Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1098/2022 19.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı aynanın hörülməsi, barının bərpası və qurğunun sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: aynanın hörülməsi, barının bərpası, qurğunun sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X7 qarşı aynanın hörülməsi, barının bərpası və qurğunun sökülməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(039)-20/2022 saylı qətnaməsindən cavabdeh X8 və onun vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-289A seriyalı, KOD 90102058 kodlu şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı, X2, X4 və X3 Yevlax rayonu, Gülövşə kəndində mülkiyyətində 0.06 hektar həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24 iyul 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, X6 Yevlax rayonu, Gülövşə kəndində mülkiyyətində 0,12 hektar həyətyanı torpaq sahəsi vardır. Yevlax rayonu, Gülövşə kəndində yerləşən X6 mülkiyyətində olan fərdi yaşayış evinin damına quraşdırılmış nov tikinti norma və qaydalarına uyğun quraşdırılmasına baxmayaraq, nova quraşdırılmış su borusu İddiaçı məxsus hasarın üzərində (bitişik şəkildə) quraşdırılmışdır və bunun nəticəsində novdan axan suyun bir hissəsi iddiaçının həyətyanı torpaq sahəsinə axıdılır və çiy kərpicdən inşa olunmuş hasara ziyan dəyir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh X7 qarşı «aynanın hörülməsi, barının bərpası və qurğunun sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 öz mülkiyyətində olan torpaq sahəsindən inşa edilmiş yaşayış evinin aynasının hörülməsi, həmin evin damının üzərində inşa edilmiş qurğunun sökülməsi və yenidən quraşdırılması, barının cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddianı müdafiə edərək izah etdi ki, cavabdeh onun qardaşıdır və onunla qonşuluqda yaşayır. Aralarında onun tərəfindən inşa edilmiş hasar vardır. Hümbət evinin damına quraşdırdığı su novçaları natamam olduğundan yağış suları axaraq həmin hasarı uçurmuşdur. Hazırda da yağış yağanda su onun həyətinə axır. Həmçinin cavabdehin evində onun həyəti istiqamətində baxan pəncərə vardır. Münasibətləri çox pisdir. Cavabdehin onun həyətinə baxmasını istəmir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı məhkəmədən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Cavabdeh X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, onun evinin pəncərəsinin Loğmana heç bir maneəsi yoxdur. Barını o uçurmamışdır. İddia əsassızdır.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər qonşudular. X8 inşa etdiyi yaşayış binasının arxa fasad hissəsindən qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsindən pəncərə açaraq istifadə edir. Açılan pəncərənin yerinin dəyişdirilməsi mümkündür. X1 fərdi yaşayış evinin dam hissəsində inşa etdirdiyi yağış sularının axılması üçün nov tikinti norma və qaydalarına uyğun olaraq inşa edilsə də, nova quraşdırılmış su borusunun iddiaçıya məxsus hasarın üzərində (bitişik şəkildə) quraşdırıldığı və bunun nəticəsində novdan axan suyun bir hissəsi iddiaçının həyətyanı torpaq sahəsinə axıdıldığı və çiy kərpicdən inşa olunmuş hasara ziyanın dəydiyi müəyyən edilir.
7. Ona görə də, məhkəmə hesab edir ki, Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş pəncərə bağlanmalıdır. X6 fərdi yaşayış evinin dam hissəsində inşa etdirdiyi yağış sularının axılması üçün novuna quraşdırılmış su borusu bərpa edilməlidir. Tərəflərin həyətyanı torpaqları arasında çiy kərpicdən inşa olunmuş hasar cavabdeh X6 hesabına bərpa edilməlidir.
8. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Cavabdeh X5 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir.
9. Yevlax Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(039)-20/2022 saylı qətnaməsi (Ruslan Əlizadə) ilə iddia qismən təmin edilmiş, Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş pəncərənin bağlanması, X6 fərdi yaşayış evinin dam hissəsində inşa etdirdiyi yağış sularının axılması üçün novuna qiraşdırılmış su borusunun bərpa edilməsi, tərəflərin həyətyanı torpaqları arasında çiy kərpicdən inşa olunmuş hasarın cavabdeh X6 hesabına bərpa edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, cavabdeh X5 100 manat ekspertiza xərcinin tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE********** ********** hesaba ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 170, 172 və 180-ci maddələrinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 70 və 72-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-289A seriyalı, KOD 90102058 kodlu şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı, X2, X4 və X3 Yevlax rayonu, Gülövşə kəndində mülkiyyətində 0.06 hektar həyətyanı torpaq sahəsi vardır.
12. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24 iyul 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, X6 Yevlax rayonu, Gülövşə kəndində mülkiyyətində 0,12 hektar həyətyanı torpaq sahəsi vardır.
13. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2022-ci il tarixli 10/125 saylı rəyindən məlum olur ki, Yevlax rayonu, Gülövşə kəndində yerləşən X6 mülkiyyətində olan fərdi yaşayış evinin, İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən evin damına quraşdırılmış nov tikinti norma və qaydalarına uyğun quraşdırılmasına baxmayaraq, nova quraşdırılmış su borusunun iddiaçıya məxsus hasarın üzərində (bitişik şəkildə) quraşdırıldığı və bunun nəticəsində novdan axan suyun bir hissəsi iddiaçının həyətyanı torpaq sahəsinə axıdıldığı və çiy kərpicdən inşa olunmuş hasara ziyanın dəydiyi müəyyən edilir. Yevlax rayonu, Gülövşə kəndində yerləşən X6 evinin cavabdehin həyətinə açılan pəncərənin bağlanması nəticəsində evin təbii işıqlanmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Yevlax rayonu, Gülövşə kəndində yerləşən X6 evinin cavabdehin həyətinə açılan pəncərənin bağlanıb, otağın başqa (küçə tərəfə baxan) tərəfdən açılmasının mümkün olduğu müəyyən edilir.
14. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X8 və onun vəkili X9 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh X8 və onun vəkili X9 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o məhkəmə iclasında bildirmişdir ki, onun evinin pəncərəsi tikilən vaxtı pəncərənin qarşısında qardaşının həyatyanı torpaq sahəsi olmamışdır. Onun pəncərəsinin yanından kanal keçirdi, iddiaçının heç bir torpaq sahəsi burada olmamışdır. İddiaçı mübahisələndirdiyi hasarı onun evi tikiləndən 8 il sonra iddiaçı, kanal olmuş ərazini öz torpaqlarına qataraq hasarı çiy kərpişdən hörülmüş hasarını evinin divarına birləşdirmişdir. Bundan başqa 12 ildir ki, həmin çiy kərpiçin üzərinə yağış-qar yağır, hasarın üzərində yüngül iki ədəd kərpiş deformasiyaya uğramışdır. Bütün bunlar onun günahı deyil. Şəxs düşünməli idi ki, hasarını evinə birləşdirməsin. Evi kənd evidir. Kəndə bütün evlərin pəncərələri bir-birinə baxır. İddiaçının da iki pəncərəsi onun düz həyətinin və evinin içinə baxır. Bundan başqa iddiaçının sənəd üzrə torpaq sahəsi 0,06 ha-dır. Faktiki vəziyyəti isə 0,24 ha-dır. Yuxarıda qeyd etdiyi kimi o, 2000-ci ildə evi tikən zaman onun həyətinin hasarı onun pəncərəsinin baxışının əhatəsində deyildi. Şəxs bu hasarı evi tikiləndən 8 il sonra evinə birləşdirərək, ərazini zəbt edib. O, həm hakim Günay Cavadovanın icraatında olan prosesdə, həm də hakim R. Əlizadənin icraatında olan prosessdə bütün bunları demiş, iddiaçının mübahisələndirdiyi tələblərin ona bağlılığının müəyyən etmək üçün onun torpaq sahəsinin onun pəncərəsinin əhatə dairəsinə düşüb-düşməməsini, bu barədə araşdırma aparılmasını şəxsin zəbti altında olan torpaq sahəsinin ərazisinə bu barədə düşübdüşməməsinin aydınlaşdırmağı xahiş etmişdir. Onun evi olan zaman, pəncərəsi qurulan zaman pəncərəsinin qarşısındakı torpaq sahəsi bələdiyyəyə məxsus idi. Kəndin çöl yolu idi. İddiaçı həmin ərazini zəbt edib. Torpaqlarına qatıb. Mülkiyyətində olan 0,06 ha torpaq sahəsini zəbt hesabına 0, 24 ha edib. Bu barədə hakim G.Cavadovanın icraatında mülki iş olmuş, evinin arxasında tikilən tövlənin sökülməsi və su arxının bərpa edilməsini xahiş etmişlər. İddia onun xeyrinə qəbul edilmişdir. Burada torpaq sahəsi ilə bağlı müvafiq ekspertizalar keçirmişdir. Hesab edir ki, onun pəncərənin bağlanması bir əsassız tələbdir. Məhkəmə pəncərənin bağlanması nəticəsində evinin təbii işıqlanmasına mənfi təsir etdiyini nəzərə almamışdır. Ekspert bu halları qeyd etmiş pəncərənin bağlanacağı halda evin təbii işıqlanmasına təsir ediləcəyini bildirmişdir.
16. Məhkəmə işin obyektiv həlli üçün tam araşdırma aparmamışdır. Onun fikirlərini tamlığı ilə qətnamədə əks etdirməmişdir. Ekspert qaşısında hasarla bağlı, pəncərə ilə əlaqədar mübahisəni həll edərkən onun mülkiyyətində olan torpaq sahəsinin 0,06 ha torpaq sahəsinin koordinatlarını, haradan başlayıb, harada qurtardığını müəyyən etməmişdir. Halbuki o bildirmişdir ki, onun evi tikilən zaman pəncərəsinin qabağı kənd yolu idi. Şəxs evin arxasından keçən kanalı düzləyərək, malalayaraq əlavə torpaqları da zəbt edərək, çiy kərpici evinə birləşdirərək, etdiyi qanunsuzluqlar üzərində qanuni qətnamə çıxarmağa cəhd etmişdir. Məhkəmə bütün bunları araşdırmamaqla obyektiv olmamışdır.
17. İddiaçının 0,06 ha torpaq sahəsini faktiki olaraq 0,24 ha olduğu halda 0,018 ha torpaq sahəsi onun tərəfindən zəbt edildiyindən onun evi 2000-ci ildə tikilən zaman pəncərənin arxası yol olduğu halda, pəncərəsinin arxasının zəbt edilən torpaq sahəsi hesabına artırıldığı mövcud olduğu halda məhkəmə bütün bunları aydınlaşdırmamışdır.
18. İddiaçı mübahisələndirdiyi kərpiç hasarının 8 il sonra evinə birləşdirməsi həmçinin bu hasarın zəbt ərazisində qurulması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.
19. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(039)- 20/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçı və cavabdeh X8 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər
24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(039)-20/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş pəncərənin bağlanması hissəsində gəldiyi nəticə ilə razılaşmır.
28. Məhkəmə kollegiyası Yevlax rayonu, Gülövşə kəndində yerləşən İddiaçı və cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evləri və həyətyanı sahələrinə yerində baxış keçirmiş və baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya və cavabdehə məxsus evlər, iddiaçının cavabdehin evi ilə öz evinin arasında inşa etdiyi altıaçıq (saray) bir-birinə təqribən paralel olmaqla, arxa tərəfləri ümumi istifadədə olan kəndarası yolla paraleldir. Cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evinin bağlanması tələb olunan pəncərəsi İddiaçı evinə deyil, sonuncunun həyətyanı sahəsində cavabdeh X6 evi ilə təqribən 1.5-2 metr aralıda paralel olaraq inşa edilmiş ot yığılması və s. məqsədlər üçün istifadə olunan altıaçığa (saraya) baxır. Həmin pəncərədən iddiaçının evinə qədər olan məsafə 15 metrdən artıq olmaqla, sözügedən pəncərədən yalnız iddiaçının evinin damını görmək mümkündür. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin əksinə olaraq həmin pəncərə cavabdehə məxsus evin arxa fasadında deyil, sol tərəfində iddiaçının evinə paralel olan divarda yerləşir. Qeyd olunanlardan görünür ki, sözügedən pəncərənin mövcudluğu İddiaçı, onun evinə və ailəsinə hər hansı bir formada mənfi təsir göstərmir.
29. Cavabdehin apellyasiya şikayətində ümumilikdə iddiaçının daha sonra torpaq sahəsi alması, əlavə torpaq sahələrini zəbt etməsi və digər hallarla bağlı göstərdiklərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar hazırki iş üzrə mübahisənin predmetini təşkil etmədiyindən araşdırılmamışdır.
30. İddianın təmin olunmuş X6 fərdi yaşayış evinin dam hissəsində inşa etdirdiyi yağış sularının axılması üçün novuna qiraşdırılmış su borusunun bərpa edilməsi və tərəflərin həyətyanı torpaqları arasında çiy kərpicdən inşa olunmuş hasarın cavabdeh X6 hesabına bərpa edilməsi ilə bağlı hissəsinə münasibət bildirərək məhkəmə kolelgiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyi ilə Yevlax rayonu, Gülövşə kəndində yerləşən X6 mülkiyyətində olan fərdi yaşayış evinin damına quraşdırılmış novun tikinti norma və qaydalarına uyğun quraşdırılmasına baxmayaraq, nova quraşdırılmış su borusunun iddiaçıya məxsus hasarın üzərində (bitişik şəkildə) quraşdırıldığı və bunun nəticəsində novdan axan suyun bir hissəsinin iddiaçının həyətyanı torpaq sahəsinə axıdıldığı və çiy kərpicdən inşa olunmuş hasara ziyanın dəydiyi müəyyən edilmişdir ki, həmin hallar məhkəmə kollegiyasının keçirdiyi yerli baxış zamanı da təsdiqlənmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni əsaslı hesab edir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə bu qətnamənin 27-ci bəndində göstərilən hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh X8 və onun vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(039)- 20/2022 saylı qətnaməsi Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş pəncərənin bağlanması hissəsində ləğv edilməli, iddia tələbi Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evinin aynasının hörülməsi hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh X8 və onun vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yevlax Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(039)-20/2022 saylı qətnaməsi Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş pəncərənin bağlanması hissəsində ləğv edilsin. İddia tələbi Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evinin aynasının hörülməsi hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov