Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-990/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1193/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə tərkibi Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşısında yaranmış 76700 (yetmiş altı min yeddi yüz) manat öhdəliyin qismən icra olunmuş hesab olunması və 10000 (on min) ABŞ dolları məbləğində borcun qalmasının müəyyən olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(018)-1072/2024 saylı qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə dair iddiası rədd edilmiş, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı Tağıyev X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1193/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, hazırkı iş üzrə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi və iddia ərizəsinə əlavə etdiyi səsyazma əvvəlki məhkəmə işində səsləndirilməmiş və tədqiq edilməmişdir və bu səbəbdən də həmin səs yazılarına hüquqi qiymət verilməmişdir. Sözügedən səs yazıları artıq yeni sübut növüdür, tədqiq olunmamışdır, buna görə də artıq yeni hüquq münasibətləri üzrə həmin səs yazılarına məhkəmə tərəfindən qiymət verilməlidir. İstinad edilən məhkəmə aktlarından məhkəmələrin bu yöndə araşdırma aparmaları müəyyən edilmir. Preyudisial məhkəmə aktı kimi istinad olunan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)- 2676/2021 saylı qətnaməsində məhkəmə yalnız cavabdeh İddiaçı pulların geri qaytarılması ilə bağlı sübut təqdim etməməsini qeyd etmişdir. Odur ki, cavabdeh İddiaçı etirazında pulun geri qaytarılması ilə bağlı dəlillər iddiadan müdafiə vasitəsi kimi araşdırılıb qiymətləndirildiyi halda tərəflər üçün preyudisial xarakterli ola bilərdi. Belə olan halda, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2676/2021 saylı qətnaməsinin hazırki iş üzrə preyudisial məhkəmə aktı kimi qəbul edilməsi yolverilməzdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2046/2024 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək onun Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisial əhəmiyyətli qərarlar yanaşmasını əsaslı hesab etməmişdir. Ona görə də Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1193/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1193/2025 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarından aydın olur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1123/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı borc pul tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2676/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 2(050)-1123/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş və cavabdeh İddiaçı 76700 manat pulun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2538/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. İddiaçı hazırkı iddia tələbini onunla əsaslandırmışdır ki, O, Cavabdeh qarşısında olan öhdəliyini icra etmiş və onun ona sadəcə 10000 ABŞ dolları məbləğində borcu qalmışdır. Öhdəliklərin böyük hissəsinin icra edilməsi ayrı-ayrı vaxtlarda yazılmış səs yazıları ilə tam təsdiq edilir. Həmin səs yazıları onunla Cavabdeh arasında olmuşdur ki, həmin səs yazılarında açıq görünür ki, Cavabdeh ilkin olaraq ona 12000 manat, 16000 manat və 10000 ABŞ dolları borcunun olmasını və onun ona dostu Mirzağa Rüstəmov vasitəsi ilə göndərdiyi 12000 manatı da, borcdan silinəcəyini etiraf edir. Sonrakı səs yazılarında isə Cavabdeh 16000 manatı da, ona qaytarıldığı etiraf edir və ona cəmi 10000 ABŞ dolları borcunun qalması tam sübut olunur. Göründüyü kimi, o, Cavabdeh qarşısında götürmüş olduğu öhdəliyi icra etmiş və hazırkı gündə ona cəmi 10000 ABŞ dolları borcu vardır. O, Cavabdeh qarşısında olan öhdəliyinin müəyyən hissəsini icra etmiş, lakin buna baxmayaraq Cavabdeh qanunsuz olaraq ondan həmin məbləğin ödənilməsini yenidən tələb edir. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh qarşısında yaranmış 76700 (yetmiş altı min yeddi yüz) manat öhdəliyin qismən icra olunmuş hesab olunması və 10000 (on min) ABŞ dolları məbləğində borcun qalmasının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia tələbi məhkəmədə baxılmağa uyğun deyildir. Hazırkı mübahisəyə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, yuxarıda qeyd edilən qanuni qüvvədə olan qətnamə əsasında borcun ödənilməsi həyata keçirilir. Borclunun borcun tam və ya qismən ödənildiyini bildirməsi və bunun sübutlarını təqdim etməsi icra mərhələsinin işidir. Borcun ödənilməsi zamanı yaranmış fikir ayrılığı, artıq ödənilmiş məbləğin hesablanması, ödənilməli olan məbləğin qalıq hissəsi və s. icra mərhələsində icra məmuru tərəfindən araşdırılmalıdır. Yəni, artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borcun nə qədərinin ödənildiyi və nə qədərinin qalması məsələsi birbaşa icra işində həll olunur. Çünki burada mübahisə borcun mövcudluğu ilə bağlı deyil, borcun icrasının həcmi ilə bağlıdır. Lakin hal-hazırda tələb qətnamənin dəyişdirilməsi və ya yenidən baxılması deyil, bu, faktiki halın dəyişməsinə əsaslanan yeni iddiadır. Borclu ödəniş etdiyini iddia edirsə, bunu icra məmuruna təqdim etməli və icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verməlidir. Ona görə də məhkəmə tərkibi qeyd edir ki, hazırkı iddia tələbinə iddia icraaatı qaydasında məhkəmədə baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilən müddəaların mənasından göründüyü kimi iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. Mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının irəli sürdüyü “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə məhkəmədə baxıla bilməz, birinci instansiya məhkəməsi iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarını pozmuşdur. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianın yuxarıda göstərilən hissəsi ilə bağlı mahiyyəti üzrə qərar qəbul etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərkibi apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1193/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.4-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261- 262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1193/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-990/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-990/2025
19.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver