Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-940/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(018)38/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” məhkəmədə iddia qaldıraraq, Cavabdeh vurmuş olduğu maddi ziyana görə 5000 (beş min) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı vəkili və nümayəndəsi X8 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı cavabdeh X6 ilə 2019-cu ilin yay aylarında İran İslam Respublikasından Azərbaycan Respublikasına kiçik həcmli tərəvəz məhsulları satan şəxs kimi Astara Gömrük bazarında tanış olmuşdur. 2019-cu ilin yay aylarında X1 Fəqan Əfqan oğlu ilə telefon ilə danışarkən ona İran İslam Respublikasından Azərbaycan Respublikasına istənilən malı gətirə biləcəyini bildirmişdir. İddiaçı 03 dekabr 2019-cu il tarixdə işsiz olmasına görə qərara almışdır kı, X4 təklifini dəyərləndirsin. Fərqiyə Ağayevanın təklifi ilə 04 dekabr 2019-cu il tarixdə onunla Abşeron rayonunun Masazır qəsəbəsində görüşmüşlər. Fərqiyə Ağayeva özünün geniş biznesindən və əlaqələrindən danışıb, onu inandırmışdır. O, hətta bir neçə uğurlu biznesmenlərin adını çəkmiş və onların da əvvəllər onunla iş birliyində olmasını demişdir. Həmin söhbətdən sonra İddiaçı ona tamamilə inanmışdır. O, evə qayıtdıqdan sonra Fərqiyə Ağayeva ona zəng edərək demişdir ki, onun üçün İran İslam Respublikasından 20000 (iyirmi min) manat dəyərində kivi sifariş vermişdir. 2 gün ərzində həmin meyvələr Bakı şəhərində “Meyvəli Bazarında” olacaqdır. Həmin malın pulundan 5000 (beş min) manatını səhəri gün vermək lazım olacaqdır. Qalan 15000 (on beş min) manat pulu isə mal satılandan sonra verməli olduğunu bildirmişdir. O, da Fərqiyə Ağayeva ilə razılaşmışdır. Buna görə də İddiaçı 05 dekabr 2019-cu il tarixdə saat 16:00 radələrində Fərqiyə Ağayeva ilə “Meyvəli Bazarında” ilə görüşüb, ona 5000 (beş min) manat pul vermişdir. Fərqiyə Ağayeva ona demişdir ki, 08 dekabr 2019-cu il tarixdə ona 20000 (iyirmi min) manat dəyərində kivi təhvil veriləcəkdir. Lakin həmin vaxtı ona 20000 (iyirmi min) manat dəyərində kivi təhvil verilməmişdir. Bundan sonra İddiaçı Fərqiyə Ağayevadan kivi və 5000 (beş min) manat pulu tələb etmiş olsa da Fərqiyə Ağayeva 5000 (beş min) manat pulu qaytarmamışdır. Bundan sonra İddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş, Fərqiyə Ağayeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi açılmış, X9 Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 1(018)-95/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı. Astara Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(018)38/2023 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh 5.000 (beş min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Astara Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(018)38/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası MPM-nin 9.1; 9.2 və 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Qeyd edilən prosessual hüquq normalarının tələblərinə əsasən “Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prosesini təmin etməlidir. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə görə əsaslandıra bilməz. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri haqqında ona məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Göstərilənlərə əsasən Astara Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(018)38/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının və cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik vəçəkişmə prinsiplərinəəsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlışəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir vəşikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Astara Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(018)38/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi nəticəsinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Astara Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 1(018)-95/2021 nömrəli hökmündən görünür ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə Astara şəhər sakini İddiaçı 5.000 (beş min) manatını ondan alıb ələ keçirməklə dələduzluq etmiş və bu əməlinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı etibardan sui-istifadə etmə və aldatma yolu ilə 5.000 (beş min) manatını ondan alıb ələ keçirməklə dələduzluq etməsi onun əməlinin qanunazidd olması və qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqə olması işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, İddiaçı Cavabdeh maddi ziyanın əvəzini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hazırki mülki iş üzrə cavabdehin iddiaçıya mənəvi ziyan vurması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində müəyyən edilmişdir ki,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin bu cür halında, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunmasına dair gəldiyi nəticəni qanuni hesab edir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh işin mahiyyəti ilə bağlı heç bir qeyd etməyib, apellyasiya şikayətinin dəlillərini yalnız məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi və işə onun iştirakı olmadan baxılması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh birinci instansiya məhkəməsində 02 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və məhkəmə iclasının 29 noyabr 2022-ci il tarixə təxirə salınması barədə qəbzə imza etmişdir. 29 noyabr 2022-ci il tarixdə tərəflərin məhkəmə iclasına gəlməmələri səbəbindən məhkəmə iclası 22 dekabr 2022-ci il tarixə təxirə salınmışdır. 22 dekabr 2022-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qardaşının xəstə olması səbəbindən məhkəmə iclasının 2023-cü ilin yanvar ayına təxirə salınmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə iclası 16 yanvar 2023-cü il tarixə saat 10:00-a təxirə salınmışdır. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, hakim X2 müvəqqəti iş funksiyalarını yerinə yetirə bilmədiyi ilə əlaqədar məhkəmə iclası 13 mart 2023-cü il tarixə saat 09:30-a təyin edilmiş və bu barədə tərəflərə bildiriş və eləcə də SMS bildiriş göndərilməklə məlumat verilmişdir. 13 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında tərəflər iştirak etmədiklərinə görə məhkəmə iclası 17 mart 2023-cü il tarixə saat 10:00-a təxirə salınmış və bu barədə tərəflərə, o cümlədən Cavabdeh SMS bildiriş göndərilməklə və eyni zamanda bildirişin surəti ona təqdim edilməklə məlumat verilmişdir. Lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları arardırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstinad edilən Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(018)38/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(018)38/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-940/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-940/2023
13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver