Məhkəmə qərarları › İş №2(106)-978/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-978/2024

05.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-978/2024 05.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(018)-775/2023 saylı qətnaməsindən (hakim İ.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul" tələbinə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4512.80 manat, dövlət rüsumu üçün ödənilmiş 100 manat, əldən çıxmış faydaya görə 1000 manat, mənəvi zərərə görə 2000 manat, cəmi 7812.80 manat pulun tutular ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin onun 6312.80 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi həm istintaq, həm də məhkəmədə sübut olunmuşdur. Həmin borcdan cavabdeh ona 1800 manat ödəmişdir. Mülki qanunvericiliyin tələbinə görə onun əldən çıxmış faydanı və cavabdehin onun dələduzluq yolu ilə ələ keçirdiyi pulu ilə bağlı onun illərdir çəkdiyi stres və sairəyə görə cavabdehdən ona mənəvi təzminat tələb etmək haqqı vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(018)-775/2023 saylı qətnaməsi ilə iddia qsimən təmin olunaraq Cavabdeh 4512 (dörd min beş yüz on iki) manat 80 qəpik və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi, iddianın qalan thissələrdə təmin olunmaması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində əvvəlki icraat. Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(018)-775/2023 saylı qətnaməsi İddiaçı tərəfindən iddianın təmin olunmayan 1000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərərin tutulması hissələrdə apellyasiya qaydasında mübahisələndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2023-cü il tarixli 2(106)-1741/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(018)-775/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: c)Apellyasiya şikayətinin dəlilləri: Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(018)-775/2023 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək dəyişdirilməsi, cavabdehə ödəməli olduğu məbləğin azaldılaraq 3412.80 manat həcmində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 6312.80 (altı min üç yüz on iki manat səksən qəpik) məbləğində pulu qəbul edib ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı ona elan edilmiş, bununla bağlı Tovuz Rayon Məhkəməsinin 1(062)-89/2022 nömrəli 16 noyabr 2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar sözügedən hökm ləğv edilmiş və iş baxılması üçün yenidən Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 1(062)-39/2023 il saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-356/2023 saylı 23 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 1(062)- 39/2023 saylı hökmü zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmağı barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək ondan 4512.80 manat, dövlət rüsumu üçün ödənilmiş 100 manat, əldən çıxmış faydaya görə 1000 manat, mənəvi zərərə görə 2000 manat, cəmi 7812.80 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(018)- 775/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ondan 4512 (dörd min beş yüz on iki) manat 80 qəpik və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Hesab edir ki, Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(018)-775/2023 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, Tovuz Rayon Məhkəməsinin həm 1(062)-89/2022 nömrəli 16 noyabr 2022-ci il tarixli hökmündə, həmdə 19 aprel 2023-cü il tarixli 1(062)-39/2023 saylı hökmündə (səhifə 9, abzas 5) həmçinin Gəncə Apellyasiya Məhkəməsinin 1(104)- 356/2023 saylı 23 iyun 2023-cü il tarixli qərarında (səhifə 3, abzas 1) qeyd edilir ki, dəymiş ziyandan 2900 manatı zərərçəkmişə ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarında ödədiyi 2900 manatla əlaqədar daha geniş izah verilmişdir və həmin qərar ilə 2900 manatı ödədiyi bir daha təsdiqini tapmışdır. Qərarda qeyd edilir: “cinayət işinə ilk dəfə baxmış birinci instansiya məhkəməsinin iclasında (həmin məhkəmənin hökmü ləğv olunaraq cinayət işi yeni baxışa göndərilmişdir) zərərçəkmiş şəxs məhkəmə iclasında 1100 manat pulu məhkəmə iclasında qəbul etdiyini və ona Cavabdeh tərəfindən cəmi 2900 manat pul ödənildiyini təsdiq etmiş və həmin hal, yəni məhkəmə iclasında 1100 manat pulun zərərçəkmiş şəxsə ödənilməsi məhkəmə iclasının protokolunda öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin zərərçəkmiş şəxsə dəymiş ziyandan cəmi 1800 manat pul ödənilməsi barədə dəlilləri öz təsdiqini tapmayan əsassız dəlillərdir”. Zərərəçəkmiş şəxsə 2900 manat ödəməyinə baxmayaraq Astara Rayon Məhkəməsinin qətnaməsində həmin məbləğ nəzərə alınmamış, zərərçəkmiş şəxsə ödədiyi məbləğ 1800 manat qəbul edilmişdir. Odur ki, 6312.80 manatdan 2900 manatı cavabdehə ödədiyindən, ona 4512.80 manat deyil, 3412.80 manat ödəməlidir. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirir. İddiaçı tərəfindən bundan öncə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissələrində mübahisələndirilmiş və apellyasiya instansiyası tərəfindən mübahisələndirilən həmin hissələrdə birinci instansiya məhkəməsinin yekun məhkəmə aktı yoxlanılmışdır. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən iddianın təmin olunan hissəsində yохlanılmasını mümkün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən sübutlar və sübutetmə yükünün işin faktiki hallarına münasibətdə hansı tərəfin üzərinə düşməsini düzgün müəyyən etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2024-cü il tarixli 1(102)-376/2024 saylı qərarından aşağıdakılar müəyyən olunur: İstintaq orqanı tərəfindən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, özgənin əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, sosial şəbəkə vasitəsi ilə tanış olduğu İddiaçı İsrail dövlətində bariotik (mədə kiçiltmə) əməliyyatı etdirəcəyi ilə bağlı yalan vəd verib 2019-cu ilin may ayından 2019-cu ilin iyun ayına kimi olan müddət ərzində hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ondan 3400 (üç min dörd yüz) manat dəyərində 2000 (iki min) ABŞ dolları məbləğində nəğd pulu 15 may 2019-cu il tarixdə İsrail dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin Bakı şəhəri, İzmir küçəsində yerləşən inzibati binasının qarşısında, onun tərəfindən Tovuz şəhərindən tanımadığı avtobus sürücüsü vasitəsilə göndərilmiş 510 (beş yüz on) manat dəyərində 300 (üç yüz) ABŞ dolları məbləğində nəğd pulu 18 may 2019-cu il tarixdə Bakı şəhərində, Tovuz şəhərində yerləşən “Ailəm market”də quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə tanışı X2 adına olan 416974******4516 nömrəli karta göndərilmiş 1700 (bir min yeddi yüz) manat məbləğində pulu 23 may 2019- cu il tarixdə Bakı şəhərində, anası X3 vasitəsilə "UniBank”ın Tovuz şəhərində yerləşən filialından tanışı X4 adına açılmış UT ********** nömrəli hesaba göndərilmiş 702,80 (yeddi yüz iki manat səksən qəpik) manat məbləğində pulu 12 iyun 2019-cu il tarixdə Bakı şəhərində, cəmi 6312,80 (altı min üç yüz on iki manat səksən qəpik) məbləğində pulunu qəbul edib ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir; Tovuz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə olduğu 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 1(062)-39/2023 saylı hökmü zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı zərərçəkmiş şəxs İddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, kassasiya şikayətində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs ona cəmi 1800 manat vermişdir, nə o, nədəki onun yoldaşı 1100 manat pulu verməmişdir. Bunu sübut edəcək heç bir proses iştirakçısının ifadəsi yoxdur. Apellyasiya Məhkəməsinin qərarı faktiki olaraq onun 1100 manatının ödənilməməsinə səbəb olmuşdur; Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətinin ona dəyən maddi ziyanın tam ödənilməməsinə, yalnız 1800 manat ödənilməsi, təqsirləndirilən şəxsin iddia etdiyi 1100 manat pulun ona verilməməsinə dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, cinayət işinin materiallarından, o cümlədən məhkəmə qərarlarının məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən qüvvəsində saxladığı birinci instansiya məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmündə zərərçəkmiş şəxsə dəyən ziyandan 2900 manat ödənilməsi nəzərə alınmış, zərərçəkmiş şəxs isə həm birinci instansiya məhkəməsində verdiyi ifadəsində, həm də apellyasiya şikayətində dəymiş ziyandan yalnız 1800 manat pul ödənildiyini göstərmişdir. Lakin cinayət işinə ilk dəfə baxmış birinci instansiya məhkəməsinin iclasında (həmin məhkəmənin hökmü ləğv olunaraq cinayət işi yeni baxışa göndərilmişdir) zərərçəkmiş şəxs məhkəmə iclasında 1100 manat pulu məhkəmə iclasında qəbul etdiyini və ona Cavabdeh tərəfindən cəmi 2900 manat pul ödənildiyini təsdiq etmiş və həmin hal, yəni məhkəmə iclasında 1100 manat pulun zərərçəkmiş şəxsə ödənilməsi məhkəmə iclasının protokolunda öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin zərərçəkmiş şəxsə dəymiş ziyandan cəmi 1800 manat pul ödənilməsi barədə dəlilləri öz təsdiqini tapmayan əsassız dəlillərdir; Zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qüvvədə olan məhkəmə hökmünə əsasən məhkum edilmiş Cavabdeh tərəfindən zərərçəkmiş şəxs İddiaçı yetirilmiş 6312.80 manat maddi zərərin 2900 manat hissəsi ödənilmişdir. Belə olan halda cavabdeh tərəfindən yetirilmiş zərərə görə iddiaçıya ödənilməli olan məbləğ (63xx.xx-2900=3412.80) 3412.80 manat təşkil edə bilər. İşə baxmış birinci instansiya məhkəməsi işin qeyd olunan faktiki halını nəzərə almadan yetirilən zərərin ödənilməmiş qalan hissəsində iddianı verildiyi kimi 4512.80 manat həddində təmin etmişdir. Halbuki iddiaçının özü tərəfindən sübut kimi birinci instansiya məhkəməsinə təqdim olunmuş Tovuz Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(062)-89/2022 saylı hökünə əsasən, iddiaçı zərəçəkmiş şəxs olaraq məhkəmədə verdiyi ifadəsində yetirilmiş zərərdən 2900 manat hissəsinin ona ödənildiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə apellyasiya şikayətinin dəlilləri təsdiqini tapdığından apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək cavabdehdən yetirilmiş zərərə görə iddiaçının xeyrinə tutulmalı olan məbləğ 3412.80 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda qətnamə üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır, prosessual qanunvericilikdə həmin qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(018)-775/2023 saylı qətnaməsi mübahisələndirilən Cavabdeh 4512 (dörd min beş yüz on iki) manat 80 qəpik pulun tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilsin. Cavabdeh 3412 (üç min dörd yüz on iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar