Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1101/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Cavabdeh qarşı mənzildən əşyalarının çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən əşyalarının çıxarılması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən əşyalarının çıxarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(051)-690/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehə məxsus qonaq otağı dəstinin, həmin dəstin içərisindəki qabqacağın və bir ədəd xalçanın mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Cavabdeh onun mərhum qardaşı Mürvət Qurbanovun arvadıdır. Onlar 2018-ci ildə ailə quran zaman cavabdehə məxsus cehiz əşyaları ona məxsus mənzilə yerləşdirilmişdir. Ancaq onlar ailə qurduqdan sonra Ucar şəhərində mənzil alaraq orada yaşamışlar. Onunlar cavabdeh arasında qardaşı vəfat etdikdən sonra əlaqələr kəsilmişdir. Bundan sonra o cavabdehə bir neçə dəfə mənzilində olan əşyalarının çıxarılması ilə bağlı məlumat versə də, cavabdeh bu günə qədər əşyalarını təmsil etdiyi şəxsə məxsus mənzildən könüllü çıxarmamışdır. Hazırda o mübahisəli mənzilin mülkiyyətçisi kimi cavabdehin bir daha mübahisəli mənzilə köçüb yaşamasına razılıq verməmişdir. Hazırda mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdeh özü mübahisəli mənzildən birdəfəlik çıxmasına, başqa yaşayış sahəsində yaşamasına baxmayaraq, özünə məxsus cehiz əşyalarını onun mülkiyyətində olan mənzilin yaşayış otağında saxlamışdır. O həmin yaşayış otağından faktiki olaraq istifadə etmək imkanından məhrum olmuşdur. O hal isə onun öz mənzilində rahat yaşamasına maneə olmuşdur. Halbuki, onun mülkiyyətçi kimi özünə məxsus fərdi yaşayış evinin bütün yaşayış sahəsindən sərbəst istifadə etmək hüquq vardır. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(051)-690/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh məxsus qonaq otağı dəsti, həmin dəstin içərisində yerləşən qab-qacaq, həmçinin yaşayış otağında olan bir ədəd xalçanın xx.xx.2009–cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********10- 05101-093011 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh 2018-ci il tarixdə iddiaçının qardaşı ilə evlənmiş və toy zamanı cavabdehə məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə yığılmışdır. Toy şənliyindən sonra iddiaçının mərhum qardaşı və cavabdeh Ucar şəhərinə köçərək orada yaşamağa başlamışlar. İddiaçının qardaşı vəfat etdikdən sonra əlaqələri kəsilmiş və cavabdeh bir daha mübahisəli mənzilə gəlməmiş, lakin ona məxsus cehiz əşyaları mübahisəli mənzildə qalmışdır. İddiaçı cavabdehə əşyalarının çıxarılması ilə bağlı məlumat vermiş, lakin cavabdeh imtina etmişdir. Hazırda da cavabdehin özü yaşamasa da, ona məxsus cehiz əşyaları iddiaçıya məxsus mənzildə qalmaqda davam edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın düzgün həll edilməsi üçün ilk növbədə cavabdehin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinin müəyyən edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Məlum olmuşdur ki, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında qardaş arvadı “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayının qardaşı arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Mübahisəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan mənzilin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı özünə məxsus mənzilin mülkiyyətçisi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ Cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan mənzildə yerləşir. Bununla belə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ olmadığından, iddiaçının cavabdehə qarşı əşyalarının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehə məxsus əşyalar iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2- ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnaməni xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Qətnamə heç bir qanuna əsaslanmamış və hakimin şəxsi mülahizələri əsasında çıxarılmışdır. Qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Lakin məhkəmə sözügedən pozuntulara qiymət verilməsi əvəzinə əsassız olan qətnaməni əsaslandırmağa çalışmışdır. Sözügedən qətnamədə müəyyən ev əşyalarının iddiaçıya məxsus ünvan 2 ünvanından çıxarılması qeyd edilsə də iddia tələbi tam əsassızdır. İddiadan xəbərləri olmamış və iddia ərizəsi və əsasları barədə onlara məlumat verilməmişdir. Mülkiyyətində olmasını qeyd edərək Cavabdeh məxsus cehiz əşyalarını mənzildən çıxarılmasını xahiş etmişdir. Lakin bu tam əsassız və absurd bir tələbdir. İddiaçı onun ona məxsus olan evindən əşyalarının çıxarılmasını tələb etsə də məhkəməyə hansı səbəbdən onun əşyalarının həmin mənzildə olmasını bildirməmişdir. Sözügedən mənzil iddiaçının valideynlərinə məxsus olmuş və onun mərhum ərinə qalmalı idi. Lakin əri Mürvət Qurbanov vəfat etdikdən sonra bütün söz verilən və onların valideynlərindən qalan əmlaklar iddiaçı tərəfindən götürülmüşdür. Buna sübüt olaraq 2(051)-1129/2022 saylı mülki iş materiallarıdır. İddiaçı valideynlərindən qalan ikinci əmlak olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 10 saylı evin 41 saylı mənzilini də miras əmlak kimi qəbul etmək istəyir. O sözügedən iş üzrə də iddianın ərinə münasbətdə onun hüquqlarının tanınmasını tələb edəcək. Bundan əlavə iddia ərizəsində olan və qətnamədə göstərilən əşyaların mövcudluğu mübahisə doğurur. Sözügedən əşyalardan əlavə onun həmin mənzildə əlavə əşyaları var ki, bu əşyaların da qətnamədə göstərilməməsi onun hüquqlarının pozulamasına və ona məxsus əşyaların iddia təmin olunduğu təqdirdə tam olaraq geri qaytarılmasına zəmin yaratmalıdır. Onun mülkiyyət hüquqları pozulmuş və ərinə münasibətdə mənzildən istifadə hüquqları olmasına və onlar uzun illərdir sözügedən mənzildən istifadə etməklərinə baxmayaraq əşyalarının zorla mənzildən çıxarılması onun hüquqlarını pozur. Bundan əlavə nə qətnamədə nə də ona əlavə olunmuş sənədlərdə əşyalar mövcud olmadığı təqdirdə və ya yararsız hala salındığı halda sözügedən əşyaların dəyərinin hansı qaydada verilməli olması qətnamədə göstərilməmiş və bu barədə heç bir araşdırma aparılmamışdır. O iş materialları ilə tanış olmasa da bunu qətnamənin əsaslandırma hissəsində aydın görmək olar. Avropa insan hüquqları məhkəmələrinin və yerli qanunvericilik aktlarında mülkiyyət hüquqlarının toxunulmaz olması və mülkiyyət hüquqlarının qanunla qorunması qeyd edilsə də məhkəmə buna diqqət yetirməmiş və öz mülahizələri əsasında qətnamə çıxarmışdır. Lakin sözügedən mülki iş araşdırılarkən işə birtərəfli baxılmış onun mülkiyyət hüquqları pozulmuş, əşyalarının qalan hissəsinin mövcudluğu sorğulanmamış, əşyaların faktiki vəziyyətinin hansı halda olması ümümiyyətlə araşdırılmamaqla onun həmin mənzilə hüquqlarının olub-olmaması araşdırılmamışdır. Hesab edir ki, məhkəmə iclasında heç bir sübut təqdim edilməmiş, iddiaçı yalnız söz toplusundan ibarət ərizə və iddiaçı tərəfindən təqdim olunmayan və sübut kimi qəbul olunması qanunsuz olacaq sübutlar təqdim etmişdir. Məhkəmə iclasında iştiraklarının təmin olunması üçün heç bir tədbir görülməmiş, onlara iddia ərizəsi və ona əlavə olunmuş sənədlər çatmamış və öz etirazlarını bildirmək üçün şərait yaradılmamışdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-690/2022 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq mülki proses tərəfləri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Lakin Cavabdeh nümayəndəsi X1 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin Cavabdeh nümayəndəsi X1 məhkəməyə göndərdiyi teleqramda üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etsə də, sözügedən üzrlü halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ-subyektin onа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhibi olmаq, ondаn istifаdə etmək və onа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qorunаn hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(051)-690/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(051)-690/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdeh 2018-ci il tarixdə iddiaçının qardaşı ilə evlənmiş və toy zamanı cavabdehə məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə yığılmışdır. Toy şənliyindən sonra iddiaçının mərhum qardaşı və cavabdeh Ucar şəhərinə köçərək orada yaşamağa başlamışlar. İddiaçının qardaşı vəfat etdikdən sonra əlaqələri kəsilmiş və cavabdeh bir daha mübahisəli mənzildə gəlməmiş, lakin ona məxsus cehiz əşyaları mübahisəli mənzildə qalmışdır. İddiaçı cavabdehə əşyalarının çıxarılması ilə bağlı məlumat vermiş, lakin cavabdeh imtina etmişdir. Hazırda da cavabdehin özü yaşamasa da, ona məxsus cehiz əşyaları iddiaçıya məxsus mənzildə qalmaqda davam edir. Eyni zamanda müəyyən edilmişdir ki, MH seriyalı, ******* saylı, xx.xx.2009–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********10-05101-093011 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la Mingəçevir şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0.0799 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 4 mərtəbəli binanın birinci girişində, 2-ci mərtəbədə yerləşən, 43.76 kvm ümumi, 31.02 kvm yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2009–cu il tarixdə qeydiyyata alınmışdır. Apellyator verdiyi apellyasiya şikayətində sözügedən mənzilin iddiaçının valideynlərinə məxsus olduğunu və onun mərhum ərinə qalmalı olduğunu, lakin əri Mürvət Qurbanov vəfat etdikdən sonra bütün söz verilən və onların valideynlərindən qalan əmlaklar iddiaçı tərəfindən götürüldüyünü, buna sübüt olaraq 2(051)-1129/2022 saylı mülki iş materiallarının olduğunu, və İddiaçı valideynlərindən qalan ikinci əmlak olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 10 saylı evin 41 saylı mənzilini də miras əmlak kimi qəbul etmək istəyini bildirmişdir. Lakin məhkəmə kollegiyasi apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin bu dəlili əsasızıdır. İş materiallarında olan MH seriyalı, ******* saylı, xx.xx.2009–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********10-05101-093011 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan da göründüyü kimi Mingəçevir şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0.0799 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 4 mərtəbəli binanın birinci girişində, 2-ci mərtəbədə yerləşən, 43.76 kvm ümumi, 31.02 kvm yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2009-cu ildən sonra yarandığına görə mübahisə həmin zaman qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, ər və arvadın bir-birinə maddi cəhətdən kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında qardaş arvadı “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayının qardaşı arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə kolloegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə kollegiyası öz qənaətini onunla əsaslandırır ki, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Bu səbəbdəndə məhkəmə kollegiyası hesab edir ki, apellatorun bu dəlili əsassızdır. Bundan başqa cavabdeh verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, sözügedən mülki iş araşdırılarkən işə birtərəfli baxılmış onun mülkiyyət hüquqları pozulmuş, əşyalarının qalan hissəsinin mövcudluğu sorğulanmamış, əşyaların faktiki vəziyyətinin hansı halda olması ümüumiyyətlə araşdırılmamaqla onun həmin mənzilə hüquqlarının olub-olmaması araşdırılmamışdır. Hesab edir ki, məhkəmə iclasında heç bir sübut təqdim edilməmiş, iddiaçı yalnız söz toplusundan ibarət ərizə və iddiaçı tərəfindən təqdim olunmayan və sübut kimi qəbul olunması qanunsuz olacaq sübutlar təqdim etmişdir. Məhkəmə iclasında iştiraklarının təmin olunması üçün heç bir tədbir görülməmiş, onlara iddia ərizəsi və ona əlavə olunmuş sənədlər çatmamış və öz etirazlarını bildirmək üçün şərait yaradılmamışdır. Məhkəmə kollegiyası apellyatorun bu yanaşmaları ilə razı olmadığını qeyd edərək, bildirir ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmışdır. Belə ki, iş materiallarında olan 25 aprel 2022-ci il tarixli məhkəmə iclasına dəvət edilməsinə dair bildirişdən və onun göndərilməsinə dair 07 aprel 2022-ci il tarixli reyestrdən məlum olmuşdur, iş üzrə cavabdehə rəsmi qaydada məhkəmə iclasına dəvət olunmasına dair bildiriş poçt vasitəsi ilə onun faktiki yaşadığı ünvana göndərilmişdir. Bundan başqa iş materiallarında olan məhkəmə bildirişin cavabdehə çatdırılmasına dair xəbərnamələrdən göründüyü kimi cavabdeh sözügedən xəbərnamələrə imzasını qeyd etməklə, məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırıldığını təstiq etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin hüquqlarının həyata keçirilməsinə, yəni öz etirazlarının tərəflərindən təqdim edilməsinə lazımi şərait yaradılmışdır. Daha sonra kollegiya qeyd edir ki, əşyalarının qalan hissəsinin mövcudluğun sorğulanması hazırkı iddianın predmetinə aid deyildir. Eyni zamanda əşyaların faktiki vəziyyətinin hansı halda olmasını araşdırmaq məhkəmənin səlahiyyətində deyildir. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı iddia tələbinə qarşı cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş, lakin bu hüquqdan istifadə etməmişdir. Bununla belə kollegiya qeyd edir ki, cavabdeh digər əşyaların iddiaçıdan tələb etmək hüququnu özündə saxlayır. İstədiyi vaxt bununla bağlı məhkəməyə müraciət edə bilər. Kollegiya şikayətin onun mübahisəli mənzilə hüquqlarının olub-olmamasının araşdırılmamssı barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayət bu hissədə də əsassızıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisəli mənzildə istifadə hüququnun olmamasına dair kifayət qədər araşdırma aparılmış və haqlı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına istinad etmişdir. Həmin qərara əsasən hazırki vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Eyni zamanda kollegiya apellyatorun diqqətinə çatdırır ki, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Daha sonra kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Hazırki halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan mənzilin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Kollegiya hesab edir ki, İddiaçı özünə məxsus mənzilin mülkiyyətçisi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ Cavabdeh tərəfindən pozulmaqdadır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Buna görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd etdikləri ilə razılaşmır və hesab edir ki əsassızdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edələrkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(051)- 690/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(051)-690/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.