Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-970/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı “mülkiyyət sənədlərini ləğv edərək, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin faktiki texniki göstəricilərinə uyğun olaraq iddiaçının mülkiyyəti kimi tanınması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(018)-45/2023 saylı qətnaməsindən (hakim M.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı X2 Cavabdeh qarşı “mülkiyyət sənədlərini ləğv edərək, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin faktiki texniki göstəricilərinə uyğun olaraq iddiaçının mülkiyyəti kimi tanınması” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, qaynı Cavabdeh adına qeydiyyata alınmış mülkiyyət sənədlərini ləğv edərək, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin faktiki texniki göstəricilərinə uyğun olaraq iddiaçının mülkiyyəti kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum əri Muhiyyəddin Fəhradov 1973-cü il tarixdə Astara rayonu, Təngərüd kəndində fərdi yaşayış evinin inşa edilməsinə başlamışdır. Həmin bir mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinin tikintisini 1979-cu il tarixdən başlayaraq özü davam edərək indiki vəziyyətinə çatdırmışdır. Lakin, qeyri-müəyyən səbəblərə görə ona məxsus olan qeyri-yaşayış evi və fərdi yaşayış evi qaynı, Cavabdeh adına qeydiyyata alınmış və adına bu barədə çıxarış verilmişdir. 09 iyul 2021-ci il tarixli akta və Astara rayon İcra Hakimiyyəti Başçısının Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 443 saylı arayışa əsasən kənd sakinləri öz imzaları ilə 1979-cu ildə evin onun tərəfindən inşa edilməsini təsdiq etmişlər. Cavabdeh iddia tələbini qəbul etsə də, iddia edilən evin onun mülkiyyəti kimi tanınması üçün müəyyən əməliyyatların notarial qaydada aparılmasından imtina edir. Astara Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(018)-45/2023 saylı qətnaməsi iddia sübuta yetməməsi əsası ilə rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə baxışı zamanı cavabdeh izahatında iddianı qəbul edərək, mübahisəli evin onun tərəfindən inşa edildiyini bildirmişdir. Lakin məhkəmə buna məhəl qoymayaraq, qətnaməsini cavabdehin iddianı qəbul etməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar, bunun üzürlü səbəbləri barədə qabaqcadan məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, iş üzrə icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Plenum Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Plenum Qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Plenum Qərarının 16.1-ci bəndinə əsasən inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Plenum Qərarının 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İş materiallarından göründüyü kimi iddiaçının “mülkiyyət sənədlərini ləğv edərək, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin faktiki texniki göstəricilərinə uyğun olaraq iddiaçının mülkiyyəti kimi tanınması” tələbi aparılmış qeydiyyatın mülki-hüquqi əqdlərə (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) söykənmir. İddiaçı həmin tələbini inzibati orqanın tərəfindən qanunsuzluğa yol verilməsi ilə əsaslandırmağa çalışmışdır. Belə olan halda tələbə inzibati orqanın qəbul etdiyi aktın etibarsızlığının (qanunsuzluğunun) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(018)-45/2023 saylı qətnaməsi ləğv olunsun. İddiaçı X1 Cavabdeh qarşı “mülkiyyət sənədlərini ləğv edərək, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin faktiki texniki göstəricilərinə uyğun olaraq iddiaçının mülkiyyəti kimi tanınması” tələbi üzrə işin icraatına, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla mübahisə predmeti üzrə müvafiq inzibati orqana, nəticəsindən asılı olaraq isə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-970/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-970/2023
21.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver