Məhkəmə qərarları › İş №2(107)-1057/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1057/2021

27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1057/2021 27.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 5000 (beş min) manat və 30 (otuz) manat dövlət rüsumu - cəmi 5030 (beş min otuz) manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) müştərək qaydada 1,88 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 5000 manat, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi 15500 manat maddi, 10000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2001-ci ildə həmkəndlisi Cavabdeh1 özünə və ailə üzvlərinə məxsus 1,88 hektar torpaq sahəsini icarəyə vermək istədiyini bildirmişdir. O da həmin vaxtdan 2006-cı ilə qədər torpaq sahəsini əkib-becərmiş və razılaşdıqları miqdarda cavabdehə icarə haqqı ödəmişdir. 2006-cı ildə cavabdeh təcili pula ehtiyacı olduğundan özünə və digər ailə üzvlərinə məxsus paylı mülkiyyətdə olan həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, cavabdehlə danışıb razılığa gələrək həmin vaxt üçün torpağın dəyərinə uyğun olaraq 800 (səkkiz yüz) manat məbləgində pulu ona vermiş, əvəzində isə cavabdeh torpaq sahəsini və həmin torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını ona təhvil vermişdir. Həmin vaxt cavabdeh bildirmişdir ki, yaxın vaxtlarda torpaq sahəsini onun adına rəsmləşdirəcəkdir. Həmin vaxtdan torpaq sahəsi faktiki onun mülkiyyətinə keçmişdir. Keçən müddət ərzində torpağı adına rəsmləşdirməyi tələb etsə də, cavabdeh torpaq sahəsini satmadığını, ona icarəyə verdiyini əsas gətirərək bunu etmək istəməmişdir. Cavabdehdən torpaq sahəsini aldığı vaxtlar həmin ərazidə torpaq sahəsinin bir hektarının qiyməti 300-400 manat arasında olmuşdur. O, cavabdehə əvvəlcədən 800 manat icarə haqqı kimi pul ödəməmişdir. 800 manat pula həmin ərazidə həmin ərəfədə iki hektardan çox torpaq sahəsi almaq olardı. Hazırda sözügedən torpaq sahəsinin bir hektarının dəyəri orta bazar qiyməti ilə 3500-4000 manat arasındadır. 17 ildir ki, həmin torpaq sahəsini əkib-becərməklə torpağa dair bütün vergiləri özü ödəyir. O, torpağa lazımi qaydada qulluq etmiş, hər il gübrə vermiş və torpağın münbitləşdirilməsi üçün digər xeyli iş görmüşdür. Cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində ona 15500 (on beş min beş yüz) manat maddi və 10000 (on min) manat mənəvi ziyan dəymişdir. Ona görə də 1,88 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 5000 manat, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi 15500 manat maddi, 10000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, torpaq islahatı ilə əlaqədar 1999-cu ildə onun və ailə üzvlərinin birgə mülkiyyətinə 1,88 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini iki il özü əkib becərmişdir. 2001-ci ildən iddiaçıya icarəyə vermiş, hər il iddiaçı ona icarə haqqı ödəmişdir. 2006-cı ildə xeyir işi ilə əlaqədar pul lazım olduğu üçün torpaq sahəsini əvvəlcədən 800 manat məbləğində pul alaraq uzun müddət üçün iddiaçıya icarəyə vermişdir. 2019-cu ildə iddiaçıya bildirmişdir ki, torpaq sahəsini əkməsin, özünə qaytarsın. İddiaçı torpaq sahəsini əkdiyi üçün ona güzəşt etmiş və bildirmişdir ki, növbəti əkin vaxtı torpaq sahəsini əkməsin. Buna baxmayaraq aralarında razılaşdıqları müddət başa çatsa da, bu günədək iddiaçı onlara məxsus torpaq sahəsini qaytarmamışdır. İddiaçı torpaq sahəsini qaytarmayacağını bildirərək onu hədələmişdir. Aralarında mübahisə yaranmış, iddiaçı sənədləri ona qaytaracağına söz versə də, sözünə əməl etməmişdir. İddiaçının həmin vaxt ona verdiyi 800 manatı qaytarmaqla torpaq sahəsinin geri qaytarılmasını istəyirlər. İddiaçıdan icarə haqqı kimi 800 manat pul alarkən arvadı və oğlu orada olmamışdır. Oğlu həmin ərəfədə hərbi xidmətdə olmuşdur. İddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, əri mübahisəli 1,88 hektar torpaq sahəsini iddiaçıya uzun müddətə icarəyə verərək 800 manat pul almışdır. Bu barədə əri ona bildirmişdir. Pulun alınıb verilməsində iştirak etməmişdir. İddiaçının hansı əsasla onu cavabdeh kimi göstərməsi məlum deyil. Həmin torpaq sahəsini onlar icarəyə vermiş, iddiaçıya satmamışlar. İddiaçının tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh3 bildirmişdir ki, mübahisəli torpaq sahəsinin 800 manata iddiaçıya uzun müddətə icarəyə verildiyini atasından eşitmişdir. 2003-2005-ci illərdə o, hərbi xidmətdə olmuşdur. İddiaçı əsassız olaraq onu iş üzrə cavabdeh göstərmişdir. Torpaq sahəsinin geri qaytarılmasını tələb edirlər. İddiaçının tələbi əsassızdır və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli 2(107)-1555/2020 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində-yəni Cavabdeh1 5000 (beş min) manat və 30 (otuz) manat dövlət rüsumu - cəmi 5030 (beş min otuz) manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli 2(107)-1555/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli 2(102)-1496/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli 2(107)- 1555/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi qətnaməsini iddiaçının heç bir sübuta söykənməyən formal mülahizələrinə istinad etməklə əsaslandırmağa çalışmışdır ki, bu da tamamilə əsassızdır. Belə ki, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 06 fevral tarixli 66 saylı qərarı ilə 1,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, İsmayıllı rayon Mican kənd sakinləri Cavabdeh1, Cavabdeh2, X8, X5, X4, Cavabdeh3 və X2 mülkiyyətinə verilmiş və adlarına “Torpağa mülkiyyət hüququna dair” JN-302 kod 40719018 nömrəli Dövlət Aktı tərtib olunmuşdur. Həmin torpaq sahəsini 2001-ci ildə həmkəndliləri İddiaçıun təklifi ilə ona illik 600 kiloqram taxıl müqabilində (həmin dövrdə 1 kq taxılın qiyməti 10-12 qəpik olmuşdur) icarəyə vermişlər. O da həmin vaxtdan 2006-cı ilə qədər torpaq sahəsini əkib-becərmiş və razılaşdıqları miqdarda onlara icarə haqqı ödəmişdir. 2006-cı ildə o, Ehtibara bildirmişdir ki, torpaq sahələrini daha yüksək qiymətə icarəyə götürmək istəyən var, ona görə də torpaq sahəsinin qaytarılmasını tələb etmişlər. Lakin Ehtibar nə torpaq sahəsini qaytarmaq istəməmiş, nədə ki, icarə haqqını artırmaq istəməmiş, əvəzində torpağa dair vergiləri özü ödəmək şərtilə bir neçə ilin icarə haqqını əvvəlki məbləğdə birdəfəlik ödənilməsini təklif etmişdir. Onunla razılaşaraq ondan 800 manat icarə haqqı almışdır. Aralarındakı razılaşmaya görə İddiaçı 2019-cu ildə torpaq sahələrini onlara qaytarmalı idi. Ona görə də 2019-cu ildə İddiaçı bildirmişdir ki, torpaq sahəsini əkməsin, özlərinə qaytarsın. Lakin Ehtibar torpaq sahəsini əkdiyini bildirərək ona güzəşt etməyini xahiş etmiş və biçindən sonra torpaq sahəsini qaytarmağa söz vermişdir. Lakin, iddiaçı torpaq sahəsini onlara qaytarmaq əvəzinə vaxt uzatmaq üçün formal olaraq əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Onlar torpaq sahələrini İddiaçı satmamışlar, satmaq fikrində də olmamışlar. Əgər torpaq sahələrini doğrudan da satmış olsa idilər Ehtibar alqısatqını ötən 13 il ərzində notarial qaydada rəsmiləşdirərdi. Torpaq sahəsinin əkini ilə bağlı dövlət tərəfindən verilmiş subsidiyanı da həmişə özü almışdır. Əgər torpaq sahələrini Ehtibara satmış olsa idilər. torpaq sahəsinə verilən subsidiyanı onun almağına da razı olmazdılar. Torpaq sahəsinin yaxşılaşdırılması ilə iddiaçının aqrotexniki işlər görməsinə gəlincə bildirir ki, onların torpaq sahəsi əkinə tam yararlı olmuşdur. Bu fakt Dövlət Aktının torpaq sahəsinin qaimə (sertifikat) hissəsində də öz əksini tapmışdır. Ehtibar tərəfindən torpaq sahəsində heç bir aqrotexniki işlər aparılmamışdır. Əgər torpaq sahəsini Ehtibara satmış və bunu rəsmiləşdirməkdək imtina etmiş olsa idilər, onda iddiaçı həmin dövrün qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərdi. Yuxarıda göründüyü kimi iş üzrə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə tərəfindən toplanmış sübutlara obyektiv qiymət verilməmiş və nəticədə ədalətsiz qətnamə çıxarılmışıdr ki, bununla da onların hüquqları pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər məhkəməyə məktub və teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(102)- 1496/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli 2(107)-1555/2020 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Cavabdehlərə məxsus torpaq sahəsinin 2001-2020-ci illər ərzində iddiaçının sahibliyində və istifadəsində olması və 2001-2006-cı illərdə iddiaçının həmin torpaqdan əvəzi ödənilməklə istifadə etməsi işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisələndirilən halı 2006-cı ildən sonra tərəflərin arasında yaranmış münasibətin xarakteridir, yəni iddiaçı tərəfindən verilmiş 800 manat məbləğində pulun əvəzində torpaq mülkiyyətçisinin hansı öhdəlik götürməsidir. İddiaçı həmin məbləğin torpağın faktiki olaraq ona satılmasına görə, cavabdeh isə 13 illik icarə haqqının əvvəlcədən ödənildiyinə görə verildiyini göstərir. Əvvəla, hər iki tərəf 2001-2006-cı illərdə torpaqdan istifadə haqqının illik ödənildiyini bildirir. Eyni zamanda, 2006-cı ildə həmin torpaq sahələrinin 1 hektarının 300-400 manat təşkil etdiyi müəyyən edilir. Digər tərəfdən, cavabdeh Zavur Əliyev iddiaçının ödədiyi 800 manat məbləği ona geri qaytarmağa hazır olduğunu bildirir. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməməklə, iş üzrə gəldiyi nəticəni mübahisəli torpaq sahəsinin mülkiyyətçilər tərəfindən kiməsə satılması və yaxud hansısa formada özgəninkiləşdirilməsi barədə iş materiallarında heç bir müqavilə mövcud olmaması əsası ilə iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Halbuki, iddiaçı da cavabdehlərlə bu məzmunda müqavilə bağladığını iddia etmir, əksinə bu müqavilənin bağlanmaması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: “Torpağa mülkiyyət hüququna dair” JN-302 kod 40719018 nömrəli Dövlət Aktından müəyyən edilir ki, İsmayıllı rayon Mican kənd sakinləri X11, Cavabdeh2, X12, X9, X6, Cavabdeh3 Zaur oğlu və X3 mülkiyyətinə İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 06 fevral tarixli 66 saylı qərarı ilə 1,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İsmayıllı rayon Notariat kontorunda 25 aprel 2006-cı il tarixdə təsdiq edilmiş müqavilənin surətindən görünür ki, iddiaçı Ehtibar X1 adlı şəxsdən İsmayıllı rayon Mican kəndi ərazisində bir hektar torpaq sahəsini 300 manata almışdır. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 547 nömrəli 03 iyun 2020-ci il tarixli arayışdan görünür ki, İsmayıllı rayonun Mican kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yerindən asılı olaraq alqı-satqı müqavilələrinə əsasən 1 (bir) hektarın hazırda qiymətləndirilməsi 2500-3500 manat civarındadır. X7 çıxarılmış Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti məlumatlarından görünür ki, Cavabdeh3 18 oktyabr 2003-cü il tarixindən 03 aprel 2005-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İşin gerçək hallarından görünür ki, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, X8, X5, X6, Cavabdeh3 və X2 mülkiyyətinə 1,88 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsini əvvəllər cavabdehlər özləri istifadə etmiş, 2001-ci ildən 2006-cı ilədək hər il icarə haqqı ödənilməklə iddiaçıya icarəyə vermişlər. 2006-cı ildə Cavabdeh1 iddiaçı ilə torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirəcəyi barədə razılığa gələrək ondan əvvəlcədən 800 manat pul alaraq özlərinə məxsus 1,88 hektar torpaq sahəsinin sənədlərini ona vermişdir. Həmin ərəfədə həmin ərazidə torpaq sahələrinin bir hektarının orta bazar qiyməti 300-400 manat arasında olmuşdur. Həmin vaxtdan indiyədək torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Cavabdeh1 həmin vaxt vəd etsə də, sonradan torpaq sahəsinə dair alqısatqı müqaviləsini rəsmiləşdirməkdən imtina etmişdir. Hazırda İsmayıllı rayonu Mican kəndində yerləşən kənd təsərrüfatı torpaq sahələrinin yerindən asılı olaraq 1 (bir) hektarının dəyəri 2500-3500 manat qiymətləndirilir. İddiaçı cavabdehlərdən 1,88 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 5000 manat, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi 15500 manat maddi, 10000 manat mənəvi ziyan məbləğinin cavabdehlərdən alınıb ona ödənilməsini xahiş edir. Cavabdehlər iddia tələbini qəbul etmir və rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. İşdən görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdehlərə məxsus torpaq sahəsi ilə bağlı yaranmışdır. 1,88 ha kənd təsərrüfatı təyinatlı həmin torpaq sahəsinin 2001-2020-ci illər ərzində iddiaçının sahibliyində olması, 2006-cı ildə iddiaçı tərəfindən cavabdehlərdən Cavabdeh1 800 manat ödənilməsi işin mübahisəsiz hallarıdır. İddiaçı hazırda göstərilən 800 manat məbləğində pulu həmin torpaq sahəsinin faktiki olaraq ona satılması müqabilində ödədiyini, həmin razılaşma zamanı torpaq sahəsi ilə bərabər torpağa dair hüquq müəyyənedici sənədlərin də ona təhvil verildiyini, cavabdehlərin vəd etdikləri halda alqı-satqı əqdini rəsmiləşdirməkən boyun qaçırdıqlarını, 2020-ci ildə isə cavabdehlər tərəfindən həmin torpaq sahəsinin geri alındığını, sahibliyində olduğu müddət ərzində torpağa öz sahibi kimi qulluq etdiyini göstərməklə, cavabdehlər tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdeh Zavur Hacıyev isə iddiaya etiraz edərək, torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə hər hansı razılaşma olmadığını, sözügedən torpaq sahəsini 800 manat müqabilində iddiaçıya 13 illik icarəyə verdiyini və həmin haqqın birdəfəyə əvvəlcədən ödənildiyini, hazırda həmin məbləği geri qaytarmağa hazır olduğunu bildirmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlərə məxsus torpaq sahəsinin 2001-2020-ci illər ərzində iddiaçının sahibliyində və istifadəsində olması və 2001-2006-cı illərdə iddiaçının həmin torpaqdan əvəzi ödənilməklə istifadə etməsi işin mübahisələndirilməyən hallarıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin satışından hazırda təxminən 5000 manatdan yuxarı vəsait əldə etmək mümkündür. Cavabdeh1 təxminən 14 il əvvəl iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat miqdarında pul aldığı halda hazırda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Ona görə də məhkəmə iddiaçıya ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən hazırda həmin ərazidə bir hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiymətinin aşağı həddinə əsaslanaraq Cavabdeh1 5000 (beş min) manat miqdarında pulun alınaraq iddiaçıya verilməsini qanuni və ədalətli hesab edir. İddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi maddi ziyan məbləği kimi cavabdehlərdən müştərək qaydada 15500 (on beş min beş yüz) manatın alınıb ona verilməsini tələb etsə də, o həyata keçirdiyi abadlıq işləri və torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərə dair sübutlar təqdim etməmişdir. Bundan əlavə iddiaçı mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada 10000 (on min) manat ödənilməsini tələb etsə də, öz tələbinin nədə ifadə olunduğunu izah edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşır. Tərəflər arasında münasibətlər yaranan zaman və 24 iyun 2005-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 161-ci maddəsinə əsasən, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 164.2.-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. 407.1 -ci maddəsinə görə, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Sözügedən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi və ya ona rəsmi qaydada satılması haqqında yazılı müqavilənin olmaması mübahisələndirilmir. Eyni zamanda, həmin torpaq sahəsinin müqabilində iddiaçının Cavabdeh1 2006-cı ildə 800 manat məbləğində pul verməsi də sübut olunmuş haldır. Belə ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında vediyi izahatında 2006-cı ildə iddiaçıdan əvvəlcədən 800 manat məbləğində pul alaraq onun uzunmüddətli icarəsinə verdiyini, həmin 800 manat məbləğində pulu iddiaçıya qaytarmaqla torpaq sahəsinin özlərinə qaytarılmasını istədiklərini bildirmişdir. Kollegiyaya görə, Cavabdeh1 qeyd edilən izahatı ilə torpaq sahəsinin icarəyə verilməsi və bunun müqabilində İddiaçı 800 manat məbləğində pul (icarə haqqı) ödəməsi barədə onun (Cavabdeh1) mövqeyi təkzib olunur. Belə ki, əgər 2006-cı ildə gerçəkdən İddiaçı əvvəlcədən 800 manat məbləğində pul alınaraq onun uzunmüddətli icarəsinə verilmişdirsə cavabdeh həmin məbləği iddiaçıya qaytarmamalıdır. Çünki 2006-2020-ci illərdə iddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir (torpaq sahəsi indidə iddiaçının istifadəsindədir). Cavabdeh1 800 manat məbləğində pulu iddiaçıya qaytarmaqla torpaq sahəsinin özlərinə qaytarılmasını istədiklərini bildirməsi, həmin pul məbləğinin sözügedən torpaq sahəsinin məhz alqı-satqısına görə ödənilməsini sübut edir. İşin halından da göründüyü kimi mübahisə predmetinə aid olan torpaq sahəsinin satışından hazırda təxminən 5000 manat civarında vəsait əldə etmək mümkündür. 2006-cı ildə Cavabdeh1 iddiaçıdan torpaq sahəsinin satış dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat miqdarında pul alaraq, hazırda həmin torpaq sahəsinin iddiaçıya rəsmi qaydada satılmasından imtina etməklə onun iddiaçının hesabına əsassız varlanması müəyyən olunur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən hazırda həmin ərazidə bir hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiymətinin aşağı həddinə əsaslanaraq cavabdehdən alınaraq iddiaçıya verilməli məbləğin miqdarını 5000 (beş min) manat müəyyən etməkdə haqlı olmuşdur. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi mülki mübahisə üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar