Məhkəmə qərarları › İş №2(107)-1087/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1087/2023

07.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1087/2023 07.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, birgə fəaliyyət) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X15 qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, Cavabdehin vəkili Vəkil2, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(014)-19/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18185 (on səkkiz min bir yüz səksən beş) manat məbləğində maddi ziyanın və 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1976-cı ildə Ağdaş rayonunun Pirəzə kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. Cavabdeh onun əmisi oğludur. Onların münasibətləri yaxşı olmuş və son hadisələrə qədər aralarında problem olmamışdır. Bir neçə il bundan əvvəl Cavabdeh Ağdaş rayonunun Pirəzə kəndində yerləşən onun tərəfindən istifadə olunan kiçik gündəlik təlabat malları satılan mağazanı işlətməkdə çətinlik çəkdiyini, həmin obyekti böyütməyi və satılası malların çoxaldılmasını ona təklif etmişdir. O, təsərrüfatla məşğul olsa da, bu təklif ona cəlbedici gəlmiş və təklifi qəbul etmişdir. Bu müddət ərzində mağazanı demək olar üç dəfə böyütmüşlər. Yeni mağaza inşa etmişlər və mağazanın (dükanın) bütün avadanlıqların durlaşdırılmasını təşkil etmişlər. Yeni və böyük mağazanın inşası, təmiri, oraya yeni avadanlıqların (vitrin, kamera, kondisioner, soyuducu və s.) alınması onun vəsaiti hesabına olmuşdur. Bunu təqdim etdiyi sənədlər və məhkəmə iclasında təqdim edəcəyi sənədlər əsasında sübut edəcəkdir. Müəyyən sübutları məhkəmə hazırlıq iclasında təqdim edəcəyi üçün iddia ərizəsinə əlavə etmir. Bundan əlavə həm balaca dükan, həm də böyük dükanın bütün xərcləri onun tərəfindən ödənilmiş, dükanın inşası və təmirində usta və fəhləlik onun və övladları tərəfindən olunmuşdur. Bunu ustalar və kənd sakinləri də təsdiq edə bilər. Bir dəfə tikinti tikilmiş, sonradan sökülmüş və yenidən inşa edilmişdir. Tikiliyə usta xərci kimi 600-700 manat, işıqlandırma üçün 150 manat, kameraların çəkilməsi üçün 500 manat (Hüseynov Əli tərəfindən çəkilib), dükanın içərisinin ərzaq və digər mallarla doldurulması üçün 7000 (14000/2=7000 manat. Sözügedən mallar hər ikisinə aid olduğu üçün ½ hissəsini qeyd edir) manat, vitrinlərin qurulması 500 manat (250+250 manat), kondisioner 1450 manat (solitondan alınıb), digər kondisioner 1100 manat, inşaat materialları və digər avadanlıqlar üçün 5485 manat (1250+2117,50+2117,50=5485 manat), beton tökülməsi üçün 1000 manat, üst damın örtülməsi üçün 300 manat pul onun tərəfindən xərclənmişdir. Bu xərclərin bir hissəsinə aid sənədlər onun tərəfindən təqdim olunmuş, yerdə qalan sübutlar isə təqdim ediləcək.

3. Cavabdeh məhkəməyə 2(014) -1166/2022 №-li mülki iş üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə qarşı etiraz, mülahizə və vəsatətlər ünvanlayaraq bidirmişdir ki, İddiaçı ona qarşı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, ondan 18185 (on səkkiz min yüz səksən beş) manat maddi ziyanın və 144 (yüz qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir və bununla əlaqədar 2(014)-1166/2022 №li mülki iş başlanmışdır. Aşağıda göstərilən səbəblərə görə o, iddia tələbini qəbul etmir və hesab edir ki, iddia tələbi əsassız kimi tamamilə rədd edilməlidir. 1) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ancaq yalanla yox! İşlə bağlı həqiqət isə bundan ibarətdir ki, iddiaçı ilə onlar əmi oğlu olsalar da, faktiki olaraq bir ailədə böyümüşlər. Belə ki, o, doğulduqdan biraz sonra əmisinin uşağı olmadığından, o vaxt əmisilə birgə yaşayan onun rəhmətlik nənəsi onu valideynlərindən alaraq özü ilə saxlayıbdır. Sonralar əmisinin öz uşaqlarının doğulmasına baxmayaraq, onu öz valideynlərinə qaytarmayıblar və iddiaçı ilə o, bir ailədə doğma qardaş kimi böyümüşlər. 2021-ci ilin yanvar ayında o, ticarətdən uzaqlaşmağı qərara alaraq bu barədə o vaxt Bakı şəhərində işləyən oğlu Şamilə xəbər vermişdir. Oğlu kəndə evlərinə qayıtmış və mağazanı işlətməyə başlamışdır. Bir müddət sonra oğlu ona demişdir ki, “ata, əmim Tərlan gileylənirdi ki, maddi vəziyətləri çətin olduğundan dolanacaqları pisdir, olarmı ki, əmisi də onlarla işləsin”. O, iddiaçının cod xasiyyətini, həyat tərzini, spirtli içkilərə həddən artıq meyilli olduğunu bildiyindən, əvvəlcə buna razı olmaq istəməmişdir. Lakin sonradan həm oğlunun xatirinə, həm də artıq qeyd etdiyi kimi onunla bir ailədə qardaş kimi böyüdüyündən İddiaçı öz şəxsi mağazasına gətirmişdir ki, kasıb ailədirlər, dolanışıqları çətindir. Gəlsinlər onlarla birlikdə işləsinlər, onlara da çörək pulu olsun. Belə də razılaşmışlar. Birgə fəaliyyətə başlayarkən onlar mağazanı bir az genişləndirilmək və dükanda satmaq üçün mal almaq məqsədi ilə "xxxx" ASC-də iddiaçının anasının adına 2800 (iki min səkkiz yüz) manat və xx.xx.2021-ci il tarixdə onun oğlu X7 adına "xxxx" MMC-də 1000 (min) manat pul kredit götürərək həmin pulun bir hissəsini mağazanın genişləndirilməsinə xərcləmişlər, qalan pula isə dükanda satmaq üçün mal almışlar. Bundan əlavə oğlu Şamilin adına Ləki “Dostluq İnşaatda” 820 manatlıq tikinti materialları götürərək onları da mağazanın genişlənməsi üçün istifadə etmişlər. Bu timsalla onlar 1 il 6 ay birgə işləmişlər və bu müddət ərzində alverdən əldə edilən gəlirdən həmin kreditlərin bir hissəsini müntəzəm olaraq aybaay ödəmişlər. Daha doğrusu, iddiaçının anasının adına olan kreditin 1100 (min yüz) manatını onlar ümumi gəlirdən həmkəndliləri X2 vasitəsi ilə ödəmişlər, qalan 1710 (min yeddi yüz on) manatını isə onlar ayrıldıqdan sonra iddiaçı ilə aralarında əldə olunmuş bölgü şərtlərinə görə o ödəmişdir. İddiaçı ilə birgə fəaliyyətə başladıqdan bir müddət sonra iddiaçının dükana vaxtlı-vaxtında gəlməməsi səbəbindən aralarında xırda narazılıqlar baş verməyə başlamışdır. Belə ki, o, həmin ərəfələrdə usta kimi fəaliyyət göstərərək Qaroğlan kəndində Mirzə adlı şəxsin evində 2-3 ay, elə o qədər də orada, Pirəzə kəndində Şakirin evində Pirəzə kəndində Reyhan xanımın evində təmirtikinti işləri aparıbdır, ya da içki düşkünü olduğundan ayıq vaxtı olmayıbdır. O zaman onun bir oğlu hərbi xidmətdə olub, digər oğlu isə işlə maraqlanmayıbdır. İddiaçının bu hərəkətləri nəticəsində dükanda qazanc zəifləmişdir, mağazaya sifariş verdikləri malların pulunu vaxtı vaxtında ödəyə bilməmişlər, borc artmışdır. Oğlu ilə o, belə qərara gəlmişlər ki, Tərlanla yollarını ayırsınlar. Bu ilin fevral ayında kəndin nüfuzlu adamları X11, X4 və Şahid5 iştirakları onların iddiaçı ilə yaranmış vəziyyəti müzakirə etmişlər və birgə fəaliyyətə başlayarkən onu anasının adına alınmış 2800 (iki min səkkiz yüz) manat kreditin ödənilməmiş qalan 1710 (min yeddi yüz on) manat hissəsi onun ödəməyi və onun evində gətirdiyi tərəzinin qaytarılması və tikinti materialların və ərzaq mallarının alınmasından qalan 14000 (on dörd min) manat dükan borcunun onun üzərində qalması şərti ilə ayrılmışlar. Ayrıldıqdan bir müddət sonra, yəni o, kredit borcunun 1710 (min yeddi yüz on) manatını və birgə fəaliyyət dövründə yaranmış qalıq borcun müəyyən hissəsini ödədikdən sonra Tərlan içkili vəziyyətdə onun və ailəsininin şərəf və ləyaqətini alçaldıcı sözlərlə onu təhqir etməyə, barəsində həqiqətə uyğun olmayan şaiyələr yaymağa başlamışdır. Hətta o, ona və ailə üzvlərinə xəsarət yetirmək məqsədi ilə üstlərinə öz avtomobilini sürmüşdür. Bunun sübutu kimi kamera görüntüləri də vardır. Lakin ona qeyd etdiyi kimi bir ailədə böyüdükləri səbəbindən bu barədə polisə xəbər verməmişdir. 2) İddiaçının öz ərizəsində göstərdiyi və birgə fəaliyyət dövründə guya onun tərəfindən ödənilən xərclər barədə. Öz iddia ərizəsində həm balaca, həm də böyük mağazanın dükanın bütün xərclərinin onun tərəfindən ödənilmiş olduğunu, tikintiyə usta xərci kimi 600-700 manat, işıqlandırma üçün 150 manat, kameraların çəkilməsi üçün 500 manat vitrinlərin qurulması üçün 500 manat, kondisioner üçün 1450 manat, digər kondisioner üçün 1100 manat, inşaat materialları və digər avadanlıqlar üçün 5485 manat, beton tökülməsi üçün 1000 manat, usta damın örtülməsi üçün 300 manat, dükanın içərisinin ərzaq və digər mallarla doldurulması üçün 14000 manat pulun guya onun tərəfindən xərcləndiyini qeyd edən iddiaçı çəkilmiş xərclər barədə konkret olaraq heç bir sübut təqdim etməyibdir. Dükanın, mağazanın inşası və təmirində (genişləndirmək məqsədi ilə) usta və fəhləlik onun və övladları tərəfindən olunmuş olduğunu iddia edən iddiaçı eyni zamanda bunun ziddinə olaraq tikiliyə usta xərci kimi 600-700 manat xərclədiyini yazmışdır. Mağazanın genişlənməsi üçün təmir-tikinti işləri zamanı beton tökülməsi üçün guya iddiaçı tərəfindən 1000 manat pulun ödənilməsi də yalandır. O vaxt onlar beton üçün cəmi 20 manat ödəmişlər. Belə ki, o zaman Ağcabədi rayonu ərazisində avtomobil yollarının təmiri üçün beton daşıyan sürücülərin biri onlara o betonu öz avtomobilində saxlayaraq həmən məbləğdə pula satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qəribədir ki, iddiaçı nədənsə onların birgə fəaliyyəti zamanı mağazaya sifariş verdikləri mallara görə başqa-başqa firmalara təxminən özünün iddia ərizəsində qeyd etdiyi məbləğdə yaranmış (Sumqayıt şəhərində firmalardan aldıqları xırdavat malları üçün 800 manat məbləğində, dükan üçün quraşdırılmış kondisioner üçün 300 manat məbləğində, günəbaxan tumu “Patron” günəbaxan tumu üçün 100 manat məbləğində, spirtli içki “İsmayıllı” üçün 672 manat məbləğində, spirtli içki “Natiq” üçün 300 manat məbləğində, enerjili içki “Bizon” üçün – 176 manat məbləğində, “Azərsun” yağı üçün 490 manat məbləğində, Ləki “Halal” market ərzaq malları üçün 96 manat məbləğində COLO içkisi üçün 785 manat məbləğində, spirtli içki “Abşeron” üçün 500 manat məbləğində, “Saro” çay üçün 55 manat məbləğində, “Bolluq” şirniyat firması - 241 manat məbləğində, “Namiq” Göyçay xırdavat üçün 359 manat məbləğində, “‘Tayqa” firması ərzaq üçün 85 manat məbləğində, “Lord” günəbaxan tumu üçün 137 manat məbləğində, “Rosko” kolbasa üçün 512 manat məbləğində, “Samir” spirtli içki üçün 95 manat məbləğində, “Şahin” spirtli içki üçün 230 manat məbləğində, “Brovski” firmasına qutu şirniyyatları üçün 40 manat məbləğində, stolüstü süfrələr üçün 35 manat məbləğində, günəbaxan tumu “Rekord” üçün 40 manat məbləğində, “Maşa” Mingəçevir kukruz şirniyyat və s. üçün 36 manat məbləğində, “İSM. ALC” 2569 şirkətinə, araq üçün 972 manat məbləğində, "xxxx" MMC, ərzaq üçün 470 manat məbləğində, “LƏKİ STORE” marketdən oğlunun adına nisyə aldıqları ərzaq mallarının ödənilməmiş 3922 manat 93 qəpik məbləğində, Ləki “Dostluq İnşaatda” alınmış təmir-tikinti materiallarının ödənilməmiş 300 manat məbləğində) borcu ödəməkdən imtina edərək onun üzərində qoyduğunu qeyd etməyi “yadından çıxarıbdır”. Fevral ayında onlar ayrıldıqdan bu günədək o qalıq borcu təkbaşına ödəməyinə baxmayaraq, bugünkü mövcud borc 11 min 331 manat təşkil edir. Bundan əlavə, iddiaçı həm də öz iddia ərizəsində onu qeyd etməyi unudubdur ki, hər ayın sonunda onlar haqq hesab etmişlər və qazanc onlar arasında xərclərə mütənasib olaraq bölünübdür. 3) İddiaçı öz iddia ərizəsində tələbinin təmin edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə istinad edir - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl anlayışı”. Lakin onun hansı təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona ziyan zəydiyini əsaslandırmamışdır. Beləliklə, iddiaçı havayı qazancdan məhrum olduğuna görə ondan necə deyərlər heyif çıxmaq üçün tam əsassız olaraq bu iddianı irəli sürmüşdür və qeyd edilənləri nəzərə alaraq məhkəmədən 1) 2(014)-1166/2022 №li mülki iş üzrə İddiaçı ondan 18185 (on səkkiz min yüz səksən beş) manat maddi ziyanın və 144 (yız qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia tələbi əsassız kimi rədd edilməsini, 2) Ağdaş rayonunun Pirəzə kənd sakini Şahid5, əlaqə üçün tel.: +994 (50) 432 36 10, Ağdaş rayonunun Pirəzə kənd sakini Şahid1, əlaqə üçün tel.: +994 (50) 364 41 25, Ağdaş rayonunun Pirəzə kənd sakini X8, əlaqə üçün tel.: +994 (50) *** **** Ağdaş rayonunun Pirəzə kənd sakini X12, əlaqə üçün tel +994 (50) *** ** ** mülki iş üzrə şahid qismində ifadə vermək üçün məhkəmə iclasına çağırılmalarını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Cavabdeh məhkəmə iclasında iddiaçı ilə birlikdə bir müddət şərikli iş gördüklərini, obyekti əsaslı təmir etdirmədiklərini, alınmış malları isə nisyə aldıqlarını və iddiaçıya heç bir borcunun olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.

7. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(014)-19/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 8221 (səkkiz min iki yüz iyirmi bir) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın iddiaçı Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Z34CTRE********************) köçürülməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh iş birliyi qurub Cavabdeh məsus mağazanı işlətmişlər. İşlədikləri müddət ərzində mağazanı böyütmüşlər, avadanlıq almışlar. Bir müddət sonra aralarında yaranan narazılıqlar səbəbindən mübahisə edib ayrılmışlar. Hazırda İddiaçı mağazanın böyüdülməsi, avadanlığın alınması üçün çəkilmiş xərclərin ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7471-9/7861 saylı məhkəmə mühəndis texniki ekspertizası, tikintitexniki obyektlərinin tədqiqi, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizasının rəyinə əsasən Ağdaş rayonunun Pirəzə kəndində yerləşən mağazanın 2021-ci ildə inşaası və təmiri üçün 13842 manat məbləğində pul xərclənmiş və həmin mağazaya alınmış 3 adda avadanlıqların (kondisioner 2 ədəd, vitirinlərin qurlaşdırılması və kameraların quraşdırılması) dəyəri 2600 manat olmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər şərikli fəaliyyət göstərdikləri dövrdə cavabdehə məxsus əmlakı təmir etdirməklə yaxşılaşdırmışlar və bu yaxşılaşdırmanın cavabdehin əmlakına zərər yetirmədən ondan ayrılması mümkün deyil. Həmçinin, birgə fəaliyyət dövründə alınmış və quraşdırılmış əmlaklar da hazırda cavabdehin istifadəsində və sahibliyindədir.

11. Bundan başqa, vitrində və mağazada olan mallara dair iddiaçı tələbinin əsasını təşkil edən, cavabdeh isə öz etirazının əsasını təşkil edən sübutlar təqdim etməmişdir. Malların hazırda mağazada olub-olmaması, olmadığı təqdirdə hansı tarixə satılması barədə məhkəməyə sübut təqdim olunmamışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.7, 1090.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 81, 89.3, 119.1, 217.3, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.

14. Apellyаsiyа şikаyətinin dəlilləri Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiaya etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərmişdir ki, məhkəmə heç bir əsas olmadan işdə yetərincə sübut olmadığından əsassız qənaətə gələrək bu həddə məbləği onun üzərinə yazmışdır. Məhkəmə iddiaçının mövqeyinə uyğun qərar qəbul etmişdir. Onun işdə fikirlərinə əhəmiyyət verməmişdir. Ən əhəmiyyətli məsələ odur ki, mağazada aparılan əlavə tikililərin ödəmələri əldə olunan gəlir hesabına bağlanmışdır. Şəxsin bir manatda olsun cibinə əl atmamışdır. Əksinə onun üzərində ödənməmiş borclar qalmışdır. İddiaçı heç bir xərclərə yol verməmişdir.

15. O, bütün bunları mağazadan əldə etdiyi gəlir hesabına bağlamışdır. İşləmişlər, hər ikisi əmək haqqı almışlar. O, şəxsə nə üçün onun mənasız iddiası əsnasında zərər ödəməlidir. Axı belə bir zərər mövcud deyildir. Əksinə onun üzərində mağazada çoxsaylı borclar yaranıb. O, hansı səbəbə görə bu zərəri ödəməlidir ki, iddiaçı burada ziyan çəkib? Məhkəmə iş üçün əhəmiyyətli olan halları, işin faktiki hallarını sübuta yetirə bilməmişdir.

16. İddia ilə bağlı onun geniş və hərtərəfli etirazı var. Fikirləri orada tam təsbit olunmuşdur. Əmlak onundur, onun mülküdür. İddiaçını oğlunun istəyi ilə o, yanına gətirmişdir. Obyekti genişləndirmək üçün götürülən pulu dükanın gəliri hesabına bağlamışdır. Şəxsə əmək haqqı vermişdir. Bu adam onun gəlirlərinin və qazanclarının sahibi deyildir. Bir il yarım müddətdə yanında işləyib. Onun səhlənkarlığı ucbatından mağazasının xeyli sayda borcları qalmışdır. Həmin borclarıda o, ödəyir. Alınan əmlak onun əmlakıdır. İddiaçıya nə aidiyyatı vardır. Belə olan vəziyyətdə hansı bir ziyandan söhbət gedə bilərki o, bu şəxsə ödəməlidir. Aparılan tikinti işlərinin bu şəxsə nə aidiyyatı var. İş görmüşdür, ziyanınıda o, görmüşdür. Hesab edir ki, bütün bunlar ciddi, yolverilməz xətalardır. Ekspertiza tərəfindən hansı həddə məbləğin yazılmasından asılı olmayaraq onun şəxsə 8221 manat borcu yoxdur.

17. İddiaçı onun mülkiyyətində olan mağazanı onun istəyilə yanında işləməklə genişləndirilməsində iştirak etmişdir. Maddi tərəfini isə o, ödəmişdir. Onun mağazasının gəliri hesabına ödəmişdir. Borcları isə həddindən artıqdır. O, bu borcların ödənməsini iddiaçının üzərinə atsın? Onların arasında hansı öhtəlikləri mövcuddur ki, mağazanın ziyanı və xeyri ona aid olsun. Adam yanında işləmiş əmək haqqı almışdır. Götürülən krediti o, ödəmişdir. Hələdə ödəyir.

18. O, qeyd olunan fiziki şəxsə heç bir ziyan vurmamışdır. Məhkəmə qeyd etdiyi normanın tələblərini pozaraq üzərinə 8221 manatı yazmaqla səhf nəticəyə gəlmişdir. O, qeyd edir ki, məhkəmənin təqdim etdiyi bu normalar həqiqəti əks etdirmir. Çünki şəxs onun əmlakının sahibi deyildir. Çəkilən məsrəflərin əvəzini o, ödəmişdir. Bu şəxs sadəcə əmək haqqı almışdır.

19. Onun mülkiyyətində işləmək, genişləndirmədə iştirak etmək şəxsin vəsaiti hesabına əldə edilməmişdir. Bütün bunların qarşısında o, dayanmışdır. Ödəmələri isə tamlığı ilə qaytarılmaqla ödəmələrin digər isə onun tərəfindən ödənməkdədir. Şəxsin qeyd etdiklərini istinad edəcək heç bir dəlil və sübut mövcud deyildir. Əksinə onun mövqeyi ona ziyan vurmaq, bunun müqabilində əsassız varlanmaqdır. Ustanın işləməsi, müəyyən kondisonerin alınması, həmçinin tikinti materaillarının gətirilməsi tamlığı ilə onun mağazasınən qazancı hesabına əldə edilmişdir. Bunun iddiaçıya heç bir aidiyyatı yoxdur. Məhkəmə bu münasibətləri əsaslandırmağa çalışsada mülki işin materiallarına əlavə edilmiş sənədlərdə, yaranmış borcları nədənsə aralarında bölməmişdir. Ancaq onun borclarını sadalamaqla üzərinə xeyli məbləğdə ziyan yazmışdır. Hansısa tikinti materiallarının alınması və gətirilməsi qaimə fakturada qeyd edilməsi Makkuliyev Tərlanın adına gətirilməsi bu məbləğin onun tərəfindən ödənilməsini heçdə özündə ehtiva etmir.

20. Məhkəmə qeyd olunan obyektin ona məxsus olduğunu, obyektin genişləndirilməsində onun razılığı və istəyi ilə onun verdiyi ödənişlə şəxsin zəruri materialları və usta xərclərini ödəməsini lazımınca dəyərləndirməmişdir. Halbuki iddiaçı kim idiki onun istəyi xaricində bu işləri görsün. O onun əmlakının şəriki deyildir ki, bu genişlənməni öz vəsaitilə etsin. Bütün bunlar iddiaçının fərziyyə və xülyalarıdır.

21. İş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. 1-ci iddiaçının onun tərəfindən tapşırıq əsasında əldə etdiyi mal materialı məhkəmə araşdıraraq müəyyən etməmişdir ki, bu ödənmə vəsaiti kimin hesabına ödənib. 2-ci iddiaçı ilə onun hansı müştərək fəaliyyət müqviləsi mövcuddur ki, o, onu həyata keçirməmişdir. 3-cü şəxsin yanında işləməsi, ona əmək haqqı verməsi, müəyyən işlərə tapşırıq verməsi, bu səbəbdəndə müəyyən sərmayələrin ödənməsi ilə bağlı əldə olunan qaimə və fakturalar qiymət hissəsi iddiaçının vəsaiti hesabına tənzimlənməmişdir. Bütün bunlar onun qazancının gəlirinin hesabına təmin edilmişdir, digər qalıqları isə yenə o, ödəyir.

22. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhf nəticəyə gəlmişdir. 1-ci məhkəmə iddiaçı ilə müştərəkliliklə bağlı hansı müqavilənin bağlandığını, obyektin genişləndirilməsində iddiaçının nə qazanc əldə edəcəyini, tərəflərin qarşılıqlı öhtəliklərini əks etdirən müqaviləni nədən istəməmişdir. İddiaçı belə bir sübutu vardısa niyə məhkəməyə təqdim etməmişdir. Çünki belə bir sübut mövcud deyildir. Müqavilə olmadığı halda hansı öhtəliklərdən sübut gedə bilərki o, bu sübutun subyekti olaraq vəzifələrini icra etsin?

23. Odur ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(014)-19/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X5 pul tələbinə dair iddasının təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(014)-19/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X5 ona qarşı pul tələbinə dair iddasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatında iddiaçı ilə münasibətləri pisləşdikdən sonra iddiaçının onun mağazasını tərk etdiyini, mağazanın özünün istifadəsində qaldığını, iddiaçı ilə birgə işlədikləri dövrdə alınmış kondisionerdən qalmış 200 manat borcun, həmçinin mağazanın genişləndirilməsi üçün alınmış tikinti materialları ilə bağlı 400 manat borcun şəxsən onun özü tərəfindən ödənildiyini bildirmişdir.

26. Cavabdeh vəkili Vəkil2 Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(014)-19/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair iddasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Üçüncü şəxs X12 Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X9 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(014)-19/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında cavabdehlə münasibətləri pisləşdikdən sonra özünün cavabdehin mağazasını tərk etdiyini, mağazanın cavabdehin istifadəsində qaldığını, onun mağazanı tərk etdiyi zaman həqiqətən cavabdehlə birgə işlədikləri dövrdə alınmış kondisionerdən 200 manat borcun, həmçinin mağazanın genişləndirilməsi üçün alınmış tikinti materialları ilə bağlı 400 manat borcun qaldığını bildirmişdir.

29. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının vəkili məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyasının iclasında iştirakının mümkünsüzlüyünün səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

35. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

37. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(014)-19/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, iddianın ona qarşı rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh qarşı təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Mülki iş materiallarından, eyni zamanda tərəflərin məhkəmə kollegiyasının iclası zamanı vermiş olduqları izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh iş birliyi qurub Cavabdeh məsus mağazanı işlətmişlər. İşlədikləri müddət ərzində mağazanı böyütmüşlər, avadanlıq almışlar. Bir müddət sonra aralarında yaranan narazılıqlar səbəbindən mübahisə edib ayrılmışlar. Hazırda İddiaçı cavabdehdə qalmış mağazanın böyüdülməsi, avadanlığın alınması üçün çəkilmiş xərclərin ona ödənilməsini tələb edir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

42. Belə ki, cavabdeh iddia ərizəsinə qarşı etirazında, eyni zamanda məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, İddiaçı onun əmisi oğludur, o, 2021-ci il tarixdə əmisi oğlu İddiaçı ilə birgə fəaliyyət göstərmək qərarına gəlmiş və əmisi oğlunu öz şəxsi mağazasına gətirmişdir. Birgə fəaliyyətə başlayarkən onlar mağazanı bir az genişləndirilmək və dükanda satmaq üçün mal almaq məqsədi ilə "xxxx" ASC-də iddiaçının anasının adına 2800 (iki min səkkiz yüz) manat və xx.xx.2021-ci il tarixdə onun oğlu X7 adına "xxxx" MMCdə 1000 (min) manat pul kredit götürərək həmin pulun bir hissəsini mağazanın genişləndirilməsinə xərcləmişlər. Bu minvalla onlar 1 il 6 ay birgə işləmişlər. Lakin sonradan onunla İddiaçı arasında olan münasibətlər pisləşmişdir.

43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının onun əmlakının şəriyi olmamasına, iddiaçının onun tapşırığı əsasında əldə etdiyi mal materialın vəsaitinin kimin hesabına ödənilməsinin məhkəmənin araşdıraraq müəyyən etməməsinə, iddiaçı ilə onun hansı müştərək fəaliyyət müqviləsi mövcud olmasına, bütün bunların onun qazancının, gəlirinin hesabına təmin edilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiaya etirazından və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarından müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh 2021-ci ilin əvvəlindən birgə qaydada ticarət fəaliyyəti ilə məşğul olmuşlar, bu məqsədlə həmçinin cavabdehə məxsus mağazanı genişləndirməklə iki ilə yaxın bir müddət ərzində birgə fəaliyyətlə məşğul olmuşlar.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə fəaliyyətlərinin nəticəsi olaraq ərsəyə gəlmiş və cavabdehdə qalmış mağazaya çəkilmiş xərclərin yarısının cavabdehdən tutularaq iddiaçıya verilməli olmasında doğru nəticəyə gəlsə də məhkəmə mağazanın genişləndirilməsinə çəkilmiş xərcin məbləğini müəyyən edərkən, iddia tələbindən kənara çıxmaqla prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

45. Belə ki, birinci instansiya məhkəməsi mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli qərardadı ilə kompleks məhkəmə ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7104-9/7861 saylı məhkəmə mühəndistexniki, tikinti-texniki obyektlərinin tədqiqi, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizasının rəyi ilə, Ağdaş rayonunun Pirəzə kəndində yerləşən mağazanın 2021-ci ildə inşası və təmiri üçün ayrı-ayrılıqda xərclənmiş vəsaitlərin ümumi dəyərinin təqribən 13842 manat məbləğində olduğu, Ağdaş rayonunun Pirəzə kəndində yerləşən mağazaya alınmış 3 adda avadanlıqların orta bazar qiyməti ilə ümumi dəyərinin nəzəri qaydada təxminən 2600 manat olduğu müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı ikiliyə usta xərci kimi 600-700 manat, işıqlandırma üçün 150 manat, kameraların çəkilməsi üçün 500 manat, vitrinlərin qurulması üçün 500 manat (250+250 manat), kondisioner 1450 manat (solitondan alınıb), digər kondisioner 1100 manat, inşaat materialları və digər avadanlıqlar üçün 5485 manat (1250+2117,50+2117,50=5485 manat), beton tökülməsi üçün 1000 manat, üst damın örtülməsi üçün 300 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7104-9/7861 saylı ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

48. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza rəyi məhz iddia tələbinin dəlilləri həcmində öyrənilməli və qiymətləndirilməli olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbində qeyd edilənlərin ekspert rəyinin məzmunu baxımından qiymətləndirməsini həyata keçirtməməklə səhvə yol vermişdir.

49. Belə ki, iddia ərizəsində çəkilmiş ayrı-ayrı xərclərin məbləği ekspertiza rəyi ilə eyni, həmçinin ekspertiza rəyində göstərilənlərdən yüksək olduğu halda birinci instansiya məhkəməsi mötəbər sübut olaraq ekspertiza rəyinə əsaslanmalı olmasına baxmayaraq, iddia ərizəsində çəkilmiş ayrı-ayrı xərclərin məbləği ekspertiza rəyində göstərilənlərdən aşağı olduğu halda birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq ekspertiza rəyinə istinadən daha yüksək məbləğ müəyyən etməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir.

50. Beləliklə ekspertiza rəyində mağazanın genişləndirilməsi üçün çəkilən xərcin iddiaçının tələb etdiyi 700 manatdan, işıqlandırma üçün çəkilən xərcin iddiaçının tələb etdiyi 150 manatdan, üst damın örtülməsi üçün çəkilən xərcin iddiaçının tələb etdiyi 300 manatdan, digər avadnlıqların alınması üçün iddiaçının tələb etdiyi xərcin 5485 manatdan yüksək müəyyən edilməsinə baxmayaraq, bu halda iddiaçının iddia tələbində qeyd edilən məbləğlər, kameraların çəkilməsi üçün 500 manat, vitrinlərin qurulması 500 manat təşkil edən məbləğlərin iddia ərizəsində qeyd edilənlərlə ekspert rəyində göstərilənlərin eyni olması nəzərə alınmalıdır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2 ədəd kondisionerin alınması üçün cavabdehdən 1450 manat və 1100 manat vəsaiti tələb etməsinə baxmayaraq, ekspertiza tədqiqatı ilə 2 ədəd kondisionerin hər birinin 800 manat olmaqla cəmi dəyərinin 1000 manat təşkil etməsi, iddiaçı cavabdehdən beton tökülməsi üçün 1000 manat pul vəsaitinin alınmasını tələb etməsinə baxmayaraq, ekspertiza tədqiqatı ilə beton tökülməsi üçün çəkilən vəsaitin 590 manat təşkil etməsi müəyyən edilmişdir.

52. Bu baxımdan məhkəmə kollegiyası cavabdehə məxsus mağazanın genişləndirilməsi üçün ikiliyə usta xərci kimi çəkilən vəsaitin 700 manat, işıqlandırma üçün çəkilən vəsaitin 150 manat, kameraların çəkilməsi üçün sərf edilmiş vəsaitin 500 manat, vitrinlərin qurulması üçün sərf edilmiş vəsaitin 500 manat, 2 ədəd kondisionerin alınması üçün sərf edilən vəsaitin 1600 manat, inşaat materialları və digər avadanlıqlar üçün sərf edilən vəsaitin 5485 manat, beton tökülməsi üçün çəkilən xərcin 590 manat, üst damın örtülməsi üçün sərf edilmiş vəsaitin 300 manat olmaqla çəkilən cəmi xərcin 9825 manat təşkil etməsini qəbul edir.

53. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə fəaliyyətləri dövründə cavabdehə məxsus mağazanın genişləndirilməsinə vəsait sərf edildiyindən, tərəflərin birgə fəaliyyətlərinə xitam verilməklə genişləndirilmiş mağaza cavabdehdə qaldığından, beləliklə mağazanın genişləndirilməsinə çəkilən xərcin yarısının iddiaçının əməyi hesabına əldə edilməklə, cavabdeh həmin həddə əsasız qazanc əldə etdiyindən, iddiaçı genişləndirilmiş mağazaya çəkilmiş 9825 manat xərcin yarısını tələb etməkdə haqlı olmuşdur. Həmin xərcin yarısının 4912,5 manat təşkil etməsinə baxmayaraq, tərəflərin birgə fəaliyyət göstərdikləri dövrdə vəsait qoyuluşu hesabına əldə edilmiş kondisionerlərin dəyərindən qalmış 200 manat, tikinti materiallarından qalmış 400 manat borcun məhz cavabdeh tərəfindən ödənilməsi nəzərə alınmaqla, həmin 600 manat məbləğ də 4912,5 manat vəsaitdən çıxıldıqda cavabdehin iddiaçıya mağazanın genişləndirilməsi üçün ödəməli olduğu cəmi məbləğin 4312,5 manat təşkil etməsi müəyyən edilir.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilən hissəsində maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı düzgün olmayaraq 3908,5 manata aid hissədə təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli, 2(014)-19/2023 sаylı qətnаməsi qismən, yəni yəni iddianın təmin edilmiş 3908,5 manatına aid hissədə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə rədd edilməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli 2(014)-19/2023 sаylı qətnaməsi qismən, yəni iddianın təmin edilmiş 3908,5 manatına aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh 3908,5 manat pulun tutularaq İddiaçı verilməsi hissəsində rədd edilsin. Qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar