Məhkəmə qərarları › İş №2(106)-996/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-996/2023

01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-996/2023 01.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(056)-856/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən, iddiaçı anasına məxsus və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 350 AZN olmaqla 1 il müddətinə cavabdehə icarəyə vermiş və cavabdeh aylıq icarə haqqını iddiaçının anasına ödəmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının anası vəfat etdikdən sonra cavabdeh iddiaçıdan 3 aylıq icarə haqqını birdəfəlik ödəməsini tələb etmiş, tərəflər arasında narazılıqlar yaranmış və nəticədə 2021-ci ilin mart ayında cavabdeh iddiaçının tələbi ilə qeyriyaşayış sahəsini ona təhvil vermişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinə zərər vurulmasını, cavabdehin kommunal və icarə haqqı borcu olduğunu iddia edir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020ci il tarixli kirayə müqaviləsinə əsasən, ödənilməmiş 700 (yeddi yüz) manat kirayə pulunun, 850 (səkkiz yüz əlli) )manat kommunal borcun, mənzili yararsız vəziyyətə saldığı üçün vurulmuş maddi ziyanın əvəzi olaraq 4000 (dörd min) manat və mənəvi ziyana görə 2000 (iki min) manat məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və mərhum anası X2 məxsus ünvan 2 ünvanında yerləşən sahəni anası sağ olan zaman Cavabdeh kirayə vermişlər. Bununla bağlı cavabdehlə onlar arasında xx.xx.2020-ci il tarixdə kirayə müqaviləsi də bağlanmış və aylıq kirayə haqqı 350 manat müəyyən edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, cavabdeh həmin sahəni suşi (yapon mətbəxi) hazırlayıb onlayn qaydada satmaq üçün istifadə etməyə başlamışdır. Cavabdeh əvvəllər bir müddət kirayə haqqını yubatsa da, sonradan bu hərəkətlərindən çəkinmişdir. Anası Xanımnaz xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdeh kirayə haqqını gecikdirməyə başlamışdır. Səbəb olaraq cavabdeh ona pandemiya ilə əlaqədar çətinliklərinin olduğunu bildirmiş, o isə cavabdehi başa düşməyə çalışmışdır. Bir müddət sonra İşıq idarəsindən ona zəng edilmiş və istifadə olunmuş elektrik enerjisinin pulunun ödənilməməsi halında məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əlavə olaraq ona bildirilmişdir ki, cavabdeh İşıq idarəsinin kəsdiyi işıq xəttini 7 dəfə özbaşına olaraq şiti sındıraraq bərpa etməyə çalışmış və işıq şitinin qıfılını dəyişmişdir. Bütün bunlardan sonra o, cavabdehdən sahəni boşaltmağı tələb etmişdir. Hətta o, cavabdehə sahəni boşaltması üçün vaxt da vermişdir. Verilmiş vaxtdan 10 gün müddət keçməsinə baxmayaraq cavabdeh sahəni məhv edərək xx.xx.2021-ci il tarixdə qaçıb getmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir Birinci instansiya məhkəməsində Cavabdeh xx.xx.2021-ci il tarixli məhkəmə iclasındakı izahatında bildirmişdir ki, iddia tələbini tamamilə əsassız hesab edərək qəbul etmir. Belə ki, qeyri-yaşayış sahəsini kirayə əsasında kafe kimi işlətmiş və orada 9 ay fəaliyyət göstərmişdir. Karantin olduğu üçün iddiaçı ondan 3 aylıq kirayə haqqını birdəfəlik ödəməyi tələb etmiş, lakin o, bir aylıq kirayə haqqını güclə ödəmişdir və bir müddət gəlir əldə etmədiyi üçün qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verib getmişdir. İddiaçı 2021-ci il mart ayının sonu gəlib obyekti ondan təhvil almışdır. Obyektin qaz təchiztı olmamışdır, su xətti olsa da oraya heç vaxt su verilməmişdir. Odur ki, ancaq işığa görə 100 AZN borc qalmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sabirabad Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(056)-856/2021 nömrəli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia qismən təmin edilmiş, bir aylıq kirayə haqqının əvəzi 350 manat, kirayə dövrü (xx.xx.2020-xx.xx.2021) ərzində istifadə olunmuş elektrik enerjisinə görə yaranmış abuna borcunun əvəzi 400 manat, kirayə sahəsinin yararsız vəziyyətə salınması nəticəsində yaranmış zərərin (təmir-abadlaşdırma işlərinin və həmin sahədə yararsız vəziyyətdə olan mebel və avadanlığın yenisi ilə əvəzləşməsi xərci) əvəzi 4823,30 manat, iki aylıq kirayə haqqı həcmində əldə çıxmış fayda formasında zərərin əvəzi 700 manat, mənəvi zərərin əvəzi 500 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi, ümumilikdə 6788,30 (altı min yeddi yüz səksən səkkiz manat otuz qəpik) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitini 100 manat hissəsi Cavabdeh tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən obyekt aylıq kirayə haqqı 350 AZN olmaqla 1 il müddətinə İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. İş materialında olan Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Səyyad Gözəlovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materialında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı yararsız vəziyyətinin aradan qaldırılması üçün, yəni təmir-abadlaşdırma işlərinin və həmin sahədə yararsız vəziyyətdə olan mebel və avadanlığın yenisi ilə əvəzləşməsi xərci hesablanması məqsədilə ünvan üzrə daşınmaz əmlaka baxış keçirilmiş, tədqiqat aparılmışdır. Aparılan araşdırmalar və təhlillərə əsasən, qeyri-yaşayış sahəsinin hazırkı yararsız vəziyyətinin aradan qaldırılması üçün, yəni təmir-abadlaşdırma işlərinin və həmin sahədə yararsız vəziyyətdə olan mebel və avadanlığın yenisi ilə əvəzləşməsi xərci bazar qiymətləri nəzərə alınmaqla 4823,3 (dörd min səkkiz yüz iyirmi üç manat otuz qəpik) AZN təşkil edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh təqsiri hərəkətləri nəticəsində İddiaçı zərərin vurulduğu öz təsdiqini tapdığından, İddiaçı hazırkı iddia tələbi ilə haqlı olaraq məhkəməyə müraciət etmiş və belə olan halda iddiaçıya vurulmuş zərərin əvəzi Cavabdeh tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 700.2, 442, 21, 23, 1096, 1097, 1108,1Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə prosesinə çağırılmamış, işə onun iştirakı olmadan baxılmışdır. Belə olan halda hesab edir ki, onun hüquqları pozulmuşdur. Belə ki, sözügedən obyekti bir il müddətinə, ayda 350 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. İddiaçı ilə aralarında yaranmış mübahisəyə əsasən – iddiaçı müqavilənin şərtlərinə uyğun olmayayaraq ondan 3 aylıq kirayə haqqını birdəfəlik ödəməyi tələb etdiyindən 9-cu ayda oradan çıxmışdır. Oradan çıxdıqda iddiaçı ona qarşı hər hansı bir tələb bildirməmişdir. O, 2021-ci il mart ayının əvvəllərindən oradan ayrılmışdır. Həmin tarixədək iddiaçıya heç bir borcu olmamışdır. Məhkəmə hazırlıq iclasında sübutları diskə köçürərək məhkəməyə təqdim etsə də məhkəmə dəyərləndirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü normalarını pozmuşdur. Belə ki, iddiaçının tələbi hər hansı bir ağlabatan sübuta əsaslanmamışdır. Birinci instansiya məhkəməsi onun qeyri-yaşayış sahəsinə hansı əsasla necə ziyan vurması araşdırılmamışdır. İddiaçının şişirdilmiş rəqəmi əsasında hansısa qaz sayğacının olması və ya orada kommunal olaraq işıq pulu ödəmişəm. Suya qaldıqda, iddiaçının anası müharibə veteranı olduğu üçün su haqqından azad olmuşdur. İddiaçının həmin obyekti ev kimi verməsi yalandır. Halbuki iddiaçı özü orada suşi yemişdir. Bu halları nəzərə alaraq mənə qarşı iddiası əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək Sabirabad Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(056)- 856/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. 04 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Sabirabad Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(056)-856/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.6.Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1-ci və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçının anası ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən, iddiaçı anasına məxsus və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 350 AZN olmaqla 1 il müddətinə cavabdehə icarəyə vermiş və cavabdeh aylıq icarə haqqını iddiaçının anasına ödəmişdir. Müqavilə tərəfləri arasında narazıçılıq olmadığını hazırkı iş üzrə hər iki tərəf təsdiqləmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının anası vəfat etdikdən sonra cavabdeh iddiaçıdan 3 aylıq icarə haqqını birdəfəlik ödəməsini tələb etmiş, tərəflər arasında narazılıqlar yaranmış və nəticədə 2021-ci ilin mart ayında cavabdeh iddiaçının tələbi ilə qeyri-yaşayış sahəsindən çıxmışdır. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021ci il tarixli qərarından görünür ki, İddiaçı təhqiqat orqanına verdiyi izahatında cavabdehin obyektin kommunal xərclərini, son bir ayın icarə haqqını ödəmədiyini və çıxıb gedərkən obyektə ziyan vurduğunu göstərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ona obyekt kimi icarəyə verilən mənzildə kommunal xidmətlərdən yalnız işıqdan istifadə etmişdir. Birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə kirayə dövrü (xx.xx.2020xx.xx.2021) ərzində istifadə olunmuş elektrik enerjisinə görə yaranmış abuna borcunun əvəzi olaraq 400 manat tutulması qərarına gəlsə də xx.xx.2021-ci il tarixə həmin məbləğdə borca dair iş materialında hər hansı bir sübut yoxdur. "xxxx" MMC-nin rəyində bu borc barədə göstərilən qaimə isə məhkəməyə təqdim olunmamışdır. İş materialında elektrik enerjisindən istifadəyə dair X1 adına olan **********1000A nömrəli abunə vərəqəsindən görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 336 (28600-28264=336) kvt.s sərfiyyat olmuş, onun da dəyəri 23,52 (336x0,07=23,52) AZN edir. Limitdən artıq sərfiyyat isə 1,44 AZN olmuşdur. Odur ki, kollegiya hesab edir ki, elektrik enerjisinə görə yaranmış abunə borcuna görə cavabdehdən iddiaçının xeyrinə 24,96 AZN tutulmalıdır. Birinci instansiya məhkəməsi kirayə sahəsinin yararsız vəziyyətə salınması nəticəsində yaranmış zərərin əvəzi olaraq 4823,30 AZN məbləği "xxxx" MMC tərəfindən verilmiş rəyin təmir-bərpa, yenisi ilə əvəzləşmə xərclərinin hesablanması cədvəlinə əsasən müəyyən etmişdir. Kollegiya, yuxarıda qeyd olunduğu kimi, elektrik borcu hissəsində, o cümlədən elektrik qutularının hələ yoxlanılmadan təmiri və bərpası ilə bağlı hesablanmış məbləğ, elektrik sayğacının bərpası, spt və lampalar daxil olmaqla ümumilikdə 700 AZN (400+190+70+40=700) hissəsində, həmçinin cədvəlin “istilik sistemi” adlanan bölməsində kombi sisteminin bərpasına 50 AZN, kombi aparatı üçün 1000 AZN olmaqla 1050 AZN hesablanmışdır, lakin iddia ərizəsində cavabdeh tərəfindən konkret olaraq hansısa kombi aparatının bilərəkdən məhv edilməsi göstərilməmiş və bu barədə hər hansı bir mötəbər sübut da iş materialında mövcud deyildir. Bundan başqa rəydə qeyd olunan cədvəlin “digər işlər” adlanan bölməsində qapıların yenisi ilə əvəzlənməsinə 600 AZN, çöl qapı içliyinin dəyişdirilməsi 35 AZN, yarasız vəziyyətə düşmüş mebel dəstinin yenisi ilə əvəzlənməsi üçün 600 AZN, iş icraçısı üçün əmək haqqı 300 AZN olmaqla ümumilikdə 1535 AZN hesablanmış və birinci instansiya məhkəməsi həmin məbləği də cavabdehdən tutmuşdur. Halbuki iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh kirayə müqaviləsinə əsasən, icarəyə verilmiş obyekti tərk etdikdən sonra (nə qədər müddət sonra konkret olaraq göstərilməmişdir) orada qısa qapanmadan yanğın baş vermişdir, lakin yanğının cavabdehin təqsiri üzündən baş verməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. O, ki, qaldı iddiaçının iddia etdiyi kimi istifadə üçün kirayəyə görə istifadə olunmuş əmlakların dəyişməsi və ya pisləşməsinə, bu halda kirayəyə verən kirayəçidən ziyan tələb edə bilməz. Əvvəla, iddiaçının məhkəməyə təqdim etdiyi isifadə üçün kirayəyə verilmiş əşyaların fotoşəkillərindən görünür ki, bu əşyalar tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun istifadə olunması zamanı pisləşmişdir. Bu ekspert tərəfindən verilmiş rəy və iş materiallarına əlavə olunmuş fotoşəkillərlə də, təsdiq edir. İkincisi, kiaryə (icarə) müqaviləsinin bağlandığı tarixdən müqavilənin pozulması halının baş verdiyi tarixədək tərəflər arasında müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, ödənişlərində gecikmənin olmaması və həmçinin tərəflər arasında hər hansı narazılığın yaranmaması sübut edir ki, cavabdeh kirayə (icarə) müqaviləsindən irəli gələn öhdəliklərinə vicdanla yanaşmış və kiarəyəyə verilmiş əşyalardan təyinatına uyğun istifadə etmişdir. Üçüncüsü kirayədə olan əşayaların istifadəsi zamanı yararsız hala düşməsindən xəbərdar olan iddiaçı, (cavabdeh isə bunu əşaydan təyinatı üzrə istifadə zamanı pisləşmə kimi qəbul edir.) müqavilədən imtina edərdi, lakin işin hallarından görünür ki, müqavilənin pozulması iddiaçının tələbi ilə deyil, cavabdehin təşəbüsü ilə baş vermiş, yalnız bundan sonra iddiaçı icarəyə verdiyi əşyanın pisləşməsi halında yenisi ilə əvəz olunma barədə cavabdehə qarşı iddia qaldırmışdır. Kollegiya bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Göründüyü kimi kirayədə olan əşyalardan təyinatı üzrə istifadə zamanı onun pisləşməsi və ya dəyişməsi, həmin əşyaların bərpa edilməsi və ya yenisi ilə əvəz olunmasına səbəb olmur, yəni müqavilə tərəfi bu hala görə məsuliyyət daşımır. Birinci instansiya məhkəməsi iddianın yuxarıda qeyd olunan hissələrinin təmin olunmasında düzgün nəticəyə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası qətnamənin iddianın təmin olunmuş hissədə dəyişdirilməsi qənətinə gəlinməsini düzgün və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası, əldən çıxmış fayda formasında zərəri bir aylıq kirayə haqqı həcmində 350 manat məbləğində qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona cavabdeh tərəfindən mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanla bağlı hissəsində düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddianın mübahisələndirilən hissədə qiyməti 5000 (beş min) manatdan az olduğundan qəbul edilmiş qətnamədən kassasiya şikayəti veruilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(056)-856/2021 nömrəli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Bir aylıq kirayə haqqının əvəzi 350 manat, elektrik enerjisinə görə 24,96 (iyirmi dörd manat doxsan altı qəpik) AZN borc, kirayə sahəsinin obyekt daxili malyar işləri üzrə 885,8 (səkkiz yüz səksən beş manat səkkiz qəpik) AZN, tavan işləri üzrə 198 (bir yüz doxsan səkkiz) AZN, döşəmə işləri üzrə 114 (bir yüz on dörd) AZN, “digər işlər” bölməsi üzrə inşaat materiallarının və zibilinin maşınlara yığılması və boşaldılması, nəqliyyat xərcləri üzrə 200 (iki yüz) AZN, bir aylıq kirayə haqqı həcmində əldən çıxmış fayda formasında zərərəin əvəzi 350 (üç yüz əlli) AZN olmaqla cəmi 2122, 04 (iki min bir yüz iyirmi iki manat dörd qəpik) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə məhkəmə xərcləri hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar