Məhkəmə qərarları › İş №2(107)-1037/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1037/2020

25.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1037/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tаrixli 2(051)-2216/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 30 dekabr 2019-cu il tаrixli 2(051)-2216/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri yaşayış sahəsinin boşaldılması tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı x8-İstehlak Kooperativi müvəkkillər yığıncağının qərarının, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddialar üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair ilk iddia təmin olunmamış, qarşılıqlı iddia təmin olunaraq 09 saylı mağazanın payçısı, müvəkkil İddiaçı satılmasına razılıq verilməsi barədə x8-İstehlak Kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019cu il tarixli 1 №-li protokol üzrə qəbul edilmiş qərar, satıcı x8-İstehlak kooperativi ilə alıcı İddiaçı arasında ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 80,6 kv.m. olan qeyri-yaşayış binasının satılmasına dair bağlanmış 11 iyul 2019-cu il tarixli ******* AN İ №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ünvan 2 №-li ünvanda yerləşən qeyri-yaşayış binasının İddiaçı tam mülkiyyətinə verilməsi barədə Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) qarşı mülkiyyətində olan qeyri-yaşayış binasından cavabdehlərin çıxarılmaları tələbinə dair ilk iddia ilə, Cavabdeh1 isə İddiaçı qarşı mağaza binasının satılmasına dair x8-İstehlak Kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli 1 №-li protokol üzrə qəbul edilmiş qərarının, satıcı x8-İstehlak kooperativi ilə alıcı İddiaçı arasında ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 80,6 kv.m. olan qeyri-yaşayış binasının satılmasına dair bağlanmış 11 iyul 2019-cu il tarixli ******* AN İ №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ünvan 2 №-li ünvanda yerləşən qeyri-yaşayış binasının İddiaçı tam mülkiyyətinə verilməsi barədə Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv olunması tələbinə dair qarşılıqlı iddia ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ilk iddianı müdafiə edərək qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 2 №-li ünvanda yerləşən qeyri-yaşayış binası onun mülkiyyətindədir. Həmin binaya onun tam mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir. Ancaq onun mülkiyyətinə verilmiş qeyri-yaşayış binasını Cavabdeh1 və Cavabdeh2 zəbt etmişlər və mülkiyyətinə verilmiş həmin binadan istifadə etməyə cavabdehlər ona mane olurlar. O, dəfələrlə cavabdehlərdən mülkiyyətində olan binanın boşaldılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Əksinə, cavabdehlər ona hədə-qorxu gəlirlər. Bununla bağlı o, polis şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, cavabdehlərin onun mülkiyyətində olan ünvan 2 №-li qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddia isə əsassız olduğuna görə təmin olunmamasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının qeyd etdiyi qeyriyaşayış binası onun iş yeridir. Əvvəl həmin binadan mağaza kimi istifadə edilmişdir, 2016cı ildən də o, həmin mağazanın müdiri olmuşdur. Sonradan o, həmin qeyri-yaşayış sahəsindən çayxana kimi istifadə edirdi. Qeyri-yaşayış sahəsini onun öz adına sənədləşdirilmişdir. Binanı öz adına özəlləşdirəcəyini nəzərə alaraq onun təmiri ilə əlaqədar xeyli məbləğdə vəsait xərcləmişdir. Belə ki, öz vəsaiti hesabına binanın dam örtüyünü dəyişdirmiş, bütövlükdə təmir-bərpa işləri aparmışdır. Həmin qeyri-yaşayış sahəsindən çayxana binası kmi istifadə edilməsi üçün Mingəçevir şəhəri x11 bürosu tərəfindən lisenziya verilmiş, plan və smeta hazırlanmışdır. Binadan faktiki və rəsmi olaraq o, istifadə etdiyinə görə binanı özününkü hesab edir, təmiri üçün vəsait xərcləyirdi. Bilirdi ki, həmin qeyri-yşayış binası özəlləşdiriləcəkdir. O, işlədiyi həmin qeyri-yaşayış sahəsini də onun adına sənədləşdiriləcəyini düşünürdü. Qeyri-yaşayış sahəsinin onun adına özəlləşdirilməsi barədə ərizə ilə kooperativə müraciət etmiş, sədr ona bir az gözləməyi tövsiyə etmişdi. Ancaq bu yaxınlarda ona məlum olmuşdur ki, işlədiyi, öz vəsaiti hesabına təmir etdirdiyi həmin qeyri-yaşayış binası İddiaçı adına özəlləşdirilmiş, onun mülkiyyətinə verilmişdir. Halbuki, İddiaçı həmin qeyri-yaşayış sahəsi ilə heç vaxt əlaqəsi olmamış, həmin binada işləməmişdir. Ancaq 2016-cı ildən o, həmin qeyri-yaşayış sahəsinin mağazanın müdiri təyin edilmiş, həmin vaxtdan da orada işləyir. İddiaçı qeyri-qanuni yolla onun işlədiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra binanın boşaldılmasını tələb etmişdir. Binanın qeyri-qanuni olaraq İddiaçı adına özəlləşdirilməsi ona pis təsir göstərmişdir. Belə olduğu halda iddiaçı ilə razılığa gəliblər ki, həmin qeyri-yaşayış sahəsinin dəyərinin və çəkdiyi xərcin əvəzi olaraq iddiaçı ona 20000 (iyrmi min) ABŞ dolları ödəsin, o da obyekti boşaltsın. İddiaçı buna razılaşsa da, sonradan həmin pulu ödəməkdən imtina etmişdir. Mübahisələndirilən obyektin iddiaçının adına özəlləşdirilməsi, onun mülkiyyətinə verilməsi qanunsuzdur. Qeyd etdiyi kimi uzun müddətdir ki, obyekt qanuni əsaslarla onun istifadəsindədir, hazırda da o istifadə edir və obyektin özəlləşdirilməsinə dair ərizə ilə İddiaçı əvvəl o, kooperativə müraciət etmişdir. Lakin onun və digər kooperativ üzvlərinin məlumatı olmadan obyekt cüzi qiymətə İddiaçı satılmış və alqı-satqı müqaviləsindən sonra iddiaçı obyektə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Kooperativin nizamnaməsinə əsasən əmlakın özəlləşdirilməsi kooperativin ümumi (müvəkkillər) yığıncağının səlahiyyətinə aiddir. Lakin mübahisələndirilən obyektin özəlləşdirilməsi ilə bağlı müvəkkillər yığıncağı keçirilməmişdir. İddia tələbindən sonra əldə etdiyi sənədlərdən ona məlum olmuşdur ki, guya həmin məsələ ilə bağlı müvəkkillər yığıncağı keçirilmiş, o da iclasın katibi olmuş, hətta yığıncaqda iştirak edərək obyektin İddiaçı satılmasına razı olduğunu və bu özəlləşmənin qanuni olduğunu bildirmişdir. Halbuki, belə bir yığıncaq keçirilməmiş, yığıncaqda iclas katibi olmamışdır. İclas protokolunda katib kimi onun adı qeyd edilmiş olsa da, protokol onun tərəfindən imzalanmamışdır. Ona görə ki, yığıncaqdan onun məlumatı olmamış, bu barədə ona bildirilməmişdir. İclas protokoluna görə 11 nəfər müvəkkildən 7 nəfər müvəkkil (o cümlədən, həm də o) yığıncaqda iştirak etmişdir. Lakin həmin müvəkkillərin kimlər olması məlum deyil. Protokolda göstərilir ki, guya İddiaçı özəlləşdirilən mağazada satıcı işləyir və payçıdır. Halbuki, İddiaçı heç vaxt həmin mağazada satıcı işləməyib, son illərdir həmin qeyri-yaşayış sahəsindən çayxana kimi istifadə olunur. Hesab edir ki, qeyri-qanuni iclas protokolu əsasında qəbul edilmiş qərar etibarsız hesab olunmalıdır. Ona görə də ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, x8-İstehlak kooperativi müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli protokolu əsasında çıxarılmış kooperativin balansında olan Yaşar Muradov küçəsi ilə Müşviq küçəsinin kəsişməsində yerləşən 09 saylı mağaza binasının İddiaçı satılması barədə qərarın, kooperativlə İddiaçı arasında bağlanmış AN-1 № ******* saylı 11 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına ünvan 2 №-li qeyri-yaşayış binasına Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 15 iyul 2019-cu il tarixli Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və Cavabdeh1 izahatına uyğun izahat verərək bildirmişdir ki, onlar həmin qeyri-yaşayış binasından uzun müddətdir çayxana kimi istifadə edirlər. Həmin obyektin İddiaçı mülkiyyətinə verilməsindən məlumatları olmamışdır. İddianın təmin olunmamasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında qarşılıqlı iddia üzrə cavabdehn tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuş x8 İstehlak Kooperativinin sədri x4 verdiyi izahatında bildirmişdir ki, mübahisələndirilən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi zamanı qanunsuzluğa yol verilməmişdir. Belə ki, mübahisələndirilən qeyri-yaşayış sahəsi əvvəl 09 №-li mağaza kimi qeydə alınmış, mağazanın müdir-satıcısı x5 olmuşdur. 2016-cı ilin sentyabr ayında İlhamə Şirinova öz ərizəsi ilə mağazanın müdir-satıcı vəzifəsindən azad olunmuş, mağazaya Cavabdeh1 müdir-satıcı təyin edilmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində Cavabdeh1 onunla görüşüb bildirmişdir ki, “mağazanı özəlləşdirmək istəyir, ancaq rüsumu ödəmək üçün maddi imkanı yoxdur, ona görə də İddiaçı ilə razılığa gəlmişlər ki, İddiaçı rüsumu, borcları ödəsin, obyekti öz adına keçirsin, sonra o, İddiaçı borcunu ödəyib, obyekti adına sənədləşdirəcəkdir”. Razılaşdıqdan sonra İddiaçı əmlakın özəlləşdirilməsi ilə bağlı kooperativə ərizə ilə müraciət etdi. 15 aprel 2019-cu ildə kooperativin müvəkkillər yığıncağı keçirildi. O, yığıncağın sədri, Cavabdeh1 isə katibi oldu. Yığıncaqdan sonra o, sənədləri də götürüb Bakı şəhərinə “Azərittifaq”a getdi. Lakin Cavabdeh1 iclas protokolunu iclasın katibi olaraq imzalamamışdır. Coşqun protokolun bir nüsxəsini imzalamışdır. Lakin protokol əlyazma olduğundan “Azərittifaq” da protokoldan kompüter vasitəsi ilə çıxarış çıxarıldı. O da kooperativin idarə heyətinin sədri kimi həmin çıxarışı imzalayıb “Azərittifaq”a verdi. Lakin Coşqun sonra kooperativə gəlib protokolu imzalamadı. “Azərittifaq”ın idarə heyətnin sədrinin 17 aprel 2019-cu il tarixli qərarı ilə x8-İstehlak Kooperativi yığıncağının 15 aprel 2019-cu il tarixli qərarı ilə razılaşaraq Mingəçevir şəhəri Yaşar Muradov küçəsi ilə Mikayıl Müşviq küçəsinin kəsişməsində yerləşən mağazanın İddiaçı 1000 (bir min) manata satılmasına razılıq verilmişdir. Mübahisələndirilən qeyriyaşayış sahəsinin ünvanı əvvəl ünvan 3 Mikayıl Müşviq küçəsinin kəsişdiyi yer kimi göstərilmişdir. Ona görə də ona həmin qeyri-yaşayış sahəsinə dəqiq ünvan olması məsləhət görüldü. Bundan sonra o, sənədləri reyestr xidmətinə təqdim edərək mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Çıxarışda da həmin qeyri-yaşayış sahəsinin ünvanı Mingəçvir şəhəri Yaşar Muradov küçəsi 68/12 qeyd edilmişdir. Sonradan da, İddiaçı ilə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanaraq qeyri-yaşayış sahəsi sonuncuya satılmışdır. Hazırda da obyekt İddiaçı mülkiyyətindədir. Hesab edir ki, İddiaçı tələbində haqlıdır. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tаrixli 2(051)- 2216/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tаrixli 2(051)-2216/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tаrixli 2(051)-2216/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuş x8 İstehlak Kooperativinin sədri x4 qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2, maraqlı şəxslər Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x18 nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: x8-İstehlak Kooperativinin idarə heyətinin sədri M.Ş.Eyyubovun 07 №-li 01 sentyabr 2016-cı il tarixli sərəncamından görünür ki, x5 öz ərizəsi ilə həmin tarixdən kooperativin 09 saylı mağazasının müdir-satıcı vəzifəsindən azad olunmuşdur. Cavabdeh1 x8-İstehlak Kooperativin idarə heyətinin sədri M.Ş.Eyyubova yazdığı 05 sentyabr 2016-cı il tarixli ərizəsində görünür ki, o, kooperativin 09 saylı mağazasının müdiri-satıcısı vəzifəsinə təyin olunmasını xahiş etmişdir. x8-İstehlak Kooperativin idarə heyətinin sədri M.Ş.Eyyubovun 05 sentyabr 2016-cı il tarixli sərəncamından görünür ki, Cavabdeh1 01 sentyabr 2016-cı il tarixdən kooperativin 09 saylı mağazasına müdiri-satıcı vəzifəsinə təyin olunmuşdur. x8-İstehlak Kooperativin idarə heyətinin sədri M.Ş.Eyyubova kooperativinin 09 saylı mağazasının müdiri-satıcısı Cavabdeh1 16 mart 2017-ci il tarixli ərizəsindən görünür ki, o, 09 saylı mağazanın ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Cavabdeh1 sifarişi əsasında Mingəçevir şəhər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Mikayıl Müşviq küçəsi 14/2 №-li ünvanda yerləşən qeyri-yaşayış binası çayxana binası kimi layihələndirilmişdir. İddiaçı x8-İstehlak Kooperativi idarə heyətinin sədri M.Ş.Eyyubova yazdığı ərizəsindən görünür ki, o, kooperativin 09 №-li mağazasına satıcı təyin olunmasını xahiş etmişdir. x8-İstehlak Kooperativi idarə heyətinin sədrinin 13 №-li 25 oktyabr 2018-ci il tarixli sərəncamından görünür ki, İddiaçı İstehsal-İstehlak Kooperativinin 09 saylı mağazasına satıcı təyin olunmuşdur. İddiaçı x8-İstehlak Kooperativi idarə heyətinin sədri M.Ş.Eyyubova yazdığı 15 aprel 2019-cu il tarixli ərizəsindən görünür ki, o, işlədiyi 9 №-li mağazanın ona satılmasına icazə verilməsini xahiş etmişdir. x8-İstehlak Kooperativinin 15 aprel 2019-cu il tarixli 01 №-li protokolundan görünür ki, yığıncağın gündəliyində duran məsələ 09 saylı mağazanın satıcısı İddiaçı 10 aprel 2019-cu il tarixli ərizəsi ilə ona satılması məsələsi olmuşdur. Protokola görə, yığıncaqda 11 müvəkkildən 7 nəfər iştirak etmişdir. Kooperativin müvəkkillərinin ümumi yığıncağı kooperativin 09 saylı mağazasının İddiaçı satılmasını qərara almışdır. Yığıncağın sədri M.Ş.Eyyubov, katibi Coşğun Kərimov olmuşdur. Protokol sədr tərəfindən imzalanmış, lakin katib tərəfindən imzalanmamışdır. “Azərittifaq”ın idarə heyətinin 17 №-li 17 aprel 2019-cu il tarixli qərarında göstərilir ki, Mingəçevir şəhəri İstehsal-İstehlak kooperativini müvəkkillər yığıncağının 15 aprel 2019cu il tarixli (protokol №1) qərarı ilə razılaşdırılsın və x8-İstehlak kooperativinə məxsus Mingəçevir şəhəri Yaşar Muradov küçəsi ilə Mikayıl Müşviq küçəsinin kəsişməsində yerləşən ümumi sahəsi 85,5 kv.m olan 09 saylı mağazanın payçı İddiaçı 1000(bir min) manata satılmasına razılıq verilsin. x8-İstehlak kooperativinin idarə heyətinin sədri x1 özü-özünə verdiyi etibarnamədən görünür ki, ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətində x8-İstehlak kooperativinə məxsus şəhərin Y.Muradov küçəsi ilə M.Müşviq küçəsinin kəsişməsində yerləşən 09 saylı mağazanın Reyestrdən Çıxarış və texniki pasportun alınması ilə bağlı işlərin aparılması ona etibar edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 №-li qeyri-yaşayış sahəsi 12 iyun 2019-cu ildən tam mülkiyyət hüququ ilə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” x8-İstehlak Kooperatvinin mülkiyyətindədir. Satıcı x8-İstehlak kooperativinin adından x4 ilə alıcı İddiaçı arasında bağlanmış notariat qaydada təsdiq olunmuş 11 iyul 2019-cu il tarixli ******* AN-1 №-li daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı ünvan 2 №-li ünvanda yerləşən 80,6 kv.m. qeyri-yaşayış binasını 3176,20 (üç min bir yüz yetmiş altı manat iyirmi qəpik) manat qiymətə alıcıya satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 80,6 kv.m sahəsi olan qeyri-yaşayış binası 15 iyul 2019-cu ildə tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilmişdir. x8-İstehlak kooperativinin nizamnaməsinin 15.23-cü maddəsinə əsasən, kooperativ üzvlərinin (nizamnamələrinin) ümumi yığıncağının qərarından məhkəməyə şikayət verilə bilər. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia təmin olunmalı, 09 saylı mağazanın payçısı, müvəkkil İddiaçı satılmasına razılıq verilməsi barədə x8-İstehlak Kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli 1 №-li protokol üzrə qəbul edilmiş qərar, satıcı x8-İstehlak kooperativi ilə alıcı İddiaçı arasında ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 80,6 kv.m. olan qeyri-yaşayış binasının satılmasına dair bağlanmış 11 iyul 2019-cu il tarixli ******* AN İ №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmin müqavilə əsasında ünvan 2 №-li ünvanda yerləşən qeyri-yaşayış binasının İddiaçı tam mülkiyyətinə verilməsi barədə Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv olunmalıdır”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, işin halı ondan ibarətdir ki, Mingəçevir şəhəri Yaşar Muradov küçəsində (əvvəl Y.Muradov küçəsi ilə M.Müşviq küçəsinin kəsişdiyi yerdə yerləşdirilməsi göstərilmiş) yerləşən 68/12 №-li 80,6 kv.m sahəsi olan qeyri-yaşayış binası x8-İstehlak kooperativinin balansında olmuşdur. Həmin qeyri-yaşayış binası özəlləşdirilərək ilk iddia üzrə İddiaçı mülkiyyətinə verilmişdir. İlk iddia üzrə iddiaçı mülkiyyətinə verilmiş qeyri-yaşayış binasından cavabdehlərin çıxarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı isə qeyri-yaşayış obyektinin qeyri-qanuni özəlləşdirilməsini bildirərək, müvafiq qərar və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Çıxarışın ləğv olumasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 111.1-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. 111.2-ci maddəsinə əsasən, kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Mingəçevir ,əhər İstehsal-İstehlak Kooperativinin nizamnaməsinin (yeni redaksiyada): 14.1-ci maddəsinə görə, kooperativ üzvlərinin ümumi yığıncağı (müvəkillər yığıncağı), kooperativin idarə heyəti, idarə heyətinin sədri (üzvlərinin sayı 50-dən az olan halda kooperativin sədri) onun idarəedilməsini həyata keçirir. 15.1-ci maddəsinə görə, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Ümumi yığıncaq kooperativin fəaliyyətinə aid bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. 15.3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.6cı maddəsinə müvafiq olaraq üzvlərin ümumi yığıncağı müvəkkillər yığıncağı şəklində keçirilə bilər və nizamnamədə ümumi yığıncaq barədə nəzərdə tutulan bütün müddəalar müvəkkillər yığıncağına münasibətdə etibarlıdır. Kooperativin üzvlərinin sayı 200-dən aşağı düşərsə, belə halda yalnız ümumi yığıncaq keçirilməlidir. 15.9-cu maddəsində göstərilir ki, nizamnamənin 15.8.1, 15.8.2, 15.8.3, 15.8.4, 15.8.5, 15.8.6, 15.8.9, 15.8.12, 15.8.17-ci maddələrində nəzərdə tutulmuş məsələlərin həlli kooperativin ümumi (müvəkkillər) yığıncağının müstəsna səlahiyyətlərinə aiddir və onların həlli kooperativin digər oranlarına verilə bilməz. 15.8.12-ci maddəsinə əsasən, kooperativin üzvlərinin ümumi yığıncağı əsas vəsaitlərə daxil olan əmlakı əldə etmək və özgəninkiləşdirmək barədə məsələlərə baxır. 15.14-cü maddəsinə əsasən, kooperativin idarə heyətinin sədri (kooperativin sədri) üzvlərin ümumi (müvəkkillər) yığıncağının keçirilməsi günü, yeri, vaxtı və gündəlik barədə üzvlərə (müvəkkillərə) və kooperativin üzv olduğu ittifaqa ən azı 7 gün əvvəl məlumat göndərməlidir. 15.16-cı maddəsinə görə, üzvlərin (müvəkkillərin) ümumi yığıncağının aparılması üçün iclasın sədri,katibi və başqa iş orqanları seçilir. 15.21-ci bəndinə əsasən, kooperativ üzvlərinin(müvəkkillərin) ümumi yığıncağının gedişi barədə protokol yazılır, müzakirə olunan məsələlər barədə qəbul olunuş qərarlar protokola yazılır. Protokol yığıncağa sədrlik edən və katib tərəfindən imzalanır. Yığıncaqda iştirak edən üzvlərin(müvəkkillərin) siyahısı protokola əlavə edilir. İşdən görünür ki, İddiaçı kooperativin balansında olan mübahisələndirilən qeyriyaşayış obyektinin ona satılması barədə ərizə ilə 15 aprel 2019-cu ildə kooperativin sədrinə müraciət etmişdir. Elə həmin gün, 15 aprel 2019-cu ildə müvəkkillər yığıncağı keçirilmiş, protokola görə iclasın sədri Mahir Eyyubov, katibi Cavabdeh1 olmuş, 11 nəfər müvəkkildən 7 nəfər müvəkkil yığıncaqda iştirak etmiş və qeyri-yaşayış obyektinin İddiaçı satılmasına razılıq verilmişdir. Halbuki, yığıncaqda iştirak edən 7 nəfər müvəkkillərin kimlər olması dəqiq müəyyən olunmur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 müvəkkillər yığıncağının keçirilməsindən məlumatı olmadığını, həmin yığıncaqda iştirak etmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş 15 aprel 2019-cu il tarixli müvəkkillər yığıncağının iclas protokolundan da görünür ki, katib kimi Cavabdeh1 qeyd edilsə də, protokol onun tərəfindən imzalanmamışdır. Cavabdeh1 isə təkidlə həmin iclasın keçirilmədiyini, tərtib olunmuş protokolun sonradan saxta tərtib edildiyini bildirir. Yuxarıda qeyd edilən protokolda göstərilir ki, İddiaçı 2014-cü ildən kooperativdə payçı olmuş, 25 oktyabr 2018-ci il tarixli 13 saylı sərəncamla 01 avqust 2018-ci ildən 09 saylı mağazanın satıcısı təyin olunmuşdur. İşdə olan x8-İstehlak kooperativinin sədrinin 13 №-li 25 oktyabr 2018-ci il tarixli sərəncamında da eyni hal göstərilmişdir. Qeyd edilməlidir ki, işçinin 3 ay əvvəlki tarixə vəzifəyə təyin olunması qanuna müvafiq deyil və bu İddiaçı xeyrinə özəlləşdirmənin aparılmasına kömək etmək məqsədi daşımışdır. Bundan əlavə qeyd edilən protokolda göstərilir ki, “kooperativin balansında olan 09 saylı mağazanın payçısı, müvəkkil İddiaçı satılmasına razılıq verilsin”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-3-cü maddəsinə əsasən, kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. x3-İstehlak Kooperativinin nizamnaməsinin 5.5-ci və 5.7-ci maddələrinə əsasən fiziki və hüquqi şəxslər kooperativin idarə heyətinə (kooperativi sədrinə) yazılı ərizə ilə müraciət etməklə payçıların ümumi yığıncağı (müvəkkillər yığıncağı) tərəfindən, ya da yığıncağın tapşırığı ilə idarə heyəti tərəfindən 30 gündən gec olmayaraq kooperativin üzvlüyünə qəbul edilirlər. İdarə heyətinin qərarı sonradan ümumi (müvəkkillər) yığıncağının təsdiqinə verilir. Üzvlüyə daxil olmuş payçıya üzvlük kitabçası verilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə İddiaçı kooperativə üzv, payçı qəbul olunması barədə kooperativin yığıncağnın qərarının olması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qanunsuzluğa yol verildiyinə görə x8- İstehlak kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli qərarı etibarsız hesab edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, İddiaçı kooperativin üzvü (payçısı) olduğunu iddia etsə də, onun kooperativin üzvü (payçısı) olması barədə üzvlük kitabçası yoxdur. Bundan əlavə iş materiallarına əlavə olunmuş x8-İstehlak kooperativi idarə heyətinin 05 sentyabr 2016-cı il tarixli sərəncamından görünür ki, Cavabdeh1 kooperativin 09 saylı mağazasına müdir-satıcı təyin edilmişdir. 25 oktyabr 2018-ci il tarixli 13 saylı sərəncam ilə də, İddiaçı kooperativin 09 saylı mağazasına müdir-satıcı təyin olunmuşdur. Lakin Cavabdeh1 həmin vəzifədən azad olunması barədə, eləcə də azad olunması səbəbi barədə sərəncam olması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən,əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən o, 09 saylı mağazaya müdir-satıcı təyin olunmuşdur. Lakin işdə olan x8-İstehlak kooperativinin ticarət şəbəkələrinin dislokasiyasından görünür ki, Y.Muradov küçəsi 68/12 №-li ünvanda yerləşən qeyriyaşayış binasından mağaza kimi deyil, iaşə obyekti kimi istifadə olunur. Cavabdehlər binadan 2017-ci ildən çayxana kimi istifadə edirlər və onların fəaliyyətinin qeyri-qanuni olması səbəbi ilə kooperativ tərəfindən dayandırılmamış və ya hər hansı tədbir görülməmişdir. Cavabdeh1 x8-istehlak kooperativinin idarə heyətinin sədrinə ünvanlandığı 16.03.2017-ci il tarixli ərizəsindən görünür ki, o, 09 saylı mağazanın ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Lakin Cavabdeh1 ərizəsinə cavab verilməmişdir. İddiaçı isə həmin mağazanın ona satılmasına razılıq verilməsi barədə ərizə ilə 15 aprel 2019-cu ildə kooperativin sədrinə ərizə ilə müraciət etmiş, elə həmin gün də (nizamnaməyə zidd olaraq) müvəkkillər yığıncağı keçirilərək obyektin ona satılmasına razılıq verilmişdir. İşin bütün bu ziddiyyətli hallarına əsasən kollegiya belə qənaətə gəlir ki, x8-İstehlak kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli iclası reallıqda keçirilməmişdir, əgər keçirilmiş olsa belə həmin iclasın yuxarıda göstərilən qanunvericilik pozuntuları ilə qəbul edilən qərarı qanunsuz və əsassız olmuşdur. Mülki iş üzrə üçüncü şəxs x8-İstehlak Kooperativinin sədri Mahir Eyyubov məhkəmə kollegiyasına əl yazısı ilə primitiv qaydada tərtib edilmiş x8-İstehlak Kooperativinin müvəkkillər yığıncağının tərkibinə dair bir neçə fərqli siyahını və x8-İstehlak Kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli 1 №-li protokol üzrə keçirilmiş iclasında iştirak edən müvəkkillərinin siyahısını təqdim etmişdir. Qeyd olunduğu kimi, həmin siyahılar primitiv qaydada tərtib edilmişlər. Bundan əlavə həmin siyahılarda müvəkkillər kimi göstərilmiş adlarda fərqlər vardır ki, Mahir Eyyubovda bu fərqlərin olmasının səbəbini əsaslı şəkildə izah edə bilmədi. Onun təqdim etdiyi x8-İstehlak Kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli 1 №-li protokol üzrə keçirilmiş iclasında iştirak edən müvəkkillərin siyahısında göstərilir ki, həmin iclasda x6, x2, x9, x12, x7 və İddiaçı iştirak etmişlər. Mahir Eyyubov şifahi olaraq bildirdi ki, iclasda iştirak edən yeddinci müvəkkil Cavabdeh1 olmuşdur. Qeyd olunmalıdır ki, Mahir Eyyubovun təqdim etdiyi siyahıda göstərilən şəxslərdən biri Mahir Eyyubov özü, digəri İddiaçı olmaqla, işin gerçək halından göründüyü kimi onların mənafeyi uyğun olmaqla, hər ikisi mülki işdə eyni mövqedən iştirak etməklə işin nəticəsində maraqlıdırlar. Digər müvəkkil kimi göstərilmiş x7 isə Mahir Eyyubovun doğma övladı olmaqla onun da öbyektivliyi şübhə doğurur. Odur ki, onun məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinə uyğun olan və atası Mahir Eyyubovun izahatı ilə eyni məzmunlu izahatı şübhə doğurduğundan kollegiya tərəfindən mötəbər sübut kimi qəbul edilmir. İddiaçının və üçüncü şəxs x8-İstehlak Kooperativinin sədri Mahir Eyyubovun vəsatəti ilə x8-İstehlak Kooperativinin müvəkkillər yığıncağının 15 aprel 2019-cu il tarixli 1 №-li protokol üzrə keçirilmiş iclasında iştirak edən müvəkkillərin şahid qismində dindirilməsi üçün kollegiyanın iclasının təxirə salınmasına baxmayaraq həmin şahidlər (x7 istisna olmaqla) gəlməmiş, x2, x9 və x12 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq göstərilən tarixdə müvəkkillər yığıncağının keçirildiyini və sözügedən daşınmaz əmlakın satılması barədə qərar qəbul edildiyini bildirmişlər. Lakin adıçəkilən şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərinə və öz mövqelərini şəxsən bildirmədiklərinə görə, habelə teleqramları onların şəxsən göndərməsi də şübhəli olduğundan həmin teleqramlarda əks olunan fikirləri kollegiya mötəbər sübut hesab etmir. Göründüyü kimi, apelyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. x17 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tаrixli 2(051)-2216/2019 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 dekabr 2019-cu il tаrixli 2(051)-2216/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar