Məhkəmə qərarları › İş №2(107)-1104/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1104/2024

01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1104/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Birgə nikahda əldə edilmiş əmlakdakı payın ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı X4 Cavabdeh qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin onun və cavabdehin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda istismara tam yararlı vəziyyətdə olan avtomobilin real bazar dəyəri müəyyən olunub həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının, həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli2(033)-90/2022 nömrəli qətnaməsi ilə 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində onun ikidə bir hissədə payı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(107)-l006/2022 nömrəli qətnaməsi ilə, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)- 530/2023 nömrəli qərarı ilə payların miqdarı dəyişdirilmədən saxlanılmışdır. ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ikidə bir hissədə payının müəyyən edilməsi barədə iddia qaldırdığı zaman və məhkəmə baxışı zamanı həmin avtomobil saz vəziyyətdə olmuş və cavabdeh tərəfindən mütəmadi istismar olunmuşdur. Bu fakt məhkəmənin müvəqqəti təminat tədbiri kimi avtomobilin üzərinə həbs qoyulması barədə qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən də məlumdur. - Məhkəmə qərarı ilə həmin avtomobilin üzərində ikidə bir hissədə payı müəyyən olunandan sonra cavabdeh tərəfindən həmin avtomobil yararsız vəziyyətə salınmış, ehtiyat hissələri üzərindən sökülərək istismardan çıxarılmışdır. Avtomobili qəsdən yararsız hala salaraq onun satışından əldə olunacaq vəsaitdən ona çatası məbləği azaltmaq və ya istisna etmək məqsədi güdmüşdür. Həmin avtomobil hazırda cavabdehin sahibliyindədir və istismar olunmayacaq vəziyyətdədir. 2005-ci il istehsalı olan "Subaru Tribeca” markalı avtomobilin orta bazar dəyəri iddia verilən tarixdə 16000 manat idi. Hazırda həmin markalı avtomobilin dəyəri avtomobil satışı saytı olan turbo.az internet saytında (https://turbo.az/autos/7716023-subaru-b9-tribeca) 14600 manat qeyd olunmuşdur. Cavabdeh tərəfindən istismara yararsız hala salınmış və bunun nəticəsində dəyəri kəskin azalmış avtomobilin hərrac yolu ilə satılması və satış məbləğinin bərabər bölünməsi onun mülkiyyət hüququnun pozulması ilə nəticələnəcək. Bunun baş verməməsi üçün ya istismara tam yararlı vəziyyətdə olan avtomobillərin real bazar dəyəri müəyyən olunub həmin dəyərin yarısı onun xeyrinə cavabdehdən tutulmalı, ya da avtomobilin hərracda satılmasından əldə olunan vəsaitdən istismara tam yararlı vəziyyətdə olan avtomobillərin real bazar dəyərinin yarısı həcmində vəsait ona verilməlidir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-90/2022 nömrəli qətnaməsi qanuni qüvvəyə minəndən sonra cavabdehə avtomobili sataraq dəyərinin aralarında bölünməsini təklif etmişdir. Lakin cavabdeh buna razılaşmamışdır. Avtomobildən heç bir pay ala bilməyəcəyini bildirmişdir. Məcbur qalaraq o da məhkəməyə müraciət etməli olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödəniləcək 2100 manat pul sonuncudan alınaraq ona verilmədiyindən Zaqatala rayonu İcra və Probasiya Şöbəsi tərəfindən mübahisələndirlən avtomobil hərraca çıxarılmışdır. Həmin avtomaşın iki dəfə hərraca çıxarıla bilməz. Cavabdeh həmin avtomobili yarasız vəziyyətə salmış və hazırda avtomobil sürülmür. Lakin əvvəlki məhkəmələrdə o, avtomaşını mübahisələndirərkən avtomobil tam saz vəziyyətdə olmuş və cavabdeh bilərəkdən həmin avtomobili yararsız vəziyyətə salmışdır ki ona heç bir şey düşməsin. Avtomobil bankın əmlakı deyil ki, hərraca çıxarılsın və dəyər-dəyməzə satılsın. Qeydiyyat şəhadətnaməsi kimin adınadırsa avtomobil onda qalmalıdır və yarı dəyəri ona ödənilməlidir. Cavabdehin həmin avtomobilə ehtiyacı yoxdur və artıq yeni avtomobil almışdır. Ekspert rəyində qeyd edilmiş avtomobilin dəyəri ilə razıdır. Təkrar olaraq məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və göstərdi ki, mübahisələndirilən avtomobilin hərraca çıxarılaraq satılmasını istəyir. Avtomobil saz vəziyyətdədir və idarə etməyə yararlıdır. Avtomobil 2005-ci ilin istehsalıdır. İddiaçı internet səhifəsindən həmin markada olan avtomobilin ən baha qiymətdə olan dəyəri göstərilən foto şəklini məhkəməyə təqdim etmişdir. Həmin avtomobili 2013-cü ildə ölkəyə gətizdirmiş və 7 il 1 ayın avtomobili olmuşdur. Həmin vaxtı avtomobili 14800 manata almışdır. Aradan 11 il keçməsinə baxmayaraq ekspert həmin avtomobili 12000 manat dəyərləndirmişdir. Həmin avtomobilin yarı dəyəri kompensasiya şəklində iddiaçıya ödənilməsi tələb olunur. Lakin ilk öncə avtomobil hərraca çıxarılmalıdır və avtomobilin hərracda hansı qiymətə satılacağı məlum deyil. Avtomobil benzin ilə çalışdığından və uzun müddət idarə olunduğundan satışı çox çətindir. Hazırkı dəyəri ucuz olmalıdır. Ekspert rəyi ilə razı deyildir. Təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.

5. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı "Subaru Tribeca” markalı avtomobilin istismara tam yararlı vəziyyətdə olan real bazar dəyərinin yarısı məbləğində pul kompensasiyası üzrə 6000 (altı min) manat məbləğində pul kompensasiyasının Cavabdeh alınaraq iddiaçı X2 verilməsi, iddia tələbinin 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı "Subaru Tribeca” markalı avtomobilin iddiaçı X1 və Cavabdeh payına uyğun olaraq naturada bölgüsü hissəsində rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməsi, 6000 manat məbləğində pul kompensasiyasının Cavabdeh alınaraq iddiaçı X2 verilməsinə dair hazırkı qətnamənin icra edilməsi, 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı "Subaru Tribeca” markalı avtomobilin Cavabdeh ayrıca mülkiyyətinə qeydə alınması üçün əsas olması qət edilmişdir.

6. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ** DR *** qeydiyyat nişanlı "Subaru Tribeca” markalı avtomobil hər birinin payı ½ hissə olmaqla tərəflərin paylı mülkiyyətindədir.

7. İddiaçı avtomobilin onun və cavabdehin payına uyğun olaraq naturada bölünməsini, bu mümkün olmadıqda avtomobilin istismara tam yararlı vəziyyətdə real bazar dəyəri müəyyən olunub həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, ** DR *** qeydiyyat nişanlı "Subaru Tribeca” markalı avtomobildən iddiaçının payının naturada ayrılması mümkün deyil.

9. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/374-8/241 saylı rəyi ilə Subaru Tribeca markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin baxışa təqdim olunduğu vaxt istismara yararlı vəziyyətdə və orta bazar qiymətinin təxminən 12000,00 manat olduğu müəyyən edilmişdir.

10. Məhkəmə rəyi vermiş ekspertin qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və Subaru Tribeca markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin baxışa təqdim olunduğu vaxt istismara yararlı və orta bazar qiymətinin 12000,00 manat olduğunu işin hallarına uyğun sayır.

11. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, payın naturada ayrılmasına yol verilməməsi və ya bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmaması halında, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olduğundan, iddiaçı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.2, 222.1, 215.2, 220.3, 220.4, 220.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3 və 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin hazırlıq iclasında izahat verərkən məhkəmənin diqqətinə çatdırmışdır ki, birgə nikah dövründə əldə olunmuş və cavabdehlə ümumi paylı mülkiyyətlərində olan mübahisə predmeti olan həmin avtomobil saz vəziyyətdədir və idarə etməyə yararlıdır. Avtomobil 2005-ci ilin istehsalıdır. İddiaçı internet səhifəsindən həmin markada olan avtomobilin ən baha qiymətdə olan dəyəri göstərilən foto şəklini məhkəməyə təqdim etmişdir. Həmin avtomobili 2013-cü ildə ölkəyə gətizdirmiş və 7 il 1 ayın avtomobili olmuşdur. Həmin vaxtı avtomobili 14800 manata almışdır. Aradan 11 il keçməsinə baxmayaraq ekspert həmin avtomobili 12000 manat dəyərləndirmişdir. Həmin avtomobilin yarı dəyəri kompensasiya şəklində iddiaçıya ödənilməsi tələb olunur. Lakin ilk öncə ümumi paylı mülkiyyətdə olan həmin avtomobil hərraca çıxarılmalı və hərrac yolu ilə satılmalı və satış pulu aralarında paylarına (1/2) mütənasib surətdə bölüşdürülməlidir.

15. Halbuki, məhkəmə ümumi paylı mülkiyyətlərində olan daşınar əşya sayılan avtomobili açıq hərracdan satılmasına və satışdan əldə edilən pulun paylarına mütənasib olaraq bərabər bölünməsinə qərar vermək əvəzinə əsassız və qanunsuz olaraq ondan avtomobilin real bazar dəyərinin yarısı məbləğində pul kompensasiyası üzrə 6000 manat pulun alınaraq cavabdehə verilməsinə qərar vermişdir.

16. Beləliklə məhkəmə bu qətnamə ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı və 221-ci maddələrinin tələbləri pozulmuşdur.

17. Mülki Məcəllənin qeyd etdiyi maddələrinin tələbindən də görünür ki, ümumi paylı mülkiyyətdə olan əmlak üzərində hüquqlara xitam növündə tərəflər razılığa gələ bilmədikdə həmin əmlak fiziki bölünür, bu mümkün olmadıqda isə açıq hərracdan satılması yolu ilə ümumi paylı mülkiyyət hüquqlarına xitam verilir.

18. Eyni zamanda bildirir ki, onun məhkəmə hazırlıq iclasında verdiyi ifadəsindən də görünür ki, o, mübahisə predmeti olan avtomobilin dəyərləndirilməsinə dair ekspert rəyindən narazıdır və avtomobilin dəyərinin yarısının əvəz edilməsi yolu ilə avtomobil üzərində iddiaçının ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsinə razı deyildir.

19. Buna baxmayaraq, məhkəmə qanunvericiliyin tələblərini pozaraq iddiaçı ilə paylı mülkiyyətlərində olan avtomobilin dəyərinin yarısının ondan alınaraq iddiaçıya kompensasiya (əvəz) verilməsinə qət etmişdir. Bununla da, birinci instansiya məhkəməsi onun mülkiyyət hüquqlarını pozmuşdur.

20. Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.

21. Avtomobil benzin ilə çalışdığından və uzun müddət idarə olunduğundan satışı çox çətindir. Hazırkı dəyəri ucuz olmalıdır. Ekspert rəyi ilə razı deyildir. Təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş edir.

22. Halbuki, məhkəmə işə mahiyyəti üzrə baxılmasının başa çatdığını bildirərək təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Beləliklə məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırmadan, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatətinə münasibət bildirmədən, vəsatətimi təmin etmədən, eyni zamanda yazılı vəsatət verilməsi üçün vaxt vermədən işi məhkəmə baxışına vermiş və bununla da mülki prosessual pozuntuya yol vermişdir.

23. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 212-ci maddəsində qeyd edilir ki, məhkəmə çıxışları zamanı və bundan sonra, məhkəmə iş üçün əhəmiyyətli olan yeni halların aydınlaşdırılmasını və ya yeni sübutları yenidən tədqiq etməyi zəruri hesab edərsə, o, işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə qərardad çıxarır, həmin qərardad protokola yazılır.

24. Lakin birinci istansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları yəni iddia tələbi üzrə mübahisə predmeti olan avtomobilin real bazar qiymətinin təkrar qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin etmədən və real bazar qiymətini müəyyən etmədən qətnamə qəbul etmişdir.

25. Odur ki, Azərbaycan Respublikası ZaqatalaRayon Məhəkəməsin 01 iyul 2024-cü il tarixli, e-2(033)-102/2024 iş nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı X1 ona qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Qərar:

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin Cavabdeh Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilən hissəsinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hissədə birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi əsasında ** DR *** qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində iddiaçı X1 ½ hissədə mülkiyyət payı müəyyən edilməklə həmin avtomobil tərəflərin paylı mülkiyyətlərindədir. ** DR *** qeydiyyat nişanlı "Subaru Tribeca” markalı avtomobildən iddiaçının payının naturada ayrılması mümkün olmadığından, iddiaçı həmin avtomobilin dəyərinin yarısının cavabdehdən alınaraq ona ödənilməsini tələb etmiş, ekspertiza tədqiqatı ilə Subaru Tribeca markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararlı vəziyyətdə, orta bazar qiymətinin təxminən 12000,00 manat olması müəyyən edilmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

39. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin ilk öncə ümumi paylı mülkiyyətdə olan həmin avtomobilin hərraca çıxarılaraq hərrac yolu ilə satılmalı və satış pulunun aralarında paylarına (1/2) mütənasib surətdə bölüşdürülməli olması, məhkəmənin bunun əvəzinə əsassız və qanunsuz olaraq ondan avtomobilin real bazar dəyərinin yarısı məbləğində pul kompensasiyasının alınaraq cavabdehə verilməsinə qərar verməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

40. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir.

41. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir.

42. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

43. Əlavə olaraq kollegiya qeyd edir ki, bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatətinə münasibət bildirilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin 06 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasına dair iclas protokolundan görünür ki, məhkəmə iclasında cavabdehin təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatəti müzakirə edilmiş və vəsatətin təmin edilməməsi qərara alınmışdır.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobilin hazırkı dəyərinin ucuz olması, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməli olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

46. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır. Hazırkı halda isə iş materialından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən 13 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, məhkəməəmtəəşünaslıq ekspertizasının 9/374-8/241 nömrəli, 26 aprel 2024-cü il tarixli rəyi alınmışdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/374-8/241 nömrəli, 26 aprel 2024-cü il tarixli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırmanın aparılmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, prosessual hüquq normalarının pozuntusu halına yol verilməmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-102/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar