Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-916/2024 01.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: aktın etibarsız hesab edilməsi və borcun silinməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı, 09 sentyabr 2023-cü il tarixli R 313855 nömrəli aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 655.20 manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(041)-244/2024 saylı qətnaməsindən (hakim Xaliq İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 313855 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış 655.20 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayonu, Bağman kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Məişətdə istifadə etdiyi elektrik enerjisinin pulunu həmişə vaxtında ödəyib və borcu olmayıb. 2023-cü il tarixdə elektrik enerjisinə nəzarət edən əməkdaşlar ona məxsus sayğacı yoxlamış və bu barədə 313855 nömrəli akt tərtib etmişlər. Dəfələrlə Kürdəmir elektrik şəbəkəsinə gedərək onun barəsində tərtib edilmiş aktı tələb etmiş, lakin ona aktı təqdim etməmiş, çox get-gəldən sonra aktı əldə etmiş, aktla tanış olarkən sayğacdan kənar xəttdən istifadə etməsi barədə akt yazıldığını şahidi olmuşdur. Halbuki, belə bir hal ümumiyyətlə mövcud olmamış, akt onun iştirakı olmadan tərtib edildiyi üçün bu barədə öz münasibətini bildirə bilməmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan yalnız öz əməkdaşlarının iştirakı ilə onun sayğacına baxış keçirmiş və həqiqəqətə uyğun olmayan akt tərtib etmişlər. Hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 313855 nömrəli akt etibarsız hesab edilməli, həmin akta əsasən hesablanmış 655.20 manat cərimə onun borc hesabından silinməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, yaşadığı evə verilən elektrik enerjisini qeydə alan sayğac həyətdə quraşdırılmış və hər ay Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları elektrik sayğacına baxış keçirmiş və sayğacda qeyd edilən məbləğə uyğun olaraq ona bildiriş verilmiş və həmin bildirişə uyğun olaraq ödəniş etmişdir. Elektrik sayğacından kənar hər hansı formada əlavə xəttin çəkilməsinə ehtiyac olmamış və bu hal onun abonent saldosundan da aydın görünür. Digər tərəfdən, cavabdeh bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktı onun iştirakı ilə tərtib etmədiyinə görə məsələyə öz münasibətini bildirə bilməmiş, nəticədə əsassız və qanunsuz olaraq ona əlavə borc məbləği yazılmışdır. Akt cavabdehin nümayəndələrindən tələb edərkən 120 gün itirilmiş enerjinin onun hesabına yazıldığının şahidi olmuşdur. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda qeyd olunmuşdur ki, İddiaçı yaşadığı evdə elektrik enerjisindən qanunsuz istifadə edilməsi faktının aşkar edilməsindən xəbəri olmadığını bildirərkən qeyri səmimiliyə yol verərək məhkəməyə işin faktiki halları barədə yanlış məlumat vermişdir. Belə ki, aşkar edilmiş pozuntu mobil telefon vasitəsilə video çəkilişi aparılarkən iddiaçı enerji təchizatı müəssisəsinin əməkdaşlarına elektrik enerjisindən kənar xətt vasitəsilə qanunsuz istifadə etdiyini etiraf etmişdir. Bundan sonra iddiaçının barəsində EEİQ-nın tələblərinə uyğun olaraq akt tərtib tərtib edilmiş, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesablama aparılmışdır. Nümayəndə göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(041)-244/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bildirmişdir ki, ailə üzvləri ilə birgə Kürdəmir rayonunun Bağman kəndində fərdi evdə yaşayır. Müəllim işləyir. Yaşadığı evdə təbii qazdan və elektrik enerjisindən istifadə edir. Təbii qazdan və elektrik enerjisindən istifadə sahəsində hər ay tərəfindən ödənişlər olunmuş və borc yaranmamışdır. May 2023-ci il tarixə kimi atasının, anasının və onlarla birgə yaşayan qardaşının vəfat etməsi ilə əlaqədar 2023-ci ilin may ayından sentyabr ayının 8-nə kimi yaşadığı evi ailəsilə birgə tərk etmiş və bu müddətdə valideynlərinin evində yaşadıqlarına görə həmin evdə yaşayış olmamışdır. Həmin müddətdə yaşadığı evin çöl hissəsində həyəti işıqlandırmaq üçün yalnız bir ədəd elektrik lampasından istifadə olunmuşdur. Yeni tədris ilinin başlanması ilə əlaqədar öv evinə 08 sentyabr 2023-ci il tarixdə qayıtmışdır. Bu zaman evdəki elektrik xəttində nasazlıq əmələ gəldiyini müşahidə etmiş və həmin vaxt bu barədə kənddə olan enerjidə nəzarəti həyata keçirən Seymur Hüseynova müraciət etmişdir. O xətti müayinə etmiş, elektrik sayğacının avtomat ayrıcısında nasazlığı müəyyən etdikdən sonra, müvəqqəti nasazlığı aradan qaldırmış və demişdir ki, bu barədə Kürdəmir Elektrik İdarəsinə məlumat verəcək ki, gəlib xəttə yaranan nasazlığı tam aradan qaldırsınlar. Səhəri gün cavabdehin 3 nəfər işçisi onun yaşadığı evə gəlmiş və bildirmişlər ki, sən sayğacdan kənar enerjidən istifadə edirsən. Onlara bildirmiş ki, bir gün bundan əvvəl Sizin idarənin nəzarətçisi Seymur Hüseynova müraciəti əsasında onun tərəfindən xəttdə olan nasazlıq aradan qaldırılmış və ola bilsin ki, sayğacın avtomat ayrıcısı işləmədiyindən, müvəqqəti evə işıq vermək üçün xətti bir başa qoşmuşdur. Bunda sonra onlar sayğacın və xəttin şəkillərini çəkib getmişlər. Bundan bir neçə gün sonra, onun ***-***-**-** telefon nömrəsinə mesaj gəlmiş ki, o cərimə olunmuşdur. Bunda sonra cərimə olunmağı barədə tərtib olunmuş sənədləri cavabdehdən tələb etmişdir. Onlar isə xx.xx.2023-cü il tarixdə nömrəsiz tərtib olunmuş sayğacdan kənar elektrik enerjisindən istifadə etmək sahəsindəki AKT-ı təqdim etmişlər. Məhkəmə tərəfindən sözügedən qətnamə bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən bu qətnamə tam həcmdə ləğv olunmalı və iddiamın təmin olunması sahəsində yeni qərar qəbul olunmalıdır. Bunu aşağıdakı fikirləri ilə izahını vermişdir. Əvvəla sözügedən mənzildə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək ailəsilə birgə yaşamadığı faktının müəyyənləşdirilməsi sahəsində hakim yerli icra nümayəndəsinə sorğu göndərməmiş və bu faktın təsdiqi ilə əlaqədar məhkəmə baxışına gətirdiyi şahidləri8 dindirməmişdir. Digər tərəfdən xx.xx.2022-ci il tarixdə sözügedən mənzilin elektrik xəttindəki nasazlığı aradan qaldıran nəzarətçi Seymur Hüseynov təklif etməyinə baxmayaraq, məhkəmə baxışına dəvət olunmamış və izahatı dinlənilməmişdir. Həmçinin sayğacdan kənar istifadəyə görə hesabına vurulmuş 655,20 manat məbləğin hansı müddətə və hansı sərfiyyata görə hesablanmasının mkəhkəməyə təqdim olunması tərəfindən tələb olunsa da, cavabdeh nə ona, nə də məhkəməyə bu sənədi təqdim etməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və göstərmişdir ki, 4 ay öz evində deyil, valideynlərinə məxsus evdə yaşamışdır. Belə ki, 08 may 2023-ci il tarixə kimi atasının, anasının və onlarla birgə yaşayan qardaşının vəfat etməsi ilə əlaqədar 2023-ci ilin may ayından sentyabr ayının 8-nə kimi yaşadığı evi ailəsilə birgə tərk etmiş və bu müddətdə valideynlərinin evində yaşadıqlarına görə həmin evdə yaşayış olmamışdır. Həmin müddətdə yaşadığı evin çöl hissəsində həyəti işıqlandırmaq üçün yalnız bir ədəd elektrik lampasından istifadə olunmuşdur. Yeni tədris ilinin başlanması ilə əlaqədar öv evinə 08 sentyabr 2023-ci il tarixdə qayıtmışdır. Evə qayıdarkən sayğacın avtomat hissəsində nasazlıq aşkar etmişdir. Bunu nəzarətçi Seymura demişdir. Seymurda sayğaca baxmış və demişdir ki, İdarəyə deyəcəkdir. Bir-iki gündən sonra İdarədən iki nəfər gəlib sayğaca baxmış, sayğacın foto və videosunu çəkərək ona sayğacdan kənar xəttdən istifadə etdiyini bildirmişlər. Bildirmişdir ki, o sayğacdan kənar xəttdən istifadə etməmişdir. Ola bilsin ki, avtomat işləmədiyindən nəzarətçi Seymur onun evinə işıq verilməsi üçün xətti birbaşa evə qoşmuşdur. Birinci instansiya məhkəməsində Seymuru şahid kimi məhkəməyə dəvət etməmişdir. Şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarının 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinin 2-ci abzasına əsasən mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1 -ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli R313855 nömrəli aktdan görünür ki, Kürdəmir rayonu Bağman kəndində EEİQ-na riayət edilməsinin vəziyyəti yoxlanılarkən məlum oldu ki, İddiaçı həyətdə yerləşən sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar olunmuşdur. Foto və video çəkilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, İdarədən gələn əməkdaşlar sayğacın foto və videosunu çəkmişlər. Həmçinin iddiaçı özü etiraf etmişdir ki, işıq xətti onun evinə sayğacdan kənar getmişdir. Qeyd etmişdir ki, həmin xətti nəzarətçi Seymur avtomat işləmədiyindən ola bilsin ki, xətti birbaşa evə qoşmuşdur. Göründüyü kimi iddiaçı evinə gedən sayğacdan kənar xəttin mövcud olmasını və həmin halın foto və videosunun cavabdeh tərəfindən çəkilməsini etiraf etmişdir. Belə olan halda kollegiya hesab edir ki, qətnamənin ləğvi üçün əsas ola bilməz. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-irini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd edilən qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlillərini əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın dəyəri 655 manatdır. Buna görə də çıxarılmış qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(041)-244/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-916/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-916/2024
01.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver