Məhkəmə qərarları › İş №2(107)-1082/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1082/2024

05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1082/2024 05.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(019)-800/2024 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 oktyabr 2020-ci il tarixində 2020/ÖM-03 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(019)-800/2024 saylı qərardadı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Cavabdeh qarşı özünüməşğulluğa kömək üçün verilmiş 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması tələbinə dair iddia ərizəsinin qaytarılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X3 Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli e-2(019)-800/2024 nömrəli qərardadından şikayət verərək Balakən Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli e-2(019)-800/2024 nömrəli qərardadının ləğv edilməsi, işin məhkəmə icraatına qəbul edilərək ümumi qaydada baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsi əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. İddia ərizəsi tərtib olunarkən forma və məzmununa riayət olunmaqla tərtib olunmuşdur. Hesab edir ki, məhkəmə, məhkəmə təcrübəsinin vahidliyini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi bu qəbildən olan işlərlə bağlı müxtəlif məhkəmələrə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmələr iddia ərizəsini icraata qəbul etməklə işə baxmışlar. Bundan əlavə məhkəmə qərardadında iddia ərizəsində iddianın predmeti və qiymətinin göstərilməsinin iddia predmetinin naturada alınması mümkün olmadıqda onun dəyərinin ödənməsi üçün əsas olmasını qeyd etmişdir. Lakin məhkəmə, məhkəmə baxışında araşdırmalı məsələni, yəni tələb olunan 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin hazırda cavabdehdə olub-olmamasını dəqiq müəyyən etmədən iddia ərizəsini geri qaytarmışdır. Hesab edir ki, tələbdə göstərilənlərin məhkəmə baxışı zamanı aşkar olunmadığı müəyyən olunarsa artıq bundan sonra qiymətin müyyən olunması zərurəti yaranar. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-800/2024 saylı qərardadı ləğv edilməli, iş icraata qəbul edilərək ümumi qaydada baxılması davam etdirilməlidir. Balakən Rayon Məhkəməsinin 8 avqust 2024-cü il tarixli, 2(019)-800/2024 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(019)-800/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanması, Balakən Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(019)-800/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(019)-800/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddianın predmeti və qiyməti göstərilməlidir. İddianın predmetinin qiymətinin göstərilməsi həm iddia predmetinin naturada alınması mümkün olmadıqda onun dəyərinin ödənməsi üçün, həmçinin dövlət rüsumunun məbləğinin hesablanması üçün zəruridir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin iddia ərizəsi Azərbaycan Respublikası MPMnin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, iddia ərizəsində iddianın predmetinin qiyməti göstərilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Kollegiya qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi Cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulmaqla heyvanların satılması nəticəsində vurulmuş zərərin əvəzinin natura şəklində, yəni eyni sayda, növdə və keyfiyyətdə heyvanların verilməsi ilə ödənilməsini tələb edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Baxılan işdə tərəflər arasında özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2020-ci il tarixli müqavilənin bağlanması, həmin razılaşma çərçivəsində 2 baş inəyin və 400 kq qarışıq yemin cavabdehə təhvil verilməsi, cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini pozaraq heyvanları satmaqla iddiaçıya maddi zərər vurması müəyyən edilmişdir. Belə olan halda, iddiaçı, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Belə ki, müqavilənin 3.3.5-ci maddəsində zərərin əvəzinin Mülki Məcəlləyə uyğun olaraq iddiaçı təşkilatın xəzinə hesabına köçürmək vəzifəsi özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələri sırasında göstərilsə də, “Tərəflərin məsuliyyəti” bölməsində yer alan 4.3-cü bənddə nəzərdə tutulmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. Kollegiya qeyd edir ki, iddiaçı təşkilat tərəfindən zərərin əvəzinin pul şəklində ödənilməsi tələb edilmədiyi üçün müqavilənin 3.3.5-ci bəndi deyil, 4.3-cü bəndi üzrə tərəflərin razılaşdıqları qayda tətbiq edilməlidir. Həmin bənddə isə özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən əmlaka vurulmuş zərərin əvəzinin məhz Mülki Məcəlləyə uyğun şəkildə ödəniləcəyi razılaşdırılmışdır. Mülki Məcəllədə zərərin əvəzinin ödənilməsi formaları ilə bağlı nəzərdə tutulur ki, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanun normalarından aydın olduğu kimi, ziyanın qarşılanması üçün ilkin və ümumi qayda əvvəlki vəziyyətin bərpa edilməsi - zərərin əvəzinin naturada ödənilməsidir. Bu mümkün olmadıqda isə zərər pul əvəzi verilməklə ödənilə bilər. Bir şəxsin əşyasının (o cümlədən heyvanın) başqasına satılması nəticəsində üzərindəki mülkiyyət hüququnun itməsi nəticəsində dəymiş zərərin əvəzinin eyni növlü və keyfiyyətli əşya (heyvan) verilməklə ödənilməsi mümkündür. Bu zaman məhz satılmış əşyanın (heyvanın) deyil, onunla eyni növdə və keyfiyyətdə olan əşyanın (heyvanın) verilməsi nəzərdə tutulur. Üstəlik, zərər çəkmiş iddiaçı, zərərin əvəzinin məhz bu formada ödənilməsini tələb etdiyi halda, onun tələbinin təmin olunmaması və pul əvəzinə dair iddia qaldırmağa məcbur edilməsi yolverilməzdir. Baxılan işdə iddiaçı, cavabdehə verdiyi (fərdi əlamətləri ilə müəyyən edilən) heyvanları deyil, eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 baş inək və 400 kq qarışıq yemin natura şəklində özünə qaytarılmasını tələb edir. Belə olan halda, müqavilə öhdəliyini pozmuş cavabdehin üzərinə Mülki Məcəllənin yuxarıda göstərilən normaları əsasında zərərin əvəzini eyni növlü və keyfiyyətli heyvanlar verməklə natura ödəmək öhdəliyinin qoyulması mümkündür. İşə mahiyyəti üzrə baxan birincin instansiya məhkəməsi isə yuxarıda qeyd edilənləri nəzərə almamış, iddianı geri qaytarmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(019)-800/2024 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(019)-800/2024 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. İddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar