Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-921/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 126/2025 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış cəmi 4204,80 manat məbləğində dəymiş ziyanın, təbii qazın istehlakına görə yaranmış 124,25 manat cari (debitor) borcun və 63,29 manat dövlət rüsumunun, cəmi 4392,34 manat məbləğində pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus fərdi yaşayış evi İddiaçı İB tərəfindən təbii qazla təchiz edilir və ona Lənkəran RQİİ (X2 İdarəsi) tərəfindən **********00251 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən müəssisənin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır və bu halı təsdiq edən video çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı İddiaçı İB-nin işçiləri tərəfindən “Təbi qazdan istifadə qaydaların pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, həmin akt əsasında cəmi 4204,80 manat maddi ziyan hesablanmışdır. Bundan əlavə, cavabdeh yaşadığı evdə müvafiq alqı-satqı müqaviləsi əsasında və sayğac vasitəsilə istifadə etdiyi təbii qazın dəyərini də tam şəkildə ödəməmiş, onun istehlak etdiyi təbii qaza görə 124,25 manat debitor borcu yaranmışdır. Bu faktlar Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla yanaşı, ona aid tələbnamə, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə, cavabdehə məxsus **********00251 nömrəli abonent hesabından çıxarış (saldo), Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən qeydə alınmış video çəkilişlə sübuta yetirilir. Cəmi 4329,05 manat borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də cavabdehə məxsus evdə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış cəmi 4204,80 manat məbləğində dəymiş ziyanın, təbii qazın istehlakına görə yaranmış 124,25 manat cari (debitor) borcun və 63,29 manat dövlət rüsumunun, cəmi 4392,34 manat məbləğində pulun ondan tutularaq İddiaçı İB-nın Lənkəran RQİİ-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-126/2025 saylı qətnaməsi ilə (hakim N.Ağabəyov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh yaşadığı evdə təbii qazdan qeyri-qanuni istifadəyə görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 35040 kub metr itirilmiş təbii qazın 384 kub metrdən ibarət hissəsinin dəyəri olan 46,08 manat maddi ziyan, təbii qazın istehlakına görə yaranmış 124,25 manat cari (debitor) borc və 30 manat dövlət rüsumu - cəmi 200,33 manat məbləğinin Cavabdeh tutularaq İddiaçı Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** nömrəli hesabına ödənilməsi, İddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 63,29 manat dövlət rüsumu məbləğinin 33,29 manatdan ibarət hissəsi İddiaçınə aid edilməsi və İddiaçı iddia tələbinin digər hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, xx.xx.2023-cü il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamələrin surətləri, abonentin saldosundan xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərə aid çıxarışlarla müəyyən edildi ki, cavabdeh ünvan 1 ünvanında yaşayır və təbii qaz istehlakçısıdır. Cavabdehin yaşadığı evdə təbii qazdan istifadəyə görə 2023-cü ilin əvvəlində iddiaçıya 88,40 manat debitor borcu olmuşdur. Cavabdeh debitor borcu ödəmədiyinə görə onun yaşadığı evin təbii qaz təminatı xx.xx.2023-cü il tarixdə İddiaçı İBnin Lənkəran RQİİ-nin Lənkəran xidmət sahəsinin əməkdaşları tərəfindən dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı İBnin əməkdaşları tərəfindən cavabdehin yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılan zaman cavabdehin yaşadığı evdə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni olaraq istifadə edildiyi aşkar olunmuşdur. Bununla bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və cavabdehə məxsus evin qaz xəttində itirilmiş təbii qazın miqdarı həmin akt əsasında 365 gün üçün hesablanaraq 35040 kub metr (4x24x365=35040 kub metr, yəni qazın maksimal saatlıq sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 365 gün) müəyyən edilmiş, həmin miqdarda təbii qazın dəyəri olaraq İddiaçı İB tərəfindən cəmi 4204,80 manat debitor borc hesablanaraq borcun ödənilməsi cavabdehdən tələb edilmişdir. İddiaçı İB məhkəməyə müraciət etmək üçün 63,29 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh ona məxsus evin təbii qaz xəttində sayğacdan kənar qoşulma halı aşkar olunsa da, sayğacdan kənar xəttdən 2023-cü ilin yanvar ayında cəmi 2 gün - 12 və 13 yanvar tarixlərində istifadə etdiyini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, cavabdehin yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktı ilə bağlı qaz təchizatçısına dəymiş maddi ziyanın tələbnamədə qeyd edilən miqdarı deyil, real məbləği cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə qaz təchizatçısına dəymiş maddi ziyanın miqdarını hesablayarkən ilk növbdə qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı İB-nin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda itirilmiş təbii qazın miqdarı 365 gün üçün hesablanaraq 35040 kub metr (qazın maksimal saatlıq sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 365 gün) müəyyən edilmiş olsa da, işin faktiki halları ilə cavabdehin yaşadığı evin təbii qaz xəttindən sayğacdan kənar istifadə müddətinin 10-13 yanvar 2023-cü il tarixləri ilə məhdudlaşdığı müəyyən edilmişdir. İddia tələbinin əsaslandığı hallarla bağlı sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşdüyündən, lakin iddiaçı cavabdehin yaşadığı evdə sayğacdan əvvəl qaz xəttinə qoşulma halının 10-13 yanvar 2023-cü il tarixlərindən daha artıq müddətdə baş verdiyini təsdiq edə biləcək hər hansı sübutunu məhkəməyə təqdim etmədiyindən məhkəmə cavabdehin yaşadığı evdə təbii qazdan yalnız həmin tarixlərdə sayğacdan kənar istifadə edilmiş olması faktını sübuta yetirilmiş hesab etmişdir. İddiaçı özü də cavabdehin yaşadığı evdə xx.xx.2023-cü il tarixdə təbii qazın verilməsinin dayandırılması tədbiri həyata keçirilərkən təbii qazdan sayğacdan kənar istifadə etmə halının müşahidə olunduğunu iddia etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında cavabdehdən tələb edilən maddi ziyan məbləğini iddia tələbində qeyd edildiyi kimi 365 gün üçün deyil, 10-13 yanvar 2023-cü il tarixləri olmaqla, 4 gün üçün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab etmişdir. Eyni zamanda, məhkəmə cavabdehin yaşadığı evdə həmin müddət ərzində təbii qaz xəttinə sayğacdan kənar qoşulmaya görə qaz sərfiyyatının miqdarını qazın maksimal saatlıq sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat olmaqla hesablanmasını ağlabatan sayır. Həmin qaydada hesablamaya görə cavabdehin yaşadığı evdə təbii qaz xəttinə sayğacdan kənar qoşulmaya görə qaz itkisi 4x24x4=384 kub metr və onun dəyəri olaraq maddi ziyanın miqdarı 46,08 manat müəyyən edilir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 35040 kub metr itirilmiş təbii qazın dəyəri olaraq 4204,80 manat maddi ziyan məbləğinin cavabdehdən tutulmasına dair hissəsi qismən - 384 kub metr itirilmiş təbii qazın dəyəri olaraq 46,08 manat həddində təmin edilməli, digər hissədə isə təmin edilməməlidir Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 5.2, 6.5-ci bəndi, “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9, 3.3-cü bəndləri, İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 78.1, 217.4, 119.1-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni cavabdeh tərəfindən sayğacdankənar istifadə etməsi faktı aşkar olunmuş, fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta görə itirilmiş qazın bərpası üçün qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən itirilmiş qazın bərpası üzrə cavabdehin abonent bazasında 35040 kub metr olmaqla 4204,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə iddiaçıya ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi faktı aşkar edilmiş (məhkəməyə video disk təqdim edilmişdir) və bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin də dəymiş ziyanın bərpasına dair tələbnaməyə istinad etməmiş,(Qaz təchizatı haqqında qanunun 8.1 maddəsinə uyğun) hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Məhkəməyə təqdim edilən video disk sübut kimi qəbul edilməmişdir. Məhkəmə çıxışlarında Cavabdeh yaşadığı mənzildə sayğacdan kənar qeyri-qanuni qoşulmaqla 2023-cü ilin yanvar ayında 2 (iki) gün 12 və 13 yanvar tarixlərində təbii qazdan istifadə etməsin etiraf etmişdir. Eyni zamanda cavabdeh iddianı qisməndə olsa qəbul etmişdir. Burdanda görünür ki, iddia tələbi cavabdehin mülahizəsinə əsasən təmin edilməmişdir. Beləliklə birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya maddi ziyan vurmasına dair iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər saldıqda görünür ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı azdır.Ona görə də apellyasiya şikayəti təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməsini və İddiaçıİB Lənkəran RQİİ tərəfindən Cavabdeh adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt və həmin akt əsasında itirilmiş qazın bərpasına görə hesablanmış 35040 kub. metr qaza görə hesablanmış 4204,80 manat kimi müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər (təmsil olunmamışlar). İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini və Lənkəran Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(049)-126/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayəti təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməsini və İddiaçıİB Lənkəran RQİİ tərəfindən Cavabdeh adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt və həmin akt əsasında itirilmiş qazın bərpasına görə hesablanmış 35040 kub. metr qaza görə hesablanmış 4204,80 manat kimi müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 126/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-126/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış cəmi 4204,80 manat məbləğində dəymiş ziyanın, təbii qazın istehlakına görə yaranmış 124,25 manat cari (debitor) borcun və 63,29 manat dövlət rüsumunun, cəmi 4392,34 manat məbləğində pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azəriqaz” İBnin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda itirilmiş təbii qazın miqdarı 365 gün üçün hesablanaraq 35040 kub metr (qazın maksimal saatlıq sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 365 gün) müəyyən edilmiş olsa da, işin faktiki halları ilə cavabdehin yaşadığı evin təbii qaz xəttindən sayğacdan kənar istifadə müddətinin 10-13 yanvar 2023-cü il tarixləri ilə məhdudlaşdığı müəyyən edilmişdir. İddia tələbinin əsaslandığı hallarla bağlı sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşdüyündən, lakin iddiaçı cavabdehin yaşadığı evdə sayğacdan əvvəl qaz xəttinə qoşulma halının 10-13 yanvar 2023-cü il tarixlərindən daha artıq müddətdə baş verdiyini təsdiq edə biləcək hər hansı sübutunu məhkəməyə təqdim etmədiyindən məhkəmə cavabdehin yaşadığı evdə təbii qazdan yalnız həmin tarixlərdə sayğacdan kənar istifadə edilmiş olması faktını sübuta yetirilmiş hesab etmişdir. İddiaçı özü də cavabdehin yaşadığı evdə xx.xx.2023-cü il tarixdə təbii qazın verilməsinin dayandırılması tədbiri həyata keçirilərkən təbii qazdan sayğacdan kənar istifadə etmə halının müşahidə olunduğunu iddia etməmişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, iddia tələbi qismən əsaslı, apellyasiya şikayəti isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd edilmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən istehlakçı tərəfindən sayğacdan əvvəl qaz xəttinə qoşulma ilə qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, cavabdehin yaşadığı ünvan 2 ünvanındakı evin təbii qaz təminatı həmin tarixdə İddiaçı İB-nin Lənkəran RQİİ-nin Lənkəran xidmət sahəsinin əməkdaşları tərəfindən qapayıcı vasitəsilə dayandırılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı İBnin əməkdaşları tərəfindən cavabdehin yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılan zaman cavabdehin yaşadığı evdə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni olaraq istifadə edildiyi aşkar olunmuşdur. Bununla bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və cavabdehə məxsus evin qaz xəttində itirilmiş təbii qazın miqdarı həmin akt əsasında 365 gün üçün hesablanaraq 35040 kub metr (4x24x365=35040 kub metr, yəni qazın maksimal saatlıq sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 365 gün) müəyyən edilmiş, həmin miqdarda təbii qazın dəyəri olaraq İddiaçı İB tərəfindən cəmi 4204,80 manat debitor borc hesablanaraq borcun ödənilməsi cavabdehdən tələb edilmişdir. Lakin göründüyü kimi xx.xx.2023-cü il tarixdə Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən cavabdehin yaşadığı evdə təbii qazdan istifadə qaydaları yoxlanılarkən qaz xəttinə sayğacdan kənar qoşulma faktı aşkar edilmiş olsa da, həmin vaxtdan cəmi bir neçə gün əvvəl - xx.xx.2023-cü il tarixdə cavabdehin yaşadığı evin təbii qaz təminatı İddiaçı İB-nin Lənkəran RQİİ-nin Lənkəran xidmət sahəsinin əməkdaşları tərəfindən qapayıcı vasitəsilə dayandırılmışdır. Təbii qaz təminatının dayandırılması ilə bağlı müvafiq akt tərtib edilmiş, lakin həmin aktda cavabdehin yaşadığı evin təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktının aşkar olunması ilə bağlı hər hansı qeyd-şərt göstərilməmişdir. Bu hal isə özüözlüyündə cavabdehin yaşadığı evin təbii qaz xəttinə sayğacdan kənar qoşulma halının xx.xx.2023-cü il tarixdən, yəni təbii qaz təminatının dayandırılmasından sonra baş verdiyini deməyə əsas verir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulmaqla sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçı isə belə bir sübut təqdim edə bilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehin təbii qazdan 10–13 yanvar 2023-cü il tarixlərindən artıq müddətdə qeyri-qanuni istifadə etdiyini sübuta yetirə bilməmişdir. Hazırkı halda iddia tələbi Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəsinə görə hesablanmış 4204,80 manat məbləğində dəymiş ziyan hissəsində əsaslı deyildir. İddiaçı apellyasiya şikayətində cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* saylı akta əsasən 4202,80 manat olduğu iddiasının əsaslı olduğunu qeyd etsə də, Akt yalnız iddiaçı qurumun əməkdaşları tərəfindən tərtib olunmuşdur, yəni bu sənəd tərəfli sənəddir və müstəqil ekspertiza və ya obyektiv araşdırma nəticəsi deyil. Həmin aktda göstərilən 35040 kub metr qaz sərfi və 4204,80 manat ziyan faktiki istifadə müddəti sübuta yetirilmədən, nəzəri hesablamaya əsasən müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin yaşadığı evdə qeyri-qanuni qaz istifadəsi yalnız 10–13 yanvar 2023-cü il tarixləri ilə məhdudlaşır. İddiaçı bu tarixlərdən əvvəl və ya sonra da qazdan qeyri-qanuni istifadə edildiyini sübut etməmişdir, buna görə də 365 günə əsaslanan ziyan hesablaması hüquqi və faktiki əsasa malik deyil. İddiaçı “Qaz təchizatı haqqında” Qanunun 8.1-ci maddəsinə və daxili hesablanma qaydalarına istinad etsə də, lakin bu qaydalar yalnız real sübuta əsaslanan hallarda tətbiq oluna bilər. Yəni, qanunsuz istifadənin müddəti və miqdarı sübuta yetirilmədikcə, bu qaydalara əsaslanan hesablamalar yalnız ehtimala əsaslanan iddialardır. Bu, İddiaçı İB idarəsinin öz daxili qaydalarına əsasən, birbaşa marağında olan əməkdaşlar tərəfindən hazırlanmış sənəddir. Hesablama məhkəmənin obyektiv araşdırması ilə yoxlanmadan və müddət sübuta yetirilmədən qəbul edilə bilməz. Sayğacdan kənar istifadə yalnız 3 gün üçün cavabdehin etirafı və ağlabatan mühakimə ilə sübuta yetirildiyindən, 365 günə hesablanan ziyan əsassız və hüquqi nəticə doğurmayan iddiadır. Bundan başqa iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan abonentə dair SALDO-ya əsasən əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı az olması iddia tələbinin əsaslı olmasını sübut edir. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə tərkibi qeyd edir ki, SALDO sistemində göstərilən sərf miqdarı yalnız sayğac üzərindən keçmiş rəsmi sərfiyyatı əks etdirir. Əgər qaz sərfiyyatı az göstərilibsə, bu fakt təbii olaraq müxtəlif səbəblərlə izah oluna bilər: məsələn, Ailə üzvlərinin müvəqqəti evdə olmaması, qazdan istifadə edən cihazların dəyişməsi və ya sıradan çıxması, İstilik sistemlərindən istifadə edilməməsi və s. Qanunsuz istifadə edildiyini göstərmək üçün təkcə az sərfiyyat yetərli deyil — bu, yalnız fərziyyədir. SALDO yalnız sayğacla ölçülmüş sərfi göstərir, sayğacdan kənar hər hansı qanunsuz qoşulma və ya qaz istifadəsinin müddətini, miqdarını sübut etmir. Belə müqayisələr yalnız statistik analiz xarakteri daşıyır. İddiaçının üzərinə düşən sübutetmə yükü, yalnız SALDO göstəricilərinə istinad etməklə yerinə yetirilmiş hesab edilə bilməz. İddiaçının SALDO-ya istinadla irəli sürdüyü dəlillər fərziyyə və ehtimal xarakterlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-126/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-126/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-921/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-921/2025
05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver