Məhkəmə qərarları › İş №2(107)-106/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-106/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-106/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X9 iclas katibliyi, İddiaçı Fərhad oğlunun və Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Fərhad oğlunun Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-771/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı Fərhad oğlu və cabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Fərhad oğlu iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, övladı X8 müalicə xərcləri üçün çəkilən maddi zərər üçün 14014,86 manat, mənəvi zərər üçün 50000 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-771/2020 nömrəli (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X8 müalicə xərcləri üçün çəkilən maddi xərclər üçün 4164 manat, mənəvi zərər üçün 5000 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Fərhad oğluna verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı Fərhad oğlu və cabadeh Cavabdeh apellyasiya şikayətləri vermişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh cinayət əməli nəticəsində 8 yaşlı övladı X1 ağır xəsarət yetirilmişdir. Hadisə baş verən gündən indiyədək oğlu yataq xəstəsidir, sağlamlıq durumu çox ağır vəziyyətdədir və daim müalicə və müayinə olunmaqla, demək olar ki, hər gün həkim nəzarəti altında saxlanılır. Hadisədən sonra övladını X4 aparmışlar. Orada həkimlər uşağın vəziyyətinin ifrat ağır olması və ümumiyyətlə bu növ xəstəliyin müalicə olunmasının qeyri-mümkün olmasını demişlər. xx.xx.2019-dan xx.xx.2020-dək övladı X5 əməliyyat, müalicə və müayinə olunmaqla həmin xəstəxanada yatmışdır. X6 verdiyi Epikriz və 283 saylı Arayışda uşağa Baş beyin silkələnməsi, baş beynin diffuz travması, travmatik subaraxnoidal qansızması, bud sümüyü cisminin sınığı, dəqiqləşdirilməmiş pnevmaniya, kəskin respirator çatışmamazlıq, koma diaqnozu qoyulmuşdur. Uşaq həmin diaqnozla ağır vəziyyətdə X6 reanimasiya şöbəsinə daxil olmuş, uşağın traxeyası intübə olunmuş və süni nəfəs aparatına qoşulmuşdur. xx.xx.2019-da Budun illizarov aparatı ilə qapalı osteosintezi əməliyyatı icra olunmuşdu. xx.xx.2019-da Neyrocərrahın müayinəsi zamanı beyin KT nəticəsində “Bir flez dəliyindən subdural hidromanın boşaldılması” əməliyyatı olunmuşdur. Uşaq stasionar şöbədə bütün müalicə dövründə periodik olaraq şiddətli baş ağrıları olmuşdur. Uşaq xx.xx.2020-dən evə yazılsa da, ərazi üzrə ailə həkimi, nevroloq və fizyoterapiya mütəxəssisinin uzunmüddətli nəzarəti tövsiyə olunub. Hadisə baş verəndən bəri cavabdeh, onun atası və yaxınları övladının müalicə xərclərində onlara köməklik etmirlər, heç bir maddi kömək göstərmirlər. Onun rəsmi iş yeri yoxdur, qardaşı ilə birgə kiçik mağaza işlədir və maddi durumu aşağı səviyyədədir. İndiyə kimi uşağının müalicə xərclərinə qohumlar, dostlar köməklik edib. Lakin övladımın həyatda qalması üçün maddi təminat lazımdır. Hadisə baş verən gündən indiyə kimi aşağıdakı maddi xərcləri çəkmişlər bunlardır: 1.X5 əməliyyat, müalicə və müayinə xərciləri – 2391.65 manat (ödəniş qəbzləri əlavə olunub); 2. Mingəçevir şəh., “Zeytun” Pharmachepticals Aptekdən alınan dərmanlar – 622.01 manat (ödəniş qəbzləri əlavə olunub); 3. Gəncə şəh., “Dokta” Aptektdən alınan dərmanlar – 151.2 manat (ödəniş qəbzləri əlavə olunub); 4. Goranboy Mərkəzi rayon Xəstəxanasının həkim-nevropotoloqunun uşağa evdə müayinə göstərməsi xərcləri – 1000 manat (Göndəriş vərəqəsi əlavə olunub); 5. Uşağın müalicə və müayinəsi ilə bağlı Gəncəyə aparılıb gətirilməsi üzrə nəqliyyat xərcləri – 750 manat; 6. Təcili tibbi yardım maşını ilə Gəncəyə aparma və gətirmə xərci – 120 manat; 7. X2 çəkdiyimiz xərclər – 600 manat; 8. Uşaq üçün alınan pamperslər (10 blok) – 130 manat; 9. Uşaq üçün alınan tibbi salfet, bint, komfora və digər vasitələr – 500 manat; 10. Uşağın müalicə və müayinəsi üçün bankdan götürdüyümüz kredit - 6000 manat (kredit müqaviləsi və digər zəruri sənədlər əlavə olunub). Ona görə də övladı X8 müalicə xərcləri üçün çəkilən maddi zərər üçün 14014,86 manat, mənəvi zərər üçün 50000 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : İddiaçı Fərhad oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-771/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və övladı X8 müalicə xərcləri üçün çəkilən maddi zərər üçün 14014,86 manat, mənəvi zərər üçün 50000 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cabadeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin göstərilən iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, törətdiyi avtomobil qəzasına görə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(051)-29/2020 saylı hökmü ilə təqsirli bilinərək 1(bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilmişdir. Eyni zamanda ani ehtiyatsızlıqdan törətdiyi qəzadan sonra uzun müddət ağır psixoloji sarsıntı keçirmişdir. Hal-hazırda heç bir verdə işləmir, gəliri yoxdur. Həmçinin, anası ağır formalı onkolji xəstədir. Onun elementar müalicəsini belə etdirmək imkanı yoxdur. Heç kim qəzadan sığortalanmayıb. İddia tələbi qaldırılan zaman və qətnamə çıxarılanda ən azından insani və milli-mənəvi dəyərlər də nəzərə alınmalı və düşdüyü çətin vəziyyətdən sui istifadəyə yol yerilməməli idi. O, hələ də hadisədən sonra düşüdüyü mənəvi-psixoloji sarsıntıdan qurtula bilməmişdir. Qətnamə çıxarılarkən nə işsizliyi, nə ailə vəziyyətinin ağırlığı, nə respublikadakı sərt karantin rejimi və ağır pandemiya vəziyyəti nəzərə alınmamışdır. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Fərhad oğlu özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehin qanunazidd hərəkəti nəticəsində oğluna ağır xəsarət yetirilmişdir. O, bir valideyn kimi bu gün də bunun əzabını çəkir. Xəstəxanalar, dava-dərmana xeyli məbləğdə xərc çəkməsinə baxmayaraq cavabdeh ona heç bir maddi köməklik göstərməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddiasının tam təm olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh Vətən müharibəsinin iştirakçı olmaqla bu yaxınlarda ordudan tərxis olmuşdur. Maddi vəziyyəti o qədər də yaxşı deyil. Bundan əlavə birinci instansiya məhkəməsi ehtimallara əsaslanaraq qətnamə qəbul etmişdir. Belə ki, əvvəla iddiaçın təqdim etdiyi qəbzlərin kimə məxsus olması müəyyən deyil, istənilən şəxs belə bir qəbzi təqdim edə bilər. İkincisi, “qarşılana biləcək xərclər” dedikdə birinci instansiya məhkəməsi nəyə istinad edir. Qətnamə ehtimallara deyil, mötəbər sübutlara əsaslanmalıdır. Üçüncüsü, məhkəmə tərəfindən müəyyən edilmiş mənəvi ziyan həddən artıq çoxdur. Ona görə də bütün bunları nəzərə almaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-29/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.11-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qəbzlərdən görünür ki, X8 müalicə xəcləri üçün cəmi 3164,86 manat pul xərclənmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Belə ki, Mülki Məcəllənin 1096.1 maddəsinə əsasən “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçisinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-29/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdehin bu əməli nəticəsində iddiaçının azyaşlı oğluna ağır dərəcəli xəsarət yetirilmişdir. Cavabdeh özü də bunu etiraf etmişdir. Bu hal işin mübahisəsiz tərəfidir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehin törətmiş olduğu cinayət əməli nəticəsində oğluna vurulmuş xəsarətlə bağlı xeyli məbləğdə maddi və mənəvi ziyan çəkdiyini, sonuncu tərəfindən ona heç bir köməklik olmadığından məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirir. Cavabdeh isə öz növbəsində hadisənin baş verildiyini, bununla bağlı cəzasını çəkdiyini qeyd etməklə yanaşı, özünün maddi durumunun yaxşı olmadığını və o qədər pulu ödəmək imkanının olmadığını bildirir. Apellyasiya şikayətlərinin dəlillərinə də ümumilkdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. İlk növbədə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirən kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində daha çox maddi xərcə məruz qaldığını və cavabdehdən həmin xərci tələb etsə də, bununla bağlı birinci instansiya məhkəməsində təqdim etdiyi sübutlardan əlavə apellyasiya məhkəməsində hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Kollegiya iddiaçının bu dəlli razılaşmır və qeyd edir ki, hər bir işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə də hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Birincisi ona görə ki, iş materialları, eləcə də tərəflərin izahatı ilə sübut olunur ki, cavabdehin hansısa müqavilədən deyil, konkret olaraq törətdiyi əmələ görə görə iddiaçının qarşısında öhdəliyi yaranmışdır. İkincisi, cavabdehin özünün apellyasiya şikayətində qeyd etdiyi kimi “artıq törətdiyi əmələ görə cəzasını çəkdiyini” bildirməsi, onu heç də mülki hüquqi məsuliyyət daşımaqdan kənarda qoya bilməz. O, törətmiş olduğu cinayət əməli nəticəsində cəzasının çəksə də, bu əməl nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir. Üçüncüsü, yol nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsirli olması və iddiaçıya zərər yetirilməsi iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə hokmü ilə təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur. Çünki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs olmaqla, yuxarıda qeyd olunduğu kimi, son nəticədə ona maddi ziyan dəymişdir. Vurulmuş zərəri tələb etmək isə, yalnız onun marağına uyğundur. Lakin maddi ziyanla bağlı “qarşılanacaq xərclərlə bağlı 1000 manat” və mənəvi zərərə görə iddiaçının xeyrinə tutulmalı olan pulun miqdarı ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının xeyrinə həmin pulu tutarkən onun maddi, əmlak və ailə vəziyyətlərini düzgün nəzərə almamış, maddi ziyanın 1000 manat hissəsi ilə bağlı ehtimallara əsaslanmışdır. Halbuki məhkəmə qətnaməsi ehtimallara deyil, mötəbər sübutlara əsaslanmalıdır. Bundan əlavə məhkəmə kollegiyası iclasında müəyyən edildiyi kimi, cavabdeh Vətən müharibəsinin iştirakçısı olmaqla yanaşı, kifayət qədər maddi təminatlı deyildir. Ona görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehdən mənəvi zərərə görə tutulmalı olan məbləğ onun maddi həyat səviyyəsinə uyğunlaşdırılmalıdır Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin “qarşılanacaq xərclərlə bağlı 1000 manat” hissəsi və mənəvi ziyan birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4,385, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Fərhad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-771/2020 nömrəli qətnaməsi qismən – “qarşılanacaq xərclərlə bağlı 1000 manat və mənəvi ziyanla bağlı 3000 manat hissələrdə” ləğv edilsin, həmin hissələrdə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə- müalicə xərcləri üçün çəkilən maddi xərclər üçün 3164 (üç min yüz altmış dörd) manat, mənəvi zərər üçün 2000 (iki min) manat və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Fərhad oğluna verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar