Məhkəmə qərarları › İş №2(106)-932/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-932/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-932/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər İmanov Cahid Fehruz oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əsədov Hüseyin Paşa oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanı üzrə tikilmiş birmərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün çəkilmiş xərclərin dəyəri olaraq 55000 manat pulun tutulması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(032)-85/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh BalaHüseyin qızına qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanı üzrə Cavabdeh BalaHüseyin qızı və oğlu Əsədov Əsəd Hüseyin oğlu arasında 24 avqust 2005ci il tarixli yazılı razılaşmaya əsasən ödənilmiş 800 ABŞ dollarının və ünvan 1 ünvanı üzrə tikilmiş birmərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün çəkilmiş xərclərin dəyəri olaraq 55000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(032)-85/2023 saylı qərardadı ilə cavabdehdən iddiaçının xeyrinə 800 ABŞ dolları məbləğində pulun alınması hissəsində iş üzrə icraata xitam verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(032)-85/2023 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanı üzrə tikilmiş birmərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün çəkilmiş xərclərinin 55000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddianın təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı Şirvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(032)-85/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə izahat verərək apellyasiya şikayətini qəbul etmədiyini bildirmişdir. Belə ki, onların arasında əvvəllər eyni tələb üzrə məhkəmə mübahisəsi olmuş və bu barədə qüvvədə olan məhkəmə qərarı vardır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əsədov Hüseyin Paşa oğlu izahat verərək bildirmişdir ki, əslində hazırkı iş üzrə iddiaçı əvvəlcə özü olsa da, sonradan ona ərizəyə imza etdirib əsl iddiaçı kimi İddiaçı tanındı. Ərizəyə özü vəkilin iştirakı ilə imza atsa da, orada nə yazıldığını həmin vaxt bilməmişdir. İddiaçı hazırda xəstə olduğundan məhkəmədə iştirak edə bilmir deyə, onun şikayətini müdafiə edir. Ona da məlumdur ki, eyni tələb və eyni predmet üzrə İddiaçı və Cavabdeh arasında əvvəllər məhkəmə mübahisəsi olmuşdur. Hətta, eyni məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan qərarı vardır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də, qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İş materiallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(032)-49/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinin dəyəri olaraq 55000 manat məbləğdə pul vəsaitinin tutulması tələbi barədə iddia rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(106)-1684/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(032)-49/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(102)- 564/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2(106)-1684/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, eyni tərəflər, yəni İddiaçı ilə Cavabdeh arasında eyni predmet barəsində və eyni əsaslar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(102)-564/2023 saylı qərarı mövcuddur. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, MPM-in 261-ci maddəsində nəzərdə tutulmuş yuxarıda qeyd olunan əsasla İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanı üzrə tikilmiş birmərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün çəkilmiş xərclərin dəyəri olaraq 55000 manat pulun tutulması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(032)-85/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Habelə, MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(032)-85/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanı üzrə tikilmiş birmərtəbəli fərdi yaşayış evinin tikilməsi üçün çəkilmiş xərclərin dəyəri olaraq 55000 manat pulun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar