Məhkəmə qərarları › İş №2(107)-1099/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1099/2021

17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1099/2021 17.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı və İddiaçı2, onların nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X9 və onun nümayəndəsi və vəkili X4 iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsindən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X5 adına verilmiş 31 yanvar 2012-ci il tarixli 2V-1/18N nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv ediməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 adına verilmiş 20 aprel 2012-ci il tarixli MA seriyalı ******* nömrəli və 27 mart 2013-cü il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların ləğv edilməsi qət edilmişdir. İşin halları İddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh İsmayıllı rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Dövlət Notariat Kontoru tərəfindən X5 adına verilmiş 31 yanvar 2012-ci il tarixli 2V-1/18 nömrəli Ərarvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və İsmayıllı şəhərində yerləşən 0.07 hektar torpaq sahəsini bərabər payda olmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X5 adına verilmiş 2V-1/18N nömrəli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən X5 adına verilmiş 20 aprel 2012-ci il tarixli MA seriyalı ******* nömrəli və 27 mart 2013-cü il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların ləğv edilməsi, İsmayıllı şəhəri K. Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bərabər payda olmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların vəsatətinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs X9 apelyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 2(107)- 953/2020 nömrəli qətnaməsi ilə X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 2(107)- 953/2020 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(102)-407/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 2(107)-953/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri X9 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Belə ki, iddiaçılar onun ərinin digər arvadlarından olan uşaqlarıdır. O, X19 ilə 24 iyun 2004-cü ildə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Həmin vaxt onlar Bakı şəhərində yaşamışlar. 2006-cı ildə Bakı şəhərindəki evi satmışlar. Evin satışından əldə olunan pulun bir hissəsi ərinin ürək əməliyyatına sərf olunmuşdur. Əməliyyatdan sonra həkimlər ərinə təmiz havası olan yerdə yaşamağı məsləhət görmüşlər. Onlar Bakıdakı evin satışından əldə olunmuş pulun digər hissəsi ilə 2006-cı ilin payızın sonunda İsmayıllı şəhər sakini Fəxrəddindən İsmayıllı şəhəri K.Əhmədov küçəsi, 10 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi almışlar. Daha sonra həmin torpaq sahəsinə dair mərhum ərinin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə torpaq sahəsinin Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli qərarı ilə mərhum ərinə verilməsi göstərilsə də, onlara torpağın mülkiyyət sənədi 2007-ci ildə hazır formada verilmişdir. 2007-ci ilin əvvəllərində İsmayıllı şəhərinə köçmüşlər. Yaşadıqları ev alındığı zaman iki otaqlı, təmirsiz və pilləkənsiz idi. İsmayıllı şəhərinə köçdükdən sonra valideynlərinin, bacısının köməkliyi ilə kənd təsərrüfatı ilə məşğul olaraq əldə etdiyi gəlirlər hesabına evin tikinti-təmir işlərini, ərinin müalicəsini aparmış, birinci və ikinci iddiaçının təhsili, təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Əri 2010-cu ildə vəfat etmişdir. Ərinin yas mərasimini verdikdən sonra o birinci və ikinci iddiaçı ilə birlikdə Bakı şəhərinə getmiş və kirayə tutduqları mənzildə yaşamışlar. Maddi imkanları ağır olsa da, onların oxumasına şərait yaratmışdır. Əvvəllər birinci və ikinci iddiaçının qohumları onlarla maraqlanmamış, sonra isə birinci və ikinci iddiaçı qohumları ilə birləşib onunla dalaşmış, rayondakı evi adlarına keçirməsini tələb etmişlər. O isə evin üçünün arasında bölünəcəyini bildirmişdir. Birinci və ikinci iddiaçı onunla dalaşdıqdan sonra o, İsmayıllı şəhərinə qayıtmış, miras əmlakın bölünməsi ilə bağlı İsmayıllı rayon Notariat Kontoruna müraciət etmiş, həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət sənədləri almışdır. O, birinci və ikinci iddiaçıya miras əmlakından pay çatmasına etiraz etmir. Üçüncü və dördünçü iddiaçılar mərhum ərinin vərəsələri olsalar da, onlar başqa ölkədə yaşamış, mərhum əri ilə əlaqə saxlamamış, miras əmlakın əldə olunmasında iştirak etməmişlər. Miras torpaq sahəsi və ev birgə nikahları dövründə əldə olunmuşdur. Mübahisəli həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi onun yeganə yaşayış yeridir. Miras əmlakın ½ hissəsindən ona pay çatmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 və onun nümayəndəsi və vəkili X10 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi Qəribova (Hüseynova) Elmira Əfsər qızı, iddiaçılar İddiaçı2 və Qəribova (Hüseynova) Elmira Əfsər qızının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, onların gəlməmələrinin üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası gəlməyən şəxslərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(102)-407/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 2(107)-953/2020 nömrəli qətnaməsi qismən ləğv edilərək işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “aşağı instansiya məhkəmələri iddiaçıların iddia tələbində və 3-cü şəxsin etirazında və müvafiq şikayətlərdə olan dəlillərinin aydınlaşdırması üçün aşağıdakı halların araşdırılmasını təmin etməli idilər. Miras əmlaka daxil olan və müvafiq şəhadətnamə verilmiş torpaq sahəsinin əldə edilmə vasitəsi nədən ibarətdir. (həmin torpaq sahəsi pay torpaq sahəsi və ya alqı-satqı müqaviləsi əsasında əldə olunmuşdur). Torpaq sahəsi üzərində yerləşən tikili miras aktivinə daxil olmuşdurmu. (yəni miras qoyan vəfat etməzdən əvvəl tikili mülkiyyət hüququ əsasında adına qeydə alınmışdırmı). Bundan sonra isə miras qoyanın və 3-cü şəxsin rəsmi nikahda olması nəzərə alınmaqla birgə nikah dövründə əldə olunmuş əmlaka hansı əmlakların daxil olması. Bu hallar aydınlaşdırlıdqdan sonra aydınlaşdırılmalı olan məsələ mirası kimlərin qəbul etməsi ilə bağlı olmalıdır. İddiaçılardan İddiaçı3, İddiaçı4 və İddiaçı5 miras qalmış əmlakda yaşamaqla və digər əsaslarla faktiki və ya ərizə verməklə rəsmi qəbul edilməsi ilə bağlı hər hansı hərəkət etmişlərmi. Halbuki kassasiya şikayətində 3-cü şəxs göstərir ki, həmin iddiaçılar miras qoyanın birinci nikahdan olan övladları olmaqla miras əmlakdan heç bir zaman istifadə etməmiş, orada yaşamamış və mirasın qəbul edilməsi üçün ərizə verməmiş və faktiki olaraq heç bir əsasla mirası qəbul etməmişlər. Belə olan halda məhkəmələrin müəyyən etməli olduğu digər hal həmin iddiaçıların mirasın qəbul ilə bağlı iddia tələbinin irəli sürməsi üçün subyektiv hüququnun olub-olmamasının aydınlaşdırılmasından ibarət olmalıdır. Digər tərəfdən digər iki iddiaçının (İddiaçı2 və Elmira Qəribova (Hüseynova) miras əmlakın (torpaq sahəsi və miras əmlaka daxil olması müəyyən edildiyi halda fərdi yaşayış evinin) qəbulu ilə bağlı hər hansı hərəkətlərin edilməsi də məhkəmələr tərəfindən aydınlaşdırılmamış qalmışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, miras əmlakın tərəflərin birgə nikah müddətində əldə olumasına dair tərəflərin dəlillərinə qiymət verilməsindən sonra torpaq sahəsinin bir hissəsinin (1/2) və tikilinin müvafiq olaraq 3-cü şəxsin adına qeydiyyata alınmasına dair reyestr qeydiyyatının ləğv edilməsi bağlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Nəzərə alınsa ki, tikili 3-cü şəxsin adına İsmayıllı rayon İcra Hakmiyyəti başçısının 21 may 2012-ci il tarixli sərəncamı əsasında (işdə qeydə alınmaya əsas ola biləcək yeganə sübutdur) qeydə alınmışdır, belə olan halda hansı əsasla miras əmlaka daxil olmasına istinad etməklə fərdi yaşayış evinin 3-cü şəxsin adına qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi anlaşılmaz qalmaqdadır. Bu baxımdan apellyasiya məhkəməsi müvafiq olaraq miras aktivinin dairəsini müəyyən etməli və bundan sonra mirasın qəbulu ilə (kimlər tərəfindən və hansı müddətdə) bağlı halların, o cümlədən iddiaçıların, o cümlədən İddiaçı2 və Elmira Qəribova (Hüseynova) tərəfindən mirasın qəbulu üçün hansı hərəkətlərin edilməsini aydınlaşdırmalı olduğu halda, belə araşdırmanı təmin etməmiş, birinci instansiya məhkəməsinin mülahizələrə əsaslanan və hər hansı sübutla təsdiq olunması müəyyən edilməyən mövqeyi ilə razılaşmış və qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi hazırki tələbi göstərilən qaydada araşdırması 3-cü şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə yanaşı, eyni zamanda mülkiyyət hüququnun pozulmasını da ehtimal edir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş materiallarının 18-ci səhifəsində olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında yerləşən mübahisəli həyətyanı torpaq sahəsi İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə X13 mülkiyyətinə verilmişdir. Həmin qərar hər hansı şəxs tərəfindən mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan, mötəbər sübut kimi qiymətləndirilməlidir. İşin gerçək halı belədir ki, X19 ilə X9 24 iyun 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Deməli, mirasqoyan X3 torpaq sahəsini Firəngiz Qəribova ilə nikaha daxil olmazdan əvvəl əldə etmişdir, həmin əmlak birgə nikah dövründə qazanılan əmlak deyildir. Həmin torpaq sahəsi miras kütləsinə daxildir. Ona görə də həmin torpaq sahəsinin müvafiq vərəsələr arasında bölünməsi labüddür. Lakin torpaq sahəsi üzərində yerləşən tikili miras aktivinə daxil deyildir. Belə ki, iş materiallarının 67-ci səhifəsində olan İsmayıllı rayon İcra hakimiyyəti başçısının 21 may 2012-ci il tarixli sərəncamından görünür ki, İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evinin Firəngiz Qəribovanın adına sənədləşdirilməsinə icazə verilmişdir. İş materiallarının 63-cü səhifəsində olan DƏDRX tərəfindən tərtib edilmiş 19 mart 2013-cü il tarixli texniki pasportdan görünür ki, İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında sənəd üzrə 0.07 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Firəngiz Qəribovadır. Mülki işin 15-ci səhifəsində olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X19 27 aprel 2010-cu ildə ölmüşdür. İş materiallarında İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evinin X13 ölümündən əvvəl mövcud olduğunu təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Sözügedən fərdi yaşayış evinin mövcudluğunu əks etdirən sənədlərdən biri 2012-ci ilə, digər isə 2013-cü ilə məxsusdur. Ümumiyyətlə, həmin fərdi yaşayış evi X13 vəfatından əvvəl tikilmiş olsaydı belə, miras kütləsinə daxil ola bilməzdi, çünki qanunvericiliyə əsasən yalnız rəsmi qeydiyyata alınmış daşınmaz əmlak miras kütləsinə daxil ola bilər. Mübahisəli ev isə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olduğu təqdirdə İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evinin miras kütləsinə daxil edilməsi absurd olardı ki, bu da yol verilməzdir. Bundan başqa məhkəmə araşdırmasının predmetini təşkil edən digər bir məsələ isə miras əmlakın kimlər tərəfindən qəbul edilməsidir. İşin hallarından görünür ki, iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı, İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 X1 və onun vəfatından sonra İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında yaşamış və faktiki olaraq miras əmlaka (0.07 hektar torpaq sahəsinə) sahib çıxmışlar. İş materiallarının 12, 13 və 14-cü səhifələrində olan ərizələrdən görünür ki, iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı, İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Əfsər Sərkər oğlunun ölümündən sonra İsmayıllı rayon Dövlət Notariat Kontoruna müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Deməli, iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı, İddiaçı2 və üçüncü şəxs X5 miras əmlakı (0.07 hektar torpaq sahəsini) qəbul etmələri işin gerçək halları və iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapır. Lakin iş materiallarında digər iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 miras əmlakı qəbul etmələrini təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Belə ki, həmin iddiaçılar miras qoyanın birinci nikahdan olan övladlarıdır, onlar Rusiya Federasiyasının vətəndaşı olmaqla daim Rusiya Federasiyasında yaşamışlar, Azərbaycan Respublikasında heç vaxt daimi əsaslarla yaşamamışlar, miras əmlakdan heç bir zaman istifadə etməmiş, orada yaşamamış və mirasın qəbul edilməsi üçün ərizə verməmiş və faktiki olaraq heç bir əsasla mirası qəbul etməmişlər. Həmin şəxslərin mübahisəli fərdi yaşayış evinə bir neçə dəfə gəlib-getmələri və yaxud X13 yas mərasimində iştirak etmələri miras əmlakın qəbul edilməsi kimi tövsif edilə bilməz. Qohumluq vəzifələrinin (mənəvi borcun) yerinə yetirilməsi miras əmlakın qəbul edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən də, vərəsələrin miras qoyanın yas mərasimində iştirak etməsi hələ mirasın qəbul edilməsi demək deyildir. Bundan başqa məhkəmə kollegiyasının mövqeyini qətiləşdirən digər dəlillərin təhlili də əhəmiyyətlidir. Belə ki, iddiaçı, eyni zamanda İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi Qəribova (Hüseynova) Elmira Əfsər qızı iştirak etdiyi məhkəmə prosesində izahat verərək göstərmişdir ki, atası X19 27 aprel 2010-cı ildə vəfat etmidir. Atasının ölümündən sonra İsmayıllı Rayon Dövlət Notariat Kontorunda vərəsəlik açılmış, mərhum atasından miras qalmış İsmayıllı şəhərində yerləşən 0.07 hektar torpaq sahəsi Ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilərək mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında X7 miras əmlakdan ½ hissədə pay müəyyən edilmişdir. Halbuki, həmin torpaq sahəsini atası Firəngiz Qəribova ilə nikaha daxil olmazdan əvvəl əldə etmişdir. İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında yerləşən mübahisəli torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə atası X14 verilmişdir. Atası Firəngiz ilə 24 iyun 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. İsmayıllı rayon Notariat Kontorunda mirasın bölgüsü aparılarkən digər birinci növbəli vərəsələr olan mirasqoyanın uşaqları İddiaçı3, İddiaçı4 və İddiaçı5 payları müəyyən edilməmişdir. Onlar Bakı şəhərində yaşadıqları evin satışından əldə olunmuş vəsait hesabına İsmayıllı şəhərində yerləşən torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evini almışlar. Bundan əlavə Qəribova (Hüseynova) Elmira Əfsər qızı etiraf etmişdir ki, atalarının yas məclisində İddiaçı3, İddiaçı4 iştirak etsələr də, İddiaçı5 ümumiyyətlə iştirak etməmişdir. Ümumiyyətlə isə mirasın qəbulu ilə bağlı həmin şəxslər hər hansı bir hərəkət etməmiş, o cümlədən notariusa ərizə ilə də müraciət etməmişlər. Cavabdeh Firəngiz Qəribova məhkəmə kollegiyasının iclasında izahat verərək göstərmişdir ki, iddiaçılar onun ərinin digər arvadlarından olan uşaqlarıdır. O, X19 ilə 24 iyun 2004-cü ildə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Həmin vaxt onlar Bakı şəhərində yaşamışlar. 2006-cı ildə Bakı şəhərindəki evi satmışlar. Evin satışından əldə olunan pulun bir hissəsi ərinin ürək əməliyyatına sərf olunmuş, əməliyyatdan sonra həkimlər ərinə təmiz havası olan yerdə yaşamağı məsləhət görmüşlər. Onlar Bakıdakı evin satışından əldə olunmuş pulun digər hissəsi ilə 2006-cı ilin payız ayının sonunda İsmayıllı şəhər sakini Fəxrəddindən İsmayıllı şəhəri K.Əhmədov küçəsi, 10 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi almışlar. Daha sonra həmin torpaq sahəsinə dair mərhum ərinin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə torpaq sahəsinin Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli qərarı ilə mərhum ərinə verilməsi göstərilsə də, onlara torpağın mülkiyyət sənədi 2007-ci ildə hazır formada verilmişdir. 2007-ci ilin əvvəllərində İsmayıllı şəhərinə köçərək mübahisəli ünvanda yaşamağa başlamışlar. Ayna və Elmira da onlarla birlikdə yaşamış, onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Əri 2010-cu ildə vəfat etmiş, bundan sonra Ayna və Elmira ona sığınmışlar. Ərinin yas mərasimini verdikdən sonra o Ayna və Elmira ilə birlikdə Bakı şəhərinə getmiş və kirayə tutduqları mənzildə yaşamışlar. Maddi imkanları ağır olsa da, onların oxumasına şərait yaratmışdır. Ayna və Elmira onunla dalaşdıqdan sonra o, İsmayıllı şəhərinə qayıtmış, miras əmlakın bölünməsi ilə bağlı İsmayıllı rayon Notariat Kontoruna müraciət etmiş, həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət sənədləri almışdır. O, Ayna və Elmiraya miras əmlakından pay çatmasına etiraz etmir. Digər iddiaçılar isə mərhum ərinin vərəsələri olsalar da, onlar başqa ölkədə yaşamış, mərhum əri ilə əlaqə saxlamamış, miras əmlakın əldə olunmasında iştirak etməmişlər. Miras torpaq sahəsi və ev birgə nikahları dövründə əldə olunmuşdur. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: 08 sentyabr 1978-ci il tarixli 1346 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 Əfsər qızı 08 avqust 1978-ci ildə doğulmuş, atası X19 və anası X12 kimi qeyd olunmuşdur. 23 mart 2011-ci il tarixli 663107 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı4 xx xxxx 1983-cü ildə doğulmuş, atası X19 və anası X12 kimi qeyd olunmuşdur. 05 iyun 1986-cı il tarixli 1108 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 08 aprel 1986-cı ildə doğulmuş, atası X19 və anası X12 kimi qeyd olunmuşdur. 10 sentyabr 1991-ci il tarixli 3000 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 15 avqust 1991-ci ildə doğulmuş, atası X19 və anası X8 qeyd olunmuşdur. 15 oktyabr 1992-ci il tarixli 3413 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx xxxxxxxx 1992-ci ildə doğulmuş, atası X19 və anası X8 qeyd olunmuşdur. 24 iyun 2004-cü il tarixli AZ-İ № 086523 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X19 və X9 24 iyun 2004-cü ildə nikahlarını bağlamışlar. 22 fevral 2006-cı il tarixli JN 647A KOD 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İsmayıllı Rayon AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhər sakini X13 mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. 28 aprel 2010-cu il tarixli AZ-İ № 409747 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 27 aprel 2010-cu ildə miokardial çatmamazlıq xəstəliyindən vəfat etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 08 iyun 2011-ci il tarixli 4488 nömrəli arayışından görünür ki, İsmayıllı şəhəri K.Əhmədov küçəsi 16 A nömrəli evdə mərhum X19 vəfat etdiyi günə kimi arvadı 1959-cu il təvəllüdlü X9, qızı 1991-ci il təvəllüdlü İddiaçı2 və 1992-ci il təvəllüdlü X15 ilə birlikdə yaşamışdır. İsmayıllı rayonu Dövlət Notariat Kontoru tərəfindən 31 yanvar 2012-ci il tarixli 2V-1/18 nömrəli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, 27 aprel 2010-cu ildə vəfat etmiş X6 qalmış arvadı X5 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlaklarının ½ hissəsinə mülkiyyət hüququ vardır. Ümumi birgə əmlak 26 yanvar 2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon ərazi idarəsinin 199 saylı arayışına, JN-647A, KOD- 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İsmayıllı şəhərində yerləşən 0.07 ha torpaq sahəsindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 aprel 2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, İsmayıllı şəhərində yerləşən 0.07 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 adına qeydə alınmışdır. İsmayıllı Rayonu İcra Hakimiyyəti Başçısının 21 may 2012-ci il tarixli 77 nömrəli Sərəncamından görünür ki, İsmayıllı şəhəri K. Əhmədov küçəsində yerləşən 0.07 hektar həyətyanı torpaq sahəsində X7 məxsus tikinti altı sahəsi 135,58 m2, ümumi sahəsi 113,42 m2, yaşayış sahəsi 66,7 m2 olan 1 mərtəbəli, kürsülü, 3 otaqlı fərdi yaşayış evinin istismar olunduğunu nəzərə alaraq müvafiq qaydada sənədləşməsinə və kommunikasiya xətlərinin qoşulmasına icazə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 mart 2013-cü il tarixli ********** nömrəli Çıxarışdan görünür ki, İsmayıllı şəhəri K. Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 hektar torpaq sahəsinin ½ hissəsi və onun üzərində yerləşən ümumi sahəsi 77.3 kv.m. olan fərdi yaşayış evinin tam hissəsi xüsusi mülkiyyət hüququ əsasında X5 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən sorğuya cavab olaraq göndərilmiş 22 noyabr 2019-cu il tarixli **********44 nömrəli məktuba əlavə olunmuş İsmayıllı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəldən (2003-cü ilin noyabr ayında İsmayıllı Rayon AİK-ın sədri tərəfindən təsdiq edilmişdir) görünür ki, X13 qanuni istifadəsində 0.07 ha həyətyanı torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat Haqqında Azərbaycan Respublikası Qanununun” 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ərarvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər. Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər. Həmin Qanunun 62-ci maddəsinə görə ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşmır. Göstərilənlərə əsasən, kollegiya cavabdehlərin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 18 mart 2021-ci il tarixli, 2(102)-407/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X5 adına verilmiş 31 yanvar 2012-ci il tarixli, 2V-1/18 N reyestr nömrəli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamə ləğv ediməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 aprel 2012-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış tam və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 mart 2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarış qismən, yəni torpaq sahəsinə dair hissədə ləğv edilməli, mübahisə predmeti olan - İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı2, Qəribova (Hüseynova) Elmira Əfsər qızı və X5 arasında hər birinin payı 1/3 hissə olmaqla bölünməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: X9 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X5 adına verilmiş 31 yanvar 2012-ci il tarixli, 2V-1/18 N reyestr nömrəli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamə ləğv edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 aprel 2012-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış tam və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 mart 2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarış qismən, yəni torpaq sahəsinə dair hissədə ləğv edilsin. Mübahisə predmeti olan - İsmayıllı şəhəri K.Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı2, Qəribova (Hüseynova) Elmira Əfsər qızı və X5 arasında hər birinin payı 1/3 hissə olmaqla bölünsün. İddia qalan hissədə rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar