Məhkəmə qərarları › İş №2(107)-1029/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1029/2024

22.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1029/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(046)-35/2024 saylı qərardadından Cavabdeh1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2171 manat məbləğində vəsaitin, ödənilmiş 51.71 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-35/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən edilmişdir. Həmin qətnamədən Cavabdeh1 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(046)-35/2024 saylı qərardadı ilə ərizənin təmin edilməməsi, Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin 2(046)-35/2024 saylı xx.xx.2024-cü tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-35/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 şikayət ərizəsini belə əsaslandırmışdır ki, sözügedən məhkəmə prosesi və məhkəmə qətnaməsindən xx.xx.2024-cü il tarixədək məlumatı olmamışdır. Çünki, iş üzrə keçirilən məhkəmə iclaslarına çağrılmağı haqqında məhkəmə bildirişlərini almamış, həmçinin də iş üzrə məhkəmənin sözügedən qətnaməsi naməlum səbəbdən ona göndərilməmişdir. xx.xx.2024-cü il tarixdə mobil telefonuna Göyçay rayon məhkəməsinin qətnaməsinə əsasən tələbkar "xxxx" ASC-yə 2171 manat pul ödəməli olmağı barədə Tərtər rayon İcra və Probasiya şöbəsindən SMS bildirişi daxil olmuşdur. Odur ki, həmin şöbəyə gedib maraqlandıqda Göyçay rayon məhkəməsinin yuxarıda göstərdiyi qətnaməsinin olduğu məlumat verilmişdir. Odur ki, xx.xx.2024-cü il tarixdə ərizə ilə Göyçay rayon məhkənəsinə müraciət edərək iddia ərizəsinin və qətnamənin surətlərini xx.xx.2024cü il tarixdə elektron SİMA kabinet vasitəsi ilə əldə etmişdir. Cavabdeh kimi Göyçay rayon məhkəməsində prosesi olmasından xəbəri olsa idi, mütləq həmin məhkəmədə iştirak edərdi. Keçirilən məhkəmə iclaslarında da görünür ki. iştirakı təmin edilməmişdir. Buna görə də Göyçay rayon Məhkəməsinin Prosesual müddətin bərpasından imtinaya dair 20 iyun 2024-cü il tarixli e-2(046)-35/2024 nömrəli qərardadının ləğv edilməsini və müvafiq qərardad çıxarıb Göyçay Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2(046)-35/2024 saylı qətnaməsidən verilən apellyasiya şikayətini qəbul edib baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmisi xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2(046)-35/2024 saylı qərardadı ilə, Göyçay Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(046)-35/2024 saylı qərardadından Cavabdeh1 verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 məhkəmə kollegiyasına ərizə göndərərək müddətin buraxılmasını üzürlü hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(046)- 35/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2(046)-35/2024 saylı qətnaməsi 5 aprel 2024-cü ildə rəsmi qaydada Cavabdeh1 məxsus elektron kabinetə yerləşdirilmişdir. Hazırki iş üzrə Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2(046)- 35/2024 saylı qətnaməsi 5 aprel 2024-cü il tarixdə elektron kabinetinə yerləşdirildiyindən, müddətin axımı həmin tarixdən hesablanmalıdır. Yəni Cavabdeh1 apellyasiya şikayətinin sonuncu günü 5 iyun 2024-cü il tarix olmuşdur. Cavabdeh1 isə apellyasiya şikayətini 10 iyun 2024-cü il tarixdə vermişdir. Bununlada 1 aylıq müddət ötürülmüşdür. Göründüyü kimi mülki prosessual qanunvericiliyinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş buraxılmış müddəti müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə bərpa edir. Üzürlü səbəblər dedikdə isə,müəyyən edilmiş müddət ərzində prosessual hərəkətlərin yerinə yetirilməsini istisna edən,həmin hərəkətlərə mane olan və ya onları çətinləşdirən səbəblər başa düşülür. Məsələn, başqa yaşayış məntəqəsində ezamiyyətdə olma, əmək qabiliyyətini müvəqqəti itirmə, yaxın qohumunun vəfat etməsi və s. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir (bu Qərarın 24-cü bəndi). Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı üzrlü səbəblər və prosessual əsaslar olmalıdır. Hazırkı halda belə üzrlü səbəb və prosessual əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(046)-35/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(046)-35/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(046)-35/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar