Cavabdeh borcu ödəməsin deyə əsassız variantlardan istifadə edir. Ona görədə apellyasiya şikayəti təmin edilməməsini və Astara Rayon Məhkəməsinin 2(018)235/2025 saylı, 18.03 2025 tarixli qətnaməsinin dəyişdirimədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin rədd edilməsini və Astara Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(018)-235/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh məhkəmə iclasının təxirə salınmasının üzrlü səbəbləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəllənin MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)235/2025 saylı, 18.03 2025 tarixli qətnaməsinin tam ləğv edilməsini və yeni qətnamə çıxarılmasını, 76 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsinin 2(018)-235/2025 saylı, 18.03 2025-cü il tarixli qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 11000 (on bir min) manat borcun və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X7 İddiaçı kassadan ümumi məbləği 32600 manat pul almış və geri qaytarmışdır. Həmçinin Cavabdeh İddiaçı 11000 (on bir min) manat borc pul almış, həmin borc məbləğini geri qaytarmamış və o barədə sübutları məhkəməyə təqdim etməmişdir. Oan görə də iddia təmin edilməlidir. Məhkəmə tərkibi aşağıdakılara əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin sadəcə 385.1, 386.1, 442-ci maddələrinə istinad etməklə səhvə yol vermişdir. Halbuki birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən normalarına da istinad etməli idi. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin hallarından da göründüyü kimi, İddiaçı Cavabdeh 11000 manat məbləğində borc pul vermiş, lakin tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmamışdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. Hazırkı halda cavabdeh əsassız varlanmış şəxs statusu daşıyıb. Belə ki, Formalaşmış məhkəmə təcrübəsinə görə şifahi formada bağlanan 3000 manatdan çöx olan borc münasibətlərinə əsassız varlanmadan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsi tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Məhkəmə tərkibi hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının tətbiqində səhfə yol verilmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Cavabdehin apellyasiya şikayətində İddiaçı 11.000 manat pulun ona verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən iddianın təmin edilməməli olmasını qeyd etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdeh Astara rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə maddi ehtiyacı olduğu üçün İddiaçı onun xidməti otağında sələm ilə 14197 (on dörd min yüz doxsan yeddi) manat pul borc götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutlar iş üzrə obyektivliyin təmin olunması, iddiaların və ya müdafiələrin əsassız olmamasının yoxlanılması, məqsədəuyğun və qanuni qərarın qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sübutlar deyilənlərin söz və iddia səviyyəsində qalmaması, onların hüquqi sənədlərlə təsdiqlənməsi funksiyasını yerinə yetirir. İş üzrə təqdim edilmiş yazılı sübutlar məhkəmənin işin hallarını düzgün müəyyən etməsinə, tərəflərin öhdəlik və hüquqlarını aydınlaşdırmasına əsas vermişdir. Bu sənədlər subyektiv yanaşmaların deyil, obyektiv faktların əsas götürülməsini təmin etmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı borc pul almış, lakin sonradan cavabdeh aldığı borcdan hər hansı pul məbləği ödəməmiş, ancaq iddiaçıdan aldığı pulu qaytarmamaqla əsassız varlanmışdır. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı qeyd edir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulması, eləcə də bununla bağlı tələb etmək hüqunun olmasını sübut etməlidir. İddiaçının hazırki iddia ərizəsi ilə müraciət etmək üçün subyektiv hüququ mövcuddur. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin yuxarda qeyd edilən izahatı yazılı sübut kimi qiymətləndirilməklə mötəbər hesab edilməlidir. Qeyd edilən izahatı yazarkən cavabdehin hər hansı təsirə məruz qalması və ya onun iradəsi ziddinə yazılması iş materialları ilə müəyyən edilmir. Cavabdeh həmin izahatı mübahisələndirməmiş, həmin izahatın onun tərəfindən yazılmadığını bildirməmişdir. Məhkəmə tərkibinin qənaətinə görə qeyd edilən izahat mübahisənin həll edilməsində təkzibedilməz sübut olduğundan, cavabdehin həmin izahatı iddia tələbində qeyd edilən 11000 (on bir min) manat borcunun olmaması barədə dəlillərini təkzib edir. Ona görə də apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, tərəflərin yazılı izahatları və izahatlarında etdikləri etiraflar məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdeh Astara rayon Polis Şöbəsinə verdiyi yazılı izahatında o, açıq şəkildə etiraf edir ki, 17 aprel 2024-cü il tarixində maddi ehtiyac səbəbindən İddiaçı sələm yolu ilə 14.197 manat məbləğində pul almışdır. Bu, cavabdehin borcu aldığını təsdiqləyən birbaşa etirafdır (Etiraf sübutların şahıdır (Latınca: confessio est regina probationum)). Hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində qəbul olunmuş prinsipə görə, tərəfin etirafı ən güclü sübut hesab olunur. Cavabdehin verdiyi yazılı izahat onun məhkəmədə “mən pul almamışam və ya iddiaçı mənə pul verməyib” kimi iddialarını etibarsız və əsassız edir. Öz izahatında pul aldığını təsdiqləyən şəxs sonradan bunun əksini sübut etməlidir. Bu isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, sübutetmə vəzifəsinin daşıyıcısı kimi cavabdehin üzərinə düşür. Borcun verilməsi faktı cavabdehin izahatı ilə sübuta yetirilmişdir. Qeyd olunan izahata əsasən, borcun verilməsi faktı artıq yazılı sübut və etiraf ilə təsdiqlənmişdir. İddiaçının cavabdehə pul verdiyi faktı məhz cavabdehin özü tərəfindən təsdiqlənmişdir. Bu halda, əlavə yazılı müqavilə və ya şahid ifadələri tələb olunmaya bilər, çünki cavabdehin etirafı mövcuddur və bu, kifayət qədər hüquqi qüvvəyə malik sübut hesab olunur. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində poçta olan bütün borcu atası Əli Əliyevin İddiaçı aprel 2024-cü il tarixdə kassada ödədiyini və həmin vaxtda İddiaçı borcunun tamamilə ödənildiyi atasına bildirdiyini qeyd etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, hər bir tərəf irəli sürdüyü iddianı və ya etirazını sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində bildirib ki, guya borc onun atası tərəfindən ödənilmişdir, lakin bu barədə heç bir yazılı sübut – nə qəbz, nə izahat, nə də digər rəsmi sənəd – təqdim edilməmişdir. Şifahi bəyanatlarla və iddialarla məhkəmə qərarı ləğv edilə bilməz. Əgər həqiqətən cavabdehin atası tərəfindən borc ödənilmişdirsə, bu barədə həm ödəniş sənədi, həm də iddiaçının borcun bağlandığını etiraf etməsi olmalı idi. Ancaq iddiaçı borcun ödənilmədiyini bildirir və cavabdeh bu ödənişi təsdiqləyən heç bir sənəd və ya sübut təqdim etməmişdir. Bu halda ödəniş faktı sübut edilməmiş sayılır. "Poçta sorğu ilə müraciət edilsə məlum olar" –yəni cavabdeh bildirir ki, guya poçta sorğu göndərilsəydi, deyilənlər təsdiq olunardı. Bu, sübut təqdim etmə öhdəliyini məhkəmənin üzərinə qoymaq cəhdidir ki, bu da prosessual hüquq normalarına ziddir. Məhkəmə müstəqil sübut toplamaq öhdəliyi daşımır. Tərəf bu sübutları özü təqdim etməlidir. Əgər bu sübutlar həqiqətən mövcud idisə, birinci instansiya mərhələsində və ya ən azı apellyasiya şikayəti ilə birlikdə təqdim edilməli idi. Cavabdeh şikayətində Ağayar Səfərovun həmin ödəniş zamanı iştirak etdiyini və iddiaçı ilə danışdığını qeyd edir. Lakin nə onun izahatı təqdim edilmişdir, nə də şahid qismində dindirilməsi tələb olunmuşdur. Bu, cavabdehin dəlilinin əsassız olduğunu bir daha göstərir. İddiaçıya pulun kassadan verilməsi və geri qaytarılması – rəsmi sənədlərlə təsdiq edilməlidir. Əgər doğrudan da pul poçtun kassasından verilibsə və qaytarılıbsa, maliyyə sənədləri, qəbzlər, əməliyyat jurnalları təqdim olunmalı idi. Belə sənədlər təqdim edilmədiyi üçün bu iddialar yalnız fərziyyə və iddiadan ibarətdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin maddənin tələbinə İddiaçı əməl etməmişdir. Əgər İddiaçı ona 11.000 manat pul borca veribsə və bunun təsdiqi AR Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələblərinə əməl edilməsi ola bilərdi. Poçt fillialı hüquqi şəxs olduğundan borc müqaviləsi yazılı formada bağlanmalı olduğundan bağlanmamış və həmin əsassa görədə iddiaçının tələbi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, MM-nin 739.2-ci maddəsi borc müqaviləsinin forma tələblərini müəyyən edir. Ancaq müqavilənin yazılı formada bağlanmaması, borcun faktiki verildiyini və öhdəliyin yarandığını inkar etmir. Belə ki, əməli hərəkətlərlə (məsələn pulun verilməsi ilə) müqavilə yaranmış sayılır, bu zaman yazılı formaya əməl olunmaması yalnız sübut məsələsində çətinlik yarada bilər – borcun hüquqi qüvvəsini itirməsinə səbəb ola bilməz. Borcun yazılı formada tərtib edilməməsi faktı, borcun verildiyi hallar digər sübutlarla təsdiqlənibsə, iddianı etibarsız etmir. Cavabdehin öz izahatı – borcun olduğunu etiraf etməsi – yazılı müqaviləni əvəz edir. Cavabdeh özü xx.xx.2024-cü il tarixli izahatında etiraf edir ki, İddiaçı borc alıb. Bu etiraf sübut kimi qüvvəyə malikdir və yazılı müqavilənin olmamasını kompensasiya edir. Yəni tərəfin etirafı sübut kimi qəbul edilir. Belə olan halda, yazılı müqavilənin olmaması artıq əhəmiyyət daşımır. Yazılı müqavilə olmasa belə, etiraf və digər sübutlarla borcun mövcudluğu və qaytarılmadığı sübuta yetirilmişdir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətinin bu dəlilləri borcdan yayınmaq məqsədi daşıyır. Cavabdeh 11.000 manat məbləğində pul almış, lakin geri qaytarmamış, indi isə formal bəhanələr gətirərək öhdəlikdən yayınmağa çalışır. Bu, əsassız varlanma halı hesab olunmalıdır. Yəni cavabdehin əsassız varlanmış şəxs hesab olunması üçün tərəflərin arasında yazılı borc müqaviləsinin olmaması kifayətdir. Ümumilikdə formalaşmış məhkəmə təcrübəsinə görə məbləği 3000 manatdan çox olan, lakin aralarında yazılı borc müqaviləsi olmayan şəxslər arasındakı mübahisəyə Mülki Məcəllənin əsassız varlanmaya dair normaları tətbiq edilməklə həll edilir. Daha sonra cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı 32.600 manat pulu ona verəndə sənəd tərtib etmiş, 11.000 manatına dair sənəd tərtib etməmişdir. Həmin dəlillər ona 11.000 manat pul borca verilmədiyini təsdiq edir. Həmin məbləğdə olan pulların mənbəyi ilə bağlı araşdırma aparılmamışdır.. Həmin pullar poçta aid olan pullardır. Poçtdan xx.xx.2024-cü il tarixdə bir dəfə 32.600 manat məbləğində, ikinci dəfə isə 11.000 manat pul çıxarılmasına dair araşdırma aparılması tələb olunur. Məhkəmə tərkibi qeyd edir ki, bu dəlil məntiqi və hüquqi baxımdan əsassızdır, çünki əgər bir şəxs müəyyən məbləğə dair sənəd tərtib edib, digərinə etməyibsə, bu yalnız o deməkdir ki, sənədləşdirmə fərqli formada aparılıb, amma borcun verilmədiyini sübut etmir. Həmçinin, cavabdehin izahatı – öz dili ilə borcun verildiyini etiraf etməsi – bu boşluğu doldurur. Qanunvericilikdə borc yalnız yazılı müqavilə ilə sübuta yetirilməlidir deyə bir tələb yoxdur. Məhkəmə təcrübəsində etiraflar, izahatlar və digər halların məcmusu sübut kimi kifayət edir. Bundan başqa cavabdeh şikayətdə qeyd edir ki, həmin 11.000 manat poçta məxsus puldur, onun mənbəyi araşdırılmalıdır. Lakin bu iddia da borc hüququ müstəvisində hüquqi nəticə doğurmur, çünki İddiaçı tərəfindən cavabdehə verilmiş borc pulun mənbəyi mübahisənin predmeti deyil. Borc alan şəxs götürdüyü pul vəsaitini geri qaytarmaq öhdəliyindədir, bu pulun haradan tapılıb verildiyi isə əhəmiyyət daşımır. Bundan başqa məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, cavabdeh yazdığı izahatında 14197 manat borcu qaldığını etiraf etmişdir. İddiaçı isə iddia tələbində Cavabdeh İddiaçı xeyrinə 11000 manat borcun tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə tərkibinin qənaətinə görə hazırkı mübahisədə iddia tələbindən kənara çıxmaq üçün müstəsna hal mövcud deyildir. Ona görə də Cavabdeh 11000 manat pulun iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdehnun apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-235/20253 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh 11000 (on bir min) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-235/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar