Məhkəmə qərarları › İş №2(107)-1076/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1076/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1076/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Baku Elektronics” MMC-ə qarşı “əşyanın müqaviləyə uyğun əvəz edilməsi və ya pulun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi və ya pul tələbi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(075)-32/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh "Baku Elektronics” MMC-nin Şəkidə yerləşən 2 saylı mağazasından dəyəri 720 manat olan "A-52 Samsung (A525/128 gb Black)” telefonu almış və 6 ay ərzində hər ay 120 manat olmaqla telefonun dəyərini ödəyib qurtarmışdır. Qarantiya müddəti bitməmiş telefon enerji (zaryadka) yığarkən ekranı qaralıb qalmış və telefonun ekranı açılmamışdır. "X5" MMC-nin xx.xx.2022-ci il tarixli texniki rəyində göstərilir ki, qeyd olunan mobil telefonun batareyası şişib, korpusda cızıqlar, ləkələr və sürtürmələr vardır. Buna da batareykaya kənar müdaxilə olunub və yaranan qüsur zədələnmə nəticəsində yaranıb. Ona görə də ödənişli xidmət göstərilməsi ilə bağlı 18 iyul 2023-cü il tarixində iddiaçıya məlumat verilmişdir. Bundan sonra iddiaçı dəfələrlə "Baku Elektronics” MMC-nin baş ofisinə ərizə ilə müraciət edərək lazımi keyfiyyətli olmayan əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunmasına, əks təqdirdə əşya üçün (telefon üçün) ödədiyi pul məbləğinin geri qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "Baku Elektronics” MMC-ə qarşı cavabdeh "xxxx" MMC tərəfindən verilmiş lazımi keyfiyyətli olmayan əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunması, əks təqdirdə əşya üçün (telefon üçün) ödənilmiş 720 manat pul məbləğinin cavabdehdən alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh "Baku Elektronics” MMC-nin Şəkidə yerləşən 2 saylı mağazasından dəyəri 720 manat olan "A-52 Samsung (A525/128 gb Black)” telefonu almış və 6 ay ərzində hər ay 120 manat olmaqla telefonun dəyərini ödəyib qurtarmışdır. Yeddinci ayda telefon enerji (zaryadka) yığarkən qaralıb qalmış və telefonun ekranı açılmamışdır. Həmin telefonu heç bir ustaya göstərmədən telefon aldığı mağazaya gətirmiş və onlara bununla bağlı məlumat vermişdir. Orada iddiaçıya bildirilmişdir ki, telefonu qarantiya kağızı ilə birlikdə aparın servis xidmətimizə. O, telefonu aparıb servis xidmətinə təhvil vermişdir. Servisdə telefona baxaraq qutusuna qoyublar və qarantiya kağızı ilə qəbul edib, ona bildirdilər ki, telefonu Mingəçevir şəhərində yerləşən "Samsung" telefonlarının təmiri şirkətinə göndərəcəyik və nəticəsi barədə məlumat verəcəyik. Bununla bağlı ona xx.xx.2022-ci il tarixli servisdə xidmət qəbzini də verdilər. Bundan sonra o dəfələrlə "xxxx" MMC-nin baş ofisinə ərizə ilə müraciət edərək lazımi keyfiyyətli olmayan əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunmasına, əks təqdirdə əşya üçün (telefon üçün) ödədiyim pul məbləğinin geri qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Axırıncı dəfə isə o cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Hətta cavabdeh tərəfindən müraciətlərinə rəsmi cavab da verilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona keyfiyyətsiz, mühüm qüsurlu telefon verilmişdir. Halbuki, müqaviləyə görə cavabdeh ona keyfiyyətli, heç bir qüsuru olmayan əşyanı (telefonu) verməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh tərəfindən ona müqaviləyə uyğun, lazımi keyfiyyətli əşya verilməmiş, cavabdeh öz öhdəliyini icra etməmiş, istehlakçı olaraq onun hüquqlarımı pozmuşdur. Birinci instansiya məhkəməsində cavabdeh "Baku Elektronics” MMC tərəfindən göndərilmiş 06 iyun 2024-cü il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, iddia ərizəsində qeyd olunur ki, telefonu heç bir ustaya göstərmədən telefon aldığı mağazaya gətirmiş və onlara bununla bağlı məlumat vermişdir. İddiaçı aldığı mobil telefonda zəmanət müddətində nasazlıq yarandığı halda, başqa ustaya deyil, zəmanət talonunda göstərilən servis mərkəzinə təqdim etməlidir. Başqa ustaya göstərmədiyini qeyd etməsi hansı marağa söykəndiyi məlum deyil və hesab edir ki, sübutsuz deyilən fikir həqiqəti əks etdirməyə bilər. İddiaçı iddia tələbində iddiaçının aldığı mobil telefonun nasazlığı ilə bağlı qeyd edir ki, yeddinci ayda telefon enerji (zaryadka) yığarkən qaralıb qalmış və telefonun ekranı açılmamışdır. Ona görə də Mağazaya və mağazanın təklifi ilə mobil telefonu servis xidmətinə təhvil vermiş və xidmət tərəfindən ona qəbz də verilmişdir. Bundan sonra isə telefondan heç bir məlumat ala bilməmişdir. İddia tələbi bununla yekunlaşmışdır. İddia tələbi ilə tanış olarkən belə fikir anlaşılır ki, iddiaçının aldığı telefonda istehsal qüsuru baş vermiş və ona görə də servis xidmətinə təhvil vermiş, sonra isə telefon qaytarılmamış, eyni zamanda heç bir məlumat da verilməmişdir. Qəbz iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Qəbzdən görünür ki, mobil telefon təhvil alınarkən üzərində zədələr və cızıqlar olmuşdur. Bundan sonra Servis xidməti tərəfindən mobil telefonda yoxlama aparılmış və xx.xx.2022-ci il tarixli texniki rəy verilmişdir. "X5" MMC-nin xx.xx.2022-ci il tarixli texniki rəyində göstərilir ki, qeyd olunan mobil telefonun batareyası şişib, korpusda cızıqlar, ləkələr və sürtünmələr vardır. Mobil telefona keçirilmiş müayinənin nəticəsi olaraq, qeyd edilmişdir ki, telefona mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, batareyaya kənar müdaxilə olunub və yaranan qüsur zədələnmə nəticəsində yaranıb. Ona görə də ödənişli xidmət göstərilə bilər. Göstərilən səbəblərə görə iddia tələbini əsassız hesab edərək, etirazlarını bildirmişlər. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə alğı-satqı müaviləsi əsasında “A-52 Samsung (A525/128 gb Black)” markalı telefon almışdır. Həmin telefon üçün satıcı tərəfindən zəmanət verilmişdir. Telefonu yükləyici vasitəsi ilə yükləməyə qoyduqda, durduq yerə telefonun ekranı qaralmışdır. "xxxx" MMC-nə müraciət etdikdə telefonun təmiri üçün servis xidmətinə təqdim olunmasını bildirmişlər. Bundan sonra servis xidmətinə müraciət etmiş, telefonun təmir olunub ona göndəriləcəyini demişlər. Lakin 3 gün sonra ona Bakı şəhərindən bir xanım zəng edərək, telefonun qutusu olmadan, açıq şəkildə gəldiyi üçün təmir edə bilməyəcəklərini qeyd etmişlər. Bundan sonra o, bununla bağlı şikayətlər etmiş, lakin telefonda qüsurların onun təqsiri ucbatından yarandığını, ona məhkəmə müraciət etmək hüququnun olması bildirilmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. BL610015 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı götürdüyü əşyanın dəyərini hər ay hissə-hissə ödəməklə 6 ay müddətinə qaytarmalı olmuşdur. "X6” MMC-nin 13 iyun 2022-ci il tarixli texiniki rəyindən görünür ki, “A52 Samsung” markalı telefonda yaranan qüsur batareykaya kənar müdaxilə olunub və zədələnmə nəticəsində yaranıb. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, telefonun arxa səthində, həmçinin video-kamerasında bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik cızıqlar, sürtünmə izləri vardır (ehtimal ki, həmin izlər istismar nəticəsində yaranmışdır). Telefonun iç hissəsində olan düzbucaqlı formalı plastikəbənzər materialdan hazırlanmış batareya şişərək qabardığı üçün öz ilkin vəziyyətini itirmişdir. Batareyanın şişməsi nəticəsində telefonun arxa qapağı gövdəyə birləşmə yerlərindən qoparaq ayrılmışdır. Şəki Rayin Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(075)-32/2024 nömrəli (hakim: E.Vəliyev) qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı cavabdeh "Baku Elektronics” MMC-dən xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən 720 manat olan "A- 52 Samsung (A525/128 gb Black)” markalı telefon almış, aldığı telefonun pulunu müqaviləyə uyğun olaraq hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı cavabdeh "Baku Elektronics” MMC-nin bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyini, ona lazımi keyfiyyətli olmayan əşyanın satıldığını bildirərək, əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunması, əks təqdirdə əşya üçün (telefon üçün) ödənilmiş 720 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi mobil telefonun keyfiyyəti ilə bağlı belə bir mübahisə vardır. Çünki iş materiallarından görünür ki, İddiaçı telefonda qüsurların olması ilə bağlı "Baku Elektronics” MMC-nə müraciət etmişdir. Telefon "Baku Elektronics” MMC-nin servisi tərəfindən aparılan texniki baxış zamanı cihaza kənar müdaxilənin olunduğunun müəyyən edildiyi, müvafiq hal isə zəmanət şərtlərinə daxil olmadığına görə ödənişsiz servis xidmətinin göstərilməsi mümkün olmadığı və müvafiq mala dair vətəndaşa servis xidməti yalnız ödənişli əsaslarla göstərilə biləcəyi İddiaçı bildirilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı "Baku Elektronics” MMC-dən hissə-hissə ödəniş şərtilə aldığı telefonda istehsalat qüsuru olduğunu, telefonu aldığı ilk gündən bir sıra problemləri olduğunu və problemlərin telefonun normal istifadəsinə mane olduğunu bildirdiyindən məhkəmə tərəfindən telefonda istehsalat qüsuru olub-olmadığını müəyyən etmək məqsədilə ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyində telefonun arxa səthində, həmçinin video-kamerasında bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik cızıqlar, sürtünmə izləri olduğu (ehtimal ki, həmin izlər istismar nəticəsində yarandığı), telefonun iç hissəsində olan düzbucaqlı formalı plastikəbənzər materialdan hazırlanmış batareyanın şişərək qabardığı üçün öz ilkin vəziyyətini itirdiyi, batareyanın şişməsi nəticəsində telefonun arxa qapağı gövdəyə birləşmə yerlərindən qoparaq ayrıldığı müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini nəzərdən keçirirkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən alınmış telefonda istehsalat qüsuru olmamış, telefon İddiaçı satılarkən malın keyfiyyəti ilə bağlı qanunla müəyyən edilmiş tələblər pozulmamışdır. Beləliklə, "xxxx" MMC satıcı kimi keyfiyyətli əşya satmaq vəzifəsini düzgün yerinə yetirmiş, alıcıya lazımi keyfiyyətdə olan əşya vermişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı cavabdeh "xxxx" MMC tərəfindən verilmiş lazımi keyfiyyətli olmayan əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunması, əks təqdirdə əşya üçün (telefon üçün) ödənilmiş 720 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi” barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 441.1, 441.2, 441.3, 442, 567, 581.1, 587.2, 587.2.2 və 588.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Şəkidə yerləşən 2 saylı mağazasının məsul işçisinin göndərişi ilə Şəki şəhərində ‘Calğalı bulaq” adlanan ərazidə yerləşən servis xidmətinə telefonu aparmış, usta telefonun hər yerinə baxdı və qutusuna qoyaraq qarantiya kağızı ilə birlikdə iddiaçıdan telefonu götürmüş, həmin tarixli servisdə xidmət qəbzini də ona vermişdir. Həmin qəbzdə də cihazın açılmadığı, cızıqların olduğu qeyd edilmişdir. Əgər telefona vizual baxış keçirilərkən telefona kənar təsir edildiyini, açıldığını usta müəyyən etsəydi, təbii ki, telefonu ondan qəbul etməzdi. Belə olan halda o batareyaya necə müdaxilə edə bilər, telefonu zədələyə bilərəm? Telefon servis xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilib, xx.xx.2022-ci il tarixdə isə, yəni 5 gün sonra texniki rəy verilib. Bəlkə telefon həmin 5 gün ərzində zədələnib? Bundan başqa 29 aprel 2024-cü il tarixli ekspert rəyi verilənədək də telefon cavabdehdə olub. Qeyd edilən zədələr həmin dövrdə də baş verə bilərdi. O telefonu servis xidmətinə təhvil verərkən ekspert rəyində qeyd edilən nöqsanlar olsaydı, telefona özü tərəfindən müdaxilə edilsəydi, servis ustası bu halı müəyyən edərdi. Göründüyü kimi məhkəmə tərəfindən belə ziddiyyətli hallar aydınlaşdırılmamış, yalnız ekspert rəyi mötəbər sübut kimi qəbul edilmişdir. Bundan başqa, iddia üzrə işə məhkəmə tərəfindən ağalabatan müddətdə baxılmamışdır. iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-875/2023 saylı qərardadı ilə iddia ərizəsi əsassız olaraq geri qaytarılmış, həmin qərardaddan tərəfimdən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsi tərəfindən şikayət əsasında qərardad ləğv edilmişd ir. Bundan sonra birinci instansiya məhkəməsində 06 iyul 2024-cü il tarixdə saat 10:00-a məhkəmə iclası təxir edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsi çıxarılmış və xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Göründüyü kimi iddia üzrə işə məhkəmədə 16 ay müddətində baxılıb və sonda qanunsuz və əsassız qətnamə çıxarılıb. Göründüyü kimi məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, sübutlar məhkəmə tərəfindən qəbul edilməmiş, qəbuledilməməsinin səbəbləri qətnamədə göstərilməmiş, sübutlar əlaqəli şəkildə qiymətləndirilməmiş, ziddiyyətli məqamlar aydınlaşıdırılmamış, qanunu səhv təfsir etmiş, tətbiq edilməli qanunu tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı cavabdeh "xxxx" MMC tərəfindən yazılı etiraz verilərək, ustanın qəbz verməsi telefonda qüsur olduğu səbəbindən servis mərkəzinə göndərilməsi üçün yazılır və ümumi məlumatlar qeyd edilir. Hər hansı bir qüsur varsa onun qeyd olunmaması həmin qüsurun olmaması anlamına gəlmir. İşlə bağlı birinci instansiyada verdikləri izahata əsasən oxşar mülahizələri qeyd edərək, apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək məhkəmədən şikayətin təmin, Şəki Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(075)-32/2024 nömrəli qətnaməsinin ləğv, iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2021-ci il tarixdə alğı-satqı müaviləsi əsasında “A- 52” Samsung markalı telefon almışdır. Həmin telefon üçün satıcı tərəfindən zəmanət verilmişdir. Telefonu yükləyici vasitəsi ilə yükləməyə qoyduqda, həmin vaxt telefonun ekranı qaralmışdır. "xxxx" MMC-yə müraciət etdikdə telefonun təmiri üçün servis xidmətinə təqdim olunmasını bildirmişlər. Bundan sonra servis xidmətinə müraciət etmiş, telefonun təmir olunub ona göndəriləcəyini demişlər. Lakin üç gün sonra ona Bakı şəhərindən bir xanım zəng edərək, telefonun qutusu olmadan, açıq şəkildə gəldiyi üçün təmir edə bilməyəcəklərini qeyd etmişlər. Bundan sonra o, bununla bağlı şikayətlər etmiş, lakin telefonda qüsurların onun təqsiri ucbatından yarandığını, ona məhkəmə müraciət etmək hüququnun olması bildirilmişdir. Ondan telefonun təmiri üçün ümumilikdə 700 manata yaxın pul tələb etmişlər. Bu isə təxminən yeni telefonun qiymətinə bərabər olmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, cavabdeh məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə alğısatqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Apelyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunmaması ilə bağlı mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin öhdəliklərini tam olaraq icra etməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Alqı-satqı müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur (Mülki Məcəllə 581.1). Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur (Mülki Məcəllə 581.2). Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər (Mülki Məcəllə 581.4). Yuxarıda qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi, qanunverici satıcının üzərinə alıcıya hətta müqavilədə əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda belə keyfiyyətli yəni, adətən istifadə edildiyi məqsədlərə yarayan əşya vermək öhdəliyi qoymuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, telefonun arxa səthində, həmçinin video-kamerasında bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik cızıqlar, sürtünmə izləri vardır (ehtimal ki, həmin izlər istismar nəticəsində yaranmışdır). Telefonun iç hissəsində olan düzbucaqlı formalı plastikbənzər materialdan hazırlanmış batareya şişərək qabardığı üçün öz ilkin vəziyyətini itirmişdir. Batareyanın şişməsi nəticəsində telefonun arxa qapağı gövdəyə birləşmə yerlərindən qoparaq ayrılmışdır. Ekspert rəyindən görünür ki, telefonun arxa səthində cızıqlar vardır və həmin izlər istismar nəticəsində yaranmışdır. Göründüyü kimi, ekspertiza rəyində telefonun arxa hissəsində müəyyən cızıqların olduğu qeyd edilsə də, batareyanın şişməsinin həmin cızıqlara hər hansı aidiyyətinin olduğu bildirilməmişdir. Lakin, “X6” MMC-nin 13 iyun 2022-ci il tarixli texiniki rəyindən görünür ki, “A52 Samsung” markalı telefonda yaranan qüsur batareyaya kənar müdaxilə olunub və zədələnmə nəticəsində yaranmışdır. Eyni zamanda, "xxxx" MMC tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli, 926/22 saylı məktubdan da görünür ki, servis mərkəzi tərəfindən aparılan texniki baxış zamanı cihaza kənar müdaxilənin edildiyi müəyyən edilmişdir, müvafiq hal isə zəmanət şərtlərinə daxil olmadığına görə ödənişsiz servis xidmətinin göstərilməsi mümkün deyildir. Müvafiq mala dair vətəndaşa servis xidməti yalnız ödənişli əsaslarlar göstərilə bilər. Göründüyü kimi, ekspert rəyində qeyd edilməsə də, cavabdeh "xxxx" MMC açıq şəkildə bildirir ki, “A52 Samsung” markalı telefonda yaranan qüsur batareyaya kənar müdaxilə nəticəsində əmələ gəlmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, əşyaya verilmiş qarantiyaya əsasən iddiaçı əşyanın təmir edilməsini və ya dəyişdirilməsini cavabdehdən tələb edə bilərdi. Eyni zamanda, həmin müddətdə də əşyaya verilmiş qarantiya müddəti bitməmişdir. Cavabdeh isə etirazlarında telefona kənar müdaxilə olduğunu bildirir. Onda belə bir sual yaranır ki, iddiaçı nə üçün ona verilmiş qarantiyaya uyğun olaraq telefonu pulsuz (müəyyən haqq ödəmədən) müayinə və təmir etdirə biləcəyi halda onu üçüncü şəxsə vermiş olsun. Belə olan halda məhkəmə kollegiyası, cavabdeh tərəfin etirazında batareyaya kənar müdaxilə olması ilə bağlı qeyd etdiklərini inandırıcı hesab etmir. Mülki Məcəllənin 588.2-ci maddəsinə görə, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Cavabdeh isə bütün etirazlarında və özünün verdiyi texniki rəyində batareyaya kənar müdaxilə edildiyini bildirir. Kollegiya eyni zamanda qeyd edir ki, 2022-ci ilin iyun ayında 29 aprel 2024-cü il tarixli ekspert rəyi verilənədək telefon cavabdeh tərəfdə və ekspertizada olmuşdur. Göründüyü kimi, həmin müddət kifayət qədər uzun müddətdir. İddiaçı da apellyasiya şikayətində qeyd etmişdir ki, əgər cavabdehin qeyd etdiyi zədələr doğrudan da telefonda olmuşsa qüsurlar yuxarıda qeyd edilmiş kifayət qədər uzun zaman kəsiyində yəni telefon cavabdeh tərəfin servisində də baş verə bilərdi. Belə ki, telefonu servisə xidmətinə təhvil verər zaman onda vizual olaraq sadəcə cızıqların olduğu qeyd edilmiş, hansısa zərbə nəticəsində yaranan qüsurların olduğu isə bildirilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin həmin hallarına da düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, Mülki Məcəllənin 588.2-ci maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi, cavabdeh keyfiyyət qarantiya verdiyi əşyanın qüsurlarına yalnız o zaman cavabdehlik daşımır ki, həmin qüsurların əşyanın istifadə və ya saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirmiş olsun. Cavabdeh tərəf isə məhkəməyə belə bir sübut təqdim etməmiş yalnız özlərinin verdiyi texniki rəydə bu barədə qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəf (və/və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh tərəfin telefonu təmirə götürən zaman iddiaçıya təqdim etdiyi “Servis Xidmət Qəbzi”ndə də görünür ki, Servis cizahı qəbul edən zaman telefonun ekranının açılmadığını, telefonun qarantiyalı olduğunu, üzərində cızıqlar olduğunu və cihazın açılmadan (sökülmədən) qəbul edildiyi qeyd edilmişdir. Göründüyü kimi, “Servis Xidmət Qəbzi”ndə də telefonda hər hansı ciddi zədələrin olduğu qeyd edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yalnız cavabdehin bildirdiklərinə əsasən telefonun batareyasının kənar müdaxilə nəticəsində zərər görməsi ilə bağlı cavabdehin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Belə ki, cavabdeh hazırkı işdə tərəf olmaqla birbaşa maraqlıdır. Bundan başqa, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir (Mülki Məcəllə 595.1). İşdən isə görünür ki, iddiaçı tərəfindən həm cavabdeh tərəfə həm də müvafiq icra hakimiyyəti orqanına müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "xxxx" MMC-nə ünvanladığı vətəndaş müraciətləri haqqında 01 fevral 2023-cü tarixli, 3-21-1/2-1498/2023 saylı məktubundan görünür ki, bundan öncə, vətəndaş İddiaçı "Baku Electronics" mağazasından aldığı telefonun qüsurlu olması ilə bağlı Dövlət Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli M- 394 nömrəli müraciətinin araşdırılması çərçivəsində Dövlət Xidməti tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli AİBNDX-10/09-5/2511 nömrəli sorğu məktubunda vətəndaş tərəfindən sözügedən məhsul təmirə verildikdən sonra şirkətin əməkdaşı tərəfindən onunla telefon əlaqəsi saxlanılaraq məhsulun öncədən başqa usta tərəfindən təmir edildiyi əsas gətirilməklə 400-500 manat ödəniş tələb edilməsi ilə bağlı hissəyə tərəflərindən Dövlət Xidmətinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubla münasibət bildirilməmiş, bu səbəbdən qeyd olunan halların təkrar araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlarla əlaqədar, istehlakçının şikayətinin əsaslarını nəzərə alaraq "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərini rəhbər tutaraq qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxıb, qanunamüvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatın, həmçinin malın təkrar müayinə edilməsinə dair sənədin (akt, texniki rəy və s.) surətinin beş iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsini xahiş etmişlər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı 15 fevral 2023-cü il tarixli, 162/23 saylı məktubundan isə görünür ki, müştərinin "Baku Electronics" mağazasından aldığı məhsulu ("Samsung" markalı mobil telefon) ilə bağlı şikayət artıq 926/22 saylı, 2 sentyabr 2022-ci il tarixli məktubla tərəflərindən cavablandırılmışdır. Həmin məktubda məhsula kənar müdaxilə olunduğu (satıcının təyin etdiyi səlahiyyətli servis tərəfindən olunmayan istənilən müdaxilə kənar müdaxilə hesab olunur) və nəticədə məhsulda qüsur yaranmış olduğu qeyd edilmiş və bununla bağlı texniki rəy təqdim edilmişdir. Bu hal zəmanət şərtlərinə daxil olmadığı üçün məhsulun ödənişli əsaslarla təmir oluna biləcəyi müştəriyə bildirilmişdir. Bundan başqa qeyd edilməlidir ki, əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir (Mülki Məcəllə 582.3). İş materiallarından və cavabdeh tərəfin telefonu təmirə götürən zaman iddiaçıya təqdim etdiyi “Servis Xidmət Qəbzi”ndə də görünür ki, telefon təmirə verilən zaman qarantiya müddəti bitməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, ekspertizanın rəyində də qeyd edildiyi kimi yalnız telefonun arxa qapağında olan cızıqlar səbəbindən telefonun batareyası şişə bilməzdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, satıcı tərəfindən alıcıya lazımi keyfiyyətdə əşya verilməmiş, bu səbəbdən də hətta qarantiya müddəti bitməmişdən telefonda aradan qaldırılması böyük xərclər tələb edən nasazlıqlar yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 587.2-ci maddəsinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Yuxarıda qeyd edilən maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, əgər əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuşsa onda alıcı pul məbləğinin qaytarılmasını və ya əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb edə bilər. Yəni, iddiaçı eyni zamanda həm pulun qaytarılmasını, həm də əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb edə bilməz. Bundan başqa, İddiaçı məhkəmə iclasında bildirmişdir ki, ondan telefonun təmiri üçün çox yüksək məbləğ tələb etmişlər. Belə olan halda kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 587-ci maddəsinə əsasən ona verilmiş hüquqlardan istifadə etməkdə haqlıdır. Bundan başqa, İddiaçı məhkəməyə ərizə təqdim edərək hal-hazırda ancaq mobil telefonun alınması üçün ödənilmiş 720 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Kollegiya da eyni zamanda qeyd edir ki, "A-52 Samsung (A525/128 gb Black)” markalı telefonun hal-hazırda satışda olmama ehtimalına qarşı və qəbul ediləcək məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə telefonun alınması üçün ödənilmiş pulun cavabdehdən tutulması daha məqsədəmüvafiqdir. Belə olan halda qeyd edilənlərə əsasən və iddiaçı tərəfin də tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "Baku Elektronics” MMC-dən mobil telefonun alınması üçün ödənilmiş 720 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanun 9.4-cü maddəsində isə göstərilmişdir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi verilən zaman ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(075)-32/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "Baku Elektronics” MMC-ə qarşı “əşyanın müqaviləyə uyğun əvəz edilməsi və ya pulun qaytarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "Baku Elektronics” MMC-dən mobil telefonun alınması üçün ödənilmiş 720 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh "Baku Elektronics” MMC-dən 30 mаnаt dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar