Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-101/2022 27.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Cavabdeh” ASC-yə qarşı pul tələbinə dair mülk iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(039)-66/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “Cavabdeh” ASC-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, sağlamlığına vurulmuş ziyana görə cavabdeh tərəfindən ona ödənilən pulun hesablanma qaydasının dəyişdirilməsi və sağlamlığı ilə əlaqədar xərclədiyi 1500 manat pulun cavabdehdən alıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1983-cü il tarixdə əmək vəzifələrini yerinə yetirərkən ağır dərəcəli bədən xəsarətləri almış, əmək qabiliyyətinin 60%-ni itirmişdir. Cavabdeh müəssisə tərəfindən zərərə görə ödənc pulu kimi ona hər ay 50 manat ödənilir. Lakin Nazirlər Kabinetinin qərarına əsasən məbləğ orta aylıq əmək haqqından hesablanmalıdır. Lakin o, ona təyin olunmuş ödənc pulunun məbləğinin orta aylıq əmək haqqından yox minimun əmək haqqı hesabından təyin olunmasını istəyir. Ölkədə minimum əmək haqqı 250 manat olduğu üçün ona zərərə görə 150 manat ödənc pulu düşür. Aldığı xəsarətlə əlaqədar Gəncə şəhərində yerləşən müalicə müəssisəsinə 1500 manat pul ödəmişdir. Həmin məbləğin də cavabdeh tərəfindən tutularaq ona verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(039)-66/2021 saylı qətnaməsi ilə (hakim G.Cavadova) İddiaçı cavabdeh “Cavabdeh” ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 1983-cü ildə işlədiyi Cavabdehndə istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 60 faizini itirmişdir. İddiaçının xəsarət aldığı müəssisənin özəlləşdirilməsi 2013-cü ildə başa çatmış və məhkəmə qətnaməsinə əsasən həmin müəssisənin hüquqi varisi kimi hazırkı iş üzrə cavabdeh olan “Cavabdeh” ASC-dən iddiaçının xeyrinə vurulmuş zərər görə 50 manat məbləğində ödəniş tutulur. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, İddiaçı istehsalat travması nəticəsində 60 % əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilmişdir. İddiaçı 15.11.2018-ci il tarixdə “sağ budun ön qrup əzələlərinin açıq mobilizasiyası, potelloektomiya lavsanplastika, ilizara aparatı ilə diyircək sistemli osteosintez, qamış sümüyünü pazvari rezeksiyası” əməliyyatı olunmuşdur. İddiaçı tərəfindən xəstəxanaya 1500 manat məbləğində pul ödənilmişdir. “Cavabdeh” ASC tərəfindən 11 iyun 2013-cü il tarixdən 50 manat ödənc pulunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilərək, 50 manat ödəniş pulunun 28 iyun 2015-ci il tarixdən hesablanaraq ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının 15.11.2018-ci ildə X1 keçirdiyi cərrahi əməliyyatın onun 1983cü ildə aldığı istehsalat travması ilə əlaqəli olub-olmadığını müəyyən etmək üçün tibbibioloji ekspertiza təyin edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2018-ci ildə keçirmiş cərrahi əməliyyatın 1983cü ildə aldığı istehsalat travması ilə əlaqəli olduğunu bildirsə də, iş üzrə keçirilmiş ekspertizaların nəticəsində ekspert rəyləri ilə keçirilən cərrahi əməliyyatla istehsalat travması arasında hər hansı səbəbli əlaqənin olduğunu müəyyən etmək qeyri-mümkün olduğu müəyyən olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzası, 2.2-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1126.1-ci maddəsi, , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, işə qərəzli baxılmıdır. Cavabdeh müəssisə tərəfindən zərərə görə ödənc pulu kimi ona hər ay 50 manat ödənilir. Lakin Nazirlər Kabinetinin qərarına əsasən məbləğ orta aylıq əmək haqqından hesablanmalıdır. Lakin o, ona təyin olunmuş ödənc pulunun məbləğinin orta aylıq əmək haqqından yox minimun əmək haqqı hesabından təyin olunmasını istəyir. Ölkədə minimum əmək haqqı 250 manat olduğu üçün ona zərərə görə 150 manat ödənc pulu düşür. Ekspert rəyini əsaslı hesab etmir. Qeyd olunanalara əsasən o Yevlax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(039)-66/2021 saylı qətnaməsinin ləğv edilərək, travmatologiya və ortopediya institutunun mütəxəssislərinin iştirakı ilə müayinə olmaqla dəqiq rəy verilməsini, ona veriləcək zərərə görə ödənc pulunun minimüm əmək haqqı ilə hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(039)-66/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq “Cavabdeh” ASC-nin rəisi X3 məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi; Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət:
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” 2003- cü il 9 yanvar tarixli, 3 nömrəli Qərarı: Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, işçinin istehsalat və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin tədqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti hesabına ödənilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydası: 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(039)-66/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbini sağlamlığı ilə əlaqədar xərclədiyi 1500 manat pulun cavabdehdən alıb ona verilməsi hissəsində rədd etməkdə haqlı olsa da, sağlamlığına vurulmuş ziyana görə cavabdeh tərəfindən ona ödənilən pulun hesablanma qaydasının dəyişdirilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam rədd etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(039)-66/2021 saylı qətnaməsi iddia ərizəsinin təmin edilməyən sağlamlığına vurulmuş ziyana görə cavabdeh tərəfindən ona ödənilən pulun hesablanma qaydasının dəyişdirilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı 1983-cü ildə işlədiyi Cavabdehndə istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 60 faizini itirmişdir. İddiaçının xəsarət aldığı müəssisənin özəlləşdirilməsi 2013-cü ildə başa çatmış və məhkəmə qətnaməsinə əsasən həmin müəssisənin hüquqi varisi kimi hazırkı iş üzrə cavabdeh olan “Cavabdeh” ASC-dən iddiaçının xeyrinə vurulmuş zərər görə 50 manat məbləğində ödəniş tutulur. Kollegiya iddia tələbinin sağlamlığına vurulmuş ziyana görə cavabdeh tərəfindən ona ödənilən pulun hesablanma qaydasının dəyişdirilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən qaydaların: 2.1-hissəsinə əsasən İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İddiaçı 1983-cü ildə işlədiyi Cavabdehndə istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin 60 faizini itirmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14.01.2022-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən 21.012022-ci il 06/1-5 saylı məktubuna əsasən müəyyən olunur ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əməkhaqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən sorğunuzda qeyd edilmiş “çilingər” peşəsi üzrə orta aylıq nominal əməkhaqqı barədə məlumatların tərəfimizdən təqdim edilməsi mümkün deyil. Bununla yanaşı, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatının “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” fəaliyyəti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 575,7 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ödəniləcək pulun məbləği 575,7 manat pulu 60 faizi məbləğində olmalıdır. 575,7 manat pulun 60 faizi 345,42 manat təşkil edir. Tələb isə 150 manatdır. Ona görə də kollegiya hesab edir ki, tələb 150 manat olduğundan iddia təmin edilməli, hər ay 150 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Kollegiya iddia tələbinin ikinci hissəsi olan sağlamlığı ilə əlaqədar xərclədiyi 1500 manat pulun cavabdehdən alıb ona verilməsi hissəsinə münasibət bildirən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının vəsatəti əsasında komission ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ElmiTəcrübi və Tədris Birliyinin 22.04.2021-ci il tarixli, T-77/2021 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına tərtib edilmiş istehsalatda bədbəxt hadisə haqqında 02 saylı, 04.10.1983-cü il tarixli aktdan görünür ki, o, xidməti vəzifələrini yerinə yetirərkən 14.02.1983-cü ildə ağır dərəcəli travma almışdır. Lakin, aktda travmanın xarakteri və lokalizasiyası haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. X1 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 15.11.2018-ci il tarixdə “Sağ diz oynağının postravmatik defartrozu, bükülmə kontrakturası, diz qapağının köhnə qəlpəli qeyri-düz bitişmiş sınığı, budun qeyri-düz bitişmiş sınığı, desmo-miogen kontrakturası” diaqnozu ilə xəstəxanaya daxil olmuş və həmin gün üzərində “Sağ budun ön qrup əzələlərinin açıq mobilizasiyası, potelloektomiya, lavsanplastika, İlizarov aparatı ilə diyircəkli osteosintezi, qamış sümüyünün pazvari rezeksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı 1983-cü ildə almış olduğu travma ilə əlaqədar hər-hansı bir tibbi sənəd olmadığından, bədbəxt hadisədən uzun müddət keçdiyindən və təqdim edilən 14.02.2021ci il tarixli rentgenoqrammada aşkar edilənlərə əsasən X1 icra edilmiş cərrahi müdaxilənin sözügedən istehsalat travması ilə əlaqədar olub-olmaması haqqında konkret fikir söylənilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tibbi ekspertiza üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya hesab edir ki, iddia ərizəsi sağlamlığı ilə əlaqədar xərclədiyi 1500 manat pulun cavabdehdən alıb ona verilməsi hissəsində təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbini sağlamlığı ilə əlaqədar xərclədiyi 1500 manat pulun cavabdehdən alıb ona verilməsi hissəsində rədd etməkdə haqlı olsa da, sağlamlığına vurulmuş ziyana görə cavabdeh tərəfindən ona ödənilən pulun hesablanma qaydasının dəyişdirilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam rədd etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(039)-66/2021 saylı qətnaməsi iddia ərizəsinin təmin edilməyən sağlamlığına vurulmuş ziyana görə cavabdeh tərəfindən ona ödənilən pulun hesablanma qaydasının dəyişdirilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(039)-66/2021 saylı qətnaməsi iddia ərizəsinin təmin edilməyən sağlamlığına vurulmuş ziyana görə cavabdeh tərəfindən iddiaçıya ödənilən pulun hesablanma qaydasının dəyişdirilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İdda ərizəsi həmin hissədə təmin edilsin. Qətnamə qanunu qüvvəsini aldığı vaxtdan İddiaçı sağlamlığına vurulmuş ziyana görə cavabdeh tərəfindən ona ödənilən pulun hesablanma qaydası dəyişdirilsin. İddiaçı ödəniləcək məbləğ 150 manat həddində müəyyən edilsin. Qətnamə iddia tələbinin sağlamlığı ilə əlaqədar xərclədiyi 1500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.