Məhkəmə qərarları › İş №2(106)-963/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-963/2025

14.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-963/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Bəşirzadə Turac Fəyyaz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4 və X2 qarşı “mülkdən istifadənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-86/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh4 (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4 və X2 qarşı mülkdən istifadənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin iddiaçının mülkiyyətində olan Füzuli rayonu, Babı kəndində yerləşən evdən istifadəsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4 və X1 ona məxsus Füzuli rayonu, Babı kəndində yerləşən və mülki olan 22 sot torpaq sahəsində tikilən fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə onlar tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-86/2025 saylı qətnaməsi ilə (hakim E.İsmayılov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4 və X3 tərəfindən İddiaçı məxsus Füzuli rayonu, Babı kəndində yerləşən 0,2045 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 134,6 kv.m. olan fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh4 (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-86/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Cavabdehlər 5 ildir ki, həmin evdə yaşamırlar. Onlar iddiaçıların icazələri olmadan 2019-cu ilədək orada yaşamışlar. Cavabdehlər qardaşının ailəsidir. Qardaşı həyat yoldaşı ilə ayrıldıqdan sonra onlarla yaşayır. O, Cavabdeh1 ilə 1998-ci il tarixdə ailə həyatı qurmuş, təxminən 1998-ci ildən mübahisəli evdə yaşamağa başlamışlar. Onların nikahları 2023-cü ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Özləri Bakı şəhərində yaşayırlar, amma onlarda olan məlumata əsasən cavabdehlər evlərinə icazəsiz daxil olub əmlaklarına ziyan vururlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onların qanunla qorunan mülkiyyət hüququ kobud şəkildə pozulur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəblərini bildirməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında belə hüquqi mövqe ifadə edilmişdir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddihüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. Çünki, tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. Baxılan işin materiallarından görünür ki, eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmetə (evdən çıxarılma və müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi) dair iddia Füzuli Rayon Məhkəməsinin 2(064)-32/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi hazırkı iş üzrə icaata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verməli olduqları halda iddiaya mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. İddiaçı hazırkı iddia ərizəsini belə əsaslandırmışdır ki, Füzuli rayonu, Babı kəndində yerləşən mübahisəli mənzil AR ƏMDKYDƏDRX tərəfindən verilmiş çıxarış əsasında iddiaçının mülkiyyətindədir və ona məxsusdur. Cavabdehlər (Cavabdeh1, X4, Cavabdeh4 və X3) hazırda Bakı şəhərində yaşayırlar, lakin mütəmadi olaraq iddiaçıya məxsus olan mülkə icazəsiz daxil olurlar və iddiaçıya maddi ziyan vururlar. Bu barədə dəfələrlə “102” xidmətinə müraciət olunsa da, məhkəmə qətnaməsi olmadığına görə polis əməkdaşları heç bir köməklik göstərə bilmirlər. Füzuli Rayon Məhkəməsinin 2(064)-32/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsinə nəzər yetirildikdə aydın olur ki, iddiaçı əvvəlki mülki iş üzrə iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında ona mülkiyyət hüququ ilə məxsus olan Füzuli rayonu, Babı kəndində evi vardır. Hazırda Cavabdeh1 qızları cavabdehlər X4, Cavabdeh4 və X3 ilə birlikdə qeyri-qanuni olaraq həmin evdə yaşayırlar, dəfələrlə tələb etməyinə baxmayaraq onun evindən çıxmırlar. Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4 və X3 onun öz mülkiyyyətindən istifadə etməyinə mane olurlar. Ona görə də, qanuni maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, cavabdehlər 3 ildir ki, qızları ilə birlikdə Füzuli rayonu Babı kəndində yerləşən ona məxsus evdə yaşamırlar. Bakıda ünvanını dəqiq bilmədiyi mənzildə yaşayırlar. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Cavabdeh1 iddiaçının qardaşının arvadı olmaqla 1998-ci il tarixdən mübahisəli evə gəlin gəlmişdir. Yuxarıda qeyd edilən digər cavabdehlər də onun uşaqları olmaqla mübahisəli evdə doğulmuşlar. Cavabdehlər 2019-cu ilədək fasiləsiz olaraq orada yaşamışlar. Göründüyü kimi cavabdehlərin 2019-cu ilədək mübahisələri fərdi yaşayış evindən istifadə hüquqları mövcud olmuşdur. Lakin Cavabdeh1 qızları ali təhsil aldığı üçün 2019-cu ildən onlar ilə birlikdə Bakı şəhərində yaşamağa başlamışdır. Qeyd edilməlidir ki, hər iki mülki işdə tərəflər eynidir. Yəni ilk olaraq “eyniləşdirmə” meyarı artıq mövcuddur. Bundan əlavə tələbin məzmununda fərq olsa da, “evdən çıxarılma” və “mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması” faktiki olaraq eyni məqsədə xidmət edir. Yəni formal söz fərqi ilə eyni tələbi təkrar qaldırmaq mümkün deyil, əsas məqsəd dəyişməlidir. Evdən çıxarılma”, “mülkdən istifadənin qadağan olunması” və “mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması” ifadələri fərqli səslənsə də, hamısı eyni nəticəyə-cavabdehlərin iddiaçının mülkündən istifadəsinin qarşısının alınmasına yönəlir. Bu səbəbdən, məhkəmə yalnız söz fərqinə baxmamalı, tələb olunan nəticənin eyniliyini əsas götürməlidir. Hazırkı halda iddiaçı eyni tərəfə qarşı eyni əsasla və eyni predmetlə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının həmin tələb üzrə təkrar məhkəməyə müraciət etməsi üçün yeni əsaslar yaranmalıdır. Məsələn (cavabdehlərin mübahisəli evə dair istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mübahisəli evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s). Beləliklə, məhkəmə tərkibi iddia tələbinə münasibətdə qeyd edir ki, həmin tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçının eyni tələb və eyni əsaslar üzrə, yenidən eyni tərəfə qarşı məhkəməyə müraciət etməsi prosessual baxımdan mümkün ola bilməz. Halbuki məhkəmə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosesssual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apelyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-86/2025 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh4 (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-86/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4 və X2 qarşı mülkdən istifadənin qadağan edilməsi barədə iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar